Ölkənin
ictimai, sosial-iqtisadi həyatı “İki sahil”in səhifələrində
Azərbaycan
Mətbuat Şurasında qəzetin 20 illik yubileyi ilə əlaqədar
bu mövzuda tədbir keçirildi
Dünən Mətbuat
Şurasında “İki sahil” qəzetinin 20 illik yubileyi ilə əlaqədar
tədbir keçirildi. Tədbiri giriş sözü ilə
açan Mətbuat Şurasının sədri Əflatun
Amaşov öncə qəzetin rəhbərliyini və
kollektivini yubiley münasibətilə təbrik etdi, yeni-yeni
yaradıcılıq uğurları arzuladı.
Ə.Amaşov qeyd etdi ki, 20 il bundan öncə qəzet
yaranarkən əsas ideyası “Vahid Azərbaycan uğrunda”
oldu: “Bu gün də qəzet bu deviz əsasında fəaliyyətini
davam etdirir. 20 il müddətində qəzet mütəmadi fəaliyyət
göstərib. İlk əvvəl həftəlik, bu gün isə
gündəlik işıq üzü görür. Ən
çoxtirajlı qəzetlərdəndir. Qəzetin yarandığı
vaxta nəzər salıb Azərbaycanın ictimai-siyasi həyatını
göz önünə gətirəndə mürəkkəb
tarixi şəraitdə yaşadığımızı
aydın görürük. O zaman Azərbaycanda milli dəyərlərimizi
qoruyan qəzetlərlə yanaşı digər ideyalara xidmət
edən nəşrlər də var idi. Belə bir çətin
məqamda “İki sahil” işıq üzü gördü. Qəzetin
arxivdəki ilk saylarını vərəqlədim. Bu gün də,
iyirmi il bundan öncə də Azərbaycanda ictimai-siyasi fikrə
təsir göstərən şəxslərin ya şəkillərini,
ya da yazılarını görmək olar. Qəzetin ilk müəllifləri,
əməkdaşları Azərbaycanın bu gün də, o
zaman da ictimai fikrə təsir göstərən insanları
olub.”
Mütəxəssislərin qəzetin fəaliyyətini
bir neçə dövrə böldüyünü qeyd edən
Ə.Amaşov vurğuladı ki, bu ilk dövr, 1993-cü ildən
2003-cü ilə qədər olan dövr və bugünkü
mərhələdir. Həmin dövrlərdə də qəzet
Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında
baş verən bütün olayları oxucularına
çatdırmağı özünün əsas məqsədi
bildi və bu işin öhdəsindən çox böyük
uğurla gəldi. “Son illər Azərbaycan jurnalistikasında,
Azərbaycan KİV-lərində ixtisaslaşma deyilən bir
proses davam edir. Dünyanın hər yerində bu proses gedir.
İqtisadi mövzuda yazan qəzetlər kifayət qədər
öz səhifələrində iqtisadi məsələlərə
daha çox yer ayırırlar. Sosial sahəyə
üstünlük verənlər sosial, ictimai-siyasi istiqamətli
qəzetlər isə ictimai-siyasi prosesləri daha çox
işıqlandırırlar. “İki sahil” qəzeti də
neft-qaz məsələlərinə daha çox yer
ayırır.
Materialların hamısı müəllif
yazıları deyil. Onlar arasında əsasən ekspertlərin, alimlərin
neft və qazla bağlı rəyləri xüsusu yer tutur.
Bu rəylər arasında beynəlxalq ekspertlərin
də fikirləri diqqət çəkir. Hazırda
qəzet bu istiqamətdə fəaliyyətini daha da genişləndirir.
Bu da qəzetin təsisçisinin ARDNŞ
olması ilə bağlıdır. Düşünürəm
ki, Şirkət “İki sahil” qəzeti ilə yaxından əməkdaşlıq
etməklə, Azərbaycanda və ölkədən xaricdə
gördüyü işlərin ictimaiyyətə ətraflı
çatdırılmasına nail olur. ARDNŞ-in
bu fəaliyyətini yüksək dəyərləndirirəm.”
Ə.Amaşov diqqəti tədbir
üçün seçilən “Ölkənin ictimai, sosial həyatı
“İki sahil”in səhifələrində” mövzusuna yönəltməklə,
qəzetin ötən 20 ildə Azərbaycanın
uğurlarının təbliğində böyük rol
oynadığını bir daha təsdiqlədi.
ARDNŞ-in İqtisadiyyat və Uçot İdarəsinin
rəis müavini Rəşid Hüseynov bildirdi ki, əlbəttə,
“İki sahil” deyəndə ilk növbədə ARDNŞ-lə
əməkdaşlıq edən qəzet yada düşür.
