20
Yanvar: Müstəqillik yolunda
qanla yazılmış qəhrəmanlıq
tarixi
Həmin gün Azərbaycanın salnaməsinə
“şəhidlik zirvəsi” sözləri yazıldı
Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə,
Azərbaycan xalqına!
Bakı şəhərinə sovet ordusu hissələrinin
yeridilməsi ilə əlaqədar xalqımızın
başına gətirilən faciədən- dinc əhalinin
qırılmasından böyük ürək
ağrısı ilə xəbər tutdum. Bu matəm
günündə həlak
olanların ailələrinə və yaxınlarına,
bütün Azərbaycan xalqına dərin hüznlə
başsağlığı verirəm.
Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd
hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı
olmağa , həmrəyliyə və birliyə
çağırıram.
Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və
televiziya ilə verilməsini, matəm mitinqində
oxunmasını xahiş edirəm.
Heydər Əliyev
Moskva, 21 yanvar 1990-cı il.
Prezident Administrasiyasının rəhbəri akademik
Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin
iyirmi ikinci ildönümünün keçirilməsi ilə
bağlı tədbirlər planı”na müvafiq olaraq
respublikanın bütün şəhər və
rayonlarında, müəssisə və təşkilatlarında
hazırlıq işlərinə
başlanılmışdır.
Azərbaycanın suverenliyinə siyasi təcavüz
olan 20 Yanvar hadisələrinin beynəlxalq ictimaiyyətə
çatdırılması üçün xarici ölkələrdəki
səfirliklərimiz, diaspora təşkilatlarımız,
icmalarımız tərəfindən də tədbirlər
keçirilir, faciənin əsl mahiyyətini əks etdirən
əyani vasitə kimi sənədli filmlər, videoçarxlar
nümayiş etdirilir, sərgilər təşkil olunur.
...İmperiya qüvvələri tərəfindən həyata
keçirilmiş 20 Yanvar hadisələri Azərbaycanda
demokratik proseslərə qəsd, dəqiq
düşünülmüş hərbi təcavüz
respublikanın suveren hüquqlarını, ümumiyyətlə,
insan hüquqlarını pozan hərəkət idi.
1990-cı ilin 19-20 yanvar tarixlərində
Bakını işğal edərək qırğın
törədən, əsasən ermənilərdən ibarət
sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri,
hərbi dəniz donanmasının və daxili
qoşunların bölmələri dinc əhaliyə
qarşı görünməmiş vəhşiliklər
törətdi, günahsız insanlar qətlə yetirildi,
yaralandı, əlil oldu, itkin düşdü.
İlk qurbanlar isə yanvar ayının 19-da Sədərəkdə (azyaşlı Malik və Elvin
qardaşları) qeydə alındı. Həmin vaxtlarda
Bakıda 82 nəfər amansızcasına qətlə
yetirilmiş, 20 nəfər ölümcül
yaralanmışdı. Fövqəladə vəziyyət elan
edildikdən sonra da Bakı şəhərində daha 21 nəfər
öldürülmüş, paytaxtdan kənar rayonlarda -
Neftçala və Lənkəranda daha 8 nəfər qətlə
yetirilmişdir.
Beləliklə, sovet ordusu qoşunlarının hərbi
əməliyyatları nəticəsində Bakıda və
rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi
qulluqçular tərəfindən 200 ev və mənzil, 80
avtomaşın, o cümlədən təcili yardım
maşınları, yandırıcı güllələrin
törətdiyi yanğın nəticəsində dövlət
əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Həlak olanların arasında qadınlar, uşaqlar və
qocalar, həmçinin təcili yardım işçiləri
və milis nəfərləri olmuşdur. Bütün
dünya isə bu qətliama göz yumdu.
Hadisələrin səhəri günü Moskvadakı
Azərbaycan nümayəndəliyinə gələrək
Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə
qarşı terror kimi qiymətləndirən ümummilli lider
Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə
olduğunu bildirdi, qanlı faciələri pislədi,
günahsız, silahsız adamların axıdılan
qanlarını insanlığa qarşı törədilmiş
xəyanət adlandırdı və Bakıya yuxarıda qeyd
olunan Azərbaycan xalqı ilə birliyini əks etdirən
teleqram yolladı. Təbii ki, o vaxt xalqın Heydər Əliyevə
olan etimad və inamından qorxuya düşən Azərbaycanın
hakimiyyətdə olan rəhbərliyi bu teleqram barədə
xalqı məlumatlandırmadı. Yanvar hadisələrinə
siyasi qiymət verilmədi, qırğınların törədilməsinin
səbəbkarlarının, günahkarlarının adları
belə xalqa açıqlanmadı. Xəyanətin davamı
olan, hadisələrə siyasi qiymət verilməsi
üçün yanvar ayının 22-nə təyin edilən
Respublika Ali Sovetinin sessiyası belə təxirə salındı.
