Bu günün reallıqları,
inkişaf tempi, perspektivlər
Azərbaycanın
bugünkü inkişaf yolu ulu öndər Heydər Əliyevin
18 il əvvəl xilaskarlıq missiyasını üzərinə
götürməklə başlanıb
Bu il Azərbaycanın
dövlət müstəqilliyinin yenidən bərpa
olunmasının 20 ili tamam olur. Dövlət
başçısı İlham Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının
iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna
əhəmiyyət daşıyan ictimai-siyasi hadisə
olduğunu önə çəkərək, müstəqillik
illərində ölkəmizin keçdiyi zəngin inkişaf
yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini
təmin etmək məqsədi ilə imzaladığı “Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında” sərəncamda da
ötən dövr ərzində hər sahədə
qazanılan uğurlarımız geniş təhlil olunur, bu
nailiyyətlərin gələcəyə böyük inamla
baxmağa əsas verdiyi bildirilir.
Hələ ötən əsrin
70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin
strategiyasına uyğun respublikamızda həyata keçirilən
genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın
formalaşdırılmasına, sosial-mədəni həyatın
canlandırılmasına və milli mənəvi dəyərlərin
dirçəldilməsinə yönəldilərək gələcək
müstəqilliyimizin təmin olunması üçün zəmin
hazırlamışdı. Sovetlər birliyinin
dağılmasının qaçılmaz şəkil
alması onun tərkibinə daxil olan bütün müttəfiq
respublikalara müstəqillik əldə etmək imkanı
yaratdı. Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul
etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi
haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olduğunu bəyan edərək
öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq
aləmə bildirdi.
Yenicə müstəqillik
qazanmış hər bir dövlətin qarşısında həllivacib
məsələlər dayanır. Bu vəzifələrin yüksək səviyyədə
yerinə yetirilməsi, qarşıya qoyulan məqsədə
nail olmaq üçün düzgün yol seçmək
mütləqdir. Bu yolun düzgün müəyyənləşdirilməsi
isə ölkəyə rəhbərlik edən liderdən
asılıdır. Müstəqilliyimizin ilk illərində
ölkəyə şəxsi maraqlarını dövlətin
mənafeyindən üstün tutan qüvvələrin rəhbərlik
etməsi, bunun nəticəsi olaraq geniş vüsət alan hərc-mərclik,
iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin
talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi.
Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən
silinmək təhlükəsi ilə üz-üzə
qaldı. Belə bir çətin məqamda xalq öz
xilaskarına-ulu öndər Heydər Əliyevə üz
tutdu. Dahi şəxsiyyətin xalqın səsinə səs
verib, ölkəni düşdüyü bu çətin
durumdan xilas etmək üçün ciddi səylər
göstərməsi bir daha bu reallığı təsdiqlədi
ki, onun üçün hər şeydən əziz xalqıdır,
Vətənidir, torpağıdır.
Ulu öndər Heydər Əliyev
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra seçdiyi
düzgün yolla Azərbaycanı xaosdan sabitliyə, iqtisadi tənəzzüldən
tərəqqiyə doğru apardı. Heydər Əliyev bildirirdi: “Mənim
həyatım da, fəaliyyətim də yalnız və
yalnız Azərbaycanın müstəqilliyinin qorunub
saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən
qalxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim,
amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli
insanları, hörmətli adamları ilə, xalqın irəli
çəkdiyi nümayəndələri ilə birlikdə edə
bilərəm.”
Ulu öndər iyunun 9-da
Naxçıvandan Bakıya gəldi, sonra isə qanlı hadisələrin
mahiyyətini öyrənib vətəndaş müharibəsinin
alovlanmasının qarşısını almaq
üçün Gəncəyə getdi. Heydər Əliyevin
həm Bakıda, həm də Gəncədə əhali ilə
görüşlərinin, AXC-Müsavat hakimiyyəti üzərinə
qalxmış Surət Hüseynovla apardığı
danışıqların nəticəsi bu oldu ki, Bakıya
yürüş edən silahlı dəstələr geri
qaytarıldı, vətəndaş müharibəsi təhlükəsi
sovuşdu, xalqda sabaha inam yarandı. Xalqına arxalanan ulu
öndər Heydər Əliyev bu birlik sayəsində
bugünkü inkişafın təməlini qoydu.