ARDNŞ-in hansı şəraitdə, hansı illərdə
yarandığı bəllidir. Amma neft sənayesindən
danışanda fikrimiz 8 min il bundan əvvələ gedir.
İlk neft 8 min il bundan əvvəl Azərbaycanda Abşeron
yarımadasında çıxarılıb. O zaman neftin
hansı üsulla çıxarıldığı elmə bəllidir.
Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb.
Ölkə iqtisadiyyatının inkişafında neft amilinin
rolu inkaredilməzdir.
1994-cü ildən ARDNŞ-də
çalışdığını qeyd edən R.Hüseynov
o zaman maliyyə şöbəsinin rəisi vəzifəsində
işlədiyini bildirdi. Vurğuladı ki, “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə ilə
tanışlığımız da o zamandan başlayır. Qəzetin
daimi oxucularından biriyəm. “İki sahil”in səhifələrində
ARDNŞ-in fəaliyyətinin ətraflı
işıqlandırılmasını yüksək dəyərləndirirəm.
R.Hüseynov ARDNŞ barədə fikirlərini tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. Qeyd etdi ki, Şirkət böyük layihələr
həyata keçirir. ARDNŞ-in beynəlxalq əlaqələri
günbəgün genişlənir. Ölkə xaricində
investisiya layihələrini uğurla həyata keçirir.
Bugünkü uğurların əsasında ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası
dayanır. 1994-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi
imkanlarının genişlənməsinə zəmin
yaratdı. 1996-cı ildə “Şahdəniz” layihəsi ilə
bağlı müqavilə imzalandı. Bu layihələrin
icrasına böyük şirkətlər cəlb olundu. Bu
gün həmin layihələr uğurla icra olunmaqdadır. Bu,
beynəlxalq əməkdaşlıq sayəsində icra edilən
layihələrdir. Amma bu faktı da qeyd edərdim ki, ARDNŞ
öz daxili imkanları hesabına layihələr icra etməkdədir.
“Ümid” qaz yatağının açılması ilə
bağlı mətbuatda ətraflı məlumatlar dərc
olundu.
ARDNŞ 2008-ci ilin yanvarından beynəlxalq uçot
sisteminə keçmişdir. SAP proqramı əsasında beynəlxalq
uçot sistemi tətbiq olunur. Bu da beynəlxalq əməkdaşlıq
əlaqələrinin inkişafı üçün
mühüm amillərdən biridir.
ARDNŞ-in 10-dan artıq ölkədə nümayəndəliyi
fəaliyyət göstərir. Hasilatın pay
bölgüsü ilə əlaqədar birgə layihələr
həyata keçirilməkdədir. Bu da ARDNŞ-in
potensialının təqdimatında əsas rol oynayır.
Bildirildi ki, neft-qaz hasilatında artım diqqətdən
kənarda qalmır. Neft tarixində ən yüksək
göstərici ötən ilə aiddir. Belə ki, 2010-cu ildə
50 milyon ton neft hasil edildi. Qaz hasilatı da artmaqdadır.
ARDNŞ bu istiqamətdə mühüm tədbirlər həyata
keçirir.
R.Hüseynov vurğuladı ki, bunları qeyd etməkdə
məqsəd neft amilinin ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında
mühüm rol oynadığını təsdiqləməkdir.
Bu sahədə qazanılan uğurların “İki sahil” qəzetinin
səhifələrində dolğun şəkildə
işıqlandırılması təqdir olunur.
R.Hüseynov yubiley münasibətilə qəzetin
kollektivini təbrik etdi, uğurlar arzuladı.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
“İki sahil” qəzeti ilə bağlı xatirələrindən,
qəzetin yarandığı gündən bu günə qədər
əqidəsinə sadiq olmasından geniş bəhs etdi.