O ağır dövrdə min bir çətinliklə
Azərbaycana qayıdan Heydər Əliyev bu sahədə də
qətiyyətini əsirgəmədi. Naxçıvan MR Ali Məclisinin
deputatı Heydər Əliyevin təşəbbüsü ilə
hazırlanan “1990-cı ilin
yanvar ayında törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında” qərar layihəsi
müzakirəyə çıxarıldı. Heydər Əliyevin
nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul
olunmuş bu qərar 20 Yanvar hadisələrinə verilən
ilk siyasi, hüquqi qiymət oldu. Beş bənddən ibarət
həmin tarixi əhəmiyyətli sənəddə qeyd
olunurdu ki, 1990-cı il yanvar ayında Bakıda törədilən
qanlı hadisələr Azərbaycan SSR-in suveren
hüquqlarına, respublikada gedən demokratik proseslərə
qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə
yetirilməsi, göstərilən zorakılıq Azərbaycan
xalqına açıq təcavüz kimi ittiham edilsin.
Respublikanın ali hakimiyyət orqanları tərəfindən
Bakı faciələrinə siyasi qiymət verilməməsi,
bununla əlaqədar yaradılmış xüsusi deputat
komissiyasının işinin qeyri-müəyyən səbəblərdən
başa çatdırılmaması, günahkarların
aşkara çıxarılıb məsuliyyətə cəlb
olunmaması etirazla qarşılansın.
13 yanvar 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin
sədri Heydər Əliyevin imzası ilə qəbul
olunmuş bəyanatı bu istiqamətdə həyata
keçirilən tədbirlərin davamı kimi qiymətləndirmək
olar. Bəyanatda deyilirdi ki, hadisələr imperiya qüvvələri
ilə xalqa xəyanət yolunu tutmuş Azərbaycanın
kommunist rəhbərliyi tərəfindən birgə həyata
keçirilmişdir. Hakimlik missiyasını qoruyub saxlamaq
üçün xalqına qarşı çoxminli silahlı
qüvvələrin təcavüzünü təşkil edən
respublika rəhbərliyi heç bir hüquqi əsası
olmadan Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqindən
belə çəkinməmişdir.
Yanvar hadisələrinə geniş mənada əsl
hüquqi, siyasi qiymət xalqımızın qeyrətli
oğlu Heydər Əliyevin siyasi fəaliyyətə
qayıdışından sonra mümkün oldu. Respublikaya rəhbərliyə
başladığı ilk gündən ölkənin iflic vəziyyətə
düşən iqtisadiyyatını bərpa etmək istiqamətində
genişmiqyaslı islahatlar aparmaqla, “Əsrin müqaviləsi”
kimi önəmli müqaviləni imzalamaqla Azərbaycanda siyasi
sabitliyin qorunması üçün birlik və həmrəyliyin
yaradılmasına çalışan ümummilli lider Heydər
Əliyev şəhidlik adını uca tutaraq bu istiqamətdə
apardığı işləri davam etdirdi. Bakı faciəsinin
səbəblərinin, günahkarlarının
aşkarlanması üçün yaradılan komissiyanın
işini bərpa etməklə əsl həqiqəti üzə
çıxaran və bu barədə xalqı mütəmadi məlumatlandıran
ulu öndər xalqla birliyini təsdiqlədi. Bildirildi ki,
Bakı faciələrinin geniş miqyas almasında, kütləvi
insan tələfatı ilə nəticələnməsində
özlərini “ demokrat” adlandıran siyasi partiya rəhbərləri
də o dövrdə iqtidarda olanlar qədər günahkar idilər.
Silahsız insanları qırğından çəkindirmək
əvəzinə tankların qabağına yollayan AXC və
Musavat rəhbərləri 1994- və 1995-ci illərdə
ölkədə baş verən, xarici missionerlərin planlaşdırdıqları
dövlət çevrilişlərində iştirak etməklə
əvvəlki xəyanətlərini təkrarlamaqdan belə
çəkinmədilər.