Bu günlərdə enerji
sektorunda mühüm hadisə kimi dəyərləndirilən
18-ci Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində
çıxışında dövlət
başçısı İlham Əliyev bir daha müstəqilliyimizin
ilk illərində Azərbaycanın yaşadığı bu
ağır durumu diqqətə çatdıraraq
bildirmişdir: “Müstəqilliyə qovuşanda ölkəmiz
əlbəttə ki, yeni çağırışlarla
üzləşmişdir. Müstəqilliyimizin ilk illəri
ölkəmiz üçün çox ağır
keçmişdir. Ölkədə qeyri-sabit vəziyyətin
mövcud olduğu, vətəndaş müharibəsinin
başlandığı, total böhranın hökm
sürdüyü bir zamanda Azərbaycan müstəqil ölkə
kimi ilk addımlarını atmağa
başlamışdır. Əlbəttə ki, ölkəmizin
gələcəyi üçün lazımi tədbirlərin
görülməsi böyük bir zərurət idi. Azərbaycanın
bəxti gətirmişdir ki, ölkəmiz üçün həlledici
anlarda böyük dövlət xadimi, ulu öndər Heydər
Əliyev Azərbaycanın rəhbərliyinə gəlmişdir.
Dövlətimizin və dövlətçiliyimizin əsasları
məhz onun siyasəti nəticəsində formalaşmışdır.
Azərbaycanda dövlətçiliyin əsasları
qoyulmuş, hüquqi dövlət quruculuğu prosesi
başlanmışdır. Ölkədə siyasi və iqtisadi
islahatlar aparılmağa başlanmışdır. Ölkəmizin
iqtisadi müstəqilliyinin əldə edilməsi
üçün konkret addımlar atılmağa başlanmışdır.
Onların içində ən mühüm və tarixi əhəmiyyətə
malik olan hadisə 1994-cü ildə “Əsrin
kontraktı”nın imzalanması idi.”
Ulu öndər Heydər Əliyev
sabitliyi hər bir inkişafın əsası kimi önə
çəkərək, uğurlu daxili siyasəti nəticəsində
ölkədə ictimai-siyasi sabitliyi yaratdı. Dövlət
müstəqilliyimizi möhkəmləndirmək, xarici
dövlətlərlə iqtisadi-siyasi münasibətləri
yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan
döyüş bölgəsində atəşkəsə
nail olmaq, güclü ordu yaratmaq üçün imkanları
artırmaq qarşıda dayanan əsas vəzifələr idi.
Bu vəzifələrin yüksək səviyyədə yerinə
yetirilməsi üçün ilk növbədə atəşkəs
sazişinin imzalanmasının vacibliyi önə çəkildi.
1994-cü ilin mayın 12-də ulu öndər Heydər Əliyevin
gərgin səyləri nəticəsində Ermənistanla Azərbaycan
arasında atəşkəs sazişi imzalandı.
Ölkədə
yaradılan sabitlik, normal biznes mühiti xarici investorları Azərbaycana
cəlb etdi. 1994-cü ildə Azərbaycan çox riskli bir
dövlət kimi tanınsa da, sonrakı illərdə xarici
neft şirkətlərinin Azərbaycana dəvət edilməsi,
onların investisiyalarının qorunması üçün
lazımi tədbirlərin görülməsi, qanunvericilik sahəsində
lazımi addımların atılması sayəsində bu
gün ölkəmiz etibarlı tərəfdaş kimi
mövqeyini möhkəmləndirməkdədir. 1994-cü ilin
sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə
Azərbaycanın iqtisadi inkişafının təməli
qoyuldu. Bu gün reallıq sayılan layihələr o illərdə
əfsanəvi ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum nəinki Azərbaycanın
inkişafını müəyyən etdi, eyni zamanda, bölgədə
və regionda tamamilə yeni situasiyanı yaratdı. Dövlət
başçısı İlham Əliyev ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının
ölkəmizə qazandırdığı uğurları
önə çəkərək bildirir ki, biz bütün
imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq. Hər
bir sahə üzrə proqramların mövcudluğu,
onların xalq tərəfindən dəstəklənməsi gələcək
uğurlara böyük yol açır. Bir sözlə, bu
günün reallıqları ulu öndər Heydər Əliyevin
vaxtilə söylədiyi “Əsrin müqaviləsi ilə
qoyduğumuz təməl XXI əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi
üçün gözəl imkan yaradacaq” fikrini təsdiqləyir.
