Müstəqil Azərbaycanın 20 ilinin güzgüsü

 

İki sahil” qəzeti 20 illik yubileyini qeyd etdi

 

Dünən çoxsaylı mətbuat orqanları arasında özünəməxsus yer tutan, bütün fəaliyyəti boyu əqidəsinə, dəst-xəttinə sadiqlik nümayiş etdirən “İki sahil” qəzeti 20 illik yubileyini qeyd etdi. Qəzetin kollektivi öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarı üstünə qızılgül dəstələri düzdülər.

Bakı Əyləncə Mərkəzində davam edən tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə yubiley iştirakçılarını salamladı və qəzetin keçdiyi inkişaf yoluna qısaca nəzər saldı. Bildirdi ki, “İki sahil” qəzeti yarandığı gündən dövlətə, dövlətçiliyə xidmət yolunu tutmuş, bu gün də bu yolu uğurla davam etdirir.

V.Rəhimzadə yubiley ərəfəsində dövlət başçısı İlham Əliyevin 18 iyul 2011-ci il tarixli sərəncamı ilə   3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasını şəxsi həyatında və eyni zamanda “İki sahil” qəzetinin 20 illik tarixində mühüm hadisə olduğunu qeyd edərək, bunu ümumilikdə kollektivin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Redaksiyanın kollektivi adından ölkə Prezidenti İlham Əliyevə   dərin təşəkkürünü bildirən V.Rəhimzadə əminlik ifadə etdi ki, bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcək, Azərbaycanın uğurlarının təbliğində, iqtisadiyyatın dinamik inkişafında əsas amil olan neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində qazanılan nailiyyətlərin obyektiv şəkildə ictimaiyyətə çatdırılması istiqamətində səylərini artıracaq.

V.Rəhimzadə qəzetin ilk nömrəsinin çap olunduğu dövrə nəzər salaraq həmin illərin xarakteristikası fonunda “İki sahil”in hansı çətinliklərlə, təzyiqlərlə üz-üzə qaldığını diqqətə çatdırdı. Bildirdi ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi mətbuatın inkişafı istiqamətində də biri-birindən əhəmiyyətli addımlar atılmağa başladı. Ümummilli lider Heydər Əliyev demokratik prinsipləri bu günümüzün, sabahımızın əsası kimi dəyərləndirərək, demokratik dövlət quruculuğu yolunu tutmaqla Azərbaycanın bugünkü inkişafının təməlini qoydu. Cəmiyyətin güzgüsü olan mətbuatın inkişafı daim diqqətdə olub. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda xeyli sayda yazılı və elektron kütləvi informasiya vasitələrinin, agentliklərin fəaliyyət göstərməsi ölkədə yaradılan demokratik şəraitin əsas göstəricilərindəndir. Ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub.

V.Rəhimzadə bir daha tədbir iştirakçılarına minnətdarlığını bildirdi: “Bu gün “İki sahil” qəzetinin həyatında yeni bir tarix yazılır. Bu tarix kollektivimiz üçün çox şərəflidir”.

“İki sahil” qəzetinin 20 ildə keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olundu. Filmdə də qeyd edildiyi kimi, 1991-ci ildən “Vahid Azərbaycan uğrunda!” devizi altında fəaliyyətə başlayan “İki sahil”in səhifələrində xalqımızın Araz dərdindən, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bacı-qardaşlarımızın o taylı, bu taylı   problemlərindən, onların yaşayışından ətraflı materiallar dərc olundu. Qəzetdə siyasətlə yanaşı, iqtisadiyyat, mədəniyyət xəbərlərinin də geniş yer alması oxucuların böyük rəğbətinə səbəb olmuşdu. “İki sahil”in uğurları artdıqca, oxucu auditoriyası genişləndikcə, fəaliyyətinin əsasına çevirdiyi müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət prinsipinə sadiqlik özünü daha aydın şəkildə təsdiqlədi.

Filmdəki görüntülərdə qəzetin ilk nömrəsində dərc olunan yazılar, çağırışlar xüsusi diqqət çəkirdi. Müstəqilliyimizin ağır günlərində “İki sahil” bu həqiqəti yazdı ki, tarixən hər bir xalq, millət dövlətə rəhbərlik edənlərin səhvlərinin acısını çəkməli olub. Azərbaycan da müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyətə hərislikləri ucbatından böyük faciələrlə üz-üzə qaldı. Belə bir çətin dövrdə “İki sahil” qəzeti öz səhifələrində reallıqları olduğu kimi ictimaiyyətə çatdırmaqdan, Azərbaycanın xilaskarının ulu öndər Heydər Əliyev olduğunu bəyan etməkdən çəkinmədi.

Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirmişdir: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”. Ümummilli lider Heydər Əliyev eyni zamanda digər qəzetlərlə yanaşı “İki sahil” qəzetinin də güclü təbliğat orqanına çevrilməyə, ətrafına daha güclü müxbirlər toplamağa, daha güclü məqalələr dərc etməyə imkanı olduğunu bildirmişdir. Ötən bu illərdə “İki sahil” qəzetinin qazandığı uğurlar imkanların genişliyinin, oxucu kütləsinin çoxluğunun, peşəkar jurnalistlərin fəaliyyətinin təsdiqidir.

Azərbaycanın bugünkü uğurlarının təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. “Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı uğurlar qəzetimizin səhifələrində xüsusi yer tutur. “İki sahil” ictimai-siyasi qəzet olaraq ARDNŞ-in təsisçiliyi ilə fəaliyyət göstərir. Qəzetin səhifələrində ARDNŞ-in və ayrı-ayrı strukturlarının gördüyü işlər, ölkəmizin iqtisadi uğurları geniş təhlil olunur, ətraflı şəkildə oxuculara çatdırılır.

Fəaliyyətə başladığı gündən “düzü düz, əyrini əyri” deməklə oxucu auditoriyasını genişləndirən “İki sahil” qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu.

Filmdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, YAP sədrinin müavini, icra katibi Əli Əhmədovun, ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun, Mətbuat Şurasının sədri Əflatun Amaşovun təbrikləri “İki sahil” qəzetinin rəhbərliyinə və kollektivinə çatdırılmışdır.

O da qeyd edilmişdir ki, hər hansı kütləvi informasiya vasitəsinin tanınması, populyarlaşması üçün 20 il böyük zaman kəsiyidir. Müddət yalnız illəri ötəri başa vuranlar üçün az görünə bilər. “İki sahil”in 20 yaşı isə ötən hər günü, ayı, ili səmərəli, nikbinliklə başa vurmaq istəyənlər üçün təcrübə məktəbidir.

Filmin nümayişindən sonra təbrik üçün söz Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verildi. Ə.Həsənov tədbir iştirakçılarını, eyni zamanda mərasimə qatılan Türkiyədən gələn mətbuat nümayəndələrini salamladı. Bildirdi ki, “İki sahil” qəzeti və onun kollektivi ilə əlaqədar fikirlərimi filmdə səsləndirdiyim üçün yalnız bir faktı qeyd etmək istəyirəm. “İki sahil” qəzetinə 20 ildir ki, Vüqar Rəhimzadə rəhbərlik edir. O, sözün həqiqi mənasında qəzetin ərsəyə gəlməsi, 20 ildir fəaliyyət göstərməsi üçün əlindən gələni etməyə çalışıb. Bu fəaliyyətinə görə dövlət başçısı İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla “Əməkdar jurnalist” adına layiq görülüb. Bu günlərdə isə ölkə Prezidentinin sərəncamı ilə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə V.Rəhimzadəyə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib. Bu münasibətlə “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadəni təbrik edirəm. Həm baş redaktor, həm də qəzetin kollektivi hər iki ada layiqdir. Qəzetin üç əməkdaşı dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” adına layiq görülüb. Qəzetin əməkdaşları arasında “Tərəqqi” medalına layiq görülənlər də var. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı sərəncam bütövlükdə qəzetin kollektivinin əməyinə verilən qiymətdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, bu gün “İki sahil” qəzetinin 20 illik yubileyi ilə bağlı çox möhtəşəm tədbir keçirilir. “Təbii ki, “İki sahil” qəzetinin fəaliyyətinə, dövlətə, xalqa xidmətinə ulu öndər Heydər Əliyev çox yüksək dəyər verib. Prezident İlham Əliyev də “İki sahil” qəzetinin səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Bu qəzet yaşadığı 20 il ərzində hər zaman dövlətçiliyə, Heydər Əliyev ideyalarına xidmət edib, bu dəyərlərə sadiqliyini yüksək səviyyədə nümayiş etdirib.”

R.Abdullayev qeyd etdi ki, Dövlət Neft Şirkətinin təsisçisi olduğu bu qəzet həm də neft-qaz sanayesində baş verən bütün hadisələrin, həyata keçirilən layihələrin işıqlandırılmasında aktiv iştirak edir. “Biz son dövrlər qəzetlə bağlı bir çox yeniliklərə nail olmuşuq. Belə ki, qəzetin tərtibatı dəyişərək rəngli çap olunmağa başlayıb. Biz çalışırıq ki, qəzet daha yaxşı çıxsın, daha oxunaqlı olsun. Dövlət Neft Şirkəti böyük, dünya miqyaslı layihələr həyata keçirir. Bununla yanaşı, ölkə daxilində də görülən işlərin miqyası genişdir. Təbii ki, nöqsanlar da olur. Mən istərdim ki, qəzet bu nöqsanları da bizə göstərsin. Hesab edirəm ki, bununla nöqsanları daha tez aradan qaldırmağa nail ola bilərik.”

