Azərbaycanın enerji siyasətində təbii qaz faktoru

 

Xəzərdə qaz yataqlarının kəşfi və hasilat işlərinə başlanması

 

Azərbaycan yerləşdiyi regionda əlverişli coğrafi relyefə malik olmaqla yanaşı, zəngin mineral resursları ilə də dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatları ilə zəngin yataqlar daha perspektivli və uzunömürlü olması ilə diqqəti cəlb edir. Respublikamızda neft hasilatı sənayesinin tarixi XIX əsrə gedib çıxsa da, qaz sənayesinin tarixi əsasən ötən əsrin ortalarından başlayır.

Qaz resursları əsasən dənizdən hasil olunur, amma bununla yanaşı, bu yanacaq növünə quruda da rast gəlmək mümkündür. Xüsusilə də, Balaxanının aşağı hissəsində daha məhsuldar qaz qatları mövcuddur. Bundan başqa, Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Qaraçuxur, Zığ ərazilərində yerin təkində qaz resursları var. Buradan hasil olunan yanacağın həcmi isə ümumi hasilatda çox cüzi paya malikdir.

Qeyd etdiyimiz kimi, respublikamıza məxsus zəngin qaz ehtiyatları dənizdə yerləşir. Xəzərdə böyük həcmli qaz hasilatı ötən əsrin 50-ci illərindən sonrakı dövrə təsadüf edir. Xəzərin Qumdaşı, Bahar, Duvannı. Kənizdağ, Səngəçal-Duvannı, Bulla-dəniz yataqları, eləcə də Qərbi Abşeron-Atəşgah, Buta-Quşxana, Qaradağ yataqları əsas hasilat zonaları sayılır. Amma respublikamızın mövcud kəşf olunmuş və hazırda geoloji kəşfiyyat işlərinin davam etdiyi qaz yataqları (“Azəri-Çıraq-Günəşli”dəki səmt qazı blokları, “Şahdəniz”, “Şəfəq-Asiman”, “Ümid”, “Babək”, “İnam”, “Alov”, “Şərq”) bu sənaye sahəsinin əsas rezerv bazalarıdır. Qeyd olunan yataqlar Azərbaycanın qaz bumunun başlanmasında əsas strateji hasilat mərkəzləri sayıla bilər.

Sovet dövründə, eləcə də müstəqilliyin bərpasından sonrakı 10 il ərzində respublikamız əsasən neft ölkəsi kimi tanınsa da, qaz rezervlərinin hasilata cəlb olunması və mənimsənilməsi Azərbaycanın enerji siyasətində tamamilə yeni səhifə açmış oldu. Neft strategiyası qaz siyasəti ilə zənginləşməyə başladı. Azərbaycan XXI əsrin ilk onilliyində artıq dünyada güclü və potensial qaz ölkəsi olduğunu təsdiq edərək ən yeni tarixə öz möhürünü vurdu.

Qeyd etdiyimiz kimi, ötən əsrin sonlarından başlayaraq qaz ehtiyatlarının nəqlinin gücləndirilməsi və yeni bloklarda hasilat işlərinə başlanılması respublikamızın enerji siyasətinin daha da zənginləşməsinə səbəb olub və karbohidrogen resurslarının ixracı ilə bağlı strategiyaya əlavə komponentlər daxil edilib. Zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətini genişləndirərək Avropanın bir çox dövlətlərinə yanacaq ixracını artırıb. Respublikamız dünyada təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti regionun geosiyasi mənzərəsini dəyişdirməklə yanaşı, bölgədə sülh, dostluq və təhlükəsizlik dəhlizinin daha da genişlənməsinə imkan yaradıb. Bu strategiya ölkəmizin həyata keçirdiyi enerji siyasətini daha da zənginləşdirib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Son illər karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb. Respublikamızın dünyanın yeni enerji xəritəsində və geosiyasi-iqtisadi düzənində strateji üstünlüyü daha da artıb. 2010-cu ildə Azərbaycanın Amerika, Avropa, Asiya ölkələrinin enerji təminatında aparıcı rol oynamaqla bölgənin enerji tədarükü mərkəzi və yeni neft-qaz layihələrinin həyata keçirilməsinin təşəbbüskarı olmasını bir daha nümayiş etdirib.

