Enerji siyasəti regional və qitələrarası əməkdaşlıqda mühüm amildir

 

Enerji siyasəti

 

“Azərbaycan böyük enerji ehtiyatlarına malik ölkə kimi potensialını reallaşdırmaq istəyir ki, özünün enerji resurslarını dünya bazarlarına nəql edə bilsin. Avropanın isə şaxələndirməyə, yeni təchizat marşrutlarının yaranmasına ehtiyacı vardır.

Bu yaxınlarda Brüsseldə biri-birindən əhəmiyyətli görüşlər keçirən, enerji təhlükəsizliyi sahəsində Aİ ölkələri ilə əməkdaşlığı genişləndirən Azərbaycanın təbii resurslarından istifadəni regional əməkdaşlıq və etibarlı tərəfdaşlıq üçün başlıca amil kimi diqqətə çatdıran Prezident İlham Əliyev vurğulamışdır ki, təbii qaz ehtiyatları minimum 2,2 trilyon kubmetr olan ölkəmiz dünya enerji bazarında mühüm təchizatçı rolunu davam etdirmək iqtidarındadır.

Dünya birliyinin enerji xəritəsindəki layihələrdə müəlliflik hüquqları, rolu və xidmətləri artan, Avropa ailəsində nüfuzu ilə seçilən Azərbaycanla əlaqələri genişləndirməyə maraq göstərən dövlətlərlə əməkdaşlıq müsbət nəticələr verməklə siyasi, iqtisadi baxımdan da respublikamız üçün perspektivlidir.

Avropa Komissiyasının sədri X.M. Barrozu ilə Prezident İlham Əliyev arasında “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin imzalanması imkanların reallaşması üçün atılan inamlı addım kimi diqqəti cəlb edir. Dövlət başçımızın Latviyaya, İsveçrəyə səfəri çərçivəsində nüfuzlu şəxslərlə görüşlərində də Azərbaycanın qitənin enerji təhlükəsizliyində malik olduğu potensial ətrafında önəmli müzakirələr aparılıb. Bakıda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç ilə danışıqlar isə daha ümidverici və məhsuldar olmuş, Azərbaycanın sıxlaşdırılmış maye qazının Ukraynaya çatdırılması ilə bağlı Memorandum imzalanmış, Ukrayna ərazisindən neft nəqli ilə bağlı müzakirələr aparılmışdır. Bildirilmişdir ki, illərdən bəri gündəmdə olan Odessa-Brodı kəməri ilə ildə 4 milyon ton Azərbaycan neftinin nəqli bütünlükdə region dövlətlərinin enerji təhlükəsizliyini təmin etməklə ölkələrin iqtisadi inkişafını da sürətləndirə bilər.

Bütün səviyyələrdə maraqla izlənən Azərbaycan ilə avropalı tərəfdaşları arasındakı danışıqlarda siyasi, iqtisadi, enerji... ümumiyyətlə ,bütün istiqamətləri əhatə edən layihələrin region üçün əhəmiyyəti vurğulanaraq, respublikamızın xüsusi önəm daşıması qeyd olunmuşdur.

Reallıq budur ki, fəal dialoq üçün yeni imkanlar yaradan “Şərq tərəfdaşlığı” proqramından irəli gələn vəzifə və dəyərlərə hörmətlə yanaşan, siyasi, iqtisadi islahatları ilə diqqət çəkən Azərbaycanla qitə dövlətləri arasında genişlənən enerji sahəsindəki müzakirələr tək bu gün yox, gələcək əməkdaşlıq üçün də vacibdir. Hasilatçı, tranzit ölkə kimi böyük nüfuz qazanan, Cənubi Qafqazda çəkisi və rolu ilə fərqlənən, enerji layihələrinin şaxələndirilməsində təşəbbüskar dövlət kimi böyük etimad qazanan Azərbaycan XXI əsrdə etibarlı enerji təminatçısı kimi nüfuzunu möhkəmləndirməkdədir.

Müasir dövrümüzün tələblərindən olan enerji siyasətinin uğurla davam etdirilməsi, energetika sahəsində beynəlxalq əməkdaşlığa sadiqlik dünya siyasətinin əsas prioritetlərindəndir. Qlobal enerji təhlükəsizliyinin təminatı istiqamətində görülən işlərin beynəlxalq əhəmiyyətindən söz düşəndə vurğulanır ki, Azərbaycan yanacaq və enerjiyə olan daxili tələbatını ödəmək imkanına malik, karbohidrogen ehtiyatlarının zənginliyi ilə fərqlənən, dinamik inkişaf və bazar münasibətləri yolu ilə dünya iqtisadi birliyinə inteqrasiya edən qüdrətli ölkədir .

Enerji layihələrini şaxələndirməkdə maraqlı olan Azərbaycanın məqsədi qaz ixracını genişləndirməklə Avropa İttifaqının etibarlı üzvü olduğunu təsdiqləmək, “Cənub dəhlizi” layihələri vasitəsilə enerji bazarında ixrac imkanlarını genişləndirməkdir.

