Muğam bizim həyat tərzimiz, düşüncə
formamızdır
Müsahibimiz Əməkdar artist, Azərbaycan
Milli Konservatoriyasının müəllimi, Opera və Balet
Teatrının solisti Gülüstan Əliyevadır
-Muğam fakültəsinin ilk tələbəsi
olmusunuz, professor, Xalq artisti Arif Babayevdən dərs
almısınız. Bugün özünüz də müəllimsiniz. Sizcə,
öyrətmək asandır, ya öyrənmək?
- Hər tələbəmlə dil tapmağa
çalışıram. Bir-birimizi başa düşə bilirik. Kiçikyaşlı
uşaqlarla isə bir qədər çətin olur, hər uşaq özünə fərdi yanaşma tələb edir. Şagirdin psixologiyasını bilmək
də müəllim üçün vacib şərtlərdən biridir.
Ona görə də məncə, öyrəndiklərini kiməsə
öyrətmək daha
çətindir. Əgər bir şeyi
öyrənmək istəyirsənsə daima
çalışırsan, can atırsan ki, onu öyrənəsən.
Amma öyrəndiyini üçüncü şəxsə çatdırmaq daha çətindir və eyni zamanda
da məsuliyyətlidir.
- Siz də müsabiqə yolu ilə “kəşf” olunan
xanəndəsiniz, 1980-ci ilin əvvəllərində
keçirilən muğam müsabiqələri ilə bugünkü müsabiqələr
arasında hansı fərqlər var?
- 80-ci illərin əvvəllərində keçirilən
muğam müsabiqələrinə ulu öndər Heydər Əliyev
xüsusi dəyər verərək, şəxsən nəzarət
edirdi. Bu dövrdə maestro Niyazinin rəhbərliyi ilə
dahi sənətkarlarımız Şövkət Ələkbərova,
Sara Qədimova, Arif Babayev, İslam Rzayevdən ibarət
münsiflər heyəti bölgələri
qarış-qarış gəzir, istedadlı uşaqları
üzə çıxarmaqdan ötrü böyük zəhmət
çəkirdilər. Bu gün sevilən, muğama dəyər
verən sənətçilər - Könül Xasıyeva,
Könül Kərimova, Nuriyyə Hüseynova, Zakir Əliyev,
Rəhilə Quliyeva, Aybəniz Haşımova, rəhmətliklər
Elçin Cəlilov, Xeyransa Məmmədova və başqaları həmin münsiflərin “kəşfidir”.
O ki qaldı müsabiqələr arasındakı fərqə...
Çox böyük fərq var. Müstəqillik
dövründə keçirilən müsabiqələrdə
fərq ondadır ki, hazırda efirlər müsabiqə
iştirakçıları üçün çox
böyük imkanlar yaradır. Bizim illərlə qazandığımızı
onlar üç-dörd
ay ərzində qazanırlar.
- Bu sənətə gəlməyinizdə
ən böyük dəstəkçiniz kim oldu?
- Mən bəxti gətirən qızlardan olmuşam.
Baxmayaraq ki, atam çox konservativ insan idi, amma ailəmiz
qapalı olmayıb. O həmişə
çalışırdı ki, birinci növbədə biz dil
öyrənək, musiqi savadımız olsun. Hətta atam
özü məni də, bacımı da musiqi məktəbinə,
pionerlər evinə aparırdı. Elə bu dəstəyin nəticəsi
idi ki, mən 1981-ci ildə keçirilən Gənc
İstedadların Respublika Müsabiqəsində üç
turun üçündən də əla qiymət alıb
müsabiqənin qalibi oldum. 1982-ci ildə isə artıq
Yevlaxdan Bakıya - Bülbül adına musiqi məktəbinə
təhsil almağa göndərildim. Sonra isə Canəli Əkbərov,
Arif Babayev kimi böyük sənətkarların dəstəyini
- “5”-ni alıb
sənətdə ürəklə
addımlamağa başladım.
- Sənətdə uğur qazanaraq səhnəmizin
Leylisi oldunuz. Səhnədə Məcnununu tapan
Gülüstan xanım
həyatda buna nail oldumu?
-Əlbəttə, Məcnunumu
tapmışdım.
Konservatoriyanı bitirəndən sonra biz Zahidlə ailə
qurduq. 1990-cı ilin sentyabrında böyük nişan oldu.
