Xəzərə qovuşan parlaq ömür

 

ARDNŞ görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı İsrafil Hüseynovun 80 illik yubileyini qeyd etdi

 

Ötən gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı İsrafil Hüseynovun 80 illik yubileyi qeyd olundu. Tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirdi ki, şirkət hər zaman görkəmli neftçilərin yubileylərini yüksək səviyyədə qeyd edir. “Bu çox yaxşı bir ənənədir. Bugünkü (27 dekabr) tədbir də görkəmli qazmaçı, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynovun 80 illik yubileyi ilə bağlıdır. İsrafil Hüseynov zəngin və şərəfli həyat yolu keçib.

Bu gün Neft Daşlarında işləyənlər üçün çox gözəl şərait yaradılıb. Ancaq yataq yeni kəşf olunanda orada elə də yaxşı şərait yox idi. İnsanlar orada çətin vəziyyətdə işləyir və yaşayırdılar. Buna baxmayaraq neftçilərimiz yataqda çox böyük işlər gördülər. Bildiyiniz kimi, o vaxta qədər dünyanın heç bir yerində açıq dənizdə neft hasilatı həyata keçirilməmişdi. O vaxt Neft Daşlarına gedənlər elə qəhrəman idilər. Bu qəhrəmanlardan biri də İsrafil Hüseynov idi. İsrafil Hüseynov 1957-ci ildə Neft Daşlarına gəlib və 23 il dənizdə işləyib. Bu müddət ərzində yataqda və ətraf ərazilərdə 70 quyu qazılıb.”

Xoşbəxt Yusifzadə bu dövrdə baş verən əlamətdar hadisələrdən danışdı. “O vaxt dənizdə bir özüldən, meydançadan 10-20 quyunun qazılması məsələsi ortaya çıxmışdı. Bu zaman isə quyular nə qədər maili qazılardısa, bir o qədər çox quyu qazmaq olardı. O dövrdə belə bir yarış gedirdi. Kim daha böyük mailliklə quyu qaza bilər. İlk dəfə bu işin öhdəsindən məhz İsrafil Hüseynov gəldi. O zaman dövlət bunu yüksək qiymətləndirdi. İsrafil Hüseynovun ikinci böyük işi “Günəşli” yatağında birinci quyunun qazılması ilə bağlı idi. Bu və digər quyuların qazılması yatağın kəşf olunmasına gətirib çıxardı. Bundan sonra “Günəşli” yatağında daha bir neçə quyu qazıldı.”

ARDNŞ-in I vitse-prezidenti X.yusifzadə İsrafil Hüseynovun fəaliyyətinin digər istiqamətlərinə də nəzər saldı: “Bundan sonra İsrafil Hüseynov Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə təyin olundu. O, ömrünün sonuna kimi bu vəzifədə çalışıb. Onun ictimai-siyasi fəaliyyəti də olduqca zəngindir. Neftçilər onu heç vaxt yaddan çıxarmayacaqlar. Biz də məhz görkəmli, dünya miqyasında  tanınan neftçilərimizlə fəxr edirik.”

ARDNŞ-in neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentinin müavini Məmmədağa Əliyev İsrafil Hüseynovun həyat və fəaliyyətindən söz açdı. “İsrafil Hüseynov 1931-ci il dekabrın 4-də anadan olub. O, 1949-cu ildə Gəncədəki 20 saylı dəmiryolu məktəbinin yeddinci sinfini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakıya gəlir, burada neft texnikumuna daxil olur. 1951-1954-cü illərdə ordu sıralarında qulluq edir. 1957-ci ildə texnikumu bitirərək “neftqaz yataqlarının qazılması” ixtisasına yiyələnir. Elə həmin il Neft Daşlarında əmək fəaliyyətinə başlayır. O burada əvvəlcə fəhlə, qazmaçı köməkçisi, sonra isə texnik, istehsalat şöbəsində mühəndis, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis kimi fəaliyyət göstərir. 1965-ci ildən isə fəaliyyətini buruq ustası kimi davam etdirir. O, əmək fəaliyyəti ilə yanaşı, təhsilini də davam etdirir. 1972-ci ildə Azərbaycan NeftKimya İnstitutunun (indiki ADNA) Neft sənayesi fakültəsinin qiyabi şöbəsini bitirir.”

Məmmədağa Əliyev bildirdi ki, onun ilk gündən işə can yandırması, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi diqqətdən yayınmır. “İsrafil Hüseynov kollektivdə sevilir və seçilir. Qısa müddətdə böyük təcrübə toplayaraq qabaqcıl neftçi kimi tanınır. Onun bütün bu zəhmətləri, neft sənayesinin inkişafına verdiyi töhfə dövlət tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif illərdə Lenin ordeni, “Azərbaycan SSRİ neft ustası”, “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görülür. O, əmək fəaliyyəti və təhsillə yanaşı, ictimai işlərdə də fəallığı ilə seçilir. 1967-ci ildən 4 çağırış Bakı şəhər Sovetinin deputatı seçilir. 1974 və 1979-cu illərdə isə SSRİ Ali Sovetinin deputatı seçilir. İsrafil Hüseynov bir çox xarici ölkədə SSRİ-ni ləyaqətlə təmsil edir.”

