Azərbaycanın
müstəqilliyinin dönməzliyi Milli Qurtuluş
Günündən başlayır
Milli Məclisin sədr
müavini, YAP İdarə Heyətinin üzvü Bahar
Muradovanın www.yap.org.az saytına müsahibəsi
- Bahar xanım, bu günlər
ölkəmizin bütün guşələrində 15 İyun
- Milli Qurtuluş Günü təntənəli şəkildə
qeyd olunmaqdadır. Bu əlamətdar tarixin bir dövlət
kimi Azərbaycanın taleyinin müəyyənləşməsində
rolu və əhəmiyyəti haqqında fikirlərinizi bilmək
istərdik...
- 15 İyun - Milli
Qurtuluş Gününün Azərbaycan tarixindəki yeri və
rolundan danışarkən ilk növbədə həmin
günə qədərki vəziyyəti dəyərləndirmək,
xatırlamaq yerinə düşər. Böyük problemlər
içində müstəqilliyini elan etmiş Azərbaycan o
zaman qısa müddət ərzində daha böyük
çətinliklərlə üz-üzə qaldı. Bildiyiniz
kimi 1990-cı illərin əvvəlində daxildəki
ictimai-siyasi proseslər 70 il mövcud olmuş SSRİ-nin
dağılmasına gətirib çıxardı və
ittifaqın tərkibində olan respublikalar müstəqilliklərini
elan etdilər. Digər respublikalardan fərqli olaraq Azərbaycanda
bu prosesi gücləndirən amil Dağlıq Qarabağ məsələsi
oldu. Bu münaqişənin ortaya çıxması isə
öz növbəsində Azərbaycanda ictimai-siyasi
oyanışın, mərkəzi hakimiyyətə, erməni
separatizminə etirazın meydana çıxmasına
transformasiya olundu. Bununla yanaşı, keçmiş SSRİ
hakimiyyətinin ermənilərin tərəfini tutması bu
prosesi daha da gücləndirdi. Çox ciddi, gərgin,
perspektivi görünməyən ağır bir durum
yaranmışdı. Bu durumun özünün də
içində müxtəlif fikirlər, meyillər, cərəyanlar
və həmin cərəyanların arxasında dayanan müxtəlif
maraqlı qruplar vardı. Təbii ki, Azərbaycan belə bir
durumda öz düzgün addımını atmalı idi. Düzdür,
o vaxt SSRİ-ni qoruyub saxlamaq istəyənlərin olmasına
rəğmən Azərbaycan özünü müstəqillik
meyillərinin daha çox gücləndiyi bir respublika kimi
tanıtmışdı. O zamankı Azərbaycanın Ali
Soveti müstəqilliklə bağlı Konstitusiya
aktını qəbul etdi. Bundan sonrakı dövrdə isə
Azərbaycana qarşı təhdidlər və təzyiqlər
daha da artdı. Müstəqillik isə sadəcə,
kağız üzərində qalırdı. Çünki
müstəqilliyi yalnız elan etməklə iş bitmirdi, bir
sıra müvafiq addımlar atılmalı idi. Amma
atılmalı olan addımların reallaşması istiqamətində
işlər görülmürdü. Ən azından o vaxt
müstəqilliyi elan etmiş ölkə rəhbərliyi
daxili və xarici təzyiqlərin fonunda Azərbaycanın
müstəqilliyini qoruyub saxlamaq imkanına malik deyildi. Çünki
hakimiyyət Azərbaycanın ittifaqsız necə
yaşayacağını təsəvvür etmək
iqtidarında deyildi. O zaman səylərin böyük əksəriyyəti
də xalqı ittifaqsız yaşamağın
mümkünsüzlüyünə inandırmağa yönəlmişdi.
Qüvvələri səfərbər edərək müstəqilliyi
təmin etmək yerinə bir qrup özünü təsdiq etməyə
cəhd göstərir, digər qrup-Qarabağ hadisələrinin
dalğası üzərində meydan hərəkatından
istifadə edərək hakimiyyətə gəlmək istəyirdi.
