Ümummilli lider Heydər Əliyev və Azərbaycan təbiəti
(I hissə)
Bütün
elmlər, o cümlədən təbiətlə
canlılar arasındakı qarşılıqlı münasibətləri
öyrənən ümumbioloji elm olan ekologiya,
digər vacib tərəfləri ilə
yanaşı insan intellektinin
və xalq təsərrüfatının
inkişafına xidmət edir.
Ekologiyanın qlobal problemləri dünyada ümumdövlət və ümumxalq işi kimi həll edilir. Bu problemin həllində planetimizin bir guşəsi
olan Azərbaycan və onun
ayrılmaz tərkib hissəsi kimi
Naxçıvan Muxtar Respublikası da başlıca yer tutur.
Ekologiya
anlayışı Azərbaycan xalqının elmi təfəkkürünə
keçən əsrin 50-ci illərindən sonra daxil
olmuşdur. Lakin onun vacib şərtləndirici tərəfi
olan tətbiqi ekologiya isə hələlik yox dərəcəsində
olmaqla, uzun müddət zoologiya və botanikanın tərkibində
qalmışdır. Əgər tətbiqi ekologiya fəaliyyət
göstərsəydi, onda Sumqayıt şəhəri indiki
kimi inşa edilməzdi, alüminium zavodu Gəncənin
içərisində, Nizami məqbərəsi ətrafında
tikilməz, şimal-şərq küləyi əsərkən
şəhər toz dumanına bürünməzdi. 1953-cü
ildə Samuq meşələri Mingəçevir dəryaçası
altında qalmaz, balıqların miqrasiya yolu bağlanmazdı.
Müxtəlif növ ağaclardan ibarət olan tarlaqoruyucu
meşə zolaqları monotərkib hala salınmazdı. Şəhərlərin
yaşıllaşdırılmasında qovaq, qara tut və s.
kimi çirkləndirici ağaclardan istifadə edilməzdi.
Qoyunlardan bir az çox yun qırxmaq xatirinə xalq
seleksiyaçılarının əsrlərlə
yetişdirdiyi Qala, Qarabağ, Şirvan, Qaradolaq, Balbas və s.
kimi yüksək keyfiyyətli cinslər, az əhəmiyətli
mələz merinos cinsləri ilə əvəz edilməzdi.
Bakı ətrafında neft çıxaran dövlət müəssisələri
faydasını götürdükdən sonra yerində neft
buruqları və istifadəsi müşkül olan çirklənmiş
torpaqlar qalmazdı. Azərbaycan təbiətinə yad olan,
iqlimləşməyən (şinşilla, zubr, xallı maral,
sayqak), bəzi hallarda isə zərər verən (yenot kimi)
heyvanların introduksiya edilməsi hesabına 100-dən
çox növün - muflon, bezoar keçisi, bəbir, maral,
ceyran, doydaq, bala doydaq, turac, ular və s. nəslinin kəsilmə
təhlükəsi yaranmazdı. Yay və qış
otlaqlarımız Gürcüstan, Ermənistan və
Dağıstanın qoyun sürüləri hesabına həddən
çox yüklənib keyfiyyət və kəmiyyətcə
kasıblaşmazdı. Malik olduğumuz bu qədər zənginliyin
təhlükə altında olmasını hələ sovetlər
dövründə elm və dövlət adamları
görmüş, ətraf mühitin mühafizəsinə dair
bəzi qərarlar qəbul edilmişdir. Lakin tarixi faktlar
göstərir ki, 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın
plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçildikdən sonra respublikamızda
bütün sahələrə, o cümlədən təbiətin
mühafizəsinə də diqqət
artırılmışdır. Həmin dövrlərdə nəşr
olunmuş “Kommunist” və “Azərbaycan” qəzetlərini
oxumaqla, hər kəs bu faktların şahidi ola bilər.
Doğrudan da, sovet plan sisteminin dar çərçivələrinə
baxmayaraq o illərdə görülən misilsiz
tikinti-quraşdırma, sənayenin intensiv inkişafı,
şəhərsalma və abadlıq işləri ilə bərabər,
ekoloji və təbiəti mühafizə tədbirləri də
H.Ə.Əliyev üçün prioritet məsələlərdən
biri olmuşdur. Bu əlamətdar gündən başlayaraq
1982-ci ilədək respublika həyatının bütün
sahələrində dərin canlanma baş verdi. Azərbaycanda,
o cümlədən Naxçıvan MR ərazisində də
yeni hidrokomplekslər, yaşıllıqlar, qoruq və
yasaqlıqlar yaranmağa başlandı. Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə Azərbaycan təbiətinin
müdafiəsi, onun bərbası və zənginləşdirilməsi
tədbirləri, sözün əsl mənasında tətbiqi
ekologiyanın fəaliyyətə
başlandığını göstərirdi.