Bildirildi ki, ömrünün otuz ildən çoxunu bilavasitə Azərbaycan Respublikasına rəhbərlik etmiş ulu öndər Heydər Əliyev ölkənin iqtisadi qüdrətinin artırılması ilə yanaşı, elm və sənət adamlarına, müxtəlif peşə sahiblərinə böyük qayğı və diqqət göstərib. Ümummilli lider belə adamları yüksək qiymətləndirir, onları daim diqqət mərkəzində saxlayırdı. Bütün əmək fəaliyyətini Azərbaycanda neft sənayesinin inkişafına həsr edən, dənizdə neftçıxarma sahəsində dünyada analoqu olmayan uğurlu nəticələr əldə edən buruq ustası İsrafil Hüseynovu pillə-pillə şöhrətin zirvəsinə aparan illər də ötən əsrin 70-ci illərinə, məhz bu ölməz şəxsiyyətin respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Onun fədakar əməyi, zəhmətsevərliyi, sadəliyi və səmimiliyi ulu öndər Heydər Əliyevin diqqətindən yayınmayıb.

İsrafil Hüseynov təkcə keçmiş ittifaqda məşhur olan əmək qəhrəmanı deyil, həm də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən bir xadim idi. Respublika miqyasında həyata keçirilən elə bir tədbir olmazdı ki, orada fəal surətdə iştirak etməsin. Onun ümummilli lider Heydər Əliyevlə çox isti münasibəti vardı. Elə onun zəhmətinin belə yüksək qiymətləndirilməsi də bu ölməz şəxsiyyətin ona olan diqqətinin, hörmətinin təzahürü idi.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyev insanları zərgər dəqiqliyi ilə seçməyi bacarır, hər kəsə layiq olduğu qiyməti verirdi. İsrafil Hüseynovda ona ən çox xoş gələn xüsusiyyətlərdən biri, bəlkə də birincisi onun təmənnasızlığı idi. Sanki dalğalarla üz-üzə dayanıb dənizin dibindən neft çıxaran, bu yolda hər cür çətinliyə sinə gərən və alnının təri ilə öz adını Azərbaycanın tarixinə yazan o deyildi. Gördüyü , qazandığı uğurlarla heç vaxt öyünməzdi. Əmək cəbhəsində əldə etdiyi hər zəfəri bütün kollektivin qələbəsi sayardı. Bütün bunlar isə təbii ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin gözündən yayına bilməzdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, “Neft Daşları” DQİİ-nin baş mühəndisi Cəbrayıl Qədirov, “İsrafil Hüseynov” borudüzən gəmisinin kapitanı Şakir Dadaşov, “Kompleks Qazma İşləri” Trestinin istehsalat üzrə müdir müavini Ədalət İmaməliyev İsrafil Hüseynovun zəngin fəaliyyətindən söz açdılar. Tədbirdə İsrafil Hüseynovun adını daşıyan gəmi barədə də məlumat verildi. Qeyd olundu ki, “İsrafil Hüseynov” borudüzən gəmisi Xəzərin istənilən rayonlarında sualtı boru xəttinin inşa edilməsini təmin edə bilər. Onun vasitəsilə çəkilən ilk boru xətti müəllifi ümummilli lider Heydər Əliyev olan və 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”nin icrası çərçivəsində “Çıraq-1” yatağından Səngəçala çəkilmiş diametri 30 düymlük, uzunluğu 176 km olan neft kəməridir. Sonralar bu gəminin köməyi ilə “Mərkəzi Azəri” və “Şahdəniz” yataqlarından Səngəçala ümumi uzunluğu 924 km müxtəlif diametrli neft, qazsu boru xətləri, “Günəşli” yatağından “Neft Daşları”na isə 42 km qaz xətləri çəkilib.”

Bu gəmi vasitəsilə Xəzərin Rusiyaya aid sektorunda diametri 12 düymlük, uzunluğu 56 km olan neft və Türkmənistana aid sektorunda diametri 30 düymlük, uzunluğu 32 km olan qaz boru xətləri də çəkilib. Gəmi diametri 219 mm-dən 1200 mm-ə qədər olan borularla dənizin 10 metrdən 300 metrə qədər olan dərinliklərində sualtı neftqaz kəmərlərini çəkməyə qadirdir. Bundan əlavə gəmi vasitəsilə dənizin 60 metrə qədər dərinliyində olan boru xətlərini qaldırıb təmir etmək olur. Gəmi sutkada 3000 m sualtı boru xətti çəkə bilir. Gəminin əsas gövdəsinin uzunluğu 120 m, stinqerlərlə uzunluğu 146.5 m, eni 33 m, avtonomluğu isə 30 gündür.

Gəminin inşasına Finlandiyanın “Rauma Repola” firmasında 1987-ci ildə başlanılıb. Gəminin öz qabarit ölçülərinə görə kanallarçaylar keçərək Xəzər dənizinə gətirilməsinin mümkün olmadığı nəzərə alınaraq, o, komponentlər formasında tikilib, 1988-ci ilin axırında Həştərxan şəhərinə gətirilib. 1989-cu ildə Həştərxan Gəmitikmə İstehsalat Birliyində onun yığılmasına və inşasının davamına başlanılıb. 1990-1991-ci illərdə SSRİ-nin dağılması ilə əlaqədar yaranmış vəziyyət tamamlama işlərinin aparılmasına və inşanın başa çatdırılmasına imkan verməyib. Bu səbəbdən Xəzər Dəniz Neft Donanması tikintisi tamamlanmamış gəmini 1990-cı ilin sentyabr ayında Bakıya gətirib. Bakıda da tamamlama işlərinin icrasına imkan olmayıb, çünki inşaçı firmalar bu işlərin icrasını davam etdirmək istəməyiblər. Gəminin inşasının başa çatdırılması ancaq 1996-cı ildə mümkün olub.

Tədbirin keçirilməsindən məmnunluğunu ifadə edən İsrafil Hüseynovun yaxın qohumu Əli Əliyev isə çıxışında onun fəaliyyətinə verilən qiymətə görə ölkə rəhbərliyinə və ARDNŞ kollektivinə dərin minnətdarlığını bildirdi.

 

Nail Rəhimzadə,

 

 İki sahil.- 2011.- 28 dekabr.- S. 5.