QURTULUŞ: Azərbaycanın inkişafının,
yüksəlişinin istinad nöqtəsi
Ulu öndər Heydər Əliyevin
böyük siyasi iradəsi, qətiyyəti, Azərbaycana hədsiz
məhəbbəti sayəsində ölkəmizin gələcək
inkişafı üçün elə etibarlı dayaq
yaradılıb ki, bu bünövrənin üzərində respublikamız
sürətlə inkişaf edir
Sovetlər birliyi
dövründə Azərbaycana rəhbərlik edən ulu
öndər Heydər Əliyev ölkəmizi qabaqcıl
respublikalar sırasına çıxardığı kimi
1993-cü ildə siyasətə qayıdışı ilə
dövlətçilik tarixinin yeni mərhələsinin,
müstəqilliyi əbədiləşdirən uğurlu bir
yolun başlanğıcını qoydu. 1993-cü ilin iyununda
Azərbaycan olumla ölüm dilemması qarşısında
qalanda xalqımız Heydər Əliyevin hakimiyyətə
qayıdışı tələbi ilə ayağa qalxdı.
Belə bir çətin məqamda
ümummilli lider iyunun 9-da
Naxçıvandan Bakıya gəldi. Dahi şəxsiyyət silahlı iki əks tərəfin
qarşısına sözlə, məntiqlə, ağlın,
zəkanın qüdrəti ilə çıxdı.
Meydanlarda Vətən və xalq adından danışan
AXC-Müsavat başbilənləri hakimiyyətdən getməyə
məcbur oldular.
Heydər Əliyev iyunun
15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də
isə Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətələrini həyata
keçirməyə başladı. 1993-cü il oktyabrın
3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçildi. Müstəqil, iqtisadi cəhətdən qüdrətli,
dünya birliyində tanınan, mövqeyini günbəgün
möhkəmləndirən Azərbaycan kimi bir dövləti
yaratmaq xilaskar kimi ümummilli liderə nəsib oldu. Onun
hakimiyyətə qayıdışı ilə milli
ideologiyamızın əks olunduğu dövlətçilik
konsepsiyası hazırlandı.
1993-cü ildə
keçirilən andiçmə mərasimində Heydər Əliyev
bildirmişdir: “Belə yüksək və məsuliyyətli vəzifəni
üzərimə götürərkən birinci növbədə
Azərbaycan xalqının zəkasına, müdrikliyinə,
qüdrətinə güvənirəm, arxalanıram... Əmin
etmək istəyirəm ki, bu ümidləri doğrultmaq
üçün əlimdən gələni əsirgəməyəcəyəm.”
Ulu öndər qarşıda
duran vəzifələri də
açıqlamışdır: “Dövlət müstəqilliyini
möhkəmləndirmək, müstəqil dövlət
quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və
inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi
bütövlüyünü, tam suverenliyini təmin etmək,
ölkəmizi müharibə şəraitindən
çıxarmaq, respublikanın vətəndaşlarının
rifahını yaxşılaşdırmaq, onların
yaşaması üçün lazımi şərait yaratmaq
- bu vəzifələr mənim Prezident fəaliyyətimdə
əsas istiqamətlər olacaqdır və mən bunların
həyata keçirilməsinə çalışacağam.”
Bu il Azərbaycanın
dövlət müstəqiliyinin yenidən bərpasının
20 ili qeyd olunacaq. Ötən bu dövrdə Azərbaycanın
keçdiyi inkişaf yoluna nəzər salsaq bu yolun heç də
hamar olmadığını aydın görərik. Müstəqilliyimizin
ilk illərində yaşanan durum yaddaşlardadır.
1993-cü ilin 15 iyununun tarixə Milli Qurtuluş günü
kimi daxil edilməsi elə həmin dövrün hadisələrinin
aydın şəkildə təhlili kimi də qəbul oluna
bilər. Azərbaycan parçalanmaqdan, bir dövlət olaraq
dünya xəritəsindən silinmək təhlükəsindən
xilas oldu. Ulu öndər Heydər Əliyevin böyük
siyasi iradəsi, qətiyyəti, Azərbaycana bəslədiyi
hədsiz sevgisi və məhəbbəti sayəsində
ölkəmizin gələcək inkişafı üçün
elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin
üzərində respublikamız sürətlə inkişaf
edir. Hər bir Azərbaycan vətəndaşının həyatında
əhəmiyyətli dönüş yaratmış
Qurtuluş bu gün Azərbaycanın inkişafının,
yüksəlişinin əsas istinad nöqtəsi kimi dəyərləndirilir.
Qurtuluş Azərbaycana bugünkü reallığı,
yüksəliş tempini, perspektivləri bəxş etdi.