1969-cu ildə “Azərbaycanda
təbiətin mühafizəsi və səmərəli istifadəsi”
Qanunu qəbul olundu. Hazırda fəaliyyət göstərən,
bəzən təkmilləşdirilən və ya sahələri
artırılan Şirvan, Bəsitçay, Qarayazı,
Ağgöl, İsmayıllı, İlisu, Altıağac
dövlət qoruqları, Abşeron, Zuvand, Ordubad və
Qubadlı yasaqlıqları Heydər Əliyev rəhbərliyə
gəldikdən sonra yaradılmışdır. Heydər Əliyevin
qətiyyəti sayəsində Ələt
yaxınlığında atom elektrik stansiyasının
inşası dayandırıldı. Təbəti mühafizə
işlərini daha da yaxşılaşdırmaq
üçün Naxçıvan MR Təbiəti Mühafizə
Müfəttişliyi təşkil edilmiş, daha sonra isə
Azərbaycan SSR Nazirlər Sovetinin 18 oktyabr 1969-cu il qərarı
ilə Muxtar Respublikanın Culfa və Ordubad rayonları ərazisində
dağ qoyunu (muflon) və bezoar keçilərini qorumaq
üçün 40 min hektar sahəni əhatə edən
Ordubad yasaqlığı yaradılaraq, həmin sahədə
ov edilməsi qadağan olunmuşdur.
1969-1982-ci illərdə
ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan
səmərəli istiadəyə dair qəbul olunmuş
çox mühüm 8 qanun, Azərbaycan KP MK-nın və
Nazirlər Sovetinin 32 qərarı olmuşdur. Bu dövrdə
Azərbaycanın Dövlət siyasətində ekologiya da
mühüm yer tutmuşdur.
Azərbaycan Elmlər
Akademiyasının Coğrafiya İnstitutunda “Təbiəti
mühafizə” şöbəsi açıldı və o
şöbəyə institutun direktoru akademik Həsən Əliyev
şəxsən özü rəhbərlik etdi. Müxtəlif
nazirliklərin nəzdində olan “Təbiəti mühafizə”
idarəsi Heydər Əliyevin dəstəyi ilə Dövlət
Ekologiya Komitəsi səviyyəsinə qaldırıldı. Həsən
Əliyevin təklifi və Heydər Əliyevin dəstəyi
ilə Bakı Dövlət Universitetində “Ətraf
mühitin mühafizəsi” kafedrası açıldı.
Coğrafiya və kimya fakültələrində “Təbiətin
mühafizəsi”, biologiya fakültəsində “Ekologiyanın
əsasları”, “Tətbiqi ekologiya”, hüquq fakültəsində
“Ekoloji hüquq”, texniki ali məktəblərdə “Sənaye
ekologiyası”, Kənd Təsərrüfatı
Akademiyasında “Kənd təsərrüfatı
ekologiyası”, Tibb Universitetində “İnsan ekologiyası” və
s. fənlər tədris olunmağa başlanıldı.
“Azərbaycan təbiəti”
jurnalının işıq üzü görməsi və
yüksək poliqrafiya keyfiyyəti ilə buraxılması yenə
də Heydər Əliyevin ciddi köməkliyi nəticəsində
mümkün olmuşdur, çünki o dövrdə
jurnalların buraxılmasına yalnız mərkəz (Moskva)
izn verə bilərdi, lakin elmi- populyar jurnalların nəşri
isə respublikanın öz səlahiyyətində idi. Məhz
bunu nəzərə alan Heydər Əliyev jurnalın əvvəlində
elmi-populyar sozünü yazmaqla nəşr edilməsini məqsədəuyğun
hesab etdi və bu günə qədər də jurnal bu
başlıq altında müvəffəqiyyətlə nəşr
edilir.
Bu dövrdə
ekologiyanın həyata tətbiqi məqsədi ilə Heydər
Əliyevin dəstəyi nəticəsində “Yaşıl
patrul”, “Mavi patrul”, “Təmizlik ayı”, “Çiçək
mövsümü”, “Məhsul ayı”, “Quş günü” və
s. kimi ictimai tədbirlər müntəzəm həyata
keçirilir, “İnsan və təbiət”, “İnsan və ətraf
mühit”, “Təbiəti sevənlər” radio və televiziya
proqramları fəaliyyət göstərirdi.
