Azərbaycanı
tanıdan səs sahibi və ya milli olduğu
qədər də bəşəri olan sənətkar
Hər dəfə
nəğmələri sərhəd tanımayan Azərbaycanın
təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə
böyük ədiblərdən birinin - “Əgər sənətə
və peşəkarlığa can atırsansa, nə qədər
bacarsan özünü kamilləşdirməyə
çalış.
İncəsənətsiz
həyat ömür-gün deyil” - müdrik kəlamını
xatırlayıram.
O da bu yola böyük
həyat eşqi, sonsuz
sevgi ilə çıxdı. Sənətə
qədəm qoyduğu ilk
gündən kamil bir
sənətkar olmaq üçün
gecəsini gündüzünə qatdı, dövrünün
ən ünlü ustadlarından
muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın sirlərini
öyrəndi. Sənətə elə ürəkdən
bağlandı ki, artıq ondan
ayrılmağın mümkünsüzlüyünü
anladı və musiqisiz keçən gününü ömürdən saymadı.
Qısa
müddətdə səsinin şirin avazı ilə
milyonların ürəyinə yol tapdı. Bu səs hər
bir azərbaycanlının
qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq
yaxın-uzaq məmləkətlərdə eşidilməyə
başladı. Musiqinin sərhəd
tanımaması onun timsalında bir daha təsdiqini
tapdı. Sərhədlərindən quşların belə səkə
bilmədiyi keçmiş sovetlər məkanının
qanunlarının ən sərt dönəmində o, öz şaqraq,
bənzərsiz ifası ilə çox-çox
uzaqlarda milyonların sevimlisinə
çevrilə bildi. Dilimizi
bilməyən əcnəbilər belə o
şirin avazın, ecazkar
ifanın sehrinə düşdü. Azərbaycanın
Xalq artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.
Onun qastrol
səfərlərinin xəritəsini cızmaq çətindir,
bəlkə də, mümkün deyil. Zeynəb
xanımın səsinin qət etdiyi məsafəni,
yolları bir-birinə calasaq, bu sehirli nəğmə
çələngini bəlkə də bir
neçə dəfə planetin
başına dolamaq mümkün
olardı. Onu dilindən, dinindən, əqidəsindən
asılı olmayaraq, hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla
alqışlayırlar.
Bu xoşbəxtlik
hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq-uzaq
ellərdə də sevsinlər, dəyərləndirsinlər.
Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt
sənətkarlara nəsib ola bilərdi və
oldu da...
Zeynəb
xanım üz tutduğu, konsert proqramları ilə
çıxış etdiyi hər bir məmləkətə təkcə
özünü və Tanrının ona bəxş etdiyi səsini
aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı
aparır. O, öz Vətəninin, xalqının
adını, şöhrətini yaxın-uzaq ellərdə
zirvələrdən-zirvələrə qaldırmaq
üçün bu yola çıxmışdır, bəlkə
də bu səbəbdən harada olurdusa, orada tükənməz
bir Azərbaycan sevgisi qoyub gəlir.
Zeynəb
xanımın XX əsr Azərbaycan
ifaçılığında bəlkə də heç kəsin
yüksələ bilməyəcəyi bir sənət zirvəsi
vardır. Onun sənəti
solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə,
əsrlərə ünvanlanmışdır.
Z.Xanlarova
1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini,
1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi
Texnikumunu bitirmişdir. Elə həmin ildən Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrının solistidir.
O, əvəzsiz ifaçı olmasını Opera
və Balet Teatrının səhnəsində
yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləmişdir.
Onun Leylisi, Əslisi,
Şahsənəmi teatr tariximizdə əbədi
qalacaq obrazlardır. Sənətkar heç vaxt
uğurları ilə kifayətlənməmişdir. Onun
repertuarını xalqımızın milli
kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif
və xalq mahnıları, böyük
bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq
Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər
Tağıyev, Emin Sabitoğlu
və başqalarının, eləcə də Şərq
xalqlarının mahnıları bəzəyir.
