QAYIDIŞ zamanın, xalqın tələbindən yarandı

 

Bakıya gəlişi ilə ölkəmizi parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən qurtaran ulu öndər Heydər Əliyev arzusunda olduğu müstəqilliyimizin xilaskarı oldu

 

4 iyun 1993-cü il Gəncə hadisələri respublikamızın hər yerində olduğu kimi Naxçıvanda da böyük narahatlıq və həyəcanla izlənirdi. Qarşıdurmalardan ən çox narahat olan isə o zaman Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev idi. Müdrikliyi, dövlətçilik təcrübəsi ilə hadisələri izləyən və təhlil edən ulu öndər üçün aydın idi ki, ölkə daxilindəki belə iğtişaşlar istənilməyən aqibətlə nəticələnə bilər.

Ona görə də Azərbaycanın taleyinə, müstəqilliyimizə təhlükə olan Gəncə hadisələrinin qarşısının alınması vacib idi. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım, o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Rəhim Qazıyevin müdafiə naziri işlədiyi müddətdə ağır döyüşlərin getdiyi bölgələrdə vuruşan hərbi hissələrin heç bir səbəb olmadan cəbhədən uzaqlaşdırılması, korpus komandiri Surət Hüseynov kimilərinin əmri ilə strateji əhəmiyyətli bölgələrdən çıxarılması, torpaqlarımızın itirilməsi ilə nəticələnən sonrakı hadisələr üçün əvvəlcədən planlaşdırılmış xəyanətkar gedişlər vəziyyəti daha da gərginləşdirirdi. Hadisə zamanı 20 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, külli miqdarda dağıntının olması kimi dəhşətli hallara insanlar biganə qala bilmirdi. Hakimiyyətdə yüksək mövqe tutan İsa Qəmbər, Əli Kərimli, Surət Hüseynov arasında yaranan qarşıdurmalar, daha yüksək pilləli kresloya yiyələnmək hərisliyi 4 iyun - Gəncə hadisələrini yetişdirdi. Vəziyyət son dərəcə gərgin idi. İnsanların qənaəti isə bu idi ki, o dövrdə hakmiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz iqtidarı belə çətin məsələləri həll etmək gücündə, bacarığında deyil. Ayrı-ayrı imperialist qüvvələrin strateji maraqlarına xidmət edən Ayaz Mütəllibov hakimiyyəti kimi AXC-Müsavat iqtidarı da oyuncaq rejim olmaqla kimlərinsə tərtib etdikləri planlara uyğun istiqamətdə davam edirdi.

Bu cür mürəkkəb şəraitdə Gəncədə baş verən iğtişaşlar təbii ki, müstəqilliyimizə yönəlmiş zərbə olmaqla Azərbaycanın parçalanmasına yönəlmişdi.

Vəziyyətin ağırlığını hiss edən sadə vətəndaşlar tərəfindən Naxçıvana ünvanlanan məktublarda da bu məqamlara toxunulurdu. Azərbaycanın taleyi üçün narahat olan insanlar müdrik siyasətçi Heydər Əliyevdən kömək diləyirdilər.

Bunları nəzərə alan Heydər Əliyevin iştirakı ilə 7 iyun 1993-cü ildə keçirilən Naxçıvan MR Ali Məclisinin və Muxtar Respublika Nazirlər Kabinetinin birgə iclasında hadisələr geniş təhlil olundu və hadisəyə münasibət bildirildi. Muxtar Respublika ictimaiyyətinin narahatlığı həmin iclasda qəbul olunan və Heydər Əliyevin siyasi əhəmiyyətli sənəd hesab etdiyi bəyanatda da əksini tapırdı: “İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik.”

 

Bəyanatda qeyd olunurdu ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcəkdir. O da vurğlanırdı ki, dəhşətli hadisələri törədənlər, qan tökülməsinin səbəbkarları kimliyindən asılı olmayaraq cinayətləri üçün qanun qarşısında məsuliyyət daşımalıdırlar.

