Dünya erməni terroruna niyə göz yumur?

 

23 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımları geniş təhlil etməyə ehtiyac yoxdur.

Gerçəklik budur ki, mövqeyinin dəyişməz olduğunu ən yüksək tribunalardan bəyan edən rəsmi Bakı sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının istisna olmadığını bildirir və daim qarşı tərəfdən konstruktiv mövqe nümayiş etdirməyi tələb edir.

Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev danışıqların son mərhələləri haqqında reallıqları diqqətə çatdıraraq bir daha bəyan etdi: “Biz danışıqları sadəcə olaraq danışıqlar üçün aparmırıq. Yaxud da ki, imitasiya və görüntü yaratmaq naminə aparmırıq. Burada Azərbaycan ilə Ermənistan arasında fərq kifayət qədər böyükdür. Ermənistan daim çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar danışıqlarda iştirak edirlər və konstruktivlik nümayiş etdirirlər. Halbuki bütün dövrlərdə çalışıblar ki, danışıqlar prosesini pozsunlar.

Bu reallıq inkaredilməzdir ki, işğalçı Ermənistanın danışıqları uzatmaq ənənəsinə sadiqlik nümayiş etdirməsinin əsasında dünya dövlətlərinin və təşkilatlarının verdikləri dəstək dayanır. Ermənistan bütün dövrlərdə bu və ya digər dövlətin əlində vasitə rolunu oynayıb. Siyasətində müstəqil olmayan bir dövlətin müstəqil mövqe ortaya qoyması heç zaman inandırıcı görünə bilməz. Münaqişə yaranandan ötən dövr ərzində cərəyan edən hadisələr də bunu təsdiqləyir.

1992-ci ildə problemin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk qrupu yaradıldı. Bizi o dövrdən ayıran 19 il zaman kəsiyində həmsədrlərin bilavasitə fəaliyyəti ilə bağlı hansısa bir uğurlu nəticədən danışmaq mümkünsüzdür. Dövlət başçısı İlham Əliyevin ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı sualı cavablandırarkən söylədiyi fikirləri xatırlatmaq istərdik: “Nəticə olmadığı halda, vasitəçilərin rolunu müsbət qiymətləndirmək, təbii ki, düzgün olmazdı. Digər tərəfdən, mən onların mümkün olan hər şeyi etmədiklərini də deyə bilmərəm. Buna görə də, biz ümid edirik ki, həmsədr ölkələr- onlar isə dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvüdür- hər halda, işğalçı ölkəni zəbt olunmuş əraziləri azad etməyin zəruriliyinə inandırmaq üçün özlərinin nüfuzundan və siyasi resurslarından daha çox istifadə edəcəklər.” O da qeyd edilmişdir ki, qarşıdurma vəziyyətində olan tərəflərin ümidləri müxtəlif ola bilər, lakin hər şey hüquqi formata uyğun olmalıdır.

Münaqişənin həlli istiqamətində prezidentlər, xarici işlər nazirləri, eyni zamanda ATƏT-in Minsk qrupu səviyyəsində danışıqlar prosesi intensivliyi ilə diqqətdədir. Konkret nəticənin olmaması müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Bir müddət öncə Rusiya tərəfinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Kazanda görüşü keçirildi. Rusiyanın problemin həlli yönümündə səylərini artırması müsbət hal kimi dəyərləndirilir. Amma bir məqamı qeyd etməliyik ki, dünya dövlətləri səylərini artırırsa, münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini önə çəkirlərsə, işğalçı dövlətin 23 ildir qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi təəccüb doğurmaya bilməz. Görünür işğalçı Ermənistan dünya dövlətlərinin bu bəyanatlarının sadəcə söz olaraq deyildiyinə əmindir. Daim dünyanın maddi və mənəvi dəstəyini öz üzərində görmələri ermənilərdə böyük arxayınlıq hissi yaradır. Ermənistan prezidenti S.Sarkisyanın mütəmadi olaraq sərsəm bəyanatlarla çıxış etməsi də bu dövlətə olan dəstəkdən, ən əsası bu günədək işğalçı dövlətə hansısa bir təzyiqin göstərilməməsindən irəli gəlir. Eyni zamanda, bu reallıq da hər kəsə bəllidir ki, bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da müstəqil siyasət yürütməyən Ermənistan hakimiyyəti özünün deyil, digər ölkənin mövqeyindən çıxış edir. İşğalçı dövlətə ciddi təzyiqlərin göstərilməsi zamanı çoxdan çatsa da, hələ də tərəddüdlər diqqətdən yayınmır. Belə olan təqdirdə münaqişənin beynəlxalq birliyin dəstəyi ilə sülh danışıqları əsasında çözüləcəyinə böyük ümid bəsləmək sual doğurur.