Xalqımızın
istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin
yaradıcılıq ənənələrinə əsaslanan
müğənnilik sənəti milli musiqimizdə bir təzəlik,
yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə
münasibətdə, səhnə davranışında,
mahnı ifaçılığında özünü
qabarıq göstərir.
Əvvəllər
qadın xanəndələrin repertuarında, əsasən
“Şahnaz”, “Qatar” muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil,
diapazonca məhdud, həcmcə
yığcamdır. Lakin Zeynəb
xanım bu ənənəni cəsarətlə
pozdu, qadınlar arasında ilk dəfə “Çahargah”
kimi geniş monumental dəstgah oxudu və
böyük yaradıcılıq müvəffəqiyyətinə
nail oldu. Zeynəb
Xanlarovanın ifasında bu muğam yeni
başlanğıc, yeni nəfəs kimi dəyərləndirirdi. Bütün
muğamsevərlər və ustad sənətkarlar
onun ifasındakı “Çahargah”ı
yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə
böyük sənətkar
olacağına inamlarını böyük
cəsarətlə bildirirdilər. Zeynəb xanım bu inamı doğrultmağı bacardı və
bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq
bir gün öz bəhrəsini verəcəkdir. O, “Çahargah”la
yanaşı, “Şur”, “Dilkəş” təsniflərini,
“Mahur-hindi”, “Qatar”, “Xaric segah”, “Hümayun”, “Bayatı-kürd”
muğamlarını ciddi-cəhdlə öyrənib oxudu. Bu, onun
üçün adi
yaradıcılıq prosesi deyildi. Zeynəb Xanlarova əsl
novator ifaçı kimi
hər bir musiqi əsərini
tamamilə yeni səpkidə oxuyurdu. Bu səbəbdən
onun muğam
ifaçılığındakı üstünlüyü
danılmazdır.
Zeynəb
Xanlarova bu uğurlara heç də birdən-birə nail
olmamışdı. Bu
uğurların, böyük
tamaşaçı sevgisinin kökündə
yorulmadan, usanmadan
çəkilmiş zəhmət dayanır. Zeynəb Xanlarova Azərbaycan xanəndəlik sənətinin,
vokal ifaçılığının
qüdrətli nümayəndələrinin
yaradıcılıq çeşməsindən bəhrələnmişdi.
Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət
Rzayeva və digər sənət korifeyləri
onun yaradıcılıq yolunda
örnək, məhək daşı rolunu
oynamışlar. Zeynəb xanım böyük
sənətkarların hər birinin ifaçılıq
üslubunu mənimsəyir, lakin böyük
istedadı, iradəsi hesabına heç vaxt təqlid yolunu
seçməmişdir.
Zeynəb
Xanlarovanın ifaçılığında emosionallıq,
aydın tələffüz, zəngin səs palitrası, səhnə
plastikası insanı heyran qoyur. Onun səsi qəlb
yanğısından yoğurulduğundandır ki, hər zaman insanı valeh edir, kamilliyə səsləyir.
Bu səsdə fərəh də var, kədər də. Zeynəb Xanlarova olmağın yolu
alın təri, tükənməz zəhmət, gecə-gündüz
usanmadan çalışmaqdan keçir. Z.Xanlarova
olmağın mahiyyətində məcnunluq, sənətə,
ifaya, muğama dəlicəsinə
çılğın aşiqlik
vardır.
Sənətə bütün ifaçılar kimi
oxumaq, özünü
sübut etmək amalı ilə gələn
Zeynəb Xanlarova qısa zaman
kəsiyində çoxlarından, bəlkə də elə
hamıdan fərqləndi. Ən azı ona
görə ki, özü
olmağa çalışdı və oldu. Təkcə səsi,
avazı, zili, bəmi ilə yox, həm də danışığı, gülüşü, geyimi,
insanlara münasibəti,
xeyirxahlığı və bir də
qazandığı tükənməz tamaşaçı sevgisi ilə. Sənət yollarına hamı kimi çıxsa da, özü kimi
addımlamağa qərar verdi və musiqimizin Zeynəb yolunu tapa bildi, yarada
bildi.
