Azərbaycan Respublikası Dövlət
Müstəqilliyi - 20
(
II H İ S S Ə )
İqtisadiyyatın
proporsionallığı və
balanslaşdırılmış siyasət dinamik
inkişafı sürətləndirdi...
Beləliklə, iqtisadi sahədə yeni
qanunların qəbul olunması, Azərbaycanın iqtisadi
qanunlarının Avropa standartlarına
uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri
respublikamızın milli inkişafını təmin etməklə
bərabər, dünya ölkələri ilə sıx
inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına
çıxışı üçün əlverişli
imkanlar yaratdı. Bazar iqtisadiyyatının tənzimlənmə
mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə
dövlət nəzarət sisteminin gücləndirilməsi,
yeni iqtisadi münasibətlərin fəlsəfi-hüquqi-iqtisadi
əsaslarının möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün
formalaşması milli iqtisadiyyatın inkişafını
sürətləndirdi. 1995-ci ildən başlayaraq
iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə
yüksəlməyə başladı. 1996-cı ildə
ümumi daxili məhsul istehsalının artım tempi 1,5 faiz,
1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə
10 faiz təşkil etdi. İqtisadiyyatın aparıcı sahəsi
olan sənayedə geriləmənin qarşısı
alındı və bu bölmədə artım müşahidə
edildi. Ümumilikdə, 1996-2002-ci illər ərzində sənaye
məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz
artdı.
Sənayenin inkişafı ilə
yanaşı, kənd təsərrüfatında da yüksək
inkişaf meyilləri nəzərə çarpmağa
başladı. Ulu öndər milli sahibkarlığın
inkişafına xüsusi diqqət yetirir və yerli
sahibkarların daha fəal olması sayəsində bazar
iqtisadiyyatının inkişafının sürətlənəcəyinə,
özəl bölmənin xüsusi çəkisinin
artacağına dərin inam bəsləyirdi.
Ulu öndərin bu uzaqgörənliyi bir
neçə ildən sonra tamamilə öz təsdiqini
tapdı. İqtisadiyyatın real inkişaf templəri məhz
özəl sektorun payının artması, milli
sahibkarlığın aparıcı qüvvəyə
çevrilməsi sayəsində mümkün oldu. 1999-cu ilin
dekabrında Azərbaycanın mənfəət nefti ilə
doldurulmuş ilk tankerinin dünya bazarlarına
çıxarılması isə respublikamızın
etibarlı maliyyə ehtiyatlarının
formalaşmasının əsasını qoydu. Bununla da,
ölkəmizdə islahatların dinamikliyini daha da artırmaq,
irimiqyaslı layihələr həyata keçirmək, əhalinin
sosial yaşayışını yaxşılaşdırmaq
üçün davamlı və etibarlı maliyyə rezervləri
mənbəyi formalaşdı. Azərbaycan hökuməti mənfəət
neftinin satışından daxil olan vəsaitlərin səmərəli
idarə edilməsini, həmin vəsaitlərin prioritet sahələrin
inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət
kəsb edən layihələrin həyata keçirilməsinə
yönəldilməsini başlıca prioritetləri hesab
etdiyini ilk gündən atdığı addımlarla sübut
etdi.
İqtisadiyyatda aparılan islahatlar ölkənin
maliyyə vəziyyətinin yaxşılaşmasını,
dövlət büdcəsinin gəlirlərinin ildən-ilə
artmasını təmin etdi. 2002-ci ildə dövlət
büdcəsinin bütün mənbələrdən daxil olan
gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə
artaraq 4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə,
tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə
Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül
məngənəsindən çıxaraq, iqtisadi inkişaf və
yüksəliş yoluna qədəm qoydu. Ulu öndər milli
inkişaf modelinin əsas istiqaməti kimi iqtisadiyyatın
sosialyönümlü olmasına mühüm əhəmiyyət
verirdi. Məhz bu nöqteyi-nəzərdən inkişaf edən
ölkənin milli gəlirləri sosial proqramların təmin
olunmasına yönəldilib.
Sosial
ədalət prinsipi və milli gəlirlərin
bölüşdürülməsi...
