Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən vahid ümummilli ideologiyadır

 

Ulu öndər Heydər Əliyev: Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.

Prezident İlham Əliyev: Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

Müstəqil dövlətin yaranması, formalaşması üçün zəruri olan amillərdən biri də həmin dövlətin ərazisində məskunlaşmış xalqın və ya xalqların vahid ideologiya ətrafında birləşməsi, bu ideologiyanın əsaslarını özləri üçün qəbul etmələridir. Vahid, mərkəzləşdirilmiş dövlətin yaranması üçün bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki hər hansı siyasi-ictimai və ya təbiət hadisəsinin müəyyən zaman kəsiyində insanlar bir yerə toplanırsa, fərdin enerjisi kütlənin, bəzən də millətin enerjisinə çevrilə bilirsə, səbəb kimi ortada olan faktorun aradan qalxması bu birliyin pozulmaması və ardıcıl inkişaf üçün müəyyən ideologiyanın mütləqliyini ehtiva edir.

Milli birliyi və tarixi köklərinə bağlılığı xalqımızın ağır sınaqlardan üzüağ çıxmasını şərtləndirib

Tarixin bütün dönəmlərində çətinliklərlə üzləşmiş, ən ağır sınaqlara düçar olmuş Azərbaycan xalqı da zaman-zaman bu cür dolanbaclı, taleyüklü məqamlarla üz-üzə dayanıb. Lakin milli birliyi, kökünə, milli mədəni xüsusiyyətlərinə bağlılığı Azərbaycan xalqının tarixin ağır sınaqlarından üzüağ çıxmasına yardım edən başlıca amillərdən olub. Zaman-zaman ölkəmizə, torpaqlarımıza göz dikən yadellilərə, xalqımıza qənim kəsilən düşmənlərə qarşı mübarizədə xalqımızı əyilməz edən, ayaqda saxlayan milli birlik, həmrəylik, qarşılıqlı yardımlaşma olub. Təbii ki, birliyin formalaşması və davamlı olması üçün hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi duymalı, milli dəyərlərimizin, ənənələrimizin yaşadılmasında maraqlı olmalıdır. Onu da qeyd etmək yerinə düşər ki, azərbaycanlılar yaşadığı cəmiyyətin həyat tərzinə uyğunlaşmaqla, ictimai həyatda aktiv rol oynamaqla yanaşı, xalqımıza xas olan milli keyfiyyətləri də qoruyub saxlamağa və yaşatmağa qadir olan bir toplumdur. Bu gün dünyanın müxtəlif ölkələrində mövcud olan milli diasporumuzun möhkəmlənməsi, təşkilatlanması məhz soydaşlarımızın vahid məqsəd, ideya ətrafında səylərini birləşdirməsi nəticəsində mümkün olub.

 

Azərbaycan diasporunun zəngin tarixi...

 

Hazırda mütəşəkkil şəkildə fəaliyyət göstərən Azərbaycan diasporunun yaranma tarixi, əslində, çox qədimdir. Bu tarixə nəzər saldıqda, milli diasporumuzun həqiqətən də parlaq inkişaf yolu keçdiyini, təkcə öz mövcudluğunu və milli keyfiyyətlərini qoruyub saxlamaqla məhdudlaşmayaraq, eyni zmanda, dünya xalqlarının mədəniyyətinə böyük töhfələr bəxş etdiyini, ictimai-siyasi həyatına təsir göstərdiyini söyləyə bilərik. Tarixi ənənələrin öyrənilməsi isə müasir diasporumuzun formalaşmasında və gücünün artmasında faydalı ola bilər. Qeyd etdiyimiz kimi, uzun bir məsafə qət edən milli diasporun inkişaf tarixi bir neçə mərhələyə bölünür.

VII əsrin sonu VIII əsrin əvvəllərini əhatə edən birinci dövr xilafət qoşunlarının ölkəmizə hücumları, İslam dininin yayılması, ərəbdilli elm və mədəniyyətin inkişafı nəticəsində azərbaycanlıların Yaxın və Orta Şərqdə yerləşən şəhərlərə axını ilə səciyyələnir. X-XIX əsrləri əhatə edən ikinci mərhələdə əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının şüuruna əhəmiyyətli dərəcədə təsiri özünü göstərib.