Bildirdi ki, 20 il elə sürətlə keçdi ki, elə
bil qəzetin ilk sayı dünən işıq üzü
görmüşdür. “Həmin dövrdə Qəzet-jurnal
ekspedisiyasının rəisi vəzifəsində
çalışırdım. Bildiyiniz kimi o dövrdə qəzet
çıxarmaq çox çətin idi. Həftəlik,
aylıq qəzetlər çox az idi. O sıradan olan qəzetlərdən
biri də “İki sahil” qəzeti idi. Həmin qəzetlərin
“Azərbaycan” nəşriyyatında çap qrafikləri var
idi. Həmin dövrlərdə qəzetlərin A3 formatda, 4 səhifə
çıxdıqları bəllidir. Elə olurdu ki, 4 səhifəlik
materialların yığılması mümkün olmurdu,
yaxud da ki, digər problemlər yaranırdı. Nəşriyyatla
imzalanan müqaviləyə əsasən qrafikdə dəyişiklik
ola bilməzdi. Çünki həmin qəzetlərin
yayımı üçün sənədlər əvvəldən
hazırlanmalı idi. Əgər qəzet axşam
çıxırdısa, yayımı növbəti günə
saxlanılırdı. Bu problem yarananda, qəzetlər nəşriyyatın
çap qrafikindən çıxanda, Qəzet-jurnal
ekspedisiyasından razılıq əldə olunması tələb
edilirdi. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
ilə ilk tanışlığım da elə qəzetin həmin
dövrdə bu problemlə üzləşdiyi
üçün mənə müraciəti zaman olmuşdu.”
“İki sahil” qəzetinin dövlətə, dövlətçiliyə
xidmət yolunu tutması qəzet üçün qrafik
probleminin olmamasında mühüm rol oynadı.
Sərbəst fikrə qadağanın qoyulduğu bir
dövrdə “İki sahil” qəzeti öz əqidəsindən
dönmədi, Azərbaycan reallıqlarını ictimaiyyətə
olduğu kimi çatdırdı.
Bu gün “İki sahil” qəzetinin 20 yaşı tamam
olur. Qəzet çoxtirajlıdır. Gündəlik qəzet
olaraq maraqlı yazıları ilə oxucularının
görüşünə gəlir. Ötən bu illərdə
göstərdiyi şücaətlərə görə qəzetin
baş redaktoru Vüqar Rəhimzadəyə və qəzetin
kollektivinə təşəkkürümü bildirirəm. Qəzetin
kollektivinin əməyi dövlətmiz tərəfindən də
yüksək dəyərləndirlib. Belə ki, qəzetin
baş redaktoru və digər əməkdaşları fəxri
adlarla təltif olunublar. Bir daha qəzetin rəhbərliyini və
kollektivini təbrik edir, qəzetin ötən bu illər ərzində
qazandığı nüfuzu daha da möhkəmləndirməsini
arzulayıram.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı, Mətbuat Şurasının İdarə Heyətinin
üzvü Bəxtiyar Sadıqov bu ilin yubileylər ili
olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycanın dövlət
müstəqilliyinin yenidən bərpa olunmasının 20
illiyi qeyd ediləcək. Eyni zamanda “İki sahil” qəzetinin fəaliyyətə
başlamasının 20 ili tamam olur. “Qəzet boldur. Bu bolluqda
yer tutmaq, oxucu məhəbbəti qazanmaq, qəzet bazarında
duruş gətirmək, yaşamaq çox çətindir. Bu
çətinliyi ancaq hər gün qəzet cəbhəsində
döyüşənlər yaxşı bilirlər. Gündə
30-40 qəzet oxuyuruq. Onlarda bir oxşarlıq mövcuddur. Bu
oxşarlıq içərisində qəzeti fərqləndirmək
çox çətindir. Amma “İki sahil” qəzeti bu işin
ikisinin də öhdəsindən gəlib. Qəzetin səhifələrinə
baxdıqda həm dizayn, həm məzmun cəhətdən
öz simasının olduğunu görürük. “İki
sahil”in istənilən sayını təhlil edib orda informasiya
materialları ilə qəzetin orijinal materialları nisbətini
götürsək, oxucu üçün daha çox orijinal
material verən qəzet olduğunu görərik. Oxucu məhəbbəti
qazanmağın yollarından biri də budur. “İki sahil” qəzeti
həm də sahə qəzeti kimi fəaliyyət göstərir.
Neft sənayesini, ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının uğurlarını geniş
şəkildə ictimaiyyətə çatdırır. Neft
strategiyası Azərbaycanın bugünkü
uğurlarını təmin edir. Uğurlarımız barədə
geniş danışmaq olar. Dövlət
başçısı İlham Əliyev bildirir ki, neft xalqlara
xoşbəxtlik də gətirə bilər, fəlakət də.
Çalışacağam ki, neft Azərbaycan xalqına
firavanlıq bəxş etsin. Prezidentimiz bu vədini əməli
işi ilə təsdiqləyir. Neft strategiyası da məhz Azərbaycan
xalqının bugünkü və gələcək xoşbəxtliyinə
xidmət edir.”