ARDNŞ prezidenti bu yubileyin neftçilərin də bayramı olduğunu vurğuladı. “Çünki hər bir neftçi bu qəzeti diqqətlə izləyir. Mən şəxsən hər gün, xarici ölkələrdə olsam belə, “İki sahil”in materiallarına nəzər yetirirəm. İstərdim ki, qəzet gələcəkdə daha da inkişaf etsin, daha çox oxucu kütləsi qazansın. Mən qəzetin bütün kollektivini 20 illik yubiley münasibətilə təbrik edirəm. Qeyd edim ki, Dövlət Neft Şirkətinin əmri ilə qəzetin bir qrup əməkdaşı şirkətin fəxri fərmanı ilə təltif olunub. Bundan sonra daha yaxşı çalışın, həm müsbət, həm də neqativ halları qəzetinizdə işıqlandırın, bu yolda mübarizənizi davam etdirin. Biz də hər zaman sizə bu yolda dəstək olacağıq. Mən bütün kollektivə uğurlar arzu edirəm.”

R.Abdullayev, həmçinin qəzetin kollektivini bir şad xəbərlə də sevindirdi. Bildirdi ki, gələn il Dövlət Neft Şirkəti tərəfindən “İki sahil” qəzetinə yeni ofis binası veriləcək. Hətta o yeni ofis binasının ünvanını da “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə təqdim etdi.

Daha sonra gündəlik ictimai-siyasi qəzet olan “İki sahil”in nəşrə başlamasının 20 illik yubileyi münasibətilə və bu qəzetin işində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş ARDNŞ-in fəxri fərmanı ilə təltif olundu və onlara birdəfəlik 500 manat məbləğində pul mükafatı təqdim edildi. “İki sahil” qəzeti baş redaktorunun I müavini İsmayıl Hacıyev, qəzetin Analitik Qrupunun rəhbəri Yeganə Əliyeva və Siyasət bölməsinin müdiri Xuraman İsmayılqızına mükafatları ARDNŞ-in prezidenti Rövnəq Abdullayev təqdim etdi.

YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov da “İki sahil” qəzetinin nəşrə başlamasının 20 illik yubileyi münasibətilə qəzetin baş redaktorunu və bütün kollektivi təbrik etdi, onlara möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzuladı. Güman edirəm ki, 20 illik şərəfli tarixə malikİki sahil” qəzeti bundan sonrakı fəaliyyətində də Azərbaycanın mətbuat tarixinə yeni-yeni ideyalar bəxş edəcək, Azərbaycanın milli məfkurəsinin formalaşmasına, azərbaycançılıq ideyasının möhkəmlənib həyata keçirilməsinə öz töhfələrini verəcək.”

Ə.Əhmədov Prezident İlham Əliyevin “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi münasibətilə də təbrik etdi. “Hesab edirəm ki, bu təltif bir yandan “İki sahil” qəzetinə, bu qəzetin yaranmasına böyük xidmətlər göstərmiş Vüqar Rəhimzadəyə dövlətimizin verdiyi yüksək qiymətdir. İkinci bir tərəfdən isə bu bütövlükdə Azərbaycan hökumətinin və bilavasitə Prezidentimiz İlham Əliyevin Azərbaycan mətbuatının inkişafına verdiyi böyük önəmin təzahürüdür. Eyni zamanda biz Yeni Azərbaycan Partiyasının Siyasi Şurası adından “İki sahil” qəzetinin təsis edilməsinin 20-ci ildönümü münasibətilə qəzetə, qəzetin kollektivinə təbrik məktubu ünvanlamışıq. Belə hesab edirəm ki, 20 il ərzində Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi işlərin ideoloji dəstəyini təmin etdiyi kimi, “İki sahil” qəzeti bundan sonra da bu missiyasını uğurla həyata keçirəcək. Bir daha yubileyiniz mübarək olsun. Sizə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.”

