Gəncə hadisələri: Tariximizin qaranlıq qanlı səhifələri

 

4 iyun 1993-cü ildə xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyev müdrikliyi ilə dövlətçiliyi xalqı bəladan xilas etdi

 

1991-1992-ci illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı üzündən Azərbaycanda baş verən siyasi böhranlar, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Biri-birindən mürəkkəb hadisələr burulğanında çapalayan xalq əslində okeanda orientirini itirmiş, tufana düşmüş gəmi kimi siyasi hadisələrin burulğanında çalxalanırdı.

Nüfuzuna, biliyinə, siyasi hazırlığına görə xalq tərəfindən qəbul olunmayan şəxslər ölkəyə rəhbərlik iddialarını önə çəkərək Azərbaycanın suverenliyini təhlükə altına salmışdılar. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət, bir qığılcım idi. Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Əslində o dövr Azərbaycanda hakimiyyətsizlik illəri kimi xatırlanır.

...Surət Hüseynov kimi cinayətkar “milli qəhrəman” adına layiq görülür, elmi işçi baş nazir təyin edilir, texniki-peşə məktəbində komsomol təşkilat katibi cəbhəçilərin bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olur, institut müəllimi xarici siyasət idarəsinə başçılıq edir, müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi Rəhim Qazıyev kimi hərbin əlifbasını bilməyənə tapşırılır... Bir sözlə, yerləri səhv düşənlərin cılız iddiaları Azərbaycanı parçalanmaq, uçurum təhlükəsi qarşısında qoyur. Hakimiyyəti zorla ələ keçirən cəbhəçilər meydanlarda fit çalanları, qanunsuz hərəkət edib insanları hədələyənləri, “xalq hərəkatının öncülləri” kimi   mükafatlandıraraq yüksək vəzifələrə yerləşdirirdilər. Hətta vaxtı ilə məhkum olunmuşlar rütbəli polislər kimi poqon gəzdirir, qanunlardan xəbərsiz olan “qanun keşikçiləri” cinayətkarlar üçün münbit şərait yaradırdılar.

Baş verənlərin fəsadlarından, hansı istiqamətə yönələcəyindən xəbərsiz xalq isə vahimə içərisində idi. Müstəqilliyimiz üçün böyük təhlükə olan Gəncə hadisələrinin “vüsətlənməsinin” səbəbi AXC-Müsavat iqtidarı idi. Ayrı-ayrı qruplara, insanlara məxsus silahlı dəstələr yaranmış vəziyyətdən istifadə edərək şəxsi maraqlarına uyğun gedişlər edirdi.

Elə o ağır vaxtlarda nicat gözləyən xalqın nəzərləri Naxçıvana yönəldi. Milyonlar xilaskarını Bakıya dəvət etdi. 1990-cı ilin əvvəllərində törədilən Yanvar hadisələrinə siyasi qiymət verən, ölkədə baş verən hadisələri milli maraq və dövlətçilik mənafeyi baxımından təhlil edən ümummilli lider Heydər Əliyev Gəncə hadisələri zamanı da müdriklik göstərdi.

Ölkəmizi daxili və xarici düşmənlərdən xilas etmək yolunu axtaran xalq səhv etmədiyini sonrakı illərdə bir daha təsdiqlədi. Bu müdrikliyin fövqündə xalq bəzi qrupların hakimiyyət uğrunda mübarizəsinin əsl mahiyyətini, xəyanətlərini öyrəndi. Hər cür xəyanətə imza atan AXC-Müsavat iqtidarının dövləti idarəetmədə təcrübəsizliyi millətimizin başına müsibət və bəlalar gətirdi. Rəhim Qazıyevin müdafiə naziri işlədiyi müddətdə ağır döyüşlərin getdiyi bölgələrdə vuruşan hərbi hissələrin heç bir səbəb olmadan cəbhədən uzaqlaşdırılması, korpus komandiri Surət Hüseynov kimilərinin əmri ilə strateji əhəmiyyətli bölgələrdən çıxarılması torpaqlarımızın itirilməsi ilə nəticələnən sonrakı hadisələr üçün əvvəlcədən planlaşdırılmış xəyanətkar gedişlər idi. Hakimiyyətdə yüksək mövqe tutan İsa Qəmbər, Əli Kərimli, Surət Hüseynov arasında yaranan qarşıdurmalar, daha yüksək pilləli kresloda mövqe tutmaq hərisliyi 4 iyun, Gəncə hadisələrini yetişdirdi.