Qurtuluşdan başlanan inkişaf, tərəqqi bu gün daha
da sürətlənib.
Ulu öndərin uğurlu
daxili siyasəti nəticəsində ölkədə sabitlik
yarandı. Bu amilin ölkənin hərtərəfli inkişafında
nə kimi rol oynadığı qazanılan uğurlardan
aydın görünür. Heydər Əliyevin Azərbaycan
üçün göstərdiyi xidmətlərin çəkisi
və əhəmiyyəti ölçüyəgəlməz
dərəcədə böyükdür. Azərbaycanın
Ermənistan tərəfindən elan olunmamış müharibəyə
cəlb olunduğu, informasiya blokadasına
alındığı bir vaxtda-1994-cü ildə dünya
ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə
çoxlarına xəyal kimi görünən “Əsrin
müqaviləsi”nin imzalanması ilə üç dəniz əfsanəsini
gerçəkləşdirən ulu öndər misli
görünməmiş, mühüm əhəmiyyətli, qlobal
bir layihənin müəlliflik hüququnu qazandı. Azərbaycan
daim yerləşdiyi əlverişli coğrafi məkana, malik
olduğu təbii resurslara görə dünyanın diqqətində
olub. Müstəqilliyimizin ilk illərində Azərbaycanla
iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin
sayı çox olsa da, onlar ölkəmizdəki mövcud
ictimai-siyasi durumun gərginliyindən ehtiyat edərək bu əməkdaşlıqdan
çəkinirdilər. Aydın məsələdir ki, əməkdaşlıqda
maraqlı olan dövlətlər ilk növbədə həmin
ölkədə ictimai-siyasi duruma, demokratik inkişafa diqqət
yetirirlər. 1991-1993-cü illərdə Azərbaycanda
hansısa bir sahədə uğurdan danışmaq yalnız və
yalnız xəyal ola bilərdi. Həmin dövrün
iqtidarı üçün dövlətin, xalqın bu
günü və gələcəyi arxa planda idi.
Ulu öndər Heydər Əliyev
andiçmə mərasimində həmin dövrün xarakteristikasını
ifadə edərək vəziyyətdən
çıxış yolunu da göstərmişdir:
“Respublikanın böhran vəziyyətində olması
iqtisadiyyatın bütün sahələrinə mənfi təsir
göstərmişdir. İqtisadiyyat, demək olar, tamamilə
dağılmış və bu da respublika vətəndaşlarının
rifahının aşağı düşməsinə gətirib
çıxarmışdır. Eyni zamanda qeyd etmək istəyirəm
ki, respublikanın böyük iqtisadi-sosial, elmi-texniki
potensialı vardır. Azərbaycanın coğrafi-siyasi vəziyyəti,
onun təbii sərvətləri, uzun illər boyu
yaranmış əsas fondları respublikanı bu ağır
böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək
işimizdə bir tərəfdən yaranmış potensialdan
səmərəli istifadə etmək, digər tərəfdən
isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar
iqtisadiyyatına keçmək istiqamətində hərəkət
etməliyik.”
Dahi şəxsiyyət bu
yolun çətin, ağır olduğunu da qeyd edirdi.
Bildirmişdir ki, on illər boyu yaranmış iqtisadi-sosial
sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək
böyük çətinliklərlə bağlıdır.
Müstəqilliyimizin ilk illərində bu sahədə
buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir.
Ulu öndər Heydər Əliyev bütün çətinliklərə
baxmayaraq Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsinin
vacibliyini bildirmişdir.
1994-cü ilin
sentyabrında “Əsrin müqavıiləsi”nin imzalanması
ilə Azərbaycanın iqtisadi inkişafının, dünya
iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu
müqavilədən sonra onlarla sazişin imzalanması Azərbaycanın
bu gününə və gələcəyinə olan inamı
təsdiqlədi. Bu gün Azərbaycanın dünya
miqyasında enerji təhlükəsizliyinin təminatçısı
kimi tanınmasının əsasında ulu öndərin
hazırladığı neft strategiyası, ölkənin
enerji siyasətinin uğurlu həlli dayanır.
Neft strategiyasının əsasını
təşkil edən Xəzərin Azərbaycan sektorundakı
karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici
ölkələrin tanınmış neft şirkətləri
ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii
qaz hasilatının artırılmasını təmin edən
yeni yataqların kəşf olunub birgə işlənməsi
istiqamətində görülən işlər miqyasına və
geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər
üzrə davam etdirilir. Təbii ehtiyatların xalqa məxsusluğunun
sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı
olan ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu
yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli
bölünməsini təmin etdi. Bu gün Fondun aktivlərinin
həcmi 25 milyard dollardan artıqdır. Dövlət siyasətinin
prioritetlərini müəyyənləşdirən Dövlət
Neft Fondu icrasına diqqət yönəltdiyi layihələrin
maliyyələşməsinə ayrılan vəsaitlərin həcmini
artırmaq niyyətini ortaya qoymaqla bir daha fəaliyyətində
şəffaflıq prinsipini öndə
saxladığını təsdiqləyir.
