“Sona bülbüllər”
Qədirsiz qaldı...
“Sarı
gəlin”, “Sona bülbüllər”, “Apardı
sellər Saranı”, “Laçın”, “Ay dili-dili”
və neçə-neçə
bu kimi mahnıların
mahir ifaçısı,
“Şöhrət” ordenli
xanəndə Qədir
Rüstəmovun səsi
xatirələrdə yaşayacaq
Hər bir kəs
öz yerində-yurdunda,
təbiətində, bir
də öz səsində, ifasında təkrarsızdır! Səs həm
də yaddaşdır.
Dinlədikcə min illəri adlayıb
keçirsən, eyni zamanda, həm cavanlaşırsan, həm
də qocalırsan.
Bütün bunları insanın
bir anda yaşaması nə qədər gözəldir.
Allah-Təalanın bəxş etdiyi hər bir gözəllik
və harmoniya da elə burada,
bunların daxilindədir.
Azərbaycan musiqi mədəniyyəti tarixində
öz dəst-xətti,
üslubu ilə seçilən, XX əsrin
ikinci yarısında Qarabağ xanəndəlik
məktəbinin görkəmli
nümayəndələrindən biri olan Qədir
Rüstəmov Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi ustad sənətkarlarımızdan
muğamın incəliklərini
mənimsəyərək özünəməxsus
ifaçılıq üslubu
yaratmışdı.
Azərbaycan muğamlarının
bənzərsiz ifaçısı
1935-ci il noyabrın 20-də Qarabağ
torpağının gözəl,
füsunkar guşələrindən
biri olan Ağdam rayonunda anadan olmuşdu. Gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları
mühitində formalaşan
Qədir Rüstəmov
nadir istedadı, məlahətli
səsi və özünəməxsus ifa
tərzi sayəsində
az vaxt
ərzində tanınaraq
ömrünün sonuna
kimi xanəndəlik sənətinə sadiq qalmışdır. Qarabağ
xanəndəlik məktəbinin
görkəmli nümayəndəsi
Qədir Rüstəmov
Azərbaycan xalq musiqisinin incəliklərini
bilən sənətkar
olaraq milli musiqi xəzinəmizi çox kövrək və
yanğı dolu ifaları ilə daim zənginləşdirmişdir.
O, çoxəsrlik parlaq
keçmişə malik
Azərbaycan musiqisində
layiqli yer tutaraq milli mədəniyyətimizin
inkişafına sanballı
töhfələr vermişdir.
Muğam
ifaçılığı ənənələrinin və
Azərbaycan xalq musiqisinin saflığının
qorunub saxlanılması
Qədir Rüstəmovun
sənət fəaliyyətinin
başlıca qayəsi
idi. Unudulmuş xalq mahnılarımızdan
bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanmışdır. Sənətkarın
son dərəcə məharətlə
oxuduğu “Sona bülbüllər”, “Apardı
sellər Saranı”, “Laçın”, “Ay dili-dili”,
“Sarı gəlin” və neçə-neçə
bu kimi mahnı
və təsniflər
hər kəsin qəlbində kövrək
duyğular və səmimi hisslər oyadırdı. Təkrarolunmaz ifaları ilə
musiqisevərləri və
muğam bilicilərini
Qədir Rüstəmov
sənətinin vurğununa
çevirmişdi. Mahir muğam
ustadının ifasında
səslənən bir
sıra muğam dəstgahları, o cümlədən
“Rast” və “Çahargah” musiqi mədəniyyətimizin qızıl
fonduna daxil olmuşdur. Üzeyir Hacıbəyovun yaradıcılığına həsr
edilmiş filmdə Cabbar Qaryağdıoğlu
roluna çəkilən
Qədir Rüstəmov
muğam dəstgahlarını
son dərəcə böyük
məharətlə ifa
etmişdi.
Muğam Azərbaycanın milli sərvəti, dünya musiqi xəzinəsinin incisidir. Əsrlər
boyu muğam sənəti Azərbaycan xalqının ən yüksək mənəvi
nailiyyətləri ilə
zənginləşib, inkişaf
edib. Milli musiqi mədəniyyəti
sahəsində əldə
etdiyi önəmli uğurlara görə Qədir Rüstəmov Azərbaycan Respublikasının
ali mükafatı
olan “Şöhrət”
ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının
xalq artisti (1992), Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü (2002), ünlü sənətkarımız
Qədir Rüstəmovun
xalq, vətən üçün vuran ürəyinin 2011-ci il dekabrın 14-də
dayanması mədəniyyətimiz
üçün böyük
bir itki oldu.
Qeyd edək ki, Azərbaycanın dövlət rəsmiləri,
mədəniyyət və
incəsənət xadimləri
Qədir Rüstəmovun
vəfatı ilə əlaqədar başsağlığı
veriblər.
Qarabağ xanəndəlik məktəbinin tanınmış
nümayəndələrindən biri, görkəmli
xanəndə, səmimi
və təvazökar
insan Qədir Rüstəmovun əziz xatirəsi xalqımızın
qəlbində əbədi
yaşayacaq, “sona bülbülləri”nin səsi
isə onun nişanəsi kimi qulaqlarımızda əbədi
səslənəcək.
Şəmsiyyə
Əliqızı
İki sahil.- 2011.- 16 dekabr.- S. 16.