1995-ci ildən bu günə qədər ölkə
iqtisadiyyatına ümumilikdə 97 milyard dollar investisiyanın
qoyulması Azərbaycanın gələcəyinə olan
inamın təsdiqidir. Ölkəmizdə iqtisadi sahədə
əməkdaşlıqda maraqlı olan dövlətlərin
sayı artmaqdadır. Tarixən neft ölkəsi kimi
tanınan Azərbaycan bu gün beynəlxalq aləmdə qaz
ixracatçısı kimi nüfuz qazanıb. Dünyanın
enerji təhlükəsizliyinin təminatında
oynadığı rol təqdir olunur. Təbii ki, bu
uğurların əsasında düzgün qurulan siyasət
dayanır. Ulu öndər Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyini tarixi nailiyyət kimi dəyərləndirərək,
onun qorunmasını, daha da möhkəmləndirilməsini hər
bir Azərbaycan vətəndaşının
qarşısında mühüm vəzifə kimi qoyurdu:
“Heç bir qüvvə Azərbaycanın müstəqilliyini
əlindən ala bilməz, bundan sonra heç bir qüvvə
Azərbaycanın dövlət müstəqilliyini məhv edə
bilməz.”
Ulu öndər Heydər Əliyevin
düşünülmüş və məqsədyönlü
siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi Azərbaycanın
qarşısında geniş imkanlar açır. Keçid
dövrünü başa vuran respublikamız bu gün
özünün uzunmüddətli inkişaf
strategiyasının istiqamətlərini müəyyən edən
bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi
artım sürətinə görə ön sıralarda gedərək
islahatçı ölkə kimi tanınır. Dünyanın
nüfuzlu maliyyə qurumları hesabatlarında bu faktı
xüsusi qeyd edirlər ki, Azərbaycanın inkişaf yolu, əldə
etdiyi təcrübə digər ölkələrə
nümunədir. Ölkəmizdə həyata keçirilən
siyasətin alternativsizliyi beynəlxalq səviyyədə qeyd
edilir.
Respublikamızda neft və
qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli
iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi
daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə
artmaqdadır. Bu
gün dövlət büdcəmiz 20 milyard, valyuta
ehtiyatımız isə 34 milyard dollardan artıqdır. Bazar
iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan
sahibkarlığın inkişafı dövlətin diqqətindədir.
Güclü sahibkarlar sinfi və orta təbəqə
yaranır. 2003-cü ildən bu günə qədər 900
mindən artıq yeni iş yeri açılıb.
İşsizlik, məşğulluq problemlərinin həllinə
xidmət edən Dövlət Proqramları uğurla icra
edilir.
Bu gün yeganə
problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. Təbliğatı real faktlara əsaslanan Azərbaycan
dövləti sülh danışıqları səmərə
vermədiyi təqdirdə hərb variantına
üstünlük veriləcəyini istisna etmir. Bu inam ölkəmizin
güclü, qüdrətli ordusunun olmasından irəli gəlir.
Azərbaycanda ordu quruculuğu prosesi böyük uğurla
gedir. Silahlı Qüvvələrimizin peşəkar
hazırlıq səviyyəsi, maddi-texniki bazası və
döyüş qabiliyyəti möhkəmləndirilir. Ölkəmizdə
müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə
bağlı layihə həyata keçirilir.
Ümumi şəkildə
qeyd edə bilərik ki, iyirmi illik inkişaf yolumuzun ən
parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan,
sözün əsl mənasında müstəqil ölkədir.
Ölkəmizdə
gerçəkləşdirilən siyasət daim Azərbaycan
xalqının maraqlarına xidmət göstərir. Siyasətində
müstəqil olan ölkənin böyük uğurlara imza
atması və bu nailiyyətlərin davamlılığı
qaçılmazdır.
Bu gün Azərbaycan ulu
öndər Heydər Əliyevin seçdiyi yolla inamla irəliləyir.