Milli gəlirlərin
bölüşdürülməsini sosial ədalətin
başlıca prinsipi hesab edən Azərbaycan hökuməti
ölkəmizin maliyyə imkanları
yaxşılaşdıqca, bu vəsaitləri, ilk növbədə
insanların sosial həyat şəraitinin
yaxşılaşmasına yönəltməyə
başladı. Bunun nəticəsində respublikamızın
ümumi sosial inkişaf göstəriciləri əhəmiyyətli
dərəcədə yaxşılaşdı. 1995-2003-cü
illər ərzində ölkəmizdə böyük
sosial-iqtisadi dəyişikliklər müşahidə
olunmağa başladı. Məsələn, 1994-cü ildə
minimum pensiya məbləği təxminən 1 manat təşkil
etdiyi halda, bu rəqəm 2003-cü ildə 20 manatı
ötdü. Orta aylıq əmək haqqı isə təxminən
5 dəfə artdı. 1995-2003-cü illər ərzində
ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi
25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi
53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə,
ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət
dövriyyəsi 4 dəfə, orta aylıq real əmək
haqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi
isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-ci
ildə 500 milyon manat olduğu halda 2003-cü ildə 1,5 milyard
manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin
gəlirləri 1,5 milyard manat, xərcləri isə 1,7 milyard
manat təşkil etdi. Bu illər ərzində bütün
maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş
investisiyaların ümumi həcmi 20 milyard ABŞ
dollarını keçdi.
Ümumiyyətlə, iqtisadi və sosial islahatlar həyata
keçirilərkən həm də idarəetmə prosesi ilə
sıx bağlı olur. İdarəetmənin doğru, elmi və
hərtərəfli həyata keçirilməsini cəmiyyətin
normal və sabit inkişafının əsası hesab etmək
olar. İnsanların sosial vəziyyətinin inkişafı,
onların yaşam tərzlərindəki kəskin fərqlərin
aradan qaldırılması isə ancaq sosial ədalət
prinsipinin idarəetmədə əsas mövqe tutması ilə
bərqərar ola bilər. Azərbaycanın iqtisadi
inkişafında hər zaman
sosialyönümlülüyün gözlənilməsi ilə
əlaqədar olaraq görülən məqsədyönlü
tədbirlər hesabına ölkəmizdə beynəlxalq
standartlara uyğun sosial müdafiə modeli təşəkkül
tapıb. Hər bir ölkənin yüksək inkişafa nail
olmasında və cəmiyyətin idarə olunmasında sosial ədalət
və milli gəlirlərin ədalətli bölgüsü
prinsipi mühüm yer tutur. Sosial ədalət, eyni zamanda,
geniş sosial təminatlardır: işlə təmin olunma, təhsil,
mədəniyyət, tibbi xidmət, mənzil əldə etmək,
yaşlılara, qadınlara, uşaqlara qayğı, gender bərabərliyi
deməkdir. Çünki sosial ədalət prinsipi
insanların sosial rifah halının
yaxşılaşdırılması deməkdir.
Azərbaycan hökuməti bütün bu
komponentləri uğurla reallaşdırıb və yüksək
nəticələr əldə edib. İqtisadiyyatın
proporsional və balanslaşdırılmış
inkişafının təmin olunması, həmçinin
effektivliyə doğru irəliləyişi, bazar
iqtisadiyyatının intensivləşdirilməsi, liberal
iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və
digər islahatlar əhalinin maddi və mənəvi
rifahının yüksəlməsinə, sosial ədalətin
bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər
ulu öndər Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin başlıca hədəflərini təşkil
edib və dövlət başçısının rəhbərliyi
ilə sosialyönümlü, diversifikasiya olunmuş milli
iqtisadiyyatın formalaşdırılması prosesində
mühüm uğurlara imza atılıb.
Keçid
iqtisadiyyatına son və yeni inkişaf mərhələsi...
Ulu öndərin əsasını
qoyduğu inkişaf strategiyasını zamanın tələblərinə
cavab verən yeni çalarlarla zənginləşdirərək
uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın
tamamilə keçid iqtisadiyyatını arxada qoymasına nail
olub. Yeni inkişaf mərhələsi isə Azərbaycanın
iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb.
Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu
modelin strateji istiqamətləri tamamilə liberal bazar
münasibətlərinə əsaslanan,
sosialyönümlü iqtisadi sistemin və milli
iqtisadiyyatın formalaşdırılması, ölkədə
mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki
potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın
dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyasından ibarətdir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, liberal iqtisadiyyatın təmin
olunması ölkəmizin dünya birliyinə sıx
inteqrasiyasını dərinləşdirir: “Biz tam şəkildə
bazar iqtisadiyyatına keçmişik. Azərbaycan
iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil,
dayanıqlı, öz resurslarına güvənən,
dünya birliyinə sürətlə inteqrasiya edən
iqtisadiyyatdır”.