Nəticədə ərazilərimizin işğalı,
Xocalı soyqırımının baş verməsi,
insanların qaçqın və məcburi köçkün
durumuna düşməsi fonunda AXC-Müsavat cütlüyü
hakimiyyətə gəldi. Qısa müddət ərzində
bu qüvvələr də çox ciddi problemlərlə
üz-üzə qaldılar. Əgər bir tərəfdən
onlardan əvvəlkilər Azərbaycanı idarə etmək
iqtidarında deyildilərsə, AXC-Müsavat
cütlüyü isə Azərbaycanın idarəçilik
sükanını təsadüfən ələ
keçirmiş qüvvə idi. Bu da çox qısa bir
zamanda özünü göstərdi. Hakimiyyəti ələ
almış insanlar bu hakimiyyətə rəhbərlik etməyi
bacarmadılar. Sosial dayaqlardan demək olar ki, tam məhrum
oldular. Öncə xalq içində nüfuzlarını
itirdilər, Azərbaycanı böhrana sürüklədilər.
Xalqın da onlara heç bir inamı qalmamışdı. Ermənilər
də bundan istifadə edərək bölgələrimizi
işğal etməyə başlamışdılar.
O zaman ölkənin gələcəyini
düşünən ziyalılar bir araya gəldilər. Bunu
xüsusi vurğulayım ki, Azərbaycanın bu çətin
vəziyyətdən xilas edilməsi ilə bağlı müəyyən
fikirlər səslənirdi, müzakirələr
aparılırdı, ziyalıların müraciəti isə
xüsusi əhəmiyyətə malik idi. Bu təşəbbüsü
bir partiyaya, ideologiyaya çevirən ziyalılar sonradan ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
müqavimət hərəkatını bir araya gətirə
bildilər. Məhz Heydər Əliyevin Yeni Azərbaycan
Partiyasının rəhbərliyində dayanması və
partiyanın proqram və nizamnaməsinin ulu öndərin rəyi
ilə yazılması, qarşıda duran vəzifələri
müəyyən etməsi bütün insanları səfərbər
etdi. Qısa zamanda ölkənin bölgələrində Yeni
Azərbaycan Partiyasının yerli təşkilatları
yarandı və bütün insanlar Heydər Əliyevin
hakimiyyətə gəlməsinin vacib olduğunu vurğulayaraq
bunun üçün də hərəkətə keçdilər.
Bu prosesi həm də hakimiyyətdə olan qüvvələrin
öz sosial dayağını itirməsi şərtləndirirdi.
Çünki ölkəni idarə edə bilmədiklərini,
öz daxilindən olan müxalifəti cilovlaya bilmədiklərini
və xüsusilə hərbi müxalifətlə üz-üzə
qaldıqlarını gördükdə hakimiyyətdə olan
insanlar ən azı özlərini xilas etmək
üçün Heydər Əliyevi Bakıya
çağırmaq məcburiyyətində qaldılar. Bu
proses bizim hər birimizin gözü qarşısında
baş verdi və o günlərin nə qədər çətin
və ağrılı olması həmin günləri
yaşayan insanların yaddaşlarından heç zaman silinməyəcək.
Ulu öndər Heydər Əliyevin
Azərbaycan parlamentinin rəhbəri seçilməsi o zaman
atılması vacib olan ən düzgün addım idi. Heydər
Əliyevin baş verən proseslərlə bağlı
düzgün qərar qəbul etməsi, Gəncəyə səfər
etməsi və Azərbaycanın maraqlarını hər
şeydən üstün tutan insanların Heydər Əliyevin
ətrafında cəmlənməsi dövlətimizin həm
daxili, həm də xarici təzyiqlərə müqavimət hərəkatını
formalaşdırmağa imkan verdi. Beləliklə, ikinci dəfə
hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı
məhv olmaq təhlükəsindən xilas etdi.
