Neftin sənaye üsulu ilə
hasilatının inkişaf mərhələləri
(1950-1969-cu illər)
“Neft
Daşları”ndan neftlə dolu ilk tanker 1951-ci ildə yola
salındı. 1952-ci ilin əvvəllərində isə
artıq 6 kəşfiyyat quyusundan neft istehsal olunurdu. Dənizin
su səthinin 40 m-ə qədər dərinliyində
estakadaların tikintisi aparılır və yatağın
işlənməsi bu estakadalardan “kol” üsulundan istifadə
etməklə maili quyuların qazılması yolu ilə həyata
keçirilirdi. Belə maili quyuların qazılması dənizin
su qatının hətta 60 m dərinliyində olan hissələrindən
yatağin istismar olunmasına imkan verirdi.
“Kol” üsulu ilə hər
meydançadan 24-32 ədəd quyu qazılır, quyudibi məsafə
isə şaquli xətdən 2000 m -dən artıq yana ola bilərdi.1950-
1960-cı illər ərzində dənizin 12-16 m dərinliyində
163,4 km uzunluğunda estakadalar tikilib istifadəyə verildi.
1980 -ci ilədək isə “Neft Daşları”nda inşa
edilmış estakadaların ümumi uzunluğu 180 km təşkil
edirdi. 1967-ci ildə burada ən böyük neft
hasilatına - 7,6 mln. t - nail olundu. Hal-hazırda
“Neft Daşları”nda 200 stasionar platforma var, küçələrin
və döngələrin uzunluğu 350 km-ə
çatır. Ötən 60 il ərzində
burada 2000-ə yaxın quyu qazılmış, 160 mln. ton neft və 13 mlrd. kubmetr səmt
qazı hasil edilmişdir. Burada indi 380 istismar
quyusu fəaliyyətdədir, orta hesabla hər quyu gündə
5 ton neft verir. “Neft Daşları” adi mədən deyil, dəniz
girdabında özünəməxsus kommunikasiyası, nəqliyyatı,
yaşayış evləri və s. olan bir şəhərdir.
1950-1960-cı illərdə
dəniz axtarış-kəşfiyyat qazma işlərinin
texnika-texnologiyası, hidrotexniki neft qurğularının
tikintisi, dəniz neft hasilatının infrastrukturu müvəffəqiyyətlə
inkişaf etdirilirdi. Bu
illər Xəzər dənizinin əsas neft-qaz strukturları
müəyyənləşdirildi. İri bloklu dəniz
özüllərin tətbiqi - “Pirallahı”, “Darvin Bankası”,
“Gürgan-dəniz”, “Çilov-dəniz”, “Palçıq pilpiləsi”,
“Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Bulla
adası”, “Cənub”, “Bahar” və b. yeni neft yataqlarının
sənaye istehsalına daxil edilməsinə imkan verdi. Bu strukturlarin bir çoxunda hələ 1949-1950-ci illərdə
kəşfiyyat işləri aparılmışdı, lakin sənaye
əhəmiyyətli neft və qaz alınması mümkün
olmamışdı. Yalnız neft-qaz
strukturlarının kəşfiyyatının geoloji-geofiziki
üsulları düzgün seçildikdən sonra,
açılmış yataqların birbaşa qiymətləndirilməsinə
və istismara verilməsinə imkan yarandı.
Kompleks mühəndis
və elmi-texniki tədbirlərin tətbiqi sayəsində bu
yataqlara xeyli əsaslı kapital qoyuluşu həyata
keçirildi, yüksək əmək məhsuldarlığı
əldə edildi, hasil edilən neftin maya dəyəri
aşağı salındı.