Milli diasporun formalaşmasının III mərhələsi Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Bu dövrdə Azərbaycanın ziyalı təbəqəsinin Rusiya cəmiyyətinə inteqrasiyası, bu ölkənin elm və mədəniyyətinin inkişafına təkan verməsi, habelə Qərb elminin ölkəmizə nüfuzu baş verib. Diasporun formalaşmasında növbəti mərhələ bolşevik işğalı və Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra təqib və repressiyalarla əlaqədar olaraq toplumun ictimai-siyasi fəal hissəsinin mühacirəti, həmçinin, Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır. II Dünya müharibəsi illərində cəbhədə döyüşən azərbaycanlılardan əsirlikdə olanların bir hissəsinin geriyə qayıda bilməməsi nəticəsində bir sıra Avropa ölkələrində soydaşlarımızdan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi qiymətləndirilir. Eyni zamanda, XX əsrdə İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən birini təşkil edib. SSRİ-nin dağılmasından sonra xarici ölkələrdə azərbaycanlıların yeni nəsillərinin məskunlaşması isə milli diasporun təşəkkülünün son mərhələsi hesab olunur.

Əksər ekspertlərin vurğuladıqları kimi, sözügedən mərhələlərin hər birində Azərbaycan diasporu müxtəlif aspektlərdən inkişaf edərək, zəngin təcrübə qazanıb. Eyni zamanda, milli diasporumuzun formalaşmasının əsasən birinci və ikinci mərhələlərində azərbaycanlıların Yaxın Şərqdə mədəniyyətin inkişafında çox böyük rolu olub. İsmayıl ibn Yəssar, Xətib Təbrizi kimi görkəmli şairlərimiz, Nəsrəddin Tusi, Əbdürrəşid Bakuvi kimi dövrün tanınmış alimlərinin zəngin yaradıcılığı region xalqlarının elmi, mədəni nailiyyətləri içərisində özünəməxsus yer tutub.

 

Diasporumuzun inkişafında ən mühüm mərhələ

 

Müasir diasporumuzun formalaşması 1970-ci illərdə azərbaycanlı tələbələrin Rusiya və Şərqi Avropa ölkələrinə təhsil almağa göndərilməsi ilə əlaqədardır. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, azərbaycanlı tələbələrin Sovet İttifaqının müxtəlif yerlərinə təhsil almaq məqsədilə göndərilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin və diasporunun inkişafına xidmət edən uzaqgörən siyasətinin nəticəsi idi. Həmin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin bir hissəsi geri qayıdaraq öz biliklərini elmimizin inkişafına yönəldirdisə, digər bir hissəsinin təhsil aldığı ölkədə qalıb yaşaması Azərbaycan diasporunda tərkib etibarilə ziyalıların çəkisinin artmasına kömək edirdi.

Azərbaycan diasporunun formalaşmasında mühüm mərhələ olan ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağıldığı dövrdə yaşanan mühacirət dalğasının ardınca diasporumuzun sürətli təşkilatlanması prosesi başlandı. Bu prosesin gedişatına xüsusi əhəmiyyət verən ulu öndər Heydər Əliyev müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanmasına dövlətin hərtərəfli maddi-mənəvi dəstəyini təmin etdi.

Azərbaycançılıq ideyası xalqımızı və dünyada yaşayan bütün azərbaycanlıları vahid amal ətrafında birləşdirdi

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan AZƏRBAYCANÇILIQ ideyası idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”...

Ümummilli liderimiz Heydər Əliyev azərbaycançılığı milli ideyaya çevirməklə, ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli-etnik ayrı-seçkiliyin aradan qaldırılmasına, ölkədə ictimai-siyasi stabilliyi yaratmağa, dövlətin inkişaf konsepsiyasını qurmağa nail oldu. Məhz bu ideologiya ətrafında sıx birləşən Azərbaycan xalqı vahid ideya-dövlətin inkişafı ideyasını prioritet olaraq qarşısına qoydu və bütün enerjisini bu istiqamətə yönəltdi. Bu həm də müasir, qloballaşan dünyada milli kimliyimizin tanınması istiqamətində mühüm bir addım idi.