Bu gün daha çox münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərindən səylərini artırmaq tələb edilir. Həmsədr dövlətlər ayrı-ayrılıqda səsləndirdikləri bəyanatlarda Azərbaycanın mövqeyini dəstəklədiklərini, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduqlarını bildirsələr də, konkret məqam yetişəndə susmaqla problemin həllini uzatmaqda Ermənistana dəstək olduqlarını büruzə verirlər. Rəsmi Bakı bu prinsiplərin bütün dövlətlərə eyni şəkildə tətbiq olunmasının vacibliyini bildirir. Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı beynəlxalq hüququn sarsılmaz prinsipidir. Ermənistan isə heç zaman bu prinsiplərə əməl etməmiş, əsassız torpaq iddiasına haqq qazandırmaq üçün ciddi səylər göstərir. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu, tarixdir. Tarixi inkar etmək, saxtalaşdırmaq qeyri-mümkündür. Lakin ermənilər zaman-zaman tarixi həqiqətləri inkar etməklə özlərinə tarix yazıb, bu yalanlarını gerçəklik kimi beynəlxalq ictimaiyyətə çatdırmağa çalışsalar da, daim fakt qarşısında acizliklərini ört-basdır edə bilməyiblər.

Azərbaycan dövləti 2005-ci ildə işğal olunmuş ərazilərdə süni məskunlaşma faktını dəqiqləşdirmək üçün BMT-dən xüsusi Faktaraşdırıcı Missiyanın yaradılmasını tələb etdi. Rəsmi Bakının bu addımını ATƏT-in vasitəçiliyindən imtina kimi dəyərləndirən həmsədr dövlətlər bu missiyanın qurum tərəfindən yaradılmasının zəruriliyini bildirdilər. ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və süni məskunlaşma faktını dəqiqləşdirmək üçün həmin ərazilərdə oldu. Fakt təsdiqləndi. Maraqlı məqam budur ki, həmsədr dövlətlər bu siyasətin hansı dövlət tərəfindən həyata keçirildiyinin gizli saxlanılması təklifi ilə çıxış etdilər. Bildirdilər ki, konkret adın çəkilməsi hansısa tərəfin müdafiəsi kimi qəbul oluna bilər. İşğalçını adı ilə çağırmaq tərəfkeşlik kimi dəyərləndirilirsə, onda Ermənistanın silahlandırılması, müxtəlif adlar altında yardımlar edilməsi, dövlətin mövqeyini əks etdirən ensiklopediyalarında Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi göstərmələri necə qəbul edilməlidir?

Ötən ilin oktyabrında ATƏT-in Qiymətləndirmə Missiyası növbəti dəfə işğal olunmuş Azərbaycan ərazilərində oldu. Xeyli vaxt keçməsinə baxmayaraq, hələ də hesabat hazırlanıb tərəflərə təqdim olunmamışdır. Bu, ikili yanaşma deyilmi?