İri şəhərlərin,
xüsusən Bakının
yaşıllaşdırılması işi planauyğun olaraq
başlanıldı. İlk dəfə olaraq Tiflis
general-qubernatorunun oğlu, Bakı şəhər
komendantı Roman Xoven tərəfindən 1852-ci ildə
Bakıda bağ salınmağa başlanılmış və
1880-ci ildə istifadəyə verilmiş bu Qubernator
bağının ümumi ərazisi 3 hektara qədər
olmuşdur. XX əsrin əvvəllərində Bakı şəhərində
adambaşına 1-2 m2 yaşıllıq düşdüyü
halda, 05 fevral 1971-ci il tarixli məlumata əsasən Bakı
şəhərində və onun rayonlarında
adambaşına 6,5 m2, şəhər daxilində isə 5 m2
yaşıllıq düşürdü. 14 may 1977-ci il tarixə
Bakıda 6338,8 ha yaşıllıq sahəsi var idi ki, bu da
adambaşına 18,4 m2 edirdi, lakin bu göstəricinin 2000-ci ilədək
adambaşına 23 m2-ə çatdırılması nəzərdə
tutulmuşdur. Heydər Əliyevin yüksək təşkilatçılığı
nəticəsində yaşıllaşdırmaya dair
beşillik plan üç ildə yerinə yetirilərək,
artıq 09 oktyabr 1981-ci il tarixdə şəhərdə
adambaşına 20 m2 yaşıllıq sahəsi
düşmüşdür.
Heydər Əliyev
deyirdi: “1970-ci ildə mən ilk dəfə Bakıda
yaşıllıq işlərinin aparılması təklifini
irəli sürdüm, böyük bir proqram hazırladıq və
Bakını sürətlə, ilbəil
yaşıllaşdırmağa başladıq...Mən bunlar
üçün fəxr edirəm. Ancaq bunların arasında ən
çox fəxr etdiyim odur ki, mən Bakının geniş mənada
yaşıllaşdırmasının bünövrəsini
qoymuşam”. Həmin dövrdə “Bakı ən yaşıl
şəhər olmalıdır!” devizi irəli
sürülmüşdür.
Bakı şəhərinin
içməli suya artan təlaəbatını nəzərə
alaraq o dövrdə bir çox layihələr
hazırlanılmış, lakin kəmərin Kür
çayından çəkilişi üstünlük
qazanmışdır. İşin dövlət əhəmiyyətini
nəzərə alaraq 04 iyun 1970-ci il tarixdə “Kür su kəmərinin
çəkilişi ümumxalq tikintisi elan edilsin” qərarı
qəbul edilmişdir. 30 ayda görülməli olan iş təqribən
dörd ayda yerinə yetirilmiş və 15 sentyabr 1970-ci il
tarixdə dəqiq müəyyən edilmiş vaxtda Kür su
kəmərinin birinci növbəsi kompleksinin tikintisi başa
çatdırılmışdır.
Universitetdə təhsilimi
davam etdirdiyim dövrdə Qaradağ rayonunun Səngəçal
qəsəbəsi yaxınlığında Kür su kəmərinin
açılışı mərasimində iştirak etmək
mənə də nəsib olmuşdur. İnsanların necə
sevindiyinin şahidi oldum. Yadımdadır, yaşlı bir
kişi Heydər Əliyevə baxaraq “Bəxtəvər cənnətini
bu dünyada qazandı!” dedi. Mən nə üçün belə
dediyini soruşdum. O, gülümsəyərək “Bu ilan mələyən
düzlərə, bu qəsəbələrə su çəkdirməsi
bəs etdi” - dedi.
12 dekabr 1970-ci il
tarixdə Araz su qovşağı artıq qurtarmaq üzrə
idi, 16 dekabr 1970- ci il tarixdə Üçüncü Bakı
su kəməri Samur və Qusar çayının
qovuşduğu yerdən çəkilmişdir, 1971-ci ildə
Arpaçay su anbarının tikintisi
planlaşdırılmış, 27 iyul 1977- ci il tarixdə
Ağstafa dəryaçası istifadəyə verilmişdir. Beləliklə,
Bakı şəhərinin içməli suya artan tələbatının
ödənilməsi və eyni zamanda yeni torpaq sahələrində
suvarma işlərinin aparılması üçün
fundamental işlər görülmüşdür.