Oktyabrın 18-də də qız toyum çalındı. Elə
həmin gün Yevlaxdan Beyləqana gəlin
köçdüm. Bilirsiz, həyatda hər şey nisbidir. Bu
həyat içərisində təbii ki, mən də öz
xoşbəxtliyimi tapmışdım. Hərənin bir qisməti,
alınyazısı var və onu yaşayır. Sən neyləsən
də, alınyazısından qaça bilməzsən. Bu da mənim
alınyazımdı. Həyat yoldaşım
torpaqlarımızın azadlığı uğrunda şəhid
oldu. İndi isə yoldaşıma olan o məhəbbətimi,
hisslərimi sevdiyim övladım və sənətim arasında bölmüşəm.
- Tamaşaçılar səhnədə dinamika və hərəkət görmək istəyir. Bir pedaqoq, Opera və Balet Teatrının solisti kimi bu
gün xanəndələrin
səhnə davranışından
razısınızmı?
- Müəyyən qədər
razıyam. Sözsüz
20-30 il bundan
əvvəlki səhnə
dinamikası indiki dövrlə ayaqlaşmır.
Ona görə də rejissorlarımız oynanılan,
repertuarda olan tamaşalara yeni quruluş verirlər.
“Leyli və
Məcnun”u da hazırda biz yeni quruluşda ifa edirik. Çünki bu gün tamaşaçılara o qədər
informasiya axını
var ki, onlar
zamanın durğunluğunu
qəbul edə bilmirlər. İndi bizim
başlıca məqsədimiz
tamaşalarda olan lazımsız mizanları,
durğunluğu aradan
qaldırmaqdır. Və bütün
bunlar səhnədə
dinamikanı artırmağa
xidmət edir. Bizim teatrda da buna
əməl olunur.
Nəzərə alınmalıdı ki, səhnədə nə qədər lüzumsuz hərəkətlər,
sönüklük olursa,
zalda olan tamaşaçı səbr
edib tamaşanın sonunu gözləyə bilmir.
- Tələbələrinizin səviyyəsi sizi qane
edirmi?
- Artıq 10 ilə yaxındır həm Milli
Konservatoriyada, həm də İncəsənət Universitetində
“Muğam” kafedrasında çalışıram. Bəli, bizi
qane edən, gözəl, məlahətli səsə malik tələbələrimiz
çoxdur. Əlbəttə ki, bu ixtisas üzrə qəbul
olunan tələbələr hamısı eyni səviyyədə
deyillər, ola da bilməz. Birinin səsi istədiyimiz kimi ola
bilər, digərininki bir az orta tembrdədi, başqa biri
çox savadlı tələbədi, test imtahanlarından
yüksək bal yığıb, lakin ifası “5”-lik deyil. Bu gənclərin
hər birini nəzərə almalıyıq. Çünki təhsil
alanların hamısı ifaçı olmaya bilərlər.
Onlar gələcəkdə bir pedaqoq kimi də öz fəaliyyətlərini
davam etdirə bilərlər. Məsələn, Nəriman Əliyev,
Qəzənfər Abbasov kimi
hazırda bizim elə savadlı müəllimlərimiz
var ki, heç onlar ifaçılıqla məşğul
olmurlar. Çox böyük sənətkarlar yetişdirərək
öz fəaliyyətlərini yalnız pedaqoq kimi davam etdiriblər
və etdirirlər.
- Xanəndəlik sizin üçün sənət, hobbi,
yoxsa qazanc mənbəyidir?
- Biz sənətə gələndə inanın ki,
heç pul haqqında düşünmürdük. Mən sənətimi
sevdiyim üçün indi səhnədəyəm.
