Azərbaycan elminin beynəlxalq uğurları ilbəil artır

 

Müsahibimiz ADNA Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun direktoru Ramiz Həsənovdur

 

Texnika elmləri doktoru, professor Ramiz Əliş oğlu Həsənov 1993-1997-ci illərdə ADNA-nın prorektoru vəzifəsində çalışıb. 1996-cı ildən ADNA-nın “Tətbiqi mexanika” kafedrasının müdiri, 1999-cu ildən isə ADNA-nın Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun direktorudur. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə elm və təhsil sahəsində nailiyyətlərinə görə “Əməkdar müəllim” fəxri adına, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

- Ramiz müəllim, gəlin söhbətimizə rəhbərlik etdiyiniz institutun neft sənayesi üçün kadr hazırlığı sahəsində fəaliyyətindən başlayaq...

- Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft Akademiyası neft, qaz və kimya sənayesi üçün mütəxəssislər hazırlayan ilk ali təhsil ocaqlarından biridir. 1996-cı ildən ADNA-nın strukturuna daxil olmuş Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu 1972-ci ildə keçmiş Azərbaycan Neft-kimya Sənayesi Nazirliyi tərəfindən yaradılmışdır. ADNA-nın maddi-texniki bazasına və professor-müəllim potensialına əsaslanan institutun son 15 ildəki fəaliyyəti əsasən Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının mənimsənilməsində bu və ya digər formada fəal iştirak edən yerli şirkətlərin və xarici tərəfdaşlarının mühəndis-texniki və rəhbər işçilərinin əlavə təhsilinin reallaşdırılmasına yönəlmişdir. ADNA-da qazanılmış və uzun illər toplanmış zəngin təcrübədən bəhrələnən institut bu istiqamətdə əhəmiyyətli layihələrin icrasını təmin edərək yanacaq-enerji kompleksi də daxil olmaqla respublikanın müxtəlif sənaye sahələrinin və xarici ölkə şirkətlərinin 2000-dən artıq personalını ixtisasartırma və yenidənhazırlama kurslarından keçirmişdir. İnstitutun ADNA strukturunda möhkəmlənməsi və ötən illərdəki uğurlu fəaliyyəti Təhsil Nazirliyinin və ADNA rəhbərliyinin tədrisin bu istiqamətinə önəm verməsi, bu fəaliyyəti daima diqqətdə saxlamasının nəticəsidir. Bununla yanaşı xüsusi qeyd olunmalıdır ki, institutun ötən illər ərzində fəaliyyət dairəsini genişləndirmək cəhdləri və aidiyyəti təklifləri ARDNŞ-in vitse-prezidentləri Rəhman Qurbanov, Xaliq Məmmədov, Süleyman Qasımov tərəfindən müsbət qarşılanmış və mahiyyət etibarilə müxtəlif tədris layihələrinin reallaşdırılması ilə nəticələnmişdir. 2005-ci ildən başlayaraq təhsil sahəsində aktiv beynəlxalq fəaliyyətə başlayan institut dünyada tanınmış, o cümlədən aparıcı Qərb ölkələrinin, Avropa Birliyinin və NATO təşkilatının tərəfdaş ölkələrinin tədris mərkəzləri ilə işgüzar əlaqələr yaratmışdır. Beləliklə, institutun ötən illər ərzindəki fəaliyyəti onu sənaye sahələri personalının əlavə təhsili üçün respublikada beynəlxalq səviyyəli tədris xidmətlərini reallaşdıran aparıcı tədris-metodiki mərkəzlərdən birinə çevirmişdir. Tədris proqramlarının reallaşdırılması proseslərində kurslara cəlb olunan dinləyicilər müasir təhsil texnologiyalarından yararlanaraq elm və texnikanın ən son nailiyyətlərini, planlaşdırmanın və iqtisadi stimullaşdırmanın səmərəli metodlarını, layihələrin idarə olunma prinsiplərini, onlarda risklərin qiymətləndirilməsi mexanizmlərini öyrənir, istehsalatın, əməyin təşkili və idarəetmə vərdişlərinə yiyələnirlər. Bu gün institut ARDNŞ ilə yanaşı ABƏŞ, bp Exploration LTD, Stat Oil, Nobel Oil, Euro stule LTD, Mcdermot Caspian Contraktors inc, Siemens Power Generation kimi 40-dan çox şirkətlə əməkdaşlıq əlaqələri qurmağa və müvafiq sifarişlərinin icrasına müvəffəq olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 6 sentyabr 2010-cu il tarixli 163 saylı Qərarı bu fəaliyyətə daha böyük impuls verəcəkdir. Bu qərarın məzmunu optimist notlara bağlanmaq üçün çox ciddi zəmindir.

- Bildiyimiz kimi, İnstitut öz gündəlik işində tədris prosesi ilə yanaşı elmi tədqiqat fəaliyyətinə də geniş yer verir. Bu sahədə hansı uğurlarınızı qeyd edə bilərsiniz?

- Ümumilikdə, əlavə təhsilin proqramları müasir elmi-texniki tərəqqinin nailiyyətlərinə əsaslanmalı və onun inkişaf tendensiyalarını özündə əks etdirməlidir. Bu danılmaz tələbdir və faktdır.

Müasir elmi tərəqqinin kanonları və prinsiplərinə əsaslanan ötən müddət ərzindəki institut əməkdaşlarının elmi fəaliyyəti əsasən neft-qaz, neft-kimya və maşınqayırma sənayelərinin müxtəlif təyinatlı obyektlərinin modelləşdirilməsi, eksperimental və nəzəri tədqiqatlarının aparılması və aidiyyəti elmi-metodiki təminatın işlənməsi, onların istismar və texnoloji-konstruktiv xarakteristikalarının layihələndirilməsi, optimallaşdırılması və tətbiqi ilə əlaqədar problemlərin həllinə yönəlmişdir.