Ümumiyyətlə, bu
xatırlatmalarım o dövrdə baş verən hadisələrin
xronologiyasıdır. Amma bu xronologiyanın içində nə
qədər hadisələr cərəyan edir. Bütün
bunları görən, yaşayan və kitablardan oxuyan gənc
nəsil çox yaxşı dərk etməlidir ki, həmin
dövrdə yalnız ümummilli lider Heydər Əliyevin
uzaqgörənliyi və qətiyyəti Azərbaycanı bir
dövlət olaraq xilas etdi. Bu, Qurtuluşun
başlanğıcı idi. Ona görə də, hesab edirəm
ki, o dövrə qədərki hadisələrin mahiyyəti və
məzmunu bir çox araşdırmaları tələb edir. O
dövr çox ciddi tədqiq olunmalıdır. Fikrimcə,
bir sıra siyasi qüvvələrin, təşkilatların,
dövlət qurumlarının və onun rəhbərlərinin
rolu, iştirakı, günahı və xidməti hələ
bundan sonra uzun illər tədqiqat obyekti olaraq qalacaq.
- Ümumiyyətlə, bu
günü Azərbaycan dövlətçiliyinin tarixində
dönüş anı hesab etmək olarmı?
- Azərbaycanın
dövlətçilik tarixinə nəzər salanda bizim
öyündüyümüz, qürur duyduğumuz, ölkələri
fəth edən, Azərbaycanın ərazilərini genişləndirən
tarixi şəxsiyyətlərimiz olub. Ötən əsrin əvvəllərində
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq
Cümhuriyyəti yaradıldı. Onun taleyi isə bizə bəllidir.
Bundan sonra Azərbaycan keçmiş SSRİ-nin tərkibində
respublika kimi mövcud olsa da, müstəqil deyildi. Azərbaycanın
həqiqi mənada müstəqilliyi ulu öndər Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışından
sonra -15 İyun - Milli Qurtuluş Günündən
başlayır. Qeyd etdiyim kimi bu vaxta qədər formal olaraq
müstəqillik elan olunsa da, ölkədə idarəçilik
sistemi yox idi. O dövrdə hakimiyyətdə təmsil olunan hər
siyasi partiyanın bir silahlı qrupu vardı. Qarabağda gedən
döyüşlərdə vahid komandanlıq, nəzarət
yox idi, döyüşlərdə silahlı qrupların
bir-birinə qarşı dayanması, mənafe mübarizələri
və bu prosesin özündə də siyasi maraqların
güdülməsi Azərbaycanı çox çətin bir
duruma salmışdı. O baxımdan, 15 İyun - Milli
Qurtuluş Günü Azərbaycanın həqiqi mənada
müstəqilliyinin əldə olunması və bu müstəqilliyin
daimiliyinin və əbədiliyinin təmin olunmasında
başlanğıc nöqtə sayılır. Azərbaycan
dünyaya yalnız həmin gündən sonra özünü
müstəqil dövlət kimi təqdim edə bildi. Bu
müstəqil dövləti təmsil edən bir şəxsiyyət
olaraq Heydər Əliyev bütün dünya dövlətlərinə
göstərə və sübut edə bildi ki, Azərbaycanın
müstəqilliyi daimidir. Bu gün Azərbaycan həm
dünyada, həm regionda nüfuzu ilə fərqlənən
dövlətdir. Biz artıq inkişaf etmiş ölkələr
sırasına qoşulmaq prosesindəyik. Təsadüfi deyil
ki, Prezident İlham Əliyev Azərbaycanda keçid
dövrünün başa çatdığını elan
edib. Bu tarixi fikrin arxasında böyük zəhmət, fəaliyyət
dayanır. Bu nöqteyi-nəzərdən Heydər Əliyevin
1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyətinin
10 ili ərzində məhz ən başlıca vəzifələr
yerinə yetirilib. Məhz bu zaman kəsiyində Azərbaycan
dövləti öz müstəqilliyini tam mənada bərpa
etdi, Azərbaycanın güclü ordusu formalaşdı, Azərbaycanın
bütün iqtisadi imkanları səfərbər olundu və
həyata keçirilən iqtisadi layihələr ölkəmizi
bir çox böyük dövlətlərin yaxın tərəfdaşına
çevirdi və ölkəmiz bu layihələrin nəinki
iştirakçısı, hətta təşkilatçısı
oldu. Azərbaycan malik olduğu coğrafi, iqtisadi imkanlardan, təbii
sərvətlərindən təkcə öz maraqları
üçün deyil, bütövlükdə bölgənin
və dünyanın enerji təhlükəsizliyi
üçün istifadə edən bir ölkə olduğunu
sübuta yetirdi. Bütün bunlar isə Azərbaycanda siyasi
sabitlik olmadan əldə edilə bilməzdi. Bu dövr ərzində
ən böyük uğur ölkə daxilində sabitliyin əldə
olunması və onun qorunub saxlanması idi. Bu isə Azərbaycanda
silah yolu ilə hakimiyyətə gəlməyin
mümkünsüzlüyünü hər kəsə göstərdi.