Respublikamızın qaz partnyorları sırasına Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Macarıstan, Rusiya Federasiyası, İran daxil olub, həmçinin yanacaq alıcılarının sayı və ixracın coğrafiyası ilbəil artmaqdadır. Ötən il karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan 2010-cu ildə bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Azərbaycan 2010-cu ildə dünyanın 30-a yaxın ölkəsinin enerji təminatında mühüm rol oynamaqla qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik dövlət olmasını təsdiqləyib.

2010-cu ildə ölkəmiz yanacaq-enerji sektorunda ən mühüm nailiyyətlər əldə edib. Rusiya istiqamətində şimal marşrutunun nəql gücünün artırılması, İrana qaz ixracına başlanılması, qardaş Türkiyə ilə yeni əsrin ən mühüm iqtisadi hadisələrindən biri olan tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsasının qoyulması, digər dövlətlərlə yanacaq nəqlinə dair razılaşmaların əldə olunması, karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin uğurla aparılması və yeni enerji bloklarının kəşf edilməsi ötən ilin uğurlarını şərtləndirən faktorlar kimi dəyərləndirilə bilər.

 

Avropanın enerji təhlükəsizliyində Azərbaycan qazının mühüm əhəmiyyəti

 

Heç şübhəsiz ki, 2010-cu ilin ən zəngin iqtisadi yeniliklərindən biri iyun ayında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanmasıdır. Bu sazişi imzalamaqla Azərbaycanla Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Bundan başqa, ötən il Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçılarının, Macarıstanın isə Baş nazirinin iştirakı ilə AGRİ layihəsinə dair imzalanan saziş geoiqtisadi əhəmiyyətinə görə, böyük strateji məzmun kəsb edir. Bu layihə Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının formalaşmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə əlverişli zəmin yaradır.

Bundan başqa sözügedən il “Çıraq” Neft Layihəsinə dair saziş imzalanıb. Dövlət Neft Şirkəti mart ayında bp şirkəti ilə dəyəri 6 milyard dollar olan “Çıraq” Neft Layihəsinə sanksiya verib. Bundan bir müddət sonra isə bp ilə Azərbaycan arasında ən zəngin neft-qaz bloklarından biri sayılan “Şəfəq-Asiman” yatağının işlənməsinə dair saziş imzalanıb.

Qaz sektorunda yeni yataqların mənimsənilməsi ilə bağlı aparılan axtarış işləri də son illər öz bəhrəsini verməkdədir. Bu istiqamətdə görülən işlər ötən il daha intensiv xarakter alıb və ümumilikdə, 2010-cu il Azərbaycanın qaz sənayesi tarixində əlamətdar il kimi yadda qalıb. Məsələn, ötən ilin noyabr ayında Azərbaycanın neft-qaz sənayesində xüsusi rolu olan neftçilərin gərgin və qətiyyətli əməyi sayəsində “Ümid” yatağı kəşf olundu. Bu, Azərbaycanın neft və qaz sənayesi tarixində ən mühüm hadisə kimi qeyd oluna bilər. Bu faktor Azərbaycanın bölgədə siyasi, geoiqtisadi və siyasi gücünün daha bir təntənəsi idi.

Proqnozlaşdırılan ehtiyatları 200 milyard kubmetr qaz, kondensatı isə 30-40 milyon tondan ibarət olan bu yataq Azərbaycanın onilliklər boyu dünyaya qaz satmasına əla fürsət yaradıb. Bundan başqa, “Ümid” yatağı digər perspektivli yataqlara da geniş yol açmış olur. Bu yataq “Babək” bloku üçün də əlverişli perspektivlər vəd edir. Çünki “Babək”in ehtiyatlarının mənimsəmə vəziyyəti daha əlverişlidir və “Ümid”lə müqayisədə burada resurslar 2 dəfə çoxdur. Yəni “Ümid” yatağında ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr proqnozlaşdırılır.