Respublikamızın davamlı, uğurlu iqtisadi islahatlar aparan ölkə kimi reytinqini qoruması, enerji sektorunun inkişafı və ixrac imkanlarının genişlənməsi, 200 milyard kubmetrdən artıq ehtiyata malik “Umid” yatağının açılması perspektivləri artırır. Elə bu səbəbdəndir ki, Avropa məkanında strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan enerji potensialının dünya bazarında daha geniş miqyasda təqdim olunması üçün səmərəli təklif və təşəbbüslərin avanqardı kimi dəstəklənir. “Biz dünyanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz töhfəmizi veririk” söyləyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin Yunanıstana əvvəllər nəzərdə tutulduğu kimi Türkiyə vasitəsilə deyil, birbaşa qaz nəqlinin mümkünlüyü də düşünülmüş siyasətin nəticəsidir.

 Enerji təhlükəsizliyi sistemində tutduğu mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyev “Cənub dəhlizi “ çərçivəsində nəzərdə tutulan layihələrin reallaşmasına da inamla yanaşır, neft strategiyasının davam etdirilməsi üçün qətiyyətini atırır: “Biz “Cənub qaz dəhlizi”ni dəstəkləyirik və ümid edirəm ki, ilin sonunadək bütün tranzit ölkələr və potensial iştirakçılarla danışıqlar yekunlaşacaq ki, bu nəhəng qaz layihəsinin icrasına start verilsin.” Ölkəmizin “Cənub dəhlizi”nə daxil olan, o cümlədən Transadriatik boru kəmərini, “Nabukko”nu dəstəkləməsi bütünlükdə Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatı üçün yaranan perspektivlərin reallaşması, aktuallığın təminatı deməkdir. Bu layihə Azərbaycana karbohidrogen ehtiyatlarını reallaşdırmağa imkan yaradacaq, eyni zamanda Avropa istehlakçıları üçün alternativ və etibarlı bir təchizat marşrutu olacaqdır. Dünyada tanınan iqtisadi güclər tərəfindən Azərbaycana yüksək səviyyədə qiymət verilməsi, potensialının dəyərləndirilməsi ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirməklə siyasi sahədə qazandığı dividentlərini artırır. NATO-nun Lissabon sammitində, qüdrətli güc mərkəzinin Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə sənəd qəbul edilməsi belə Azərbaycan -Avropa əməkdaşlığının bariz nümunəsidir.

Neftdən daha çox mavi yanacağa ehtiyac duyulduğu, müasir dövrümüzdə Azərbaycan qazına tələbatın əsas prioritet kimi diqqətə çatdırıldığı, “Cənub dəhlizi” layihələri ətrafında müzakirələrin intensivləşdiyi, xalqların maraqlarına uyğun təkmilləşən siyasətin uğurla davam etdirildiyi indiki zamanda münasibətlərin inkişafında enerji təhlükəsizliyinin başlıca amil kimi böyük əhəmiyyət daşıması təbiidir.

Xəzər, Qara, Baltik dənizləri ətrafında yerləşən dövlətlərin əməkdaşlığını şərtləndirən “Nabukko” layihəsinin daha geniş mənada müzakirəsində də nəzərlər ilk baxışdan Azərbaycan faktoruna yönəlir. Bu yaxınlarda Türkiyənin Kayseri şəhərində “Nabukko” ilə əlaqədar, reallığa əsaslanan danışıqların davam etdirilməsi Azərbaycanın dünya enerji bazarındakı önəmini artırmaqla, potensialının tükənməz olduğunu da təsdiqləyir.

Statistik rəqəmlər də ölkəmizdə neft gəlirlərindən qaynaqlanan inkişaf tempini təsdiqləyir. 2010-cu ildə Azərbaycanda 51 milyon ton neft, 27 milyard kubmetr qazın hasil olunması, qonşu dövlətlərə ixracı ölkəmizin maliyyə imkanlarını möhkəmləndirib. Valyuta ehtiyatları 34 milyard dollar olan Azərbaycanda əhalinin gəlirləri 12,3 faiz artıb. Ölkəyə yönələn investisiyaların həcmi getdikcə artır. Bu nailiyyətlər isə dövlətimiz tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasətin nəticəsidir.

Dövlət büdcəsi 20 milyard dollardan artıq olan Azərbaycanda neft gəlirlərindən səmərəli və düşünülmüş istifadə nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalmış, əhalinin sosial müdafiəsinin etibarlı təminatına da əlverişli şərait yaranmışdır. Neftdən əldə olunan gəlirlərin ədalətli paylanmasında dünyada ən şəffaf və suveren qurum kimi tanınan, aktivləri 22 milyard dolları ötən Dövlət Neft Fondunun xidmətləri danılmazdır.

Neft strategiyasının həyata keçirilməsi ilə xarici investorlar üçün açıq ölkə olan Azərbaycanın iqtisadiyyatına bu günədək 100 milyard dollara yaxın vəsait yönəlmişdir ki, bu sərmayələrin aparıcı qüvvəsi enerji sektorudur.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2011.- 12 iyul.- S. 7.