Azərbaycanın yeni iqtisadi modeli
çoxşaxəli iqtisadiyyatın inkişafına və
innovativ iqtisadiyyatın möhkəmlənməsinə əsaslanır.
Bu modelin baza sütunları diversifikasiya siyasətinin dərinləşdirilməsi
nəticəsində iqtisadiyyatda liberalizmin daha dərin xarakter
almasından, innovasiyaların iqtisadi idarəetmədə
möhkəmlənməsindən ibarətdir. Azərbaycan
artıq XXI əsrin ikinci onilliyində daha çox neftdən
kənar sahələrin inkişafını
stimullaşdırmaqla yaxın illərdə qeyri-neft sektorunun
tarazlı inkişafını təmin etməyi başlıca
məqsəd hesab edir. Postneft mərhələsindən sonra
iqtisadiyyatda dominantlığın qeyri-neft sektoruna keçəcəyi
şübhəsizdir və artıq bunun təzahürləri
açıq şəkildə hiss olunur.
Sosialyönümlü
iqtisadiyyatın təmin olunması və modernləşmə
xətti...
Azərbaycanın milli iqtisadi
inkişafı modeli vahid iqtisadi siyasət strategiyasının
fundamental prinsiplərinə əsaslanır. Yeni iqtisadi təfəkkürün
formalaşmasında və yeni milli iqtisadiyyatın
inkişafında Azərbaycan iqtisadi modeli mükəmməlliyi
ilə seçilir. Ölkəmizin inkişaf modeli iqtisadi
mahiyyətinə görə, həm də
sosiallığı ilə seçilir. Yəni bu modelin alt
qatı birbaşa sosialyönümlü liberal iqtisadiyyata
bağlıdır. Bu siyasət ictimai münasibətlərin
sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin
bərabərləşdirilməsinə, insanlar arasında
maddi bölgülərin istehlakında bərabərsizliyin
aradan qaldırılmasına və son nəticədə sosial
rifahın yüksəldilməsinə hesablanıb. Bu, eyni
zamanda, dövlətin iqtisadi gücünün artımı əsasında
yeni demokratik cəmiyyətinin qurulmasına kömək edir.
Yeni inkişaf dövrünün iqtisadi tələbləri
hazırda ölkəmizin qarşısında tamamilə yeni
iqtisadi meyarlar qoyur. XXI əsrin ikinci onilliyində meydana
çıxan siyasi-sosial, iqtisadi islahatların dinamikası və
yeni dövrün qlobal çağırışları
tamamilə müasir iqtisadi modelə ehtiyac yaradır. Dövlət
bunun üçün mühüm qanun və məcəllələrə,
hüquqi aktlara dəyişiklik etməyi də islahatların əsas
komponentləri hesab edir. Hətta güclü dövlət,
iqtisadiyyatın inkişafı və yüksək rifah naminə
konstitusion dəyişikliklərin edilməsi də
labüddür. Bu mənada 2009-cu ilin mart ayında ölkə
Konstitusiyasına edilmiş dəyişiklikləri də pozitiv
demokratik islahatların və yeni iqtisadi modelin, iqtisadiyyatın
modernizasiyasının tələbləri kimi səciyyələndirmək
tam məntiqəuyğundur. Bütün bunlar Konstitusiyanın
12-ci maddəsinə geniş şəkildə öz təsbitini
tapıb: “Azərbaycan Respublikası vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin
ali məqsədidir”.
Eləcə də Konstitusiyanın 15-ci bəndindəki
dəyişikliyin əsas məzmunu sosialyönümlü
iqtisadiyyatın təmin edilməsindən ibarətdir: “Azərbaycan
dövləti bazar münasibətləri əsasında sosialyönümlü
iqtisadiyyatın inkişafına şərait yaradır”.
Göründüyü kimi, həm vətəndaşların
layiqli həyat tərzinin təmin edilməsi, həm də
sosialyönümlü bazar iqtisadiyyatı mexanizmlərinin
genişləndirilməsi modernləşmənin, zamanın tələbidir
və hökumət bu iqtisadi çağırışları
zamanın axarına uyğun ardıcıllıqla həyata
keçirmək əzmkarlığını nümayiş
etdirir.