B.Sadıqov “İki sahil” qəzetinin digər bir məqamını
da diqqətə çatdırdı. Qeyd etdi ki, bu da qəzetin
Azərbaycanda baş verən bütün proseslərə
çevik, operativ münasibətidir. “İki sahil” qəzetinin
çox zəhmətkeş, bacarıqlı, jurnalist peşəkarlığına
yiyələnmiş kollektivi var. Gün ərzində qəzetin
redaksiyasında qaynar iş gedir. Nəticədə də hər
gün “İki sahil”in yeni sayları ilə rastlaşır,
maraqla oxuyuruq. Təbii ki, kollektivin daxilində bu
işgüzar mühiti yaradan qəzetin baş redaktoru
Vüqar Rəhimzadədir.”
“Qəzetin digər mühüm cəhətlərindən
biri onun əqidəli qəzet olmasıdır” söyləyən
B.Sadıqov bildirdi ki, “İki sahil” 20 ildə əqidəsindən
dönməyərək, daim öz dəst-xəttinə
sadiqlik nümayiş etdirib. “İki sahil” əqidəsinə
görə sevilən qəzetlərdən biridir.
Baş redaktor V.Rəhimzadə başda olmaqla qəzetin
yaradıcı heyətini, kollektivini təbrik edir, yeni-yeni
yaradıcılıq uğurları arzulayıram. “İki
sahil” özünəməxsus üslubu, qəzet bazarında
yeri olan, daim oxucularla ünsiyyətdə olmağı bacaran,
oxucu auditoriyasını genişləndirən, həm də
dövlətə və milli maraqlara xidmət edən qəzetdir.
Bu yolda uğurlar arzulayıram.
“Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus
Oğuz qeyd etdi ki, qəzetin yarandığı dövr hər
birimizə aydındır. Belə bir dövrdə qəzet
yaratmaq, ölkə reallıqlarını səhifələrində
olduğu kimi əks etdirmək böyük cəsarət tələb
edirdi. “İki sahil” qəzeti belə bir çətin anda
yaranıb və ötən 20 ildə öz yoluna sadiq olub. Qəzetin
rəhbərliyini və kollektivini yubiley münasibətilə
təbrik edirəm.
Millət vəkili Musa Qasımlı bildirdi ki, jurnalist
olmaq çox çətindir. Dünyada baş verən hadisələrdən
məlumatlı olmaqla, hadisələrdən düzgün nəticə
çıxarmaq üçün geniş dünyagörüşünə
malik olmalısan. Oxucuların diqqətini cəlb etmək,
insanlarla dil tapmaq, mehriban, isti münasibət qurmaq, fərdi
çalışmaq bacarığına yiyələnməlisən:
“Çox sevinirəm ki, “İki sahil”in 20 illik yubileyində
iştirak etmək mənə də nəsib oldu. Demək olar ki, “İki sahil”in daimi
oxucularından biri də mənəm. Adına görə bu qəzetə həmişə
marağım olub. “İki sahil” deyəndə
yadıma Arazın o taylı, bu taylı sahilləri
düşür. Çox sevinmişəm
ki, respublikamızda bu adla bütöv Azərbaycanı ehtiva
edən bir qəzet var. Bu qəzetin kollektivinə qiyabi olsa da
böyük hörmətim, rəğbətim olub. Bu adla qəzet çıxartmaq, Azərbaycanın
ictimai-siyasi həyatında özünəməxsus dəyişməz
mövqe tutmaq, əqidəsinə sadiqlik böyük
jurnalistlik məharəti tələb edir. Təbii
ki, qəzetin başında işinə bağlı, məsuliyyətli
rəhbər olanda kollektivin gücü ilə bütün
çətinlikləri aradan qaldırmaq mümkündür.
Mən qəzetin bütün yaradıcı və
texniki heyətini təbrik edirəm. Nəhayət,
qəzetin baş redaktoru Vüqar Rəhimzadə haqqında
bir neçə söz demək istəyirəm. Doğrudan da qəzetə baş redaktorluq etmək
çox çətindir. Hamı ilə
dil tapmalı, peşəkarlığın ilə əməkdaşlara
nümunə olmalısan. Vüqar müəllim
şəxsi keyfiyyətləri, davranışı ilə daim
birləşdirici mövqeyinə sadiq qalaraq əməkdaşlar
arasında yaratdığı səmimiyyəti işi ilə
də doğruldur. Bu qəzetin ərsəyə
gəlməsində əməyi olan hər kəsə minnətdarlığımı
bildirir, kollektivə çətin işlərində müvəffəqiyyətlər
arzulayıram.”
