Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədidir

 

1969-cu ildən başlayan böyük inkişaf yolu

1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən substrat oldu.

Həmin dövrə qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə, milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.

Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan ölkəyə çevrilməsinin təminatçısı qismində çıxış etdi.

Beləliklə, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 70-ci illərin sonu-80-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı.

Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin ideoloji substratı səciyyəsi daşıdı.

 

Xalqın və dövlətçiliyin xilaskarı...

 

Sirr deyil ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Əvvəla, həmin dövrdə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu göstərdi ki, Azərbaycan digər keçmiş SSRİ respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12 iyul 1990, Gürcüstan 9 aprel 1991, Estoniya 20 avqust 1991, Qırğızıstan 31 avqust 1991, Özbəkistan 1 sentyabr 1991-ci il, nəhayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan buna yalnız 1991-ci il oktyabrın 18-də nail ola bildi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə daşıyan fundamental səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt Respublikaya “rəhbərlik” edən subyektlərin qətiyyətsizliyi, Moskvanın kölgəsi altında, “kölə psixologiyası” ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban vermələri dayanırdı. Yəni keçmiş SSRİ-yə daxil olan respublikalarda öz müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək verdikləri halda, başda Ayaz Mütəllibov olmaqla o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi. Eyni zamanda, özlərini xalqın təmsilçiləri adlandıran bir qrup dırnaqarası demokratlar aralarındakı anarxist və ambisioz münasibətlərə görə məqsədyönlü fəaliyyət göstərə bilmir, konkret nəticə əldə etmək üçün ardıcıl mübarizə apara bilmirdilər. Bu da nəticə etibarilə Azərbaycan xalqının müstəqillik arzularının mərkəzin imperialist tapşırıqları əsasında boğulması ilə nəticələnirdi.

Təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi həyəcan təbillərini daha da artırmışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü. Amma bu heç də ölkənin qurtulması mənasına gəlmirdi.

Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas etsin. Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxslər xarici qüvvələrin “piyadası” kimi çıxış etməkdən başqa, xalqımız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər.

Beləliklə, müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi problemlərlə üzləşdi və sistematik strategiyanın həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi.

Beləliklə, bütün bunların fonunda ölkədaxili xaos və destabilliklə müşayiət edilən dağıdıcı tendensiyalar daha da sürətləndi. Artıq ölkədə vətəndaş qarşıdurması səviyyəsində təzahür edən kataklizm və konfrantasiyalar şiddətləndi, eləcə də aqonist və antoqonist daxili qüvvələrin dağıdıcı mübarizəsi etnik bölücülük aktlarının yayılmasını şərtləndirdi. Əlbəttə, mövcud institusional kataklizmlərin dərinləşməsi etnik bölücülüyü sürətləndirməklə bərabər, üfüqi və şaquli münaqişələrin əhatə dairəsinin genişlənməsinə də təkan vermiş oldu. Bütün bunlar o zamankı hakimiyyət daxilindəki qarşıdurmaların açıq müstəviyə keçməsi ilə davam etdi.

Həmin tarixi dövrün reallıqlarına analitik surətdə yanaşdıqda belə bir nəticəyə gəlmək olur ki, müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanın qarşısında çox ciddi strateji vəzifələr dururdu. Belə ki, ilk növbədə formal müstəqillik əldə etmiş dövlətin təməl komponentləri və atributları formalaşdırılmalı, dirçəldilməli, daha sonra isə ictimai, siyasi, ideoloji və iqtisadi münasibətlər sisteminin substratlarını müəyyənləşdirəcək sistem-struktur islahatları həyata keçirilməli idi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bunun üçünsə ilk növbədə uzun müddət SSRİ mühitində və şəraitində dominant və vahid ideologiya və idarəetmə rejimi olan totalitarizmin qalıqlarından (əslində, hökmranlığından) qurtulmalı, ideoloji-siyasi rejim transformasiyasını milli münasibətlər və dəyərlər sisteminə və mövcud duruma müvafiq olaraq həyata keçirməli, ictimai-siyasi münasibətləri yeni şəraitə uyğun formada tənzimləmək üçün sosial strukturlar və siyasi təsisatların fəaliyyətinə legitim şərait yaradılmalı, milli identiklik və özünüdərk üçün təməl komponent və mexanizm olan universal ideoloji formula - milli ideologiya formalaşdırılmalı, ondan siyasi-ideoloji və etnosiyasi bütövlüyü təmin edəcək resurs qismində istifadə edilməli, cəmiyyətdaxili inteqrasiya prosesi sürətləndirilməli, sosial stratifikasiyalararası ictimai münasibətlər sağlam dəyərlər əsasında təşkil edilməli və nəticə etibarilə qeyri-formal milli dövlət quruculuğu prosesi tədrici transformasiyanın fonunda davam etdirilməli idi.