Onun zəhməti
həm qədirbilən xalqımız, həm də dövlətimiz
tərəfindən həmişə yüksək dəyərləndirilmişdir.
Zeynəb
xanım tək-tək sənətkarlara nəsib olan bütün fəxri
adların hamısına layiq görülmüşdür. Dövlət
mükafatı laureatıdır. Bununla
yanaşı, Yəmən, Əfqanıstan, Əlcəzair,
Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflər
qazanmışdır. Sinəsini neçə-neçə orden bəzəyir - keçmiş
SSRİ-nin “Şərəf
nişanı”, “Xalqlar Dostluğu”
ordenləri. Bütün dünyada
məşhur olan “Melodiya”
firmasının “Qızıl val” mükafatı
da sənətkarın bənzərsiz
istedadına, zəngin yaradıcılığına verilən
layiqli qiymətdir. Onun
üçün isə ən yüksək,
ən ali mükafat
müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenləridir.
Z.Xanlarova 1985-ci ildən Azərbaycan parlamentinin deputatıdır.
Z.Xanlarovanın yaradıcılığı
ulu öndər, Azərbaycan incəsənətinin
hamisi ümummilli lider Heydər Əliyev tərəfindən
daim yüksək qiymətləndirilmişdir.
Zeynəb xanım haqqında deyilən qiymətli fikirlərin sırasında bir neçəsini bu yazıda xatırlamağı
məqsədəuyğun hesab
edirik. Azərbaycanın Xalq
rəssamı Tahir Salahov demişdir: “Zeynəb musiqimizdə hadisədir, mərhələdir
və onun varlığı ilə fəxr etməyə dəyər”. Filologiya elmləri doktoru, professor Əziz Şərif isə dəyərli sənətkarla bağlı
düşüncələrini belə ifadə etmişdir: “...Haçan səhnədə görünübsünüzsə,
haçan qəlbən
sevdiyiniz nəğmələri
oxumağa başlayıbsınızsa
tamaşaçı salonu
gurultulu alqışlara
bürünüb. Zeynəb səsinə,
Zeynəb oxumasına pərəstiş edənlər
sevgilərini də o alqışlara qatıb müğənniyə ərməğan
ediblər. Siz oxuyursunuz
və oxumalarınızdakı
Vətən ətri, bayatı rayihəsi ürəklərə dolur.
Şirin
səsinizdən, kövrək
nəğmələrinizdən doya bilmirik. Sizin hər nəğməniz həssas bir ürəyin hekayətidir.
Odur ki, həmin nəğmələrə
biganə qalmaq mümkün deyil...”.
Zeynəb Xanlarova keçmiş Sovet İttifaqında bir neçə dəfə qardaş Türkiyədə
qastrol səfərində
olmuş yeganə və xoşbəxt sənətkarlardandır. Zeynəb xanımın 1972-ci ildə Türkiyəyə
üçüncü qastrol
səfəri zamanı
xanəndənin ifasında
24 mahnı bu ölkənin səsyazma firmasında vala yazılmışdır. Həmin
vallarda “Azərbaycan”,
“Reyhan”, “Qonaq gəl bizə”, “Sevən könül”, “Lalələr”, “Ay qəlbi
kövrək”, “Tələbəlik
illəri” və başqa mahnılar yer almışdır. Valların üstünə müğənninin
şəkli vurulmuş,
firmaya isə “Zeynəb” adı verilmişdir.
Zeynəb Xanlarova musiqimizin və mədəniyyətimizin tarixində
əbədi qalmaq haqqını qazanmış
sənətkarlardandır. Zeynəb səsi, Zeynəb
ifası sanki bütün keçilmiş
yolun yekunu, qazanılmış təcrübənin
məcmusu və zirvəsidir.
Bütün bunlar bir
daha deməyə tam əsas verir ki, Zeynəb Xanlarova təkcə doğulduğu zamanın deyil, bütün zamanların sənətkarıdır.
İki sahil.- 2011.- 29 dekabr.- S. 7.