Lakin 1953-cü ildə
Stalinin ölümündən sonra Azərbaycanın quru sahəsində
kəşfiyyat-axtarış işlərinin gələcəkdə
heç bir perspektivə malik olmaması kimi fikirlər
çox yüksək səviyyədə SSRİ rəhbərliyinin
nəzərinə çatdırılmağa
başlanıldı. Nəticədə
1954-cü ilin 9 iyulunda SSRİ Nazirlər Sovetinin “Neft sənayesinin
inkişafı ilə bağlı tədbirlər haqqında”
verdiyi qərarla, 1955-ci ildə Azərbaycan neft sənayesinə
yönəldilən əsaslı kapital qoyuluşunun həcmi
birdən-birə 2,2 dəfə azaldıldı. Bununla
bağlı, həmin il 1954-cü illə müqayisədə
neft hasilatı 2,2 dəfə, kəşfiyyat
qazmasının həcmi isə 4,4 dəfə azaldı. Kapital qoyuluşunun kəskin aşağı
salınmasına baxmayaraq, 1955-ci ilin neft-qaz planı əvvəlki
səviyyədə saxlanılırdı ki, bu da onsuz da uzun
illər amansız istismar olunan neft yataqlarını daha da pis
vəziyyətə salırdı. Bu qərar
təkcə Azərbaycan neft sənayesinə deyil, onun
ümumi iqtisadiyyatına və gələcəyinə vurulan
ağır zərbə idi. Belə ki , ölkənin
iqtisadi potensialının əsas bazası olan ağır sənaye
sahələrinin inkişafı birbaşa (neft-qaz
çıxarma və onun infrastrukturu, neft emalı, neft-kimya,
neft maşınqayırma, energetika və d. sahələr) neft
və qaz hasilatının artması ilə bağlı idi və
bu qərəzli fikirlər həyata keçirilsə idi,
respublikanın gələcəkdə neft sənayesi ilə
bağlı bütün sadalanan ağır sənaye sahələrinin
inkişafına mane olar və hətta gələcəkdə
Azərbaycanın sənaye ölkəsindən aqrar-sənaye
ölkəsinə çevrilməsi təhlükəsi ortaya
çıxardı. Bu isə Azərbaycan
xalqının intellektual və elmi -texniki səviyyəsinin
inkişafına ciddi təsir göstərə bilərdi.
Bu azmış kimi, ardınca , 1956 -cı ilin sonunda SSRİ
Plan Komitəsinin sədr müavini Vartan Kalamkarov Sov.İKP MK
yanında Partiya Nəzarəti Komitəsinin sədri
N.Şvernikə Azərbaycan neft sənayesinin ölkə
iqtisadiyyatı üçün səmərəsiz olduğu
barədə müraciət məktubu göndərir və əsas
dəlil kimi guya Azərbaycan neftinin maya dəyərinin
çox yuxarı olmasını göstərir. Əlbəttə,
uzun illər ölkənin neftə olan tələbatını
ödəmək üçün “vəhşicəsinə”
istismar olunan Azərbaycanın, xüsusən Abşeron
yarımadasının quruda yerləşən neft yataqları
və istismara verilmək üçün böyük maddi və
texniki vəsait tələb edən dəniz neft yataqları
SSRİ-nin “İkinci Bakı” adlanan neft yataqları ilə
müqayisədə daha enerjitutumlu idi və daha çox
kapital xərcləri tələb edirdi ki, bu da istehsal olunan məhsulun
maya dəyərini artırırdı. Ancaq
SSRİ hökuməti Plan Komitəsinin müavininin məsələni
belə qoyması əlbəttə ki, Azərbaycana
qarşı yönəldilmiş bir “təxribat” idi. Yalnız Azərbaycan rəhbərliyinin işə
qarışması və SSRİ rəhbərliyinin vəziyyəti
düzgün qiymətləndirməsi nəticəsində
bunun qarşısı alınır.
Bütün bunlara
baxmayaraq Azərbaycan neftçiləri yorulmadan sahənin
inkişfında yeni uğurlar qazanırdılar. 50-ci illərin ortalarında “Dənizneftlayihə”
institutunun əməkdaşları dənizin 20-26 m dərinliyində
qazma işləri aparmaq üçün qurğunun layihəsini
hazırladılar və 1957-ci ildə bir qurğu
hazırlanıb istismara verildi. 1958-ci ildə
isə institutun layihəsi əsasında “Qipromos” adlı yeni
fərdi özüllər hazırlanıb bu cərgəyə
daxil edildi. 50-ci illərin sonunda Xəzər dənizinin
10 yatağında kəşfiyyat və istismar qazıması
ışləri aparmaq üçün 400-dən artıq iri
metal özüllər fəaliyyət göstərirdi.