Bütün bunlara real əlverişli zəmin yaradacaq başlıca amil isə özündə yeni və daha təkmil struktur elementlərini, sağlam milli münasibətləri və dəyərləri birləşdirən, ehtiva edən siyasi sistemin təşəkkül tapması idi. Belə ki, bunun üçün rasional seçim strategiyası əsasında ictimai-siyasi təsisatlanma prosesi formalaşdırmalı, bu, tendensiya halını almalı, ictimai, siyasi, hüquqi, informativ, normativ resurslar sistemindən səmərəli istifadə mexanizmi təşəkkül tapmalı, idarəetmə forması və onun xüsusiyyətlərində kardinal reformativ dəyişikliklər edilməli, sərvətlərin (dəyərlərin) simmetrik bölgüsü həyata keçirilməli və bu kimi bir çox fundamental səciyyə daşıyan vəzifələr həyata keçirilməli idi. Bununla da təşəkkül tapmış siyasi sistemin fonunda milli dövlət və yeni cəmiyyət quruculuğu prosesinin əsası qoyulmalı və bu tendensiya real şəraitin qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməli idi.

Beləliklə, bütün bu vəzifələrin yerinə yetirilməsi yeni müstəqillik əldə etmiş Azərbaycan dövlətinin siyasi-hüquqi əsaslarının təşəkkül tapması və davamlı xarakter alması, tendensiya halını almış kataklizmlərin neytrallaşdırılması və aradan qaldırılması, sistem transformasiyasının milli münasibətlərə və mövcud dəyərlərə müvafiq surətdə həyata keçirilməsi üçün xüsusi önəm kəsb edirdi. Burada əsas məsuliyyət isə o zamankı ölkə rəhbərliyinin üzərinə düşürdü.

Amma qeyd etdiyimiz kimi, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri və xarici imperialist güclərin maraqlarına xidmət etmələri nəinki qeyri-formal milli dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmədi, eləcə də ölkəni fərqli korporativ maraqlara malik olan subyektlərin mübarizə meydanına və ideoloji poliqonuna çevirdi. Bunun fonunda ictimai-siyasi münasibətlərdə meydana çıxan xaos daha da dərinləşdi və kataklizmlər, dissonanslar bütün sahələrə sirayət etdi. Bunun təməlində duran əsas amil isə qeyd etdiyimiz kimi, hakimiyyətdə olan qüvvələrin sistem transformasiyası vəzifəsinin əksinə mövqe sərgiləmələri, yəni birpartiyalı idarəetmə sisteminə əsaslanan totalitar rejimin saxlanılması yönündə mövqe tutmaları idi. Həmin qüvvələr Azərbaycanı idarəetmə xüsusiyyətlərinə görə, fiaskoya uğrayan imperiyanın kiçik ideoloji modeli kimi mühafizə etmək niyyətlərini gizlətmirdilər. Daha doğrusu, bəhs edilən “marionetka”lar imperialist güclərin tapşırıqlarına əsasən hərəkət etməklə, Azərbaycanın müstəqilliyini sual altına almaqdan çəkinmirdilər.

Bu durum 1993-cü ilə, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, simmetrik sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji missiya və funksiyaları müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri, əbədiyaşar lideri olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla bir daha sübut etdi.

 

 İki sahil.- 8 dekabr.- S. 6.