İlham Əliyev və Azərbaycan gəncliyi

 

Dövlət başçısı İlham Əliyev Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynadığını vurğulayaraq onların müasir, Vətənə, xalqa bağlı, dövlətçiliyə sadiq, mütərəqqi təcrübəyə açıq olmalı olduğunu bildirir

 

Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir.

Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir. Ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirdi. 2 fevral 1996-cı ildən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi.

1997-ci il fevralın 1-də gənclərin I forumunun ildönümü münasibətilə gəncləri qəbul edən ümummilli lider Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən artıq 14 ildir bayram etdiyimiz həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.

1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi ilə Azərbaycanda idmanın bütün sahələrində canlanma başladı. Bu diqqətin nəticəsi olaraq gənclər arasında idmana maraq artdı, ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət aldı.

O dövrdən başlayaraq Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq kecirilməyə başladı. Gənclərin II forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən ulu öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.

Məqsədyönlü həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” və 2011-ci ildə imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncamları da gənclərə dövlət qayğısının bariz nümunəsidir. Sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər öz əksini tapmışdır.

Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər uğurla həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir.

Dövlət başçısı İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycanda gənclər günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı tələbə və gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi deyilənlərə sübutdur. 2007-ci ilin “Gənclər ili” elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi.

Təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilmiş, orta və ali təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilmişdir. Hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. Elmi müəssisələrin, məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Dövlət başçısı İlham Əliyev bu gün Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynadığını vurğulayaraq onların müasir, Vətənə, xalqa bağlı, dövlətçiliyə sadiq, mütərəqqi təcrübəyə açıq olmalı olduğunu bildirir. Ölkə Prezidenti gənclərlə bağlı məsələlərin həll edilməsi gərəkliliyini da xüsusi vurğulayır: “Gənclərin məşğulluq, yaşayış problemlərinin həlli üçün daha ciddi addımlar atılmalıdır. Təhsillə bağlı məsələlər uğurla həll edilməli, texniki peşə təhsilinin təkmilləşdirilməsi işində böyük işlər görülməlidir. Tələbə təqaüdlərinin artırılması nəzərdə tutulur. Xaricdə gənclərimizin təhsil alması üçün əlavə tədbirlər görüləcək. Bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. İstərdik ki, yeni müəssisələrdə yerli kadrlar üstünlük təşkil etsinlər. Biz bir neçə il ərzində inqilabi dəyişiklik edə bilmişik. Əvvəllər 1000 şagirdə 1 kompyuter düşürdüsə, indi hər 20-30 şagirdə 1 kompyuter düşür. Hər bir məktəbdə kompyuter sinifləri vardır”.

Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən Dövlət Proqramının həyata keçirilməsi baynəlxalq səviyyədə formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyanın sürətlənməsini təmin edən başlıca amildir. Bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər məskunlaşdıqları ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları kimi respublika həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışırlar. Onların arasından tanınmış ictimai-siyasi xadimlər, görkəmli alimlər yetişəcək. Azərbaycan vətəndaşları arasında çoxluq təşkil edən, inkişaf perspektivləri böyük olan belə gənclər onlara göstərilən yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını təhsildə, ictimai həyatda göstərdikləri fəallıqla bildirir, dövlət başçımızın daxili və xarici siyasətini birlik və həmrəylikləri ilə dəstəkləyir, onlara göstərilən gözəl münasibəti əməli fəaliyyətləri ilə doğrultmaqla əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər.

 

 

Sevinc Azadi

 

İki Sahil.- 2011.- 21 dekabr.- S. 8-9.