Amma əsas məsələ o idi ki, respublikanı parçalanmaya sürükləyən, müstəqilliyimizin başı üzərində qara bulud kimi dolaşan hadisələri yoluna qoymaq üçün danışıqlar hansı səpkidə, kimlər tərəfindən aparılmalıdır. Qarşıdurmanın başlandığı ilk günlərdən Azərbaycanın əksər rayonlarında hakimiyyətə istədiyi adamları yerləşdirməklə, insanları maddi-mənəvi təhqirlərə məruz qoymaqla özünü külli ixtiyar sahibi hiss edən, ağalıq iddiasında olan, Bakıda iqtidar kreslosunda əyləşənlərə “Sizi ayağınızdan asacağam” kimi mesajlar göndərən, 130 və 709 nömrəli hərbi hissələrin ərazilərində baş verən qanlı hadisələrdən nəticə çıxarmayan, əlində xeyli silah-sursat, arxasında başıpozuq yaraqlı dəstə saxlayan Surət Hüseynovla danışıq aparmaq, siyasi böhranın aradan qaldırılması üçün Gəncəyə göndərilən ağsaqqalların, nümayəndələrin göstərdikləri cəhdlər istənilən nəticəni vermədi.

AXC-Müsavat iqtidarı isə faktiki olaraq ölkəyə nəzarəti itirmişdi. Dövlətçilik təcrübəsi olmayan İsa Qəmbər, Əli Kərimli başda olmaqla bütün hakimiyyətdə olanlar Surət Hüseynov xofundan təşvişə düşərək çıxış yolu axtarır, hətta “vəzifəmi dondururam” kimi bəyanatlar da səslənirdi.

İnsanlar başa düşürdü ki, Azərbaycanda gərginliyin səbəbi tək Qarabağ münaqişəsi deyil, ölkədə vətəndaş müharibəsi üçün qığılcım olan Gəncə hadisələridir. Ümid yeri, müdriklik, xilas yolu axtaran xalqın nəzərləri yenə də Naxçıvana yönəldi. Yekdil ictimai fikir isə yeganə və dəyişilməz idi: Heydər Əliyev Bakıya gəlməli, Azərbaycanı düşdüyü ağır, çətin vəziyyətdən xilas etməlidir.

 

... Bakı çağırırdı.

 

9 iyun 1993-cü ildə paytaxta gələn Heydər Əliyev ilk növbədə əsil vəziyyəti öyrənmək üçün iyunun13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla Gəncədə oldu. Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək, siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün müzakirələr apardı, çıxış yolları barədə faydalı müdrik tövsiyələrini bildirdi. Zərər çəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu.

Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında Milli Məclis üzvləri qarşısında açıqlama verən Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: “Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır.”

Bu sessiya Gəncə hadisələrinin geniş miqyas almasına mane olmaqla başqa bir məqamla da Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Həmin gün deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyinin əbədiliyinin təməli qoyuldu.

“... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” söyləyən, daim xalqa arxalanan Heydər Əliyev qısa müddətdə ölkədə iqtisadi inkişaf üçün başlıca amil olan siyasi sabitlik yaratmaqla milli həmrəyliyə, birliyə nail oldu.

Prezident kimi andiçmə mərasimində də xalqın müdrikliyi ilə demokratik , müstəqil cəmiyyət quruculuğunda önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kii əminlik ifadə edən Heydər Əliyev Azərbaycanı dünya birliyində qüdrətli bir ölkə kimi tanıdacağına söz verdi. Vədinə də əməl etdi. Reallıq isə bu idi ki, o günlərdə Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idi dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.

Uzun illərin dövlətçilik təcrübəinə əsaslanan bu əminlik 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu bir dəfə müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev zəkası bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu bir daha sübut etdi. Ulu öndərin fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar açdı. “Əsrin müqaviləsi” kimi kontraktın imzalanmasını gerçəkləşdirməklə xalqlar arasında əməkdaşlığın təməlini qoydu, neft strategiyasını müəyyənləşdirdi, Azərbaycanın inkişaf parametrlərini düzgün istiqamətləndirdi.

Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, nüfuzunu artırdı. Müasir Azərbaycanın hamını heyrətləndirən inkişaf tarixi demək olar ki, 9 iyun 1993-cü ildən başlanır.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2011.- 9 iyun.- S. 11.