1994-cü ilin mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasına baxmayaraq, mütəmadi olaraq təmas xəttində atəşkəs rejiminin pozulmasına da dünya dövlətlərinin laqeyd münasibət göstərmələri diqqətdən yayınmır. Minsk qrupu həmsədrləri bununla bağlı bəyanatlarında “narahatlıqlarını” ifadə etsələr də, işğalçı dövlətin problemin sülh yolu ilə nizamlanması haqqında götürdüyü öhdəliklərə məhəl qoymadığını dilə gətirməmələri ikili yanaşmanın mövcudluğunu təsdiqləyir. Ümumi sözlərlə missiyalarını bitmiş hesab edən həmsədrlər 19 illik fəaliyyətləri dövründə bu reallığı qəbul etmək istəmirlər ki, işğalçı dövlətə hansısa bir təzyiq göstərilmədən, onu beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə məcbur etmədən hansısa müsbət nəticədən danışmaq qeyri-mümkündür. Bu kimi dəstəyin nəticəsidir ki, Ermənistan prezidenti Serj Sarkisyan 9 yaşlı Fariz Bədəlovun erməni hərbçiləri tərəfindən öldürülməsini inkar etdi. “Erməni ordusu uşağa əl qaldırmır” söyləyən S.Sarkisyan XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının əsas iştirakçılarından olduğunu unutsa da, bu tarixi faktdır. Soyqırımı zamanı yüzlərlə günahsız uşağı qətlə yetirən, onlara ağır işgəncələr verən erməni hərbçiləri deyildimi?

Bu günlərdə ermənilərin növbəti vəhşiliyinin şahidi olduq. Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Aygün Şahmalıyeva həlak olmuş və anası Elnarə Şahmalıyeva isə ağır yaralanmışdır. Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Elsevər Cəfərov və Aygün Şahmalıyeva oyuncağı taparaq evə gətiriblər. Oyuncağın evdə partlaması Aygünün ölümü ilə nəticələnib.

Bu hadisəyə dünyanın laqeyd münasibəti təəccüb doğurmaya bilməz. Buna terrordan başqa hansısa bir adı vermək mümkündürmü ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar susaraq, ermənilərə dəstək vermək üçün bəhanə axtarırlar? Ermənistan terrora dəstək verən, bu siyasətə sadiqliyini hər addımda təsdiqləyən ölkədir. Lakin bu dövlətə qarşı hansısa bir təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamağına, törətdiyi cinayət əməllərinə görə məsuliyyətdən yayınmasına, yalanlarını həqiqət kimi sırımağa çalışmasına yol açır. Rəsmi Bakı ən yüksək tribunalardan Dağlıq Qarabağın nəzarətsiz zonaya çevrildiyini bəyan edib. Bu ərazilərdə narkotik maddələrin yetişdirildiyi, əldə olunan vəsaitin isə terror təşkilatlarının fəaliyyətinə yönəldildiyini faktlar əsasında diqqətə çatdırıb. Azərbaycan dövlətinin Faktaraşdırıcı Missiyanın yaradılması tələbi ilə çıxış etməsinin əsas səbəblərindən biri də məhz bu faktın öyrənilməsi idi. ATƏT-in Faktaraşdırıcı Missiyası 2005-ci ildən bu günədək iki dəfə işğal olunmuş ərazilərdə olsa da, rastlaşdıqları faktları hesabatlarında qeyd etdiklərini düşünmək, sadəlövhlük olar. İşğalçı dövlət hələ də adı ilə çağırılmırsa, münaqişənin həlli ilə bağlı beynəlxalq birlikdən ədalətli mövqe, konkret addım gözləmək mümkünsüzdür.

Müşavirədə dövlət başçısı İlham Əliyev Ermənistanın Azərbaycanla hansısa bir sahədə rəqabət aparmaq imkanında olmadığını da əsaslı şəkildə diqqətə çatdırdı. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regionda və dünyada mövqeləri möhkəmlənir, ordumuz güclənir, demoqrafik göstəricilər yüksəlir. Ötən ay keçirilən hərbi parad Azərbaycan dövlətinin, ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycanın dövlət büdcəsinin 20 milyard dollardan artıq olması iqtisadiyyatımızın dinamik və davamlı inkişafının təsdiqidir. Bunun nəticəsi olaraq digər sahələrin inkişafına yönəldilən vəsait də artmaqdadır. Hərbi büdcəmiz 3,3 milyard dollara bərabərdir. Bu, yoxsulluq içində yaşayan Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur. İşğalçı dövlətin iqtisadi vəziyyətinin ağırlığının nəticəsidir ki, ölkəni kütləvi tərketmələr intensiv xarakter alıb. Statistikaya əsasən son altı ayda 70 min erməni ölkəni birdəfəlik tərk edib. Xarici yardımlardan asılılıq daha da artıb. Bu isə işğalçı ölkənin məhvi deməkdir.

 

 

İki sahil.- 2011.-  2 avqust.- S. 13.