Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədidir

 

Yeni Azərbaycan Partiyasının yaradılması ictimai-siyasi proseslərin obyektiv zərurətindən doğdu

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini anlamaq və təsvir etmək üçün toxunulması zəruri olan başlıca məsələlərdən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.

Müstəqillik əldə etdikdən sonra xaotik və antoqonist siyasi proseslərin fonunda ölkəmizin qarşısında duran başlıca strateji vəzifələrdən biri də ictimai-siyasi institutlaşma prosesinin həyata keçirilməsi idi. Bunun başlıca istiqamətlərindən biriplüralist prinsiplər əsasında müxtəlif orientasiyalara malik olan siyasi partiyaların təsis edilməsi və onların fəaliyyət mexanizmlərinin milli maraqlar və dəyərlər əsasında təşkil edilməsi idi. Amma 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin bu məsələyə və vəzifəyə lazımi diqqət göstərməməsi, onların totalitar təfəkkürlə çıxış edərək çoxpartiyalılığı qəbul edə bilməmələri və siyasi palitrada təmsil olunan bir çox subyektlərin partiyalaşma strategiyasına rasional surətdə yanaşa bilməmələri ictimai-siyasi institutlaşma prosesinin komplekssistematik surətdə baş tutmasını mümkün etmədi.

Amma bütün bunlara baxmayaraq, siyasi palitrada rasional təfəkkürə, praqmatik fəaliyyət mexanizminə və zəngin idarəetmə potensialına malik olan lider siyasətçinin olması siyasi partiyalar nöqteyi-nəzərindən ictimai-siyasi institutlaşma vəzifəsinin yerinə yetirilməsi işinə mühüm töhfələr verdi. Yaranmış mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir. Bunun qanunauyğun nəticəsidir ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 18 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard, elit sosial-siyasi təsisat səciyyəsi daşıyır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və çoxşaxəli enerji siyasəti milli iqtisadiyyatımızın inkişafını şərtləndirdi

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edir. Heç şübhəsiz, ümummilli liderin uzaqgörən enerji siyasətinin fonunda milli sərvətimiz milli mənafeyə yönləndirildi və bunun sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı daha da sürətləndi, eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandı və bununla da dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişin əsasını qoymuş oldu.

Ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ulu öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirirbu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neftqaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü qərb standartlarına uyğun olaraq bərpa olunduböyük mailli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tanker dünya bazarlarına çıxarıldı.

Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılması başlıca məqsədlər idi. Məhz bu məqsədlə “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan yanacağın Avropaya nəqlini təmin edə biləcək transkommunikasiya dəhlizinin yaradılması olduqca vacib sayılırdı. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu siyasi liderləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqlar apararaq Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbə ixracını nəzərdə tutan strateji marşrutun çəkilməsi üçün dövlətlərarası sazişin imzalanmasına çalışırdı. Bunun üçün regionda ən təhlükəsiz və uzunömürlü, rentabelli marşrut olan Bakı-Tbilisi-Ceyhanın (BTC) çəkilməsi təklif olunurdu. Həmin dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında rol oynasa da, BTC qədər beynəlxalq miqyasa malikrentabelli ixrac dəhlizi sayıla bilməzdi. İlkin dövrlərdə BTC-nin reallaşmasını istəməyən qüvvələr çox idionlar neftin digər marşrutlarla nəqlinə çalışırdı. Lakin həmin qüvvələrin müxtəlif təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə, ulu öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası, çəkilişinə nail olduğu Bakı-Tbilisi-Ceyhan kəməri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır.

Beləliklə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil enerji siyasəti və gerçəkləşdirilən nəhəng layihələr həm də milli iqtisadiyyatımızın inkişafına fundamental töhfələr bəxş etmiş oldu.

 

Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın fonunda milli təhlükəsizliyə realpotensial təhdid yaradan ünsürlərin neytrallaşdırılması, münasibətləri sürüşkən müstəvidə cərəyan edən qüvvələrarası antoqonist əlaqələrə son qoyularaq ümumi konsensusun əldə edilməsi, parlament və hökumət böhranı şəklində təzahür edən və mürəkkəb siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən daxili siyasi böhranın aradan qaldırılması və ümumilikdə ictimai-siyasi sabitliyin təmin edilməsi artıq qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu vəzifəsinin fonunda növbəti strateji istiqamətlərin müəyyən edilməsini diktə edirdi. Bu istiqamətlər sırasına siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, legitimləşdirmə tendensiyasının sürətləndirilməsi fonunda siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr aid idi. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.

Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu. Beləliklə, xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Prinsip etibarilə bu tarixi müstəqil Azərbaycan dövlətçiliyində ilk konstitusiyanın qəbulu günü kimi qeyd etmək olar. Çünki bu zamanadək istər 1921, istər 1937, istərsə də 1978-ci ildə qəbul edilmiş konstitusiyalar keçmiş SSRİ konstitusiyalarının müəyyən maddələrlə məhdudlaşdırılmış surəti olmaqla yanaşı, həm də tamamilə başqa bir ictimai-siyasi quruluşu əks etdirirdi.

Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yalnız 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli mənəvi mexanizm oldu. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi.

Amma bu məsələdə toxunulması zəruri olan başlıca məqamlardan biri də budur ki, ümumi yanaşma ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını, məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yöndədir... Ancaq biz hesab edirik ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideolojisiyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də, məhz bu sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törətdiyi repressiyanın mərkəzi, məhz təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları, sanki Azərbaycanın daxilində antiazərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

Eyni zamanda, həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də, məhz ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı.

Beləliklə, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev müstəqillik dövründə azərbaycançılıq ideologiyasından milli həmrəyliyi və bütövlüyü təmin edən mexanizm qismində istifadə etdi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilən və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı.

Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

 

İki sahil.- 2011.- 10 dekabr.- S. 16.