Amma mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi.
Şəhidlərin ruhlarını uca tutmaq üçün
Azərbaycanın müstəqilliyinin əbədiliyi
uğrunda xilaskarlıq missiyasını yerinə yetirən
Heydər Əliyevin ətrafında sıx birləşdi. Ulu
öndərin ideyalarını davam etdirən Prezident İlham
Əliyevə sədaqətini ona göstərdikləri
etimadla təsdiqlədi. BMT, AŞPA, ATƏT, İƏT kimi
nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycanın
dünya miqyasında qazandığı mövqe və
nüfuzda əbədiyaşar şəhidlərimizin payı
vardır. Ölkəmizin BMT-nin Təhlükəsizlik
Şurasına qəbulu o deməkdir ki, salnaməmizə
azadlıq sözünü qanları ilə yazmış
şəhidlərin mətanəti sayəsində Azərbaycan
müstəqil, suveren dövlət kimi tanınır,
inkişaf edir, liderlik səviyyəsinə yüksəlir. Cənubi
Qafqazın lider ölkəsi olan respublikamızın 155
dövlətin etimadını qazanaraq bu səviyyəyə
yüksəlməsi bir daha təsdiqləyir ki,
torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimiz,
20 Yanvar, Xocalı qırğınlarında həlak olmuş
soydaşlarımız qələbə ünvanlı yolda Azərbaycan
xalqı ilə birgə addımlayır. Şəhid ailələrinə
göstərilən qayğı daim diqqətdə
saxlanılır, imtiyazları artırılır, xatirələri
əbədiləşdirilir. Milli Qəhrəman Mübariz
İbrahimov kimi qəhrəmanların simasında ideyaları
yaşayır.
Çox təəssüf ki, müasir
dövrümüzdə günahsız insanların qətli ilə
nəticələnən 20 Yanvar qırğınına,
Xocalı soyqırımına, Dağlıq Qarabağ
münaqişəsinə biganə, etinasız yanaşan beynəlxalq
təşkilatlar, dünya ictimaiyyəti hələ də Ermənistanın
Azərbaycana təcavüzünə ədalətli mövqe
nümayiş etdirmir, ikili standartlara son qoyulmur. Fransa
senatında 100 il bundan əvvələ söykənən “erməni
soyqırımı” barədə demokratiyadan kənar qərar
qəbul edən parlamentarilər nədənsə azərbaycanlılara
qarşı törədilən, hamının şahidi
olduğu soyqırımları görmək istəmirlər.
Prezident İlham Əliyev xarici ölkələrə
səfərlərində üzləşdiyimiz Dağlıq
Qarabağ probleminin əsl səbəb və mahiyyətini
açıqlayır, iqtisadi sahədə olduğu kimi,
diplomatiyada da Ermənistanı qabaqlayan Azərbaycanın ədalətli
mövqeyini diqqətə çatdırır,
torpaqlarımızın işğalının səbəb və
mahiyyətini, təcavüzün Sumqayıt, 20 Yanvar hadisələrindən
başlandığını diqqətə
çatdırır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri kimi bu sahədə göstərdiyi
misilsiz, tarixi xidmətləri ilə fərqlənir. Heydər
Əliyev Fondunun vitse-prezidenti, İƏT-in Gənclər
Forumunun Baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən “ Xocalıya ədalət”
kampaniyası çərçivəsində Azərbaycanın
azadlıq, müstəqillik yolunun başlanğıcı
hesab olunan bu tarixi hadisələr barədə geniş təbliğat
işi aparılır. Bütün dünya xalqlarına bəyan
edilir ki, guya genosidə məruz qaldıqlarını saxta fakt
və iddialarla sübuta yetirməyə çalışan ermənilər
tərəfindən əsl soyqırıma məruz qalan,
torpaqları Ermənistan tərəfindən işğal
olunan Azərbaycan xalqıdır. Amma ərazi
bütövlüyümüz uğrunda mübarizə yolu ilə
torpaqlarımızın qaytarılacağı, şəhid
ruhlarının rahatlıq tapacağı gün də uzaqda
deyil.
Xuraman İsmayılqızı
İki sahil.- 2012.- 12 yanvar.- S. 10.