İyunun 4-də ölkəmizin ən böyük şəhərlərindən olan Gəncədə baş verən qiyam, silahlı dəstələrlə dinc əhali arasında yaranan qarşıdurma bütünlükdə Azərbaycanın varlığını təhlükə altına aldı. Uzaqgörən siyasətçi kimi respublikada yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran ulu öndər Heydər Əliyev Gəncə hadisələrindən vahiməyə düşən xalqı müdrikliyə, səbrli olmağa çağırdı: “Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək.”

Ermənilərin torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf edən, məsuliyyətli bir dövrdə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirən Heydər Əliyev bir daha təmkinlilik göstərərək qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün tədbirli davranmağı biri-birini ittiham edən tərəflərdən tələb edirdi.

Hadisə zamanı o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, külli miqdarda dağıntının olması kimi dəhşətli hallara insanlar biganə qala bilmirdi. Sovetlərə məxsus 130 və 709 nömrəli hərbi hissələrin ərazisində baş verən hadisələrin əsl mahiyyətini öyrənmək üçün təşkil olunan komissiya və ağsaqqallardan ibarət nümayəndə heyətinin səyləri belə fayda vermədi. Çünki qiyamın yaranmasına səbəb olan o dövrün iqtidarı, dövlət büdcəsini son qəpiyinə qədər atalarının malı kimi mənimsəyən, iqtisadiyyatı iflic vəziyyətinə salan “cütlüyün” hakimiyyəti illərində əhali çörəyə belə möhtac idi. Çörək mağazalarının qabağında 24 saat müddətində davam edən növbələrin ardı- arası kəsilmirdi. Xalqı belə miskin vəziyyətə salan o dövrdəki iqtidarın İsa Qəmbər, Əli Kərimlidən və başqalarından ibarət komandası xarici emissarların drijor çubuğu ilə idarə olunduqlarından xalqın taleyini düşünməkdən xeyli uzaq idilər. İstək və məqsədləri daha çox varidat toplamaq, şəxsi büdcələrini artırmaq idi.

Ölkə iqtisadiyyatının inkişafında böyük rolu olan və sovet hakimiyyəti dövründə xalqının gələcəyi üçün çalışan Heydər Əliyevin min bir əziyyətlə inşa etdirdiyi ən böyük sənaye müəssisələri kortəbii halda, “özəlləşdirilmə” adı ilə dağıdıldı. Avadanlıqları xarici dövlətlərə “yararsız xammal” kimi satıldı. Belə “bölgüdən” pay umsa da, kənarda qalan, vaxtı ilə İsa Qəmbər və Əli Kərimliyə yaxınlığı ilə seçilən Surət Hüseynov kimi “silahdaşları” onları ölümlə hədələyərək, vəzifədən istefalarını tələb etdi. S.Hüseynovun başçılıq etdiyi silahlı dəstələr Gəncədən başlayaraq paytaxta doğru irəliləyərək bir çox rayonlarda qanlı hadisələr törətdilər. 2 milyonluq erməninin qarşısında dayana bilməyən AXC-Müsavat iqtidarının düşünülməmiş bəyanatları, daxili və xarici siyasətdən bixəbər səriştəsizlərin səhv addımları bəzi dövlətləri ilə münasibətlərin korlanmasına gətirib çıxardı. Yenə də vətəni təhlükəli vəziyyətdən xalqın birliyi və həmrəyliyi qurtardı. Xalq çıxış yolunu özü müəyyənləşdirdi. Bu yola bələdçiliyi isə böyük dövlətçilik təcrübəsi olan siyasətçi Heydər Əliyevə etibar etdi. Xalqın təkidli tələbindən və Heydər Əliyev böyüklüyündən, zəkasından vahiməyə düşən AXC-Müsavat iqtidarı ağlagəlməz cinayət və xəyanətlərə əl atdılar. Amma haqq, ədalət zəfər çaldı.

Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizə qısqanclıqla yanaşanların Azərbaycanı parçalamaq kimi bəd niyyətlərinin qarşısı alındı. Bu birlik 1994-1995-ci il dövlət çevrilişlərinə cəhdlər zamanı da qaragüruhçuların qarşısında sipər oldu. Bu gün də bəd əməllərindən, hakimiyyət hərisliklərindən əl çəkməyən İsa Qəmbərlə Əli Kərimli İctimai Palata adlı oyuncaq bir qurumun kölgəsində gizlənərək xəyanətkar niyyətlərini təkrarlamaq istəyirlər. Lakin 1993-cü ildə onlara nifrət və etirazlarını bildirən Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birləşməklə ümummilli lider Heydər Əliyev irsinə, siyasətinə, dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirir.

 

 

Cəlil İmanov

 

İki sahil.-  2011.- 2 iyun.- S. 7.