Mətbuat Şurası İdarə Heyətinin
üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas
söylədi ki, “İki sahil” mənim maraqla oxuduğum, daim
izlədiyim qəzetdir. “AXCP-nin II qurultayı keçiriləndə
bu qəzetdə mübahisəli bir yazı getmişdi. Həmin
yazıda o dövrdəki AXC-Müsavat hakimiyyəti ciddi tənqid
olunurdu. O tənqidlər bu qəzetə marağı daha da
artırdı. Elə o vaxtdan öz cəsarəti, obyektivliyi
ilə diqqəti cəlb edən “İki sahil” bu günədək
mövqeyinə sadiqliyini səhifələrində dərc
olunan yazıları ilə təsdiqləyir. O vaxt iqtidarda olan
hakimiyyəti tənqid etmək həqiqətən çətin,
bəlkə də qeyri-mümkün idi. Bütün qəzetlərin
mətbuata verilən tələblərin əksinə olaraq
obyektivlikdən kənar, yerli-yersiz təriflərə
geniş yer verdiyi bir zamanda “İki sahil” mövqeyinə
uyğun olaraq çətin məqamlarda tutduğu yolu
sağlam əqidə ilə davam etdirdi. Qəzetin adı elə
seçilmişdi ki, hər bir azərbaycanlının qəlbində
yer tuturdu. İkiyə bölünmüş vətəni birləşdirmək
həvəsi “İki sahil”in əsas ideyası idi. Mən də
bu qəzetin daimi oxucusu olduğum üçün bu yubileyə
qəlbən sevinirəm. Qəzet səhifələrində dərc
olunan sanballı, savadlı, təhlili yazıları ilə çoxsaylı
oxucularının rəğbətini qazanır. Əsas odur
ki, bu qəzetin hər bir yazısında dövlətçiliyə
sədaqət, xalqa, vətənə məhəbbət
duyğuları hiss olunur. Arzum budur ki, qəzetin sonrakı
yubileylərində də belə xoş sözlər deyilsin.”
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
Müşahidə Şurasının sədri Umud Rəhimoğlu
bildirdi ki, adının “İki sahil” olmasına baxmayaraq qəzetin
rəhbərliyinin də, əməkdaşlarının da bir
mövqeyi olub. “Qəzetin yaşamasını şərtləndirən
iki amil var. Qəzetə təsisçinin yardımı, himayəsi
və yaradıcı kollektivə düzgün rəhbərlik.
Bizim hamımıza doğma olan bu qəzetin yaşamasına
daim diqqət və qayğı göstərən ARDNŞ-in
rəhbərliyinə bir oxucu kimi öz adımdan təşəkkürümü
bildirirəm. Yaradıcı kollektivə isə qolunuza təpər,
həmişə sadiq qaldıqları əqidə möhkəmliyi
və saflığı arzulayıram.”
ARDNŞ-in mətbuat xidməti və ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Nizaməddin
Quliyev bildirdi ki, qəzetin oxucuları çox olsa da,
onların arasında neftçilər üstünlük təşkil
edir. Müasir Azərbaycan iqtisadiyyatının təməlini
təşkil edən yeni neft strategiyasının geniş
işıqlandırılmasında bu qəzetin böyük
rolu və xidmətləri var. Bu strategiyanın tətbiqi ilə
əldə olunan nailiyyətləri
işıqlandırmağın özü qəzetin dövlətçilik
mövqeyindən çıxış etdiyini göstərir.
Bu gün də Azərbaycanın iqtisadi cəhətdən
güclənməsi, xalqın sosial müdafiəsinin
etibarlı təminatı elə neft strategiyasının
uğurları ilə bağlıdır. Bu strategiyanın həyata
keçirilməsində, dünyanın ən
tanınmış xarici şirkətləri ilə birgə həyata
keçirilən layihələrin əhəmiyyətinin
ictimaiyyətə çatdırılmasında qəzetin
böyük rolu var. Etiraf edək ki, bu layihələrin həyata
keçirilməsində Azərbaycan dövlətini təmsil
edən ARDNŞ-in böyük rolu var. Son illərdə beynəlxalq
aləmdə belə böyük nüfuz qazanan,
sıçrayışla inkişaf edən bu şirkətin
xarici ölkələrdəki aktivlərinin həcmi artır.