Neft strategiyasının tətbiqini
sürətləndirməklə qeyri-neft sektorunu inkişaf
etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin
mexanizmlərinin təkmilləşdirilməsi
üçün ölkəyə xarici investisiya
axınının təməlini qoyan ulu öndər
inanırdı ki, yaxın illərdə ən böyük
arzusu olan Azərbaycanın dünya birliyində lider dövlət
kimi tanınmasına nail olunacaq. Bu gün həmin inam
mövcud reallıqlarda özünü təsdiqləyir.
1995-ci ildən bu günə ölkə iqtisadiyyatına
ümumilikdə 97 milyard dollar investisiyanın qoyulması,
bunun 42 milyard dollarının neft-qaz sektorunun payına
düşməsi də ulu öndər Heydər Əliyevin
düzgün müəyyənləşdirdiyi siyasətin və
bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsidir.
Ulu öndərin xidmətlərindən
bəhs edərkən həyata keçirdiyi demokratik islahatlar
xüsusi qeyd edilməlidir. Heydər Əliyev demokratik prinsipləri
bu günümüzün və sabahımızın əsası
kimi dəyərləndirirdi. Bildirirdi ki, heç bir qüvvə
bizi demokratiya yolundan döndərə bilməz. Onun təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə biri-birindən
çətin, o dövrdə həyatı əhəmiyyətli
məsələlərin həlli üçün vacib olan
xalqın birlik və həmrəyliyinin, insan hüquq və
azadlıqlarının təminatı konsepsiyası
hazırlanmış, Milli Konstitusiya qəbul olunmuşdur.
Dünya Azərbaycanlılarının I qurultayını
keçirib, soydaşlarımızın həmrəyliyini təmin
etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında əsas amil
olan diasporun təşkilatlanması üçün hüquqi
bazanın əsası qoyuldu, görüləcək işlərin
bir mərkəzdən idarə olunması üçün
Diasporla İş üzrə Dövlət Komitəsi
yaradıldı. Ulu öndər bildirirdi ki, dövlət
müstəqillimizi əbədi etmək üçün
harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan
müqəddəs Azərbaycan qayəsi ətrafında birlik,
həmrəylik tələb olunur.
Bütün fəaliyyəti
ilə Heydər Əliyev siyasi kursunun, ulu öndərin zəngin
dövlətçilik məktəbinin layiqli
davamçısı olduğunu təsdiqləyən cənab
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən tədbirlər, görülən işlər
uğurlarımızın davamlılığını təmin
etməklə, gələcəyə olan inamı daha da
artırır. Ölkənin hərtərəfli
inkişafında regionların sosial-iqtisadi
inkişafını mühüm amil kimi önə çəkən
Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsinə
nail olmaqla Azərbaycanın dünyanı bürüyən
iqtisadi və maliyyə böhranından uğurla
çıxmasına yol açdı. Artıq keçid
dövrünü başa vuraraq dünya standartlarına və
bazar iqtisadiyyatının müasir tələblərinə
uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini
vacib hesab edən dövlət başçısı İlham
Əliyev başlıca amil kimi neft strategiyasının daha
geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə
uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi
naminə inamlı addımlar atır. Qazanılan hər
uğur isə ümummilli lider Heydər Əliyevin “Azərbaycan
dünyaya günəş kimi doğacaq” tezisinin əməli
nəticəsi kimi diqqət çəkir.
Beynəlxalq təşkilatların
hesabatlarında Azərbaycanın iqtisadi inkişaf
baxımından qüdrətli ölkə kimi öndə
dayanması, Prezident İlham Əliyevin praqmatik, müasir
dünyagörüşə malik lider kimi dəyərləndirilməsi
Heydər Əliyev ideyalarının təntənəsi və
qələbəsidir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı andan “Azərbaycanın daha qüdrətli
dövlətə çevrilməsi üçün Heydər
Əliyev siyasəti davam etdirilməlidir” bəyan etməklə
son 8 ilə yaxın dövr ərzində gördüyü
işlərlə bu vədinə sadiqliyini nümayiş
etdirir.
Yeganə
Əliyeva
İki
sahil.- 2011.- 10 iyun.- S. 10.