Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verdi

Ölkəmizdə aparılan uğurlu islahatlar iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqın rifah halının yüksəldilməsinə, sosial tələbatların daha dolğun ödənilməsinə münbit şərait yaratmışdır. Bunun nəticəsidir ki, respublikamızın siyasi və iqtisadi qüdrəti daha da yüksəlmişdir. Son 8 il ərzində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun davamlı inkişafı böyük perspektivlərə yol açmışdır. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümummilli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür.

Hər il ölkəmizdə beynəlxalq turizm sərgisi təşkil olunur. Turizmin əhəmiyyətini artırmaq, onun potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə tematik nəşr məhsulları hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından və digər elektron daşıyıcı vasitələrindən də geniş istifadə edilir. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. Məhz dövlətin bu sahənin inkişafına ayırdığı diqqətin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı ilbəil artmaqdadır. Respublikada beynəlxalq standartlara uyğun onlarla yeni hotel, istirahət kompleksləri istifadəyə verilib.

Prezident İlham Əliyev tərəfindən 2011-ci il “Turizm ili” elan olunub. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında altı ayda ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll olunmasına diqqət çəkən Prezident İlham Əliyev vurğulamışdır: “Bu il Azərbaycanda “Turizm ili”dir. Hesab edirəm ki, beləliklə, turizm Azərbaycan iqtisadiyyatında çox vacib yeri tutacaqdır. 2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir.     Turizmin inkişafı üçün bizdə çox gözəl şərait var, gözəl imkanlar var. Hər bir bölgədə müasir hotellər, turizm kompleksləri tikilməlidir və tikilir. Hesab edirəm ki, cari ildə bu işlər çox sürətlə gedəcəkdir. Beləliklə, həm ölkə vətəndaşları, həm xaricdən gələn qonaqlar gözəl, çox yüksək səviyyəli xidmətlə təmin olunacaqlar.”

Dövlət başçısı  Qusar rayonunda inşa edilən  “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturunu yüksək qiymətləndirib. “Bu da sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcək. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də, onminlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.”

Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulub. Kompleksin istifadəyə verilməsi Azərbaycanda qış turizminin inkişafına öz töhfəsini verəcəkdir.

Ölkəmizin malik olduğu təbii sərvətlər, tarixi abidələr Azərbaycana turist axınını şərtləndirən mühüm amillərdir. Bu sahənin dinamik inkişafı üçün bütün bölgələrdə əlverişli potensial imkanlar mövcuddur. Qəbələ, Xaçmaz, Quba, Qusar, Zaqatala, Balakən, Oğuz, Lənkəran, Masallı, Şəki, İsmayıllı, Şamaxı, Gədəbəy və digər bölgələrdə turizm sənayesinin bütün infrastruktur təminatı və xidmət çeşidləri yaradılıb. Bu rayonların hədsiz dərəcədə çox gözəl təbii şəraitə malik olması, doqquz iqlim qurşağının mövcudluğu, ekoturizm üçün güclü potensialın yaradılması, xüsusilə də, Azərbaycanda 800 km-dən çox dənizsahili zolağının olması turizmin imkanlarını genişləndirir. Turizm sektorunun iqtisadiyyatın mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən də inkişafını əsaslı şəkildə təmin edib. Yol-nəqliyyat və kommunal infrastrukturların yenidən qurulması bu sahəyə olan marağı gücləndirmiş olur. Son illərdə bütün bölgələrdə magistral yolların təmiri, kommunal xidmət növlərinin fasiləsiz və etibarlı şəkildə təmin olunması, eləcə də yeni hava limanlarının istifadəyə verilməsi ölkəmizə gələn turistlərin rahatlığında mühüm rol oynayır. Yəni turizm infrastrukturunun yeniləşməsi və digər obyektlərin yaradılması xarici turistlərin sayının ilbəil artmasına səbəb olmaqdadır. Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, İtaliya və digər ölkələrin turizm şirkətləri Azərbaycanda yeni layihələrin reallaşması üçün təkliflərlə çıxış etməkdədirlər. Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir.

Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.

Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam isə bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoydu və ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verdi. Ölkədə turizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu sahənin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Son illər ölkədə turizm sahəsində mövcud potensialın beynəlxalq aləmdə tanınması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsində məqsədyönlü işlər görülmüşdür. Eyni zamanda imzalanan sərəncamlar, qəbul edilən Dövlət proqramları Azərbaycanın turizm ölkəsinə çevrilməsində mühüm rol oynayır.

Təbii ki, turizmin inkişafı Azərbaycanda yeni iş yerlərinin açılmasına da stimul verir. Təsadüfi deyil ki, ölkə Prezidenti qeyri-neft sektorunun inkişafı sahəsində turizmin inkişafına diqqəti vacib hesab edir. Dövlət başçısı İlham  Əliyevin Azərbaycan iqtisadiyyatına neft sektorundan gələn gəlir qədər, hətta ondan daha artıq bir şəkildə gəlir gətirə biləcək turizmin inkişafını zəruri hesab etməsi, əlbəttə ki, müəyyən faktorlara əsaslanır. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur.

Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün münbit şəraitin mövcudluğu, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunması, milli turizm kompleksinin rəqabətə davamlılığını əsaslandıran faktdır. Azərbaycanda turistlərin yerləşdirmə biznesinin dinamik surətdə inkişafı ötən illərlə müqayisədə rəqəmlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması bu statistik rəqəmlərin ilbəil artmasına gətirib çıxarıb. Artıq turizm sektorundan dövlət büdcəsinə gəlirlər daxil olur ki, bu da Azərbaycanın inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına sərf edilir. 5 il üçün nəzərdə tutulan proqramın gələcəkdə də Azərbaycan turizminin ölkə iqtisadiyyatının sürətlənməsinə, xüsusilə də, dövlət büdcəsinə yatırılan gəlirin artmasına təsir göstərəcəyi danılmazdır. Qədim tarixə, gözəl təbiətə, zəngin ənənə və dəyərlərə malik olan Azərbaycanın turizm ölkəsi kimi də dünyada tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Bakı şəhərində, eləcə də zəngin mədəniyyət abidələri ilə seçilən bölgələrimizdə ən müasir mehmanxanaların, turizm məntəqələrinin açılması ölkəmizin turizm imkanlarını daha da gücləndirməkdədir.

 

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2011.- 22 dekabr.- S. 8-9.