Həmin aktivlər bu gün də, gələcəkdə də
Azərbaycan xalqına divident gətirir. ARDNŞ xarici ölkələrdə
Azərbaycan xalqını layiqincə təmsil edir. Ölkəmizin
mədəni, sosial həyatında böyük dəyişikliklərlə
müşahidə olunan dəstək layihələrində də
şirkətin payı var. “İki sahil” qəzeti ARDNŞ-in
strukturlarında baş verən yenilikləri həssaslıqla
izləyir, həyata keçirilən layihələrin əhəmiyyəti
barədə oxuculara ətraflı məlumatlar
çatdırır. Təsisçi-qəzet münasibətləri
haqqında da yalnız xoş sözlər demək olar. Bu illərdə
ARDNŞ rəhbərliyi ilə “ İki sahil” arasında
heç bir ciddi fikir ayrılığı müşahidə
olunmayıb və əminəm ki, olmayacaq da. Çünki qəzetdə
çalışanlar Azərbaycan dövlətçiliyinə
daim sadiq olan yaradıcı, sağlam fikirli ziyalılardır.
Əməkdaşların hamısı Azərbaycanın
iqtisadi cəhətdən güclənməsində maraqlı
olmaqla, ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən
biri olan ARDNŞ-in xidmətlərini mütəmadi olaraq səhifələrində
işıqlandırırlar. Ona görə də şirkətin
rəhbərliyi bu qəzetin fəaliyyətini yüksək
qiymətləndirir. ARDNŞ prezidenti cənab Rövnəq
Abdullayevin təbriklərini çatdırır, kollektivin
bütün üzvlərini yubiley münasibətilə təbrik
edirik. Neft strategiyasının bundan sonra da geniş
işıqlandırılmasında “ İki sahil”ə
böyük ümidlər bəsləyirik. Əminəm ki, bu
inam və ümidlər həmişə olduğu kimi
qarşıdakı illərdə də birgə fəaliyyət
üçün stimul olacaq.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli qəzetin bütün əməkdaşlarını
yubiley münasibətilə təbrik etdi. Mətbuat
üçün 20 il böyük zaman kəsiyidir. Maraqlı
odur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa
olunmasının da bu il 20 ili tamam olur. Qəzetin yubileyinin belə
bir əlamətdar tarixlə eynilik təşkil etməsinin
özü belə “İki sahil”in dövlətçilik
mövqeyinə sadiqliyinin əlamətidir. Arxada qalan illər
o qədər də asan olmayıb. Çoxlu kataklizmlər, kəşməkəşlərlə
üzləşsələr də, “İki sahil”çilər
bu problemlərin öhdəsindən birgə
çalışmaqla gələn və barmaqla sayıla biləcək
qədər az olan mətbu orqanlardandır.
“İki sahil” öz mövqeyinə, prinsiplərinə
sadiqliyi ilə seçilən mətbu orqanıdır.
Müstəqillik qarşıya qoyulan prinsiplərə sədaqətlə
qulluq etməkdir. Mən də qəzetin kollektivinə
tutduğu bu yolda uğurlar arzulayıram. Arzu edirəm ki,
“Vahid Azərbaycan uğrunda” yola çıxan “İki sahil”in
baş xəbərlərindən biri də “Sahillər
qovuşdu” olsun.
“Yeni Təfəkkür “ qəzetinin baş redaktoru, Əməkdar
jurnalist Şəmsiyyə Kərimova qeyd etdi ki, “İki
sahil”in 20 yaşının qeyd olunması məndə qəribə
duyğular yaratdı. Mənim də jurnalistlik fəaliyyətimin
ən məhsuldar, yaddaqalan və şirin xatirələri bu qəzetlə
bağlıdır. Bu qəzet mövqeyindən dönməyən
qəzetdir. Bu sadiqliyi yaradan amillərdən ən
başlıcası qəzetə rəhbərlik edən,
namuslu, işinə bağlı, məsuliyyətli Vüqar
müəllimin peşəkarlığı ilə
bağlıdır. Bir rəhbər kimi o, qəzetin ən
kiçikyaşlı əməkdaşına belə diqqət
və qayğı ilə yanaşıb. “İki sahil”də
işə qəbul olunduğum günlərimi bu gün də
həyatımın ən xoş anı kimi xatırlayıram.
O anları yada salanda həmişə duyğulanıram.
Peşəkarlıqlarını ictimaiyyət arasında
qazandıqları nüfuzları ilə təsdiqləyən
həmkarlarıma ən xoş arzularımı diləyir,
aldığım “Əməkdar jurnalist” adını da bu qəzetdə
qazandığım təcrübənin bəhrəsi kimi
yüksək qiymətləndirirəm.
“Zaman-Azərbaycan” qəzetinin baş direktoru
Süleyman Ünal vurğuladı ki, zirvəyə
çıxmaq asandar. Əsas odur ki, qət etdiyin bu zirvədə
qalasan. 20 il yol qət edərək bu ucalığa sahib olan “
İki sahil” hamının maraq göstərdiyi qəzetlərdəndir.