 

Azərbaycançılıq ideyasının ən mühüm komponentləri, təməl olaraq “dövlətçilik” və “vətənpərvərlik” ideyalarıdır. Məhz azərbaycançılıq ideyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın Türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında da bəlağət və pafosdan uzaq, səmimi və qarşılıqlı-faydalı tərəfdaşlıqdan yana olduğunu daim nümayiş etdirir.

Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində xaricdəki (təbii ki, ilk növbədə, SSRİ məkanında) azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi. Ulu öndər müstəqil Azərbaycanın Prezidenti olduqdan sonra bu fəaliyyəti dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.

 

Hər bir azərbaycanlının Prezidenti

 

Sevindirici haldır ki, əsası ulu öndərimiz tərəfindən qoyulan milli birlik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ dövlət başçısı kimi ilk andçimə mərasimində “Mən hər bir azərbaycanlının PREZİDENTİYƏM” söyləyən Prezident İlham Əliyev bu fikri əməli fəaliyyəti ilə sübuta yetirdi. Bu gün Azərbaycanda bütün sahələr üzrə müşahidə olunan inkişaf trayektoriyalarının arxasında milli birlik formulu, sabitlik amili dayanır. Məhz bu milli birlik ölkəmizin dünyaya inteqrasiyasının tam, kompleks halda həyata keçməsinə təminat verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.

Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspor ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulayıb. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi isə müasir dövrün çağırışlarına uyğun olaraq, azərbaycanlıların fəaliyyətlərinin koordinasiya edilməsi və onların dövlətimizin mənafeyinə uyğun olaraq fəaliyyətlərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Cənab Prezident həmin qurultaydakı çıxışında demişdir: “Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.

 

Diaspor təşkilatlarımızın sayı 416-ya çatıb

 

Təbii ki, Azərbaycan dövlətinin gördüyü məqsədyönlü tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, 5 il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıb. Həmçinin keçən qurultay zamanı Azərbaycanın 46 səfirliyi və konsulluğu var idi. Hazırda isə onların sayı 65-ə çatıb. Yaxın zamanlarda 8 ölkədə yeni səfirlik və konsulluğun açılması nəzərdə tutulur.

Bu gün təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu dünyanın 5 qitəsində yaşayır. ABŞ-da 1 milyon, Kanadada 170 min, Meksikada 27 min, Braziliyada 75 min, Argentinada 12 min, Türkiyədə, Rusiyada milyonlarla, Ukraynada, Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox azərbaycanlı yaşayır və fəaliyyət göstərir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı 2-10 min nəfər arasındadır.

Azərbaycan diasporunun böyük bir hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziyada, Yəmən Ərəb Respublikasında, Yəmən Demokratik Respublikasında, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində, Omanda, Səudiyyə Ərəbistanında, Suriyada on minlərlə ifadə olunur, İraqda isə təqribən bir milyona çatır. Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda isə 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Eyni zamanda, bir sıra dövlətlərdə - ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada, İraq, Braziliya, Argentina, Skandinaviya, Benilüks və Şərqi Avropa ölkələrində məskunlaşmış azərbaycanlıların sayı imkan verir ki, onlar ictimai-siyasi proseslərdə yaxından və daha aktiv iştirak etsinlər. Bundan başqa, onlar azərbaycanlıların sayının milyonlarla, yüz minlərlə olduğu dövlətlərin siyasi palitrasında böyük gücə malik etniklər kimi qəbul edilir.

 

III Qurultay Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi

 

Bir neçə gün öncə isə bütün dünya azərbaycanlıları növbəti dəfə paytaxtımızda bir araya gəldi. Dünya azərbaycanlılarının III qurultayı təbii ki, diaspora siyasətində yeni mərhələnin başlanğıcı sayılmalıdır. Eyni zamanda, III qurultay indiyə qədər görülən işlərin hesabatı kimi xarakterizə olunmaqla yanaşı, gələcəkdə qarşıda duran vəzifələrin müəyyənləşməsində də böyük rol oynadı.

Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan diasporunun daha da gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılara öz milli mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qayğı göstərir, diasporumuzun problemləri diqqət mərkəzində saxlanılır. III qurultay bir daha göstərdi ki, müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycan dövlətinin öz diasporu ilə sıx əməkdaşlığını labüd edir və bu əməkdaşlıq dövlətin beynəlxalq dayaqlarının daha da möhkəmləndirilməsində böyük rol oynayır. Bu mənada Dünya azərbaycanlılarının III qurultayı Prezident İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət yetirdiyini bir daha önə çəkdi. Ölkə başçısı III qurultaydakı çıxışında da vurğuladı ki, bütün dünyada yaşayan azərbaycanlılar bir olduqlarını və öz dövlətlərinin maraqları uğrunda fəaliyyət apardıqlarını nümayiş etdirdi: “Mən bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların üçüncü qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm də bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”.

Dünya Azərbaycanlılarının III qurultayı həm də bir məqamı ilə xüsusi diqqət çəkdi. Bu, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının öz milləti, dövləti üçün lazımi anda səfərbər ola biləcəyini göstərdi. Xalqımızın övladlarının Vətənə bağlılığı, ölkəsinə sevgisi məsafə ilə ölçülmür və hər bir azərbaycanlı dünyanın istənilən nöqtəsində öz milli maraqları uğrunda birləşməyi bacarır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlının Vətənidir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Dünya azərbaycanlılarının III qurultayı həqiqətən də gələcək üçün bir proqram xarakteri daşıdı. Məhz bu qurultayda ötən illər ərzində görülən işlərə qiymət verildi, dəyərləndirildi. Diasporumuzun bir sıra nümayəndələrinə verilən orden və medallar, fəxri adlar bu dəyərləndirmənin tərkib hissəsi idi. Bu, həm də dövlət başçımızın Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyətilə birbaşa, yaxından maraqlandığından, onlarla tanış olduğundan xəbər verir. Digər tərəfdən, Prezident İlham Əliyev diaspor nümayəndələrinin fəaliyyətini dəyərləndirməklə onlara gələcək fəaliyyətlərində stimul vermiş oldu.

 

Prezident gələn qurultayadək yeni tapşırıq verdi...

 

Bu artıq qəbul edilmiş bir faktdır ki, hər hansı bir xalqın nümayəndələri yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi, hətta sosial-mədəni həyatında nə qədər aktiv olarlarsa, mənsub olduqları xalqın və dövlətin maraqlarını bir o qədər güclü müdafiə edə bilərlər. Bu cür emprik fikirlərin real həyatda öz əksini tapdığının dəfələrlə şahidi olmuşuq. Qərbi Avropa dövlətlərinin parlamentlərində də yer almış müxtəlif xalqların nümayəndələri mənsub olduqları dövlətin mənafeyini qoruyurlar. Əlbəttə ki, etnik və dini baxımdan fərqli xalqın nümayəndəsinin başqa ölkənin dövlət və ya hökumət işlərində yer alması üçün həm sosial, həm də iqtisadi kapitala ehtiyac duyulur. Digər tərəfdən isə, bu işdə yaşadığı ölkənin ictimai-siyasi həyatında fəallığını artırmağa çalışanlara mənsub olduqları xalqın və dövlətin nüfuzu da köməklik edir. Bir sözlə, sadaladığımız faktorlar ortada olunca, artıq mənsub olduğun xalqın və dövlətin maraqlarını yaşadığın, fəaliyyət göstərdiyin ölkənin birbaşa siyasi və ya iqtisadi mətbəxində təmin etmiş olursan. Beləliklə də, mənsub olduğun xalqın nümayəndələri, diasporu həmin ölkənin daxili siyasətinin amilinə çevrilir. Düşünürük ki, artıq bu cür praktika Azərbaycan diasporu üçün əhəmiyyətli olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında çıxışı zamanı diasporumuzun qarşısına məhz bu vəzifəni də qoyub: “Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar”.