Qeyd edək ki, “Ümid” yatağının kəşf olunması Azərbaycan neftçiləri tərəfindən, özü də dünyada heç bir ölkənin mütəxəssislərinin iştirakı olmadan həyata keçirilib və bir daha respublikamızın neft-qaz sənayesi işçilərinin yüksək peşəkarlığının, elmi-təcrübi-geoloji axtarışlarının nümunəsidir. Məlumat üçün bildirək ki, sovet dövründə neftçilər burada geofiziki işlər apararaq həmin blokda bir neçə quyu qazsalar da, nəticələr ümidverici olmayıb. Buna görə də, hasilat işlərinə başlanılmayıb. Amma bu, neftçilərimizi ruhdan salmayıb və onlar axtarışlarını son 2 ildə yenidən bərpa ediblər. Beləliklə, onlar bu yataqda uğurlu nəticə əldə ediblər. Yəni müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan öz gücünə ən nəhəng layihələri təkbaşına yerinə yetirməyə qadir olduğunu göstərmiş oldu.

“Ümid” yatağı ölkəmizin qaz sənayesi ilə bağlı digər iqtisadi proseslərin də sürətlənməsinə səbəb olub. Belə ki, yeni yataqların kəşf olunması və hasilata cəlb edilməsi Azərbaycanın qaz ehtiyatlarının həcmi ilə bağı ümumi proqnozların da dəyişməsinə gətirib çıxarır və bu amil dünya dövlətlərinin respublikamızla əməkdaşlıq münasibətlərini daha da uzunömürlü etməsi üçün dərin əsaslar yaradır. Yəni hazırda Avropa ölkələri Azərbaycanın mövcud qaz potensialı kimi daha çox “Şahdəniz”in resurslarına arxalanırlar. Amma son proseslər onu göstərir ki, Qərb artıq respublikamızın digər yataqlarının hasilata cəlb olunmasına böyük həcmdə sərmayə qoymağa çalışır və yeni yataqlardan nəql olunacaq resursların əldə edilməsi üçün səyləri gücləndirib. Bir neçə il əvvəl aparılmış hesablamalara görə, respublikamızın proqnozlaşdırılan qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetr təsdiq edilib. Amma “Ümid”, “Babək”, eləcə də “İnam”, “Alov”, “Şərq” yataqlarındakı resursların ən azı 2 trilyon kubmetr olmasını nəzərə alsaq, ölkəmizin yanacaq ehtiyatlarının həcmi bundan 2 dəfə çox olacaq. Yəni, Azərbaycanın yeni proqnozlar üzrə qaz ehtiyatlarının həcmi 4 trilyon kubmetrdən çox olacaq. Ola bilsin ki, bu rəqəm gələcəkdə bəzi yataqların işlənməsindən asılı olaraq dəyişsin və ehtiyatların həcmi bundan da artıq olsun. Bütün bu amillər Avropa, Amerika və Asiya, eləcə də Afrikanın bəzi ölkələrini Azərbaycanla qaz sahəsində sıx əməkdaşlığı dərinləşdirməyə sövq edir.

 

Bakı-Tbilisi-Ərzurum regionda yeni geoiqtisadi mənzərə yaratdı...