Azərbaycanın
gələcəyinin yüksək ixtisaslı gənclərlə
bağlı olduğunu önə çəkən dövlət
başçısı İlham Əliyev bu istiqamətdə
mühüm addımlar atır. Möhtərəm Prezidentimiz
bildirir ki, kadr hazırlığı iqtisadi inkişafın səviyyəsinə
uyğunlaşdırılmalıdır. Müasir
texnologiyaların öyrənilməsi və tətbiqi
mühüm vəzifə kimi qarşıya qoyulur. Prezident
İlham Əliyevin fərmanı ilə “2007-2015-ci illər
üçün Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almaları ilə bağlı Dövlət
Proqramı”nın təsdiqlənməsi və uğurla
icrası da bu məqsədə xidmət edir.
Gələcəyin
ixtisaslı mütəxəssislərinin hazırlanması
mexanizminin əsası məktəb illərində
qoyulduğu üçün təhsil müəssisələrinin
ən müasir İKT avadanlıqları ilə təmin
olunmasına başlıca vəzifə kimi diqqət yetirilir. Heydər Əliyev
Fondunun bu sahədə xidmətləri böyükdür.
Belə ki, Fondun “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
məktəb tikintisinə, yenidən bərpasına, dünya
standartlarına cavab verən formada avadanlıqlarla təchiz
edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti
tərəfindən yüksək dəyərləndirilir. Ulu öndər Heydər
Əliyevin “Təhsil millətin gələcəyidir” fikrinin
davamı olaraq Prezident İlham Əliyev bildirir ki, dünya təcrübəsi
də bu həqiqəti təsdiqləyir ki, ölkənin
inkişafında, tərəqqisində neft-qaz amili ilə
yanaşı, elmi potensial, yeni texnologiyalar əsas yer tutur. Azərbaycan
müasir, sivil ölkədir, dünyanın qabaqcıl ölkələrinin
təcrübəsinin öyrənilməsinə və tətbiqinə
xüsusi maraq göstərir. Biliyin əsası təbii ki, məktəblərdən
qoyulur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
çıxışlarında bu fikri daim bəyan edir ki, təhsilin
inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir.
Məktəblilər dünya standartlarına cavab verən məktəblərdə
dərs almalıdırlar. Qeyd olunan Proqram çərçivəsində
yüzlərlə məktəb tikilib, lazımi
avadanlıqlarla təchiz olunub, istifadəyə verilib.
Bir sözlə,
bugünkü uğurlarımız ulu öndərimiz Heydər
Əliyevin 18 il əvvəl xilaskarlıq missiyasını
üzərinə götürməklə başlanıb. Bu yol Milli
Qurtuluş yoludur. 15 iyunun tarixə Milli Qurtuluş Günü
kimi daxil edilməsi də bu tarixin əhəmiyyətini, mahiyyətini
açıqlayır.
Heydər Əliyevin siyasi
kursunun layiqli davamçısı, möhtərəm
Prezidentimiz İlham Əliyevin son yeddi ildən artıq
dövr ərzində gördüyü işlər, Azərbaycanın
əldə etdiyi uğurlar Qurtuluşdan başlanan
böyük yolun davamı kimi dəyərləndirilir. Ötən bu
dövrün statistikasına diqqət yetirən hər kəsin
gözü qarşısında ölkə rəhbərinin
xalq, dövlət, vətən naminə gördüyü
böyük işlərin geniş mənzərəsi
canlanır. Bu inkaredilməz həqiqətdir ki, ölkə rəhbərinin
malik olduğu ən böyük kapital xalqın
etimadıdır. 2003-cü il prezident seçkilərində
xalqın böyük əksəriyyətinin etimadını
qazanaraq Prezident seçilən cənab İlham Əliyev
beş ildə gördüyü işlərlə, hər bir
vədini konkret əməli işdə təsdiqləməklə
2008-ci ildə növbəti dəfə qələbəsini təmin
etdi. İlk gündən “Biz Heydər Əliyev yolunu davam etdirəcəyik,
bu yola daim sadiq qalacağıq” deyən Prezident İlham Əliyev
Azərbaycanı sürətlə irəli aparır.
Xalqımız bu günün uğurları fonunda yeganə
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin də tezliklə öz müsbət həllini
tapacağına əmindir.
İradə
Hüseynova,
Təhsil
nazirinin müavini,
tarix
elmləri doktoru,
professor,
YAP Siyasi
Şurasının üzvü
İki
sahil.- 2011.- 13 iyun.- S. 6.