Həmin illər bir
sıra sərəncam və qərarların qəbulu ilə əlamətdar
olmuşdur. 7 iyul 1970-ci ildə “Azərbaycan SSR-də Su Məcəlləsinin
təsdiqi haqqında”, 29 iyun 1972-ci ildə “Azərbaycan SSR-də
Torpaq Məcəlləsinin təsdiqi haqqında”, 26 noyabr
1976-cı ildə “Azərbaycan SSR-də Torpağın təki
Məcəlləsinin təsdiqi haqqında”, 2 oktyabr 1977-ci il
tarixdə “Dövlət Torpaq Məcəlləsinin tətbiqi
haqqında” və “Torpaqların külək və su
eroziyasından qorunmasının təxirəsalınmaz tədbirləri
haqqında” Azərbaycan Respublikasının Nazirlər
Sovetinin Qərarları olmuşdur. Naxçıvan MSSR Nazirlər
Sovetinin 1970-ci il 16 oktyabr tarixli qərarı ilə Muxtar
Respublika ərazisində balıq ovlanmasına bəzi
qadağalar qoyulmuşdur. “Təbiətin mühafizəsinin
gücləndirilməsi və təbii ehtiyatlardan istifadənin
yaxşılaşdırılması haqqında” Azərbaycan
hökumətinin 1972-ci il 29 dekabr (Protokol ¹ 898) tarixli qərarı
təbiəti mühafizə işinə diqqətin
artırıldığını göstərir. Daha sonra
“Respublika daxili sularında balıqçılıq təsərrüfatlarının
sürətli inkişaf etdirilməsi haqqında” 1 iyul
1976-cı il tarixli (Protokol ¹ 14) qərar qəbul edilmişdir.
Respublika hökumətinin
31 dekabr 1976-cı il tarixli (Protokol ¹ 143) “Azərbaycan SSR-nin məhv
olmaq təhlükəsi altında olan bitki və heyvan növlərinin
qorunması haqqında” qərarında respublikada və o
cümlədən Naxçıvan MR-də məhv olmaq təhlükəsi
altında olan bitki və heyvan növlərinin dəqiqləşdirilməsi,
onların qorunma yollarının müəyyənləşdirilməsi
göstərilmiş, Elmlər Akademiyası İnstitutları
və digər təbiəti mühafizə təşkilatları
bu növlərin siyahısını
hazırlamışdır. Azərbaycan SSR Nazirlər Sovetinin
25 iyul 1977-ci il tarixli (Protokol ¹ 253) “Azərbaycan SSR-inin məhv
olmaq təhlükəsi altında olan bitki və heyvan növlərinin
“Qırmızı Kitab”ının təsdiqi” haqqında qərar
qəbul edilmiş və onun ayrıca xüsusi kitab şəklində
çap olunması tövsiyə edilmişdir.
Azərbaycan SSR-nin
“Qırmızı Kitab”ı Azərbaycan SSR Dövlət Təbiəti
Mühafizə Komitəsi və müvafiq təşkilatların
birgə iştirakı ilə tərtib olunaraq sonralar
çapdan çıxmışdır. “Qırmızı
Kitab”a 14 növ məməli (3 növ yarasa, 7 növ
yırtıcı və 4 növ dırnaqlı); 36 növ
quş; 13 növ suda-quruda yaşayan və sürünən;
5 növ balıq; 40 növ onurğasız və 140 növ
bitki daxil edilmişdir. Təqribən həmin illərdə Naxçıvan
Muxtar Respublikasının da “Qırmızı
Kitab”ının işlənilməsi nəzərdə
tutulmuş, lakin nədənsə göstərilən kitab nəşr
edilməmişdir.
Naxçıvan MSSR
Ali Sovetinin 1978-ci il 17 avqust tarixli qərarında dərman
bitkilərinin hərtərəfli öyrənilməsi və
tədarük olunaraq müalicə məqsədi ilə istifadə
olunması göstərilmişdir.
Respublika hökumətinin
7 dekabr 1979-cu il tarixli (Protokol ¹ 79) “Təbiətin mühafizəsini
gücləndirmək və təbii ehtiyatlardan istifadə
edilməsini yaxşılaşdırmaq sahəsində əlavə
tədbirlər haqqında” adlı qərarında respublikada təbiəti
mühafizə işlərinin təbliği, gənc təbiətçilərin
yetişdirilməsi, yasaqlıq və qoruqların işinin təkmilləşdirilməsi
nəzərdə tutulmuşdur.