Mətbuat Şurasının sədri Əflatun Amaşov “İki sahil” qəzetinin rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edərək, qurumun hazırladığı təbrik paketini qəzetin baş redaktoru V.Rəhimzadəyə təqdim etdi. Qeyd etdi ki,   20 il öncə qəzet fəaliyyətə başlayanda Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər gərgin idi. Belə bir çətin dövrdə “İki sahil” qəzeti yarandı və qəzet ilk fəaliyyətindən xalqın tribunasına çevrildi, onların təşkilatlanmasında çox əhəmiyyətli rol oynadı. “İki sahil” qəzetini zaman yaratmışdı. Zaman da dəfələrlə sübut etdi ki, “İki sahil” qəzeti elə ilk sayından fəaliyyətə uğurla başlayıb və bu gün bu missiyanı layiqincə yerinə yetirir. “İki sahil” qəzeti jurnalistika peşəkarlığı ilə bağlı qaydalara əməl edən ən yaxşı mətbuat orqanlarından biridir. İctimai fikrə təsir göstərən, siyasi yönümündən asılı olmayaraq hər bir siyasətçi, ziyalı öz fikrini bu qəzetin səhifələrində asanlıqla bölüşə bilir. Bu gün “İki sahil” qəzeti ən çox oxunan, çoxtirajlı, nüfuzlu qəzetlərimizdən biridir.

Ə.Amaşov yubiley günündə qəzetin rəhbəri haqqında fikir söyləməyin də gərəkliyini bildirdi. Söylədi ki, Vüqar Rəhimzadə “İki sahil” qəzetində nə qədər əzmlə çalışırsa, bir o qədər də Mətbuat Şurasının fəaliyyətində yaxından iştirak edir. Mətbuat Şurası yaranarkən onun təşkilat komitəsinin üzvü olub və bu gün də qurumda ən fəal komissiyalardan birinin- “Reket” jurnalistikasına qarşı mübarizə komissiyasının rəhbəridir.

Ə.Amaşov bildirdi ki, 20 yaş qəzet üçün az da ola bilər, çox da. Qəzetin 20 ildə qazandığı təcrübənin, uğurların fonunda böyük əminliklə deyə bilərəm ki, 50, 100 ildən sonra da “İki sahil” qəzetinin yubileyləri qeyd ediləcək.

Sonra “İki sahil” qəzetinin əməkdaşları arasında keçirilən sorğunun nəticələrinə əsasən “Qəzetin dostları” nominasıyası üzrə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və YAP-ın sədr müavini-icra katibi Əli Əhmədova mükafatlar təqdim olundu. Həmçinin “Qəzetin xaricdəki dostları” nominasiyası üzrə də bir qrup şəxs mükafatlandırıldı.

“İki sahil”in daimi oxucusu” nominasiyasına isə ARDNŞ-in I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə layiq görüldü. Xoşbəxt Yusifzadə də öz növbəsində yubiley münasibətilə kollektivi təbrik etdi. “Mən bu qəzetin ilk oxucularından biriyəm. Bu qəzet elə bir vaxtda nəşr olunurdu ki, o dövrdə gərgin siyasi vəziyyət hökm sürürdü. Hazırda bu qezət bütün neftçilərin həyatından yazır, onların gördüyü işləri işıqlandırır. Biz səhər işə gələn kimi ilk olaraq bu qəzeti oxuyuruq. Bu qəzetin müsbət cəhəti ondadır ki, bizim də yeni xəbər tutduğumuz bir iş artıq qəzetin səhifələrində öz əksini tapır. Bu həm də qəzetin operativliyindən xəbər verir. Həmçinin “İki sahil” qəzetinə mənim 80 illik yubileyimi yüksək səviyyədə işıqlandırdığı, xüsusi buraxılış hazırladığı üçün öz dərin minnətdarlığımı bildirirəm. Bir daha qəzetin kollektivinə fəaliyyətində uğurlar arzu edirəm.”

“İki sahil” qəzetinə dəstək olan millət vəkilləri” nominasiyasına millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı layiq görüldü.

“İki sahil” qəzetinin rəhbərliyinə və kollektivinə növbəti təbrik Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyevdən gəldi. S.Hacıyev deyilən arzulara qoşularaq, Şərqin ilk ali təhsil ocağı olan BDU-nun rektoru, akademik, millət vəkili Abel Məhərrəmovun, universitetin çoxminli kollektivi adından “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadəni və qəzetin kollektivini təbrik etdi, səmimi arzularını çatdırdı.

S.Hacıyev universitetin rektoru A.Məhərrəmovun arzu və istəklərinin qeyd olunduğu təbrik məktubunu “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadəyə təqdim etdi.

“Qəzetə dəstək olan jurnalist təşkilat” nominasiyasına isə Mətbuat Şurası layiq görüldü və bu mükafat Əflatun Amaşova təqdim olundu. “İki sahil” qəzeti ilə yaxından əməkdaşlıq edən jurnalist” nominasiyasına isə Mətanət Ağamirli layiq görüldü.

Yubiley tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirildi.

 

 

Yeganə Əliyeva,

 

Nail Rəhimzadə

 

İki sahil.- 201 iyul.- S. 5; 8-9.