İqtisadi modelin uğurla nəticələnməsi
həm də dövlətin siyasi qətiyyətindən, onun
güclü iradəsindən asılıdır. Dünya
dövlətlərinin ağır iqtisadi böhrana məruz
qaldığı vaxtda ölkəmizin inkişaf templəri ilə
fərqlənməsi mükəmməl iqtisadi modelin tətbiqinin
əyani nümunəsi idi. İqtisadi inkişaf sahəsində
Azərbaycan modelinin kifayət qədər uğurlu
olduğunu son illərin qlobal maliyyə-iqtisadi böhranı
da bir daha təsdiq etdi. Belə ki, qlobal maliyyə-iqtisadi
böhran nəticəsində bir çox ölkələrdə
resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi
artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin
maddi rifah halının yüksəlməsi 2009-cu ildə də
davam etdi və yuxarıda qeyd edildiyi kimi, ÜDM 9,3 faiz
artdı. Şübhəsiz ki, bunun və ümumilikdə Azərbaycan
iqtisadiyyatının qlobal maliyyə və iqtisadi böhrana
qarşı dayanıqlığının əsas səbəbi
son illər Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən uğurlu sosial-iqtisadi
inkişaf və radikal islahatlar strategiyası, toplanmış
maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək
dayanıqlıq potensialının yaradılması, dövlət
başçısı tərəfindən vaxtında irəli
sürülmüş səmərəli antiböhran tədbirlərinin
reallaşdırılması, o cümlədən
sahibkarlığa dövlət dəstəyi, real sektora
investisiya qoyuluşları, manatın məzənnəsinin
sabitliyinin qorunub saxlanılması və digər addımlarla
bağlı olub.
İqtisadiyyatın
şaxələndirilməsi - Azərbaycanın iqtisadi
yüksəlişinə, zənginləşməyə aparan
yol...
Azərbaycan insan hüquq
və azadlıqlarının qorunması, sistemli şəkildə
demokratik islahatların miqyasının genişlənməsi,
söz və fikir azadlığının inkişafı, vətəndaşların
mənafeyinin qorunmasına xidmət edən davamlı tədbirlərin
həyata keçirilməsi, bazar iqtisadiyyatının təmin
edilməsi, sosial siyasətin dərinləşməsi və
digər sahələrdə əhəmiyyətli dərəcədə
irəliləyişlər əldə edib. Bütün bu
faktorlar ümumilikdə, insan inkişafı indeksi üzrə
göstəricilərin yaxşılaşmasına
mühüm təsir göstərib.
Son illər Prezident
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal
islahatlar strategiyası sayəsində ölkəmizin maliyyə-valyuta
ehtiyatları hesabına iqtisadiyyatda yüksək
dayanıqlıq potensialı yaradılıb,
sahibkarlığa dövlət dəstəyi, real sektora
investisiya qoyuluşları artıb, manatın məzənnəsinin
sabitliyi qorunub saxlanılıb. Azərbaycanda makroiqtisadi
sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və
əhalinin maddi rifah halının yüksəlməsi 2009 və
2010-cu illərdə davam edib və ÜDM-in bütün
strukturunda artım qeydə alınıb.
Azərbaycanın perspektiv
uğurlarının yaxın onillikdə müşahidə
olunacağını beynəlxalq maliyyə institutları və
nüfuzlu təşkilatlar da açıq şəkildə bəyan
edir. Məsələn, BMT yanında İnkişaf və
Artım Komissiyasının son məruzəsində qeyd olunur
ki, “orta gəlirli ölkələr” qrupuna daxil olmaq qısa
müddətdə mümkün olmur. 1950-ci ildən sonra belə
bir inkişafa 13 ölkə nail olub. Azərbaycanın tam
imkanı vardır ki, bu statusu qazanan 14-cü dövlət
olsun. XXI əsrin ikinci onilliyini Azərbaycan üçün
siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi
kimi qiymətləndirmək olar. Postneft erasından sonrakı
dövrdə - yeni onillikdə makroiqtisadi sabitliyin qorunub
saxlanılması, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin
gücləndirilməsi üçün sistemli tədbirlərin
davam etdirilməsi, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə
neft sektorundan asılılığın minimuma endirilməsi,
yeni aqrar sektorun inkişafında intensiv üsullara
üstünlüyün verilməsi, iqtisadiyyatın klasterlər
üzrə inkişafı, biznes mühitinin daha da təkmilləşdirilməsi,
xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin,
biznes-inkubatorların yaradılması, məsləhət,
informasiya təminatının, sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin
inkişaf etdirilməsi Azərbaycanın iqtisadi modelinin
növbəti strateji hədəflərini təşkil edəcək.
İki
sahil.- 2011.- 9 iyun.- S. 10.