Azərbaycan Respublikası Dövlət Müstəqilliyi – 20

 

Azərbaycanda yeni iqtisadi münasibətlər sisteminin formalaşması mərhələləri

 

Hazırkı yüksək inkişaf və tərəqqi mərhələsinə qədəm qoymuş Azərbaycan bu tarixi mərhələyə heç də qısa zaman kəsiyində və asan yolla çatmayıb. Respublikamız qazandığı sosial-iqtisadi uğurlara və bu sahədə nümayiş etdirdiyi artım templərinə yerli resursların səmərəli istifadəsi və sosial ədalət prinsiplərinə uyğun bərabər bölüşdürülməsi, xüsusən də, düşünülmüş mükəmməl iqtisadi strategiyanın həyata keçirilməsi yolu ilə nail olub. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın dinamik templərlə iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olub. 1992-ci ildə dövlət suverenliyini bərpa edən Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və kompleks institusional islahatların həyata keçirilməsi, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılması və digər köklü dəyişikliklər obyektiv zərurətə çevrilmişdi.

 

90-cı illərin əvvəllərində Azərbaycan ağır iqtisadi-siyasi-sosial fəlakətlə üzləşmişdi...

 

Yenicə müstəqilliyini bərpa etmiş bütün sovet respublikaları kimi Azərbaycanın da qarşısında yeni formasiyanın mühüm zəruri siyasi, sosial, iqtisadi, hüquqi qanunauyğunluqları dururdu. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir cəmiyyətin davamlı sosial-iqtisadi inkişafı və yeniləşməsi, dünya birliyinə inteqrasiyası, yeni iqtisadi münasibətlərin formalaşması yalnız çoxmülkiyyətli bazar iqtisadiyyatı, azad rəqabətin və liberal qiymətlərin üstünlük təşkil etdiyi şəraitdə mümkündür. Məhz bu nöqteyi-nəzərdən ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycan dövləti həddindən artıq çətin bir vəziyyətlə üzləşmişdi və qeyd etdiyimiz sferalar üzrə əsaslı dəyişiklikləri həyata keçirmək əzmində olan siyasi rəhbərlik lazım idi.

Çox təəssüf ki, olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətin səciyyəvi olduğu 90-cı illərin əvvəlində hakimiyyətə səriştəsiz qüvvələrin gəlməsi bu islahatların həyata keçirilməsini mümkün edə bilmədi və hətta Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində geriyə doğru addımlar atıldı. İlk növbədə, hakimiyyəti zorla ələ keçirən siyasi rəhbərliyin səriştəsizliyi ucbatından milli dövlət quruculuğu istiqamətində heç bir iş görülmədi, əksinə, respublikamızın məhv olmaq təhlükəsi meydana çıxdı.

Məhz ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan məhv olmaqdan xilas oldu, ölkədə dövlətçiliyin milli əsaslarının yaradılması istiqamətində köklü dəyişikliklər baş verdi. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması, keçmiş sovet ittifaqının süqutu nəticəsində respublikalardakı müəssisələr arasında mövcud əlaqələrin pozulması və digər amillər ölkəmizin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. Ona görə də, belə bir vəziyyətdə köklü dəyişikliklərə nail olmaq olduqca çətin və ağır bir iş idi. Ulu öndərin ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

 

Ulu öndər Heydər Əliyev ölkənin milli inkişaf konsepsiyasını hazırladı...

 

Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni transformasiyaya keçid ilə islahatlar həyata keçirilməsinin olduqca çətin və mürəkkəb olduğunu bildirirdi: “Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strateqiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”.

Dünya iqtisadiyyatının başlıca tələblərindən biri iqtisadi transformasiya prosesinin təkamül yolu ilə düşünülmüş və təmkinli olaraq həyata keçirilməsindən ibarətdir. Davamlı və sistemli bir proses olan təkamül yolu bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Məhz bu mənada təmkinli, uzaqgörən siyasi xətlə paralellik təşkil edən təkamül yolu Azərbaycanda bazar iqtisadiyyatının təməl prinsiplərinə çevrildi.

 

Liberal bazar iqtisadiyyatı və bərpa, inkişaf mərhələsi...