Dövlət başçısı İlham Əliyev bir daha vurğulayıb ki, onların sayı da bəzi hallarda buna imkan verir: “Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Mən hesab edirəm ki, bu, realdır”. Geniş istiqamətli araşdırmalar da sübut edir ki, Prezident İlham Əliyevin diaspor nümayəndələrimizin qarşısına qoyduğu məlum vəzifəni yerinə yetirmək üçün hər cür şərait var. Əvvəla, yuxarıda da qeyd etdiyimiz kimi, diaspor üzvlərimizin sayı milyonlarla ifadə olunur. İkincisi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların əksəriyyətinin sahibkar təbəqəsindən olması bu işdə bizim iqtisadi kapital problemimizi də həll etmiş olur. Yəni seçkili orqanlarda iştirak üçün keçiriləcək təbliğat kampaniyasına lazım olan maliyyə problemi məhz bu cür həll oluna bilər. Digər tərəfdən, bu gün Azərbaycanın dünyada demokratik, insan hüquqlarına hörmətlə yanaşan, qlobal təhlükəsizlik məsələsinə özünəməxsus şəkildə töhfə verən ölkə kimi tanınması, eyni zamanda, səfirliklərin, konsulluqların, nümayəndəliklərin sayının kifayət qədər olması da diaspor nümayəndələrimizin nüfuzunu artırır.

Dünyanın bir sıra böyük və geosiyasi baxımdan əhəmiyyətli dövlətlərində yaşayan azərbaycanlıların böyük əksəriyyətinin ziyalılardan ibarət olması isə bizim qarşımıza qoyulmuş vəzifənin həyata keçirilməsi üzrə şansımızı daha da artırır.

Göründüyü kimi, Prezident İlham Əliyevin diasporumuz qarşısında qoyduğu vəzifəni yerinə yetirmək üçün sadəcə təşəbbüskarlıq göstərmək lazımdır. “Ümid edirəm ki, biz növbəti qurultaya qədər artıq bu barədə də yaxşı xəbərlər eşidəcəyik” deyən Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, bu həm orada yaşayan azərbaycanlılar üçün bir dəstək, dayaq olacaq, həm də ölkəmiz üçün: “Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər. Ona görə də, hesab edirəm ki, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, real işlərə daha da fəal cəlb edilməsi çox arzuolunan bir məsələdir. Əlbəttə, siz daim Azərbaycan dövlətinin dəstəyinə arxalana bilərsiniz”.

Azərbaycan dövləti diasporumuzun inkişafında xidmətləri olan soydaşlarımızı mükafatlandırdı

Əlbəttə ki, bütün bunlar - Dünya azərbaycanlılarının III qurultayında səsləndirilən dəyərli fikirlər, o cümlədən, qarşıya qoyulan proqram və məqsədlər, diaspor nümayəndələrimizin fəaliyyətinin qiymətləndirilməsi bu insanların fəaliyyətindəki məsuliyyəti də artırmış olur. İkinci bir tərəfdən, Azərbaycan diasporu artıq öz uğurlu fəaliyyəti ilə, keçirdiyi tədbirlərlə, xaricdə ölkəmizin tanınmasında gördüyü işlərlə formalaşdığını, böyük təcrübə qazandığını sübuta yetirib.

Dünya Azərbaycanlılarının III Qurultayı həm də dövlətimizlə diasporumuzun əlaqəli, planlı şəkildə fəaliyyət nümayiş etdirdiyini və hər bir məqamda yalnız dövlətimizin və xalqımızın milli maraqlarını, mənafeyini düşündüyünü ortaya çıxardı. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş bir qrup şəxsə mükafatların təqdim edilməsi mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, Prezident Administrasiyasında diaspor təşkilatlarının fəaliyyəti haqqında geniş məlumatlar alınır: “Bu da bizi sevindirir. Ona görə ki, Azərbaycan diasporunun fəaliyyəti artıq istər-istəməz öz təsirini yaşadıqları ölkələrdə də göstərir. Dövlət və hökumət qurumları onların fəaliyyətinə, qaldırdıqları məsələlərə öz reaksiyalarını verirlər. Bu da çox yaxşı haldır. Bu mənada ki, Azərbaycanın artıq qüdrətini, gücünü təkcə diaspor təşkilatlarında yox, həmin ölkələrdə də hiss edirlər”.

 

 

İki sahil.- 2011.- 12 iyul.- S. 3;11.