Belə bir fikir var. Deyərlər ki, gecənin uzunluğunu xəstə
bilər. Jurnalist peşəsinin çətinliyini isə bu
peşəni həyat yolu seçənlər anlayarlar. Yəqin
ki, qəzetin kollektivinin 20 ildə qət etdiyi yolda çətinliyi
də, sevincli anları da olub. Elə jurnalistikanı sevdirən
də onun problemləri ilə yaşamaq, yaratmaq, insanlarla daim
təmasda olmaqdır. Mən də bu kollektivə xoş
arzularımı çatdırıram. Bir təklifimi də
bildirmək istəyirəm. Burada qeyd olunduğu kimi qəzetin
təsisçisi ARDNŞ-in xarici ölkələrdə xeyli
təmsilçiliyi var. ARDNŞ-in Gürcüstandakı
törəmə müəssisələrində bu qəzetin
yayılması məncə daha faydalı olardı. Arzu edirəm
ki, “İki sahil”in səsi Azərbaycanın nişanəsi, nəfəsi
duyulan bütün sahillərdə eşidilsin.
“Qaya” Mətbuat Yayımı Şirkətinin rəhbəri
Xanhüseyn Əliyev qeyd etdi ki, “İki sahil” Azərbaycanın
bütün bölgələrində tanınır,
böyük həvəslə oxunur. Qəzetin kollektivinə ən
səmimi arzularımı həm də bir oxucu kimi
çatdırıram.
“Xalq qəzeti”nin redaktor müavini Tahir Aydınoğlu
söylədi ki, qəzet bolluğunun hiss olunduğu mətbuat
dəryasında üzən gəmilər və qayıqlar
var. Belə bir məqamda oxucu rəğbəti qazanmaq o qədər
də asan deyil. “İki sahil” qəzeti ilə
yaradıcılıq əlaqələrimiz olub. İlk gündən
qəzetin yaradıcı kollektivi arasında hiss olunan səmimiyyət,
peşəkarlıq yazılarında da hiss olunur.
ARDNŞ-in Neft və qaz hasilatı şöbəsinin
müdiri Əsgər Aslanov qeyd etdi ki, “İki sahil” qəzeti
ilk günlərdən çoxsaylı neftçilər ailəsində
özünəməxsus yer tutub. Neft sənayesinin 20 illik fəaliyyəti
ilə maraqlanmaq istəyənlər üçün “ İki
sahil” zəngin ensiklopediya sayıla bilər. 1990-cı illərin
əvvəllərində neft sənayesində mövcud olan
çətin şəraitdə belə qəzet öz
mövqeyinə sadiq qaldı. 1994-cü ildən başlayan
neft strategiyasının həyata keçirildiyi bütün
illərdə bu qəzet neftçilər ailəsinin bir
üzvü kimi daim sıralarımızda olub. Obyektiv, təhlili
məqalələri ilə diqqəti çəkib. Buna
görə də ARDNŞ ilə “ İki sahil” arasında həmişə
sağlam münasibətlər olub, bu gün də eyni səmimiyyət
davam etməkdədir. Qəzetin kollektivinə uğurlar
arzulayıram.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli
bildirdi ki, ARDNŞ-in Azərbaycanın iqtisadi
inkişafındakı xidmətləri göz
qabağındadır. Şirkətin gənclərin xarici
ölkələrdə təhsil almaları üçün
maddi yardımları bir çox ailələrin sevincinə səbəb
olub. “İki sahil” qəzeti bu məsələlərə də
diqqət yetirib. Mən də qəzetə uğurlar
arzulayıram.
“Ekspress” qəzetinin baş redaktoru Qəzənfər
Bayramov vurğuladı ki, “İki sahil”in çox uğurlu
missiyası var və inanıram ki, qəzet bu vəzifəni
uğurla davam etdirəcək: “Ümid edirəm ki, gələcəkdə
nəvələrimiz, nəticələrimiz “İki sahil”in
yüz illik yubileyini qeyd edəcəklər. Mən bu tədbiri
təşkil edənlərə də öz təşəkkürümü
bildirirəm, uğurlar arzulayıram.”