 

Müstəqil Azərbaycanın azad və liberal bazar iqtisadiyyatına əsaslanan inkişaf yolunu həmin dövrdə, yəni 90-cı illərdə iki əsas mərhələyə ayırmaqla səciyyələndirmək olar: Birinci, 1991-1993-cü illəri əhatə edən tənəzzül dövrü, ikinci, 1995-ci ildən başlayan bərpa və dinamik inkişaf dövrləri.

Birinci mərhələnin iqtisadi mənzərəsini həmin illərin makroiqtisadi göstəricilərinə nəzər salmaqla açıq şəkildə görmək olar. Belə ki, 1991-1993-cü illər ərzində ölkə iqtisadiyyatında milli inkişaf tempi hər gün aşağı düşür və ümumi daxili məhsulun (ÜDM) kəskin azalması baş verirdi. ÜDM hər il orta hesabla 16,5 faiz azalırdı. Tənəzzül meyilləri həmin dövrdə iqtisadiyyatın əsas aparıcı bölməsi olan sənayedə xüsusilə kəskin xarakter almışdı və bu sahədə daha dərin böhran tsiklləri nəzərə çarpırdı. Vaxtilə keçmiş ittifaqda aparıcı sənaye respublikası kimi tanınan Azərbaycanın sənaye sektoru yeni müstəqil dövlətlər içərisində ən ağır durumu ilə xarakterizə oluna bilərdi. Məsələn, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi ölkəmizdə 1991-ci ildə 11 faiz, 1992-ci ildə 37,5 faiz, 1993-cü ildə isə 50,8 faiz azalmışdı. Bu, olduqca yüksək rəqəm idi və milli iqtisadiyyatın tamamilə tənəzzülə uğraması demək idi. Nəzərə alsaq ki, bu dövrdə Azərbaycanın milli iqtisadiyyatının və milli gəlirlərinin 70 faizə yaxını məhz birbaşa sənaye sektoru ilə bağlı idi, onda mövcud situasiyanın nə dərəcədə ağır olması aydın olur.

1993-cü ildə Azərbaycan istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi və milli gəlirin əldə olunması yox dərəcəsində idi. Ölkə üzrə istehsal sahələrinin böyük bir hissəsinin sıradan çıxması, digərlərinin isə xammal qıtlığı və satış bazarları problemi ilə üzləşməsi iqtisadiyyatı defolt həddinə çatdırmışdı. Belə bir dövrdə iqtisadi xaos sosial böhranı dərinləşdirirdi, işsizlik səviyyəsi artmışdı və ölkəni kütləvi işsizlik təhlükəsi gözləyirdi. 1992-1993-cü illərdə makroekonomik göstəricilər respublikamızın acınacaqlı vəziyyətini qabarıq şəkildə əks etdirirdi. 1992-ci ildə inflyasiya səviyyəsi 1012,3 faizə çatmışdı. Yəni, ölkədə qiymət indeksinə və bazara nəzarət tamamilə itmişdi və maliyyə sistemi demək olar ki, sıradan çıxmışdı. Azərbaycan 1993-cü ildə hiperinflyasiya mərhələsinə qədəm qoymuş və bu dövrdə inflyasiya ən yüksək həddə, 1763,5 faizə çatmışdı. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,2 faizdən 1993-cü ildə 15 faizə qədər artmışdı.

Büdcə kəsiri bütövlükdə Milli Bank (indiki Mərkəzi Bank) tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun xarici sərmayə qoyulmamışdı. Həmin dövrdə Milli Bankın təyin etdiyi uçot dərəcəsi 250 faiz təşkil edirdi. Qeyd etdiyimiz kimi, sosial böhrana yol açan situasiya əhalinin ağır maddi vəziyyətinin yaranmasına səbəb olmuşdu və sosial güzəran daha da ağırlaşırdı. 1991-1994-cü illərdə əhalinin pul gəlirləri real ifadə ilə 3,5 dəfə, adambaşına düşən pul gəlirləri orta hesabla 3,7 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqısı isə 5,7 dəfə azalmışdı. Bütün bunlar həmin dövrdəki Azərbaycan iqtisadiyyatının mənzərəsini əks etdirən makroiqtisadi göstəricilər idi. Yəni ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

 

Çoxmülkiyyətli yeni iqtisadi sistemə keçidin başlıca komponentləri...