Bilirsiz, elə insanlar var onlar sənəti seçirlər,
amma məni və bayaq adlarını sadaladığım
insanları sənət seçib. O zamanlar konservatoriyada dərslərimiz
saat 3-də başlayırdı. Axşam saat 8-9-a qədər
Arif Babayev bizimlə məşğul olurdu. Dərs bitdikdən
sonra da əksəriyyətimiz qız olduğundan “QAZ-24” ilə
aparıb hərəmizi öz evində
düşürürdü. Biz ancaq öyrənməyə
çalışırdıq. Amma təbii müəyyən
bir mərhələyə çatdıqdan sonra sənətdən
pul qazanmaq da olar. Toylara da, pullu konsertlərə də
getmişik, solo konsertlər də vermişik. Bütün
bunlar hansısa nailiyyətləri qazanandan sonra olub. İndi isə
tələblər başqadı. Hazırda pul xətrinə
oxumaq eşqinə düşənlərin sayı daha
çoxdu. Onlar əslində o qədər də böyük
səs imkanlarına malik olmayan şəxslərdir. Sənət
naminə çalışan, tarixdə iz qoymaq istəyən
insanlarla, pul qazanmaq üçün səhnəyə gələnlər
başqa-başqa kateqoriyada dayanırlar.
- Vaxt insanın ən dəyərli sərvətidir.
Siz bu sərvəti necə xərcləyirsiniz?
- Həmişə dostlarıma da deyirəm ki, mən
24 saata 48 saatın işini görürəm. Baxmayaraq
yatmağı sevmirəm, çox erkən oyanıram, amma yenə
də çox işlərimi görməyə vaxt
çatmır. İnsan üçün ən qiymətli, geri
qaytarılması mümkün olmayan şey vaxtdır. Lakin
yenə də çalışıram ki, bütün
lazımi işlərimi vaxtında çatdırım. Mənim
bütün işlərimin başında teatr durur. Qalan
işlər mənim üçün ikinci dərəcəlidir.
Artıq neçə illərdir teatrda
çalışıram, gündəlik məşqlərdə
iştirak edirəm. Hazırda da ciddi məşqlərimiz
gedir. Şübhəsiz, pedaqoji fəaliyyət də vacibdir.
Eyni zamanda həm də anayam. Bu işlərin
hamısının öhdəsindən gəlmək, heç
birini axsatmamaq şərti ilə idarə etmək və
uğur qazanmaq çox çətindir.
- Yəqin ki, qastrol səfərləri ilə gəzib
dolaşdığınız ölkələrin sayı
çoxdur...
- Hazırda Azərbaycan özünü dünyaya
çox uğurla təqdim edir. İllərdir Azərbaycan gəncliyinə,
incəsənətinə, musiqisinə dövlət səviyyəsində
göstərilən mütəmadi qayğı, ayrılan
investisiya və yönəldilən diqqət öz müsbət
nəticələrini verir. Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın bilavasitə diqqəti
sayəsində Azərbaycanın mədəni zənginlikləri
bu gün bütün dünyaya təqdim olunur. Azərbaycan
dünyada yeganə ölkədir ki, mədəniyyəti, təhsili,
incəsənəti bu qədər diqqət mərkəzində
saxlanılır. Biz sənət adamları da Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə mədəniyyətimizin
inkişafı, çiçəklənməsi naminə
çox ölkələrdə səfərlərdə
olmuşuq. Digər sənət dostlarımla İranda,
Almaniyada, Avstriyada, Belçikada, İsveçdə,
İsveçrədə, Hollandiyada, Türkiyədə,
Rusiyada, Moldovada yaddaqalan, anşlaqla keçən konsertlərimiz
olub.
- Xeyli müddətdir yeni layihələrlə pərəstişkarlarınızın
görüşünə gəlmirsiniz. Sevənləriniz sizdən
hansı yenilikləri gözləsinlər?
- Uzun müddətdir ki, yeni mahnılar üzərində
işləyirəm və bir neçəsi artıq
hazırdı. Rübabə Muradovanın repertuarından
“Alagöz”, “Qəşəngsən”, Şəfiqə
Axundovanın Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi
“Yağış döyür pəncərəmi”, Elmira Rəhimovanın
repertuarına da müraciət etmişəm. Bütün bu
sadaladığım mahnıların hamısını yeni
formada, tempdə işləmişəm. Bir muğam layihəsi
üzərində də işləyirik. Yaxın günlərdə
geniş muğam dəsgahını artıq
tamaşaçılarımıza təqdim edəcəyik.
Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun”u təqdim
etdim. Planlarımız və hələ görüləsi
işlərimiz çoxdur.
- Son olaraq, muğama necə tərif verərdiniz?
- Muğam bizim həyat tərzimiz, düşüncə
formamızdır.
Günel Eyyubova
İki sahil.- 2012.-11 yanvar.-S.14.