Dənizdə neft
işlərini uğurla aparmaq üçün həmçinin
dəniz neft donanmasının yaradılmasına ehtiyac
duyulurdu. SSRİ Neft Sənayesi Nazirliyinin
1949-cu il 4 noyabr tarixli əmri ilə üzən vasitələr
Baş idarəsi, həmin nazirliyin 1953-cü il 22 yanvar tarixli əmri
ilə Xəzərdənizneftdonanma idarəsi yaradıldı.
1954-cü ildə bu idarənin balansında 170
müxtəlif təyinatlı üzən vasitə var idisə,
1955-ci ildə artıq bu rəqəm 213-ə yüksəlmişdi.
Dəniz neft yataqlarının istismar
tarixində digər vacib hadisələrdən biri də
1958-ci ilin avqust ayının 7-də Azərbaycan SSR Nazirlər
Sovetinin qərarına əsasən elan olunmuş “Dənizin
su qatının 25-100 m dərinliyində kəşfiyyat və
istismar işləri aparmaq üçün dəniz
özülünün hazırlanması barədə”
keçirilən müsabiqə ilə əlaqədar “Dənizneftlayihə”
institutunun layihələndirdiyi, 1800 m dərinliyə
struktur-axtarış qazıması işləri aparmağa
qadir olan fərdi üzən qazıma qurğusu oldu.
Dənizdə neft
hasilatını artırmaq üçün dıgər
üsullar da axtarılırdı.
Dənizin sahilə yaxın hissəsində
estakadaların və fərdi üzən özüllərin səmərəli
olmadığı yerlərdə işləmək
üçün, Azərbaycan alim və mühəndisləri
tərəfindən müasir hidrotexnikanın ən son nailiyyətlərini
istifadə etməklə müasir bəndlər (damba) layihələndirildi
və ilk dəfə Xəzər dənizinin Qaradağ rayonu ərazisində
neft yataqlarının işlənməsində istifadə
olundu. 1960-cı ildə bu yolla uzunluğu 6 km-ə
çatan 6 bənd hazırlandı və 18 neft quyusu qazıldı.
Həmçinin bu illər dəniz
qurğularını aşınmadan qorumaq üçün
alimlər və mütəxəssislər tərəfindən
aşınmaya qarşı çox səmərəli vasitələr
hazırlandı və tətbiq olundu.
Sahənin texniki cəhətdən
yaraqlanması ilə yanaşı, respublikanın neft sənayesinin
idarə olunması strukturunda da dəyişikliklər baş
verirdi. SSRİ Ali Soveti Rəyasət
Heyətinin 1954-cü il 18 may və
SSRİ Nazirlər Sovetinin 1954-cü il 13 iyun tarixli qərarlarına
əsasən və müvafiq olaraq Azərbaycan SSR Ali Sovetinin
və Nazirlər Sovetinin 1954-cü il 26 iyul tarixli müvafiq qərarları
ilə respublikanın Neft Sənayesi Nazirliyi yaradıldı.
Dənizdə yeni
neft və qaz yataqlarının açılması o demək
deyildi ki, quruda bu işlər davam etdirilmir. 1950-1960-cı illər ərzində Azərbaycanın
quru sahəsində dərin qazıma üsulu ilə
Kürovdağ, Mişovdağ, Qarabağlı, Qalmaz,
Qaradağ və b. bu kimi bir sıra iri neft və qaz
yataqları kəşf edilib istismara verildi.
1955-ci ilin əvvəllərində
Bakının cənub-qərbində Xəzər dənizinin
sahilində yerləşən Qaradağ yatağında kəşfiyyat
quyusundan güclü qaz fontan vurdu.
Qazla bərabər quyudan böyük miqdarda
kondensat da gəlirdi. Qaradağın
açılması (o illər SSRİ-də ən iri
qaz-kondensat yataqlarından biri) Azərbaycanda yüksək məhsuldarlı
qaz laylarının axtarışı və kəşfiyyatının
yeni mərhələsinin başlanğıcı oldu. 1957-ci ildə bu böyük qaz-kondensat
yatağının işlənilməsinə
başlanıldı. Qaradağ-Bakı,
Qaradağ -
1960-cı ilədək Xəzər dənizində
neft hasilatında aşağıdakı üsullardan istifadə
olunurdu:
- dəniz sahilində
quyuların qazılması;
- dənizdə qumdan
süni adaların yaradılması;
- fərdi özüllərin
üstündən quyuların qazılması;
- estakadayanı
meydançalardan quyuların qazılması.