5 mart 1980-ci ildə
Beynəlxalq Təbiəti və Təbii Ehtiyatların
Mühafizəsi (BTTEM) təşkilatı tərəfindən
təbiətin mühafizəsinin Beynəlxalq Strategiyası
hazırlanmışdır. Bəşəriyyət
qarşısında duran əsas problemlərdən
başlıcasının canlılar aləminin biomüxtəlifliyinin,
genetik fondunun qorunması olduğu təntənəli surətdə
elan edilmişdir. Azərbaycan Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsi həmin illərdə
bir sıra vacib qərar, qanun və əsasnamələrin
layihəsini hazırlayaraq təsdiqinə nail olmuşdur.
Ölkələrarası əməkdaşlığın əsası
kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul
olunmuş ‘’Davamlı İnkişaf’’ konsepsiyası təbii
ehtiyatların səmərəli idarə edilməsi zəruriliyini
və bu sahədə gələcək nəslə dəyə
biləcək ziyanın xeyli dərəcədə
azaldılmasını nəzərdə tuturdu.
Daha sonra 4 dekabr
1981-ci il tarixdə “Atmosfer havasının qorunması
haqqında” və “Heyvanlar aləminin qorunması və istifadə
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Sovetinin qərarları olmuşdur.
Əksər dövlətlər
tərəfindən BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda
keçirilmiş konfransında təsdiq edilmiş “XXI əsrin
gündəliyi” bu məqsədin əsas istiqamətinə rəhbərlik
kimi çox mühüm sənəd olub, ətraf mühitin
qlobal təhlükəsizliyinin əsaslarını müəyyən
edir. Azərbaycan hökuməti Azərbaycan
Respublikasının ekoloji konsepsiyasını və Dünya
Bankı ilə birgə respublikanın ‘’Ətraf mühitin
mühafizəsi üzrə Milli Fəaliyyət
Planı’’nı hazırlamışdır. Azərbaycanın
regional və qlobal ekoloji problemlərinin həlli
üçün ‘’Bioloji və landşaft müxtəlifliyi
üzrə Panavropa strategiyası’’ proqramında
iştirakı və ‘’Bioloji müxtəliflik haqqında’’ olan
Bonn və Ramsar konvensiyalarının ratifikasiya edilməsi
vacib faktorlardan biri olmuşdur.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 1
aprel 1993-cü il tarixdə keçirilmiş geniş
iclasında “Muxtar respublikanın kənd təsərrüfatı
istehsalı sahəsində 1992-ci ilin yekunları, 1993-cü
ildə qarşıda duran vəzifələr” və
“Qış dövründə kəsilmiş ağacların
yenidən bərpası sahəsində şəhər, rayon,
kənd və qəsəbə xalq deputatları məclislərinin,
onların icraiyyə komitələrinin vəzifələri”
haqqında məsələlər müzakirə edilmişdir.
Müzakirə zamanı Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Heydər Əliyev qeyd etmişdir ki,
qışın sərt keçməsi ilə əlaqədar əhali
meyvə və bəzək ağaclarının bir hissəsini
kəsib yandırmış, bir hissəsi isə
baxımsızlıq üzündən tələf olmuşdur.
Ümummilli liderimiz çıxışında “Bunların
hamısını bərpa etmək lazımdır. Ümumiyyətlə,
tək meyvə ağacları deyil, ağır qış
şəraiti ilə əlaqədar kəsilmiş bəzək
ağacları da bərpa edilməli və biz bu sahədə
rayon, kənd xalq deputatları məclisləri və
onların icra komitələri, təsərrüfat rəhbərləri
qarşısında çox mühüm vəzifələr
qoyaraq tələb etməliyik ki, onlar bu vəzifələri həyata
keçirsinlər. Bununla yanaşı, mən
Naxçıvan Muxtar Respublikasının bütün əhalisinə
müraciət edirəm. Kim harada bir meyvə ağacı, bəzək
ağacı əkərsə, o həm özü
üçün, həm də öz ailəsi
üçün, həm də öz şəhəri
üçün, kəndi və qəsəbəsi
üçün çox xeyirxah iş görmüş
olacaqdır.”
Tariyel Talıbov,
AMEA Naxçıvan Bölməsi
Bioresurslar İnstitutunun direktoru,
Biologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir
üzvü, Əməkdar
elm xadimi
İki sahil.- 2011.- 10 iyun.- S. 6.