 

Amma bu xaos və tənəzzül çox da davam etmədi və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı bu bəladan xilas oldu. Ümummilli liderin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı.

Ulu öndər Heydər Əliyev mövcud ağır duruma baxmayaraq yaxın müddətdə ölkəmizin inkişaf edəcəyinə, xalqın sosial rifah halının yaxşılaşacağına inandığını bəyan edirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatın formalaşdırılmasını və ədalətli sosial cəmiyyətə keçidi məhz ilk növbədə, liberal iqtisadiyyatın təmin edilməsində görürdü. Bu məqsədlə, 1994-cü ildən planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün strateji qərarlar qəbul edildi. Məlum olduğu kimi, iqtisadiyyatın liberallaşdırılması özündə çoxsistemli tədbirləri ehtiva edir və islahatların dinamikliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, torpaq və aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin təmin edilməsi reformaların əsas komponentləridir.

Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

 

Müstəqil Azərbaycanın ilk Konstitusiyası iqtisadi inkişafa böyük təminat idi...

 

Çoxmülkiyyətli və liberal iqtisadiyyatı təmin etmək və kompleks islahatlar aparmaq üçün ilk növbədə, maliyyə resurslarının olması olduqca vacibdir. Həmin illərdə ölkəmizin maliyyə resurslarını formalaşdırmaq üçün zəngin xammal ehtiyatlarının istismarı və dünya bazarlarına çıxarılması zəruri idi. 1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”ni imzalamaqla respublikamızın yaxın illər üçün güclü maliyyə resurslarının formalaşmasına baza yaratdı. Bir neçə ildən sonra əldə ediləcək mənfəət nefti ölkəmizin sosial-iqtisadi, ictimai-humanitar, elmi-mədəni həyatında əsaslı dönüş yaradacaqdı. Bu tarixi hadisə ilə həm də ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratdı.

Neft-qaz sektorunda həyata keçirilən genişmiqyaslı işlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. İqtisadi islahatların və liberal bazar münasibətlərinin genişlənməsi və sürətlənməsi ilk növbədə bu sahədə müvafiq qanunların, baza sənədlərinin mövcudluğu, onların təkmilləşdirilməsi ilə sıx bağlıdır. Buna görə də, Azərbaycan hökuməti iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, yeni iqtisadi qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atdı. 1992-1997-ci illərdə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Maliyyə sənaye qrupları haqqında” qanunlar qüvvəyə mindi. Bununla yanaşı, qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra işlər görüldü.

Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Həmin dövrdə qəbul olunan “Sahibkarlıq haqqında” Qanun sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə, seçildi. Ulu öndər müstəqil ölkənin ilk Konstitusiyasının iqtisadi və sosial islahatlara, milli inkişafa böyük təminat verdiyini bildirirdi: “Ümumxalq səsverməsi - referendum nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunubdur. Azad, demokratik seçkilər əsasında müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlamenti seçilibdir. Qəbul olunmuş Konstitusiya nəinki daxili siyasi sabitliyi təmin edir, həm də götürdüyümüz strateji xəttin həyata keçirilməsi üçün bütün şərait və imkanların yaradılmasını nəzərdə tutur, buna hər cür təminat verir. Təkrar edirəm, demokratik hüquqi dövlət qurulması, demokratik vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatına uyğun dəyişikliklərin, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyalar, azad sahibkarlıq üçün şərait yaradılması və onun mənafelərinin qorunması, xüsusi mülkiyyətin inkişafının təmin olunması, habelə, şəxsiyyətin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi - bütün bunlar Konstitusiyamızın müvafiq maddələrində kifayət qədər dolğun və konkret təcəssümünü tapıbdır. Bununla yanaşı, Konstitusiya sahibkarlıq üçün, xarici investisiyalar üçün, xüsusi mülkiyyətin inkişafı üçün tam təminat verir, xüsusi sahibkarlığın mənafelərinin qorunmasını təmin edir”.

 

 

İki sahil.- 2011.- 8 iyun.- S. 10.