Qazıma və tədqiqatlar
zamanı geoloji-kartoqrafik, geofiziki kəşfiyyat, seysmik kəşfiyyat
və struktur axtarışı üsulları tətbiq
olunurdu. Bundan
başqa, dəniz neft mədənlərində “kol” üsulu
ilə maili qazıma, iki gövdəlili qazıma
üsulları və neft hasilatında isə əsasən
fontan üsulu tətbiq olunurdu. 1955-1960-cı illərdə
dəniz yataqlarından hasil edilən neftin 70%-i, “Neft
Daşları”ndan çıxarılan neftin isə 91%-i fontan
üsulunun payına düşürdü. Sonralar
Azərbaycan neftçilərinin Xəzərin ağır
şəraitində axtarış və istismar sahəsində
tətbiq etdikləri üsullar başqa dəniz sahili yerlərdə
və Sibirin zəngin neft və qaz yataqlarının cəmləşdiyi
bataqlıq və su basan ərazilərdə də geniş tətbiqini
tapmışdır.
1961-ci ildə bir qrup Azərbaycan alim və
neftçiləri dəniz neft yataqlarının mənimsənilməsində
göstərdikləri müstəsna xidmətlərinə
görə ən ali mükafata- Lenin
mükafatına layiq görüldülər.
1950-1963-cü illər
ərzində Xəzər dənizində 800-dən çox
iribloklu özüllər quraşdırılmış və
onlardan minlərlə kəşfiyyat və istismar quyuları
qazılmışdı.
1966-cı ildə
SSRİ-də ilk dəfə olaraq iki və habelə daha
çox layın bir quyu ilə eyni zamanda
ayrı-ayrılıqda istismar edilməsinin texnologiyası
işləndi. 1968-ci ilin
dekabrında “Neft Daşları”nda 2040 metr mailliklə dərinliyi
3183 m olan quyu qazıldı ki, bu da o vaxt üçün
Avropa rekordu sayılırdı. “Neft Daşları”
yatağının açılmasından sonra bir neçə
il müddətində güclü Neft Donanması
yaradıldı, estakada tikintisinin yeni bazaları,
metalkonstruksiya hazırlanması üzrə sahələr
işə salındı və bunlar da dənizin 25 metr dərinliyində
20 metr aralıqları olan estakadaların tikilməsinə
imkan verdi. “Dənizneftqazlayihə” DETLİ-nin köməyi ilə
ağır işlərin mexanikləşdirilməsinə nail
olundu və nəticədə estakada tikintisində sürət
artdı, bu isə Xəzərin daha böyük dərinlikləri
istiqamətində, “Neft Daşları” yatağından cənub-şərqdə
yerləşən perspektivli strukturlarda geoloji-kəşfiyyat
işlərinin aparılmasına imkan verdi.
1966-cı ildə Kürsəngidə yeni
neft-qaz yatağı kəşf edilmiş, 1969-cu ildə “Səngəçal-Duvannı”,
“Xərə-Zirə” və “Bahar” yataqları istismara verilmişdir.Nəticədə,
1964-1968-ci illərdə respublikada neft hasilatının həcmi
ildə 21 mln. tona qədər
artırıldı.
Ona görə də
1950-1968-ci illəri Azərbaycan neft sənayesinin tarixində
üçüncü “canlanma” dövrü adlandırmaq olar.
Bu dövrdə Azərbaycan Cənubi Qafqazın yanacaq
bazasına çevrilmişdi, ondan
enerjidaşıyıcıları (neft, neft məhsulları,
qaz) qonşu dövlətlərə - Ermənistana və
Gürcüstana mineral sudan da ucuz qiymətə göndərilirdi.
Rafiq
Abdullayev,
ARDNŞ-in
Baş ofisinin Muzey
işinin
təşkili şöbəsinin böyük
mühəndisi
İki
sahil.- 2011.- 2 iyun.- S. 10.