Azərbaycanın inkişafının başlanğıc tarixi

 

14 iyul 1969-cu ildə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı proqramlar iqtisadi potensialın formalaşdırılmasına yönəldilərək bugünkü müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı

Bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir.

Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında» sərəncamında da bu reallıq öz əksini tapıb ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək bugünkü müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.

Ümummilli liderin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. 1969-1980-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xüsusi diqqət göstərilən əhəmiyyətli məsələlərdən idi. Həmin dövrdə C.Naxçıvanski adına hərbi liseyin yaradılması bu məqsədə xidmət edirdi. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir.

Ulu öndər gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri də keçmiş ittifaqın xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, həmin respublikalarda da Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə, orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradırdı.

1969-82-ci illərdə respublikanı yaranmış ağır vəziyyətdən çıxarmaq üçün yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlandı. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır.

1991-ci ildə sovetlər birliyinin süqutunun qaçılmaz şəkil alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi.

Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq öz xilaskarına ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Ölkəmizdə sabitliyin yaradılması iqtisadi əlaqələrin genişlənməsinə böyük imkanlar açdı. Azərbaycana artan marağın təsdiqi kimi, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasını qeyd edə bilərik. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi qüdrətini möhkəmləndirdi, dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu. Bu gün beynəlxalq əhəmiyyətli neft-qaz layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsünə çevrilən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun artması ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən irəli gəlir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Bu, ölkəmizin artan nüfuzununrolunun göstəricisidir.

İqtisadi imkanların genişlənməsində demokratik islahatların rolu inkaredilməzdir. Demokratik prinsipləri Azərbaycanın bu gününün və sabahının əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil dövlətimizin Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir. Ölkədə azad mətbuatın inkişafı üçün zəruri şərait yaradılmış, insan hüquqlarının qorunması yüksək səviyyədə təmin edilmişdir. Eyni zamanda seçkilərin demokratikliyini və şəffaflığını təmin etmək üçün mühüm işlər görülmüşdür. Demokratik cəmiyyətin əsas amillərindən olan çoxpartiyalı sistemin yaradılması da dövlətimizin siyasətində əsas yer tutmuşdu.

Bir sözlə, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş dövrü kimi daxil olmuşdu. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu dövrdə iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik, sabit ölkə kimi tanındı və mövqeyini möhkəmləndirdi. Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edən ölkələr bu əlaqələrin inkişafı istiqamətində qarşılıqlı addımların atılmasına xüsusi maraq göstərdilər.

2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Bu il dövlət büdcəmiz 20 milyard dollardan artıqdır. Valyuta ehtiyatlarımız bu ilin ötən dövründə 9 milyard dollar artmışdır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Sahibkarlığın inkişafına göstərilən diqqətin nəticəsidir ki, ÜDM-də özəl bölmənin payı 85,5 faiz təşkil edir.

Ölkənin maliyyə imkanlarının genişlənməsi mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaradır. Ötən il mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.

Dövlət büdcəsinin ilbəli artması digər sahələrin inkişafını da sürətləndirir. Daha çox diqqət göstərilən sahə ordu quruculuğudur. Azərbaycanda ordu quruculuğu prosesi böyük uğurla gedir. Silahlı Qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi, maddi-texniki bazası və döyüş qabiliyyəti möhkəmləndirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir.

Ölkənin hərtərəfli inkişafında regionların tərəqqisi əsas amil kimi önə çəkildiyindən regionların inkişafı proqramları uğurla icra edilir. bu proqramlar çərçivəsində böyük nailiyyətlər əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, yeni iş yerləri açılaraq yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılmışdır.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq ölkəmizin ərazi bütövlüyü indiyədək bərpa olunmamışdır. Danışıqlar prosesində Azərbaycanın tələbi ölkəmizin zəbt olunmuş torpaqlarının işğaldan beynəlxalq hüquq normaları çərçivəsində azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarətdir. Bu, Azərbaycanın qəti və dəyişməz mövqeyidir. Dövlət başçısı bildirdiyi kimi, hazırda ölkəmizin zəbt olunmuş torpaqlarının işğalına son qoymaqdan daha vacib vəzifəmiz yoxdur. Azərbaycanın artan iqtisadi imkanları, siyasi mövqeyinin möhkəmlənməsi, diplomatik mübarizədə qələbəsi bu problemimizin də yaxın zamanlarda öz ədalətli həllini tapacağına böyük inam yaradır.

 

 

Yeganə Əliyeva

 

 İki sahil.- 2011.- 14 iyul.- S. 4.