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev qəzeti
ilk günlərdən tanıdığını qeyd etdi:
“”İki sahil” qəzeti sovet hökumətinin
dağıldığı bir vaxtda ortaya çıxdı,
mövcud boşluğu doldurdu. Cənab Prezident İlham Əliyev
bu yaxınlarda belə bir fikir bildirdi ki, Azərbaycanın
qazı hələ bundan sonra 100 il Azərbaycana və digər
dövlətlərə çatacaq. Bu o deməkdir ki, hələ
100 il bundan sonra da bu qəzet nəşr olunacaq. “İki sahil”ə
gələcək fəaliyyətində uğurlar
arzulayıram.”
“Ədalət” qəzetinin baş redaktorunun müavini
Məzahir Əhmədoğlu qeyd etdi ki, çıxış
edənlər qəzetin tarixi, onun missiyası haqqında
çox geniş danışdılar. Doğrudan da “İki
sahil” deyilən xoş sözlərə layiqdir. Bu gün qəzet
yüksək səviyyədə nəşr olunur. İstər
xəbərlərin, materialların seçilməsində,
istər tərtibat məsələlərində yüksək
peşəkarlıq hiss olunur. Bu da qəzet rəhbərliyinin
uzun illər ərzində formalaşdırdığı
mühitdən irəli gəlir. Mən həm öz
adımdan, həm “Ədalət” qəzeti adından, həm də
qələm yoldaşlarım adından “İki sahil”i 20 illik
yubiley münasibətilə təbrik edirəm. İnanıram
ki, qəzet hər zaman oxucuların diqqətində olacaq.
“SƏS” İnformasiya Agentliyinin icraçı direktoru
Vəli Vəliyev qəzetin rəhbərliyini və kollektivini
yubiley münasibətilə təbrik etdi. “Gün o gün
olsun ki, çoxlu yubileyləriniz qeyd edilsin.”
“Respublika gəncləri” qəzetinin baş redaktoru
Nazilə Rafiq isə 1992-ci ildən bu qəzetdə
çalışdığını bildirdi. “Mən o
dövrdə “İki sahil”in yaşadığı çətin
anların şahidi olmuşam. Biz o vaxt kiçik bir kollektivlə
qarşımıza bir məqsəd qoymuşduq-dövlətçiliyə,
Heydər Əliyev ideyalarına ləyaqətlə xidmət
etmək. İnanıram ki, ötən 20 il ərzində
“İki sahil” bu vəzifənin öhdəsindən layiqincə
gəlməyi bacardı. İndi də bu yolu baş redaktor
Vüqar Rəhimzadənin rəhbərliyi altında qəzetin
peşəkar kollektivi yüksək səviyyədə davam
etdirir.
“İki sahil” operativ xəbərləri, analitik
yazıları, araşdırmaları ilə artıq öz
geniş oxucu kütləsini qazanmış bir qəzetdir.
“İki sahil”, həmçinin tərtibatı ilə də
ölkə mətbuatında öz dəsti-xətti ilə
seçilir. Bütün bu keyfiyyətlər isə qəzetin
hələ bundan sonra uzun illər uğurla fəaliyyət
göstərəcəyindən və bundan da çox oxucu rəğbəti
qazanacağından xəbər verir. Mən baş redaktor
Vüqar Rəhimzadəni və qəzetin bütün
kollektivini 20 illik yubiley münasibətilə təbrik edir,
onların hər birinə cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.”
Azərbaycan Jurnalistlər Birliyinin katibi Şahin Babayev
“İki sahil”in bir qrup əməkdaşına təşkilatın
diplomlarını təqdim etdi.
Sonda “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar
jurnalist Vüqar Rəhimzadə göstərilən bu diqqətə
görə Mətbuat Şurasının sədri Əflatun
Amaşova və həmkarlarına minnətdarlığını
bildirdi” “Mətbuat Şurasında keçirilən bu tədbir
qəzetimizin tarixində çox əlamətdar günlərdən
biri kimi qalacaq. 1991-ci ildə “İki sahil” çox çətin
bir şəraitdə yarandı. Ancaq bu gün ölkəmizdə
həyatın bütün sahələrində olduğu kimi,
media sahəsində də sürətli inkişaf
mövcuddur. Azad söz, azad fikir üçün hər bir
şərait yaradılıb.
Mən, həmçinin təsisçimiz olan Dövlət
Neft Şirkətinin rəhbərliyinə də minnətdarlığımı
bildirirəm. Sizi əmin edirəm ki, “İki sahil” hər zaman
Azərbaycan dövlətinə və xalqına xidmət edib
və gələcəkdə də bu xətt üzrə
öz fəaliyyətini davam etdirəcək.”
Xuraman İsmayılqızı,
Yeganə Əliyeva,
Nail Rəhimzadə
İki sahil.- 2011.- 13 iyul.- S.11-13.