 

Hazırda qazın nəqlində əsas ixrac kəməri olan Bakı-Tbilisi-Ərzurum layihəsinin miqyas baxımından daha da genişlənməsi yanacağın şaxələndirilməsinə əhatəli yol açır. Qeyd edək ki, hazırda Bakı-Tbilisi-Ərzurum kəməri bilavasitə 296 km-lik Türkiyə-Yunanıstan qaz kəməri ilə birləşib və bu kəmərlər şəbəkəsi qaz nəqli üçün ən sərfəli marşrutlardan birinə çevrilib. Yaxın illərdə illik nəqletmə gücü 12 milyard kubmetr olan Türkiyə-Yunanıstan kəmərinin genişləndirilməsi nəzərdə tutulur. BTƏ vasitəsilə Azərbaycan qazını Türkiyədən Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək üçün həmin layihənin ikinci mərhələsinə start veriləcək. 2013-cü ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək daha bir kəmərin inşası planlaşdırılır ki, bu da Türkiyə-Yunanıstan qaz kəmərinin davamı olacaq. Azərbaycanın yanacaq ehtiyatlarının Türkiyə və Yunanıstan vasitəsilə İtaliya limanlarına, oradan isə müxtəlif dövlətlərə daşınması hüquqi cəhətdən beynəlxalq status alacaq. Həmin kəmərə vurulan qaz isə tamamilə Azərbaycan qazı, yəni “Şahdəniz”dən hasil olunan yanacaq olacaq.

Beləliklə, Avropa yalnız Xəzərin Azərbaycan sektorundan hasil olunan qazı Bakı-Tbilisi-Ərzurum-Yunanıstan-Balkan qaz marşrutu ilə ixrac etməklə ildə 20 milyard kubmetrdən çox yanacaq əldə edəcək. Azərbaycan təkcə “Şahdəniz” yatağından ildə 15 milyard kubmetr qaz ixrac edəcək. Digər yataqlardan, məsələn, “Bahar”, “İnam”, “Alov”, “Ümid” kimi perspektiv yataqlardan çıxarılan qazın nəqli isə ölkəmizin ildə 20-30 milyard kubmetrdən çox yanacaq ixrac etməsinə imkan verəcək. Azərbaycan 2013-2015-ci illərdə Avropanın 10-a yaxın dövlətinə qaz ixrac edəcək.

Bütün bunlar bir daha Azərbaycanın qaz ixracı üçün marşrut probleminin olmamasını təsdiqləyir. Bir çoxlarının “Nabukko” olmasa qazın Avropaya nəqli mümkün olmayacaq” kimi fikirləri isə əsassız arqumentlərdən başqa bir şey deyil. Amma bununla belə, Azərbaycanın yanacaq ixracı üçün 4 qaz marşrutu olsa belə, ölkəmiz “Nabukko”da təmsil olunmaq niyyətlərini gizlətmir. Azərbaycan enerji marşrutlarının diversifikasiyası baxımından bu layihəni məqbul bir layihə kimi dəyərləndirir, digər marşrutlar kimi bu kəmərlə də yanacaq nəql etmək istəyini bəyan edir. Amma bu layihə təkcə Azərbaycandan asılı olmadığından digər tədarükçülərin, əsasən də Qazaxıstanın və Türkmənistanın siyasi qərarı daha böyük önəm daşıyır. Yəni bu ölkələrin iştirakı olmadığı halda, təkcə Azərbaycanın enerji mənbələri hesabına sözügedən kəməri qazla təmin etmək mümkün deyil. Digər tərəfdən, qazın qiyməti, ölkələr arasında bölüşdürülməsi, maliyyə xərcləri və tranzit tarifləri ilə bağlı ciddi fikir ayrılıqları həll olunmamış qalır. Azərbaycan qazı üçün də əsas məsələlərdən biri təklif olunacaq qiymətdən asılıdır.

 

Azərbaycanın qaz nəqli ilə bağlı diversifikasiya siyasəti:“Cənub dəhlizi” və “Nabukko” kəmərlərində ölkəmizin rolu

 