Bu fəaliyyətin nəticələri 200-dən artıq elmi və tədris-metodiki əsərlərdə, o cümlədən 12 müxtəlif həcmli monoqrafiyalarda, respublikanın və MDB ölkələrinin neft və qaz regionlarında tətbiq edilmiş 50-dən artıq ixtira və patentlərdə öz əksini tapmış, dəfələrlə respublika, keçmiş İttifaq və beynəlxalq səviyyəli istehsalat və elmi-texniki müşavirələrdə, elmi seminarlarda, konfranslarda, simpozium və konqreslərdə sınaqdan çıxarılmışdır.

Aparılan elmi tədqiqatlara bilavasitə rəhbərlik edən alim-mütəxəssis kimi mən 1999-cu ildə ADNA-nın bir qrup əməkdaşı ilə birlikdə ABƏŞ-in müsabiqəsinin laureatı olmuş, Təhsil Nazirliyinin “Ən yaxşı elmi iş” adlı müsabiqəsində uğurla iştirak etmiş, 2002-ci ildə bir sıra respublika əhəmiyyətli və beynəlxalq səviyyəli (Lukoyl şirkəti, Moskva Dövlət Universiteti, Ukrayna Milli Elmlər Akademiyası və s.) elmi-istehsalat qurumlarının dəstəyini alaraq AMEA-nın “Yer elmləri” bölməsinin “Geodinamika və dağ mexanikası” ixtisası üzrə müxbir üzvlüyünə seçkilərin nominantı olmuş və müvəffəqiyyətlə bu seçkilərdə iştirak etmişəm. 2008-ci ildə isə AMEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinin “Mexanika” ixtisası üzrə müxbir üzvlüyünə seçkilərin nominantı olmuşam.

Elmi araşdırmalarım əsasən neft-qaz quyularının işləmə qabiliyyəti və keyfiyyət göstəricilərinin tədqiqi və yüksəldilməsi üçün tədbirlərin işlənməsi, neft və qaz quyularının qazılması zamanı quyu lüləsində və quyudibi zonada baş verən kinetik proseslərin nəticəsi olan müxtəlif həyəcanlandırıcı təsirlərin qazma yığımlarının elementlərində yaratdığı fəsadların tədqiq edilməsi, texnogen amillərin təsiri səbəbindən qəzaya uğramış quyu fondu ilə işləmək üçün rəqabət qabiliyyətli quyudaxili alətlər kompleksinin yaradılması və tətbiqi istiqamətlərini əhatə edir.

Bütün fəaliyyət xarici tərəfdaşlar ilə iş birliklərinin qurulmasına yönəldilmişdir və əsaslı nəticələr əldə edilmişdir. 2001-2006-cı illərdə NATO hərbi blokunun Sülh naminə əməkdaşlıq proqramı çərçivəsində Amerika, Almaniya, İngiltərə İsrail, Rumıniya, Macarıstan, Ukrayna, Sloveniya, Xorvatiya və s. ölkələrdə təşkil edilən seminarlarda elmi tədqiqatlarımızın nəticələrini əks etdirən məruzələrlə çıxış etmiş və dünya alimlərinin rəğbətini qazanmışıq. Eləcə də son bir neçə ildə institut tərəfindən dünyada tanınmış elm mərkəzlərinin iştirakı ilə 13 ədəd müxtəlif mövzulu beynəlxalq layihələr işlənmişdir. 2010-cu ildə 3 yeni layihə maliyyə dəstəyinin alınması məqsədilə müvafiq qurumlara təqdim edilmiş və gözləmə rejimindədirlər.

- Son illər ekoloji problemlər, xüsusən alternativ enerji mənbələrindən istifadə məsələləri daha çox aktuallıq kəsb edir...

- Bəli, bu istiqamət 2008-2010-cu illərdə ölkəmizdə ən prioritet istiqamət elan olunmuşdur. Odur ki, institutumuzun da bu istiqamətin təbliği və inkişafı ilə əlaqədar olan konkret layihələrdə müəyyən uğurlu fəaliyyəti olmuşdur. Bu layihələrə misal olaraq enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən bərk oksidli yanacaq elementlərinin yaradılması, tədqiqi, istehsalı və tətbiqinin kommersiyalaşdırılması, qeyri-ənənəvi karbohidrogen ehtiyatlarında və Qara dəniz sularındakı H2S-in parçalanmasından alınan H2-də işləyən yanacaq elementlərinin işlənməsi, məişət istifadə məqsədli külək elektrik qurğularının təkmilləşdirilməsi, ekoloji təmiz istehsal texnologiyalarına əsaslanan tədris proqramlarının işlənməsi layihələrini göstərmək olar. Müstəsna əhəmiyyətə malik olan və çoxlu sayda müsbət xüsusiyyətləri ilə, o cümlədən enerji obyektlərinin istehsalat və istismar xərclərinin azaldılması (25ç40%), istehsal olunan enerjinin maya dəyərinin aşağı olması (20ç30), onlardan fərdi və mərkəzləşdirilmiş enerji təchizatı sistemlərində istifadə edilə bilməsi, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi və s. diqqəti cəlb edən bu layihələrdə institut əməkdaşları iştirak etmiş və nəticə etibarilə öz bilik və təcrübələrini artırmış, mütərəqqi tədqiqat texnologiyalarını mənimsəmişdir. Bu isə əlavə təhsil proqramlarının beynəlxalq səviyyəyə qaldırılmasında, onların keyfiyyətinin təmin olunmasında ən səmərəli istiqamət hesab olunmalıdır.

 

 

İlqar Məmmədli

 

İki sahil.- 2011.- 4 iyun.- S.14.