Azərbaycan hökuməti həmişə bəyan edib ki, qaz ehtiyatlarının həcminin çoxalması həm alıcı dövlətlərin sayının artmasına, həm də yanacağın nəql marşrutlarının coğrafiyasının genişlənməsinə səbəb olacaq. Dünyada əlavə qaz mənbəyinə tələbatın artmasını nəzərə alan Azərbaycan istehlakçı ölkələrin yanacaqla təmin olunması üçün öz səylərini artırmağı düşünür. Təbii ki, yanacağın istehlakçılara çatdırılması üçün iqtisadi baxımdan daha sərfəli və respublikamızın iqtisadi maraqlarına cavab verən marşrutlara üstünlük veriləcək. O cümlədən ən rentabelli marşrutlardan biri kimi dəyərləndirilən “Nabukko” layihəsində də Azərbaycanın iştirakı mümkündür. Bunun üçün beynəlxalq normalara və təcrübəyə əsaslanan tranzit tarifləri, yanacağın dünya bazar qiymətləri və digər texniki-hüquqi məsələlər həll olunmalıdır.

Öz enerji siyasətində çoxvektorlu ixrac strategiyasına, diversifikasiya xəttinə üstünlük verən Azərbaycan qazın nəqlində bütün tərəflərin təkliflərini qəbul etdikdən sonra yekun qərar verəcəyini bəyan edib. Respublikamız enerji ehtiyatlarının ixracı üçün çoxşəbəkəli marşrutlar sisteminə qoşulmaq niyyətini dəfələrlə bildirib. Bu gün Azərbaycanın qaz nəqli üçün mövcud kəmərlərdən istifadə etmək imkanları var. Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri), Hacıqabul-Mozdok qaz kəməri və İran istiqamətində cənub marşrutu yanacağın ixracını həyata keçirmək üçün ən rentabelli marşrutlardandır. Eləcə də “Nabukko” yanacağın nəqli üçün çoxvektorlu sistemin əsas həlqələrindən ola bilər.

Avropa İttifaqı Azərbaycanın Bakı-Tbilisi-Ceyhandan başlayan strateji nəql siyasətinin davamı kimi daha yeni yanacaq mənbələri və ixrac marşrutlarından faydalanmağı olduqca zəruri sayır. Aİ ölkələri özünün enerji təhlükəsizliyini daha etibarlı və uzunömürlü etmək üçün məhz respublikamızın enerji imkanlarına güvənir. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanın həyata keçirdiyi diversifikasiya siyasətini çox yüksək qiymətləndirir və bu prosesdə iştirak etməyin hansı dərəcədə əhəmiyyət daşıdığını yaxşı anlayır. Bu ilin əvvəllərində Azərbaycan və Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” haqqında Birgə bəyannamənin imzalanması da olduqca mühüm hadisə sayıla bilər. Bu saziş siyasi və iqtisadi mahiyyətinə görə, 2011-ci ilin qlobal eneji sektorunda ən mühüm geoiqtisadi hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, “Cənub dəhlizi” haqqında Birgə bəyannamə çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir: “Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraqların kombinasiyası və səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir. Azərbaycan əvvəldən “Cənub enerji dəhlizi”nə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir”.

Yeri gəlmişkən, “Cənub qaz dəhlizi”nin reallaşması o demək deyil ki, bu marşrut “Nabukko”ya alternativ olacaq, yaxud onun çəkilişini əngəlləyəcək. Məlum olduğu kimi, bu gün dünyada, xüsusilə də Avropa qitəsində yanacağa olan tələbat ilbəil artır. On ildən sonra Avropada təkcə qaza olan ehtiyac ildə ən azı 50-100 milyard kubmetr artacaq. Bu tendensiya isə yeni qaz mənbələrinin axtarışını, nəql kəmərlərinin çəkilməsini zəruri edir. Yəni hazırda yeni təməli qoyulan, eləcə də, çəkilişi ilə bağlı sazişlər imzalanan kəmərlərdən başqa, daha yenilərinə də ehtiyac var. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Bakı-Tbilisi-Ərzurumun davamı olaraq Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya, AGRİ kimi layihələrin çəkilməsi reallaşmaqdadır. Yaxın illərdə işə düşəcək bu nəql kəmərləri Avropa İttifaqının yanacaq təchizatında xüsusi rol oynayacaq. “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi isə Aİ ölkələrinin enerji təminatına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2,2 trilyon kubmetr həcmindədir, potensial ehtiyatlar, hətta bundan da artıqdır. Bu isə ölkəmizin uzunmüddətli ixrac gücünü artırır: “Bizə proqnozlaşdırılmış, uzunmüddətli, qanunvericiliklə tənzimlənən rəqabətcil bir bazar lazımdır ki, bacardığımız qədər qaz hasil edə bilək. Buna görə də, “Cənub qaz dəhlizi” bizim üçün strateji əhəmiyyət daşıyır, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır”.

“Cənub qaz dəhlizi”nin reallaşması Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın məzmununda tamamilə yeni bir səhifə açacaq və tərəflər arasında davamlı və möhkəm münasibətlər daha da güclənəcək.

 

Qaz nəqlinin yeni mərhələyə qədəm qoyması...

 

Azərbaycan yeni inkişaf mərhələsində özünün enerji siyasətində qarşılıqlı maraqların təmin olunmasına və bölgədə sülhün, təhlükəsizliyin dərinləşməsinə impuls verən siyasəti gücləndirmək niyyətindədir. Azərbaycan hökuməti yanacağın Bakı-Tbilisi-Ərzurum (BTƏ), Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) qaz kəmərləri, eləcə də “Cənub dəhlizi” ilə nəqlindən başqa, digər marşrutlarla da ixracına hazırlaşır. Respublikamız yanacağın çoxvektorlu ixrac marşrutları ilə nəqlini həyata keçirərkən qazın sıxılmış formada dünya bazarlarına çatdırılmasına da xüsusi önəm verəcək. 2011-2012-ci illərdə Avropa bazarlarına qaz tədarükünün təmin edilməsi üçün şəffaf tranzit dəhlizinin yaradılmasına başlanılıb.

Respublikamız şəffaf tranzit dəhlizinin qazla təmin olunmasında heç bir problem görmür. Yəni bu kəmərlə nəql olunan qazın həcmi kifayət qədər olacaq və marşrutun rentabelli işləməsi tamamilə mümkün olacaq. Bu qaz dəhlizi üçün yanacaq həm “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq resurslar, həm də digər yataqların ehtiyatları hesabına ödəniləcək. Əsas perspektiv yataqlar kimi “Ümid”, “Babək”, “Alov” və “Naxçıvan” yataqları nəzərdən keçirilir. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan hökuməti ilə Almaniyanın “RWE” şirkəti arasında “Naxçıvan” perspektiv strukturu üzrə müqavilə imzalanıb ki, bu da yeni qaz yatağında hasilat işlərinə başlamağı nəzərdə tutur. Bu yataqdan hasil olunan qazın şəffaf tranzit dəhlizinə yönəldilməsi istisna olunmur.

AGRİ layihəsinin davamı kimi Rumıniya ilə Macarıstan arasında Arad-Şeged qaz nəqli xəttinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək tankerlərlə Rumıniyanın Konstant limanı terminalında nəql olunacaq. Eləcə də maye qaz Rumıniyadan Macarıstana ixrac olunacaq. Hazırda isə əsas müzakirə mövzularından biri yanacağın təbii qaz halına gətirilərək Macarıstandan digər Avropa ölkələrinin qaz tələbatına yönləndirilməsindən ibarətdir. Bu isə Avropada daha bir neçə ölkənin AGRİ-yə qoşulması deməkdir.

Prezident İlham Əliyev bildirib ki, növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək. Bu siyasət respublikamızın beynəlxalq mövqelərini gücləndirəcək: “Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz yataqlarının kəşfiyyatı davam edəcəkdir... “Ümid” yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən perspektiv strukturlarda da kifayət qədər qaz vardır. Biz buna əminik. Bizim qaz ehtiyatlarımız, bir daha demək istəyirəm ki, kifayət qədərdir. Ən azı yüz il bundan sonra həm bizə, həm istehlakçılara kifayət edəcəkdir”.

 

 

İki sahil.- 2011.- 2 iyul.- S. 6; 10.