Azərbaycanda hakimiyyətə yalnız seçkilər, yəni
xalqın iradəsi əsasında gəlmək
mümkündür. Siyasi sabitliyin fonunda isə iqtisadi-sosial
layihələrin həyata keçirilməsi ölkəmizin
dünyaya etibarlı tərəfdaş kimi təqdimatına
imkan yaratdı. 10 il ərzində bunu əldə etmək
mümkün oldu və nə qədər çətin olsa da
ulu öndər Heydər Əliyev bu işlərin öhdəsindən
gəldi. Bunun nəticəsidir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi,
Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində
əksini tapan ideoloji və siyasi kurs Azərbaycan xalqı tərəfindən
birmənalı olaraq qəbul və müdafiə olunur. Bu
gün də xalq bu siyasi kursa inanır və bu da Azərbaycanın
uğurlarında böyük əhəmiyyət
daşıyır. Ümumilikdə, bütün bunların
kökündə isə yuxarıda qeyd etdiyimiz
dönüş anı dayanır.
- O dövrü xarakterizə
edərkən diqqət çəkən məqamlardan biri də
həmin zaman hakimiyyətdə olan qüvvələrin
bacarıqsızlığı və qətiyyətsizliyidir. Amma
maraqlıdır ki, indi müxalifətdə olan həmin
partiyalar yenə də hakimiyyətə iddialıdır. Sizcə,
onların belə bir iddia ilə çıxış etməyə
mənəvi haqları çatırmı?
- Onların Azərbaycanda
hakimiyyət başına gəlməyə mənəvi
haqlarının çatmaması bir faktdır. Həmin dairələrin
bu günə qədərki durumu, Azərbaycan xalqının
onlara münasibəti bunu deməyə əsas verir. Xalqın
bu insanlara zərrə qədər də etimadı yoxdur, bu mənada
getdikcə vəziyyətləri daha da pisləşir. Onu da
qeyd edim ki, onların iddiaları ilə imkanları arasında
çox böyük ziddiyyət var. Başqalarının
hesabına layiq olduqlarından qat-qat artıq nailiyyətə
iddia edirlər. Çox qəribədir ki, həmin insanlar
hesab edirlər ki, Azərbaycanı vaxtilə məhv olmaqdan
xilas edən, bugünkü nailiyyətləri qazanan siyasi
qüvvə hakimiyyətdən imtina etməlidir və onlar da
gəlib hakimiyyətə yiyələnməlidirlər. Biz isə
onları sağlam rəqabətə, mübarizəyə dəvət
edirik. Bu xalq, bu meydan, bu siz, bu da biz. Qoy xalq sizə münasibətini
bildirsin. Yoxsa, hansısa ultimativ şərtlərlə
danışmaq, kimlərinsə dəstəyinə bel
bağlamaq, başqa ölkələrdə baş verənlərdən
təsirlənmək və buna da inanmaq həmin müxalif
partiyaların nə qədər uzaqgörən
olmadıqlarının sübutudur. O baxımdan, hesab edirəm
ki, məsələ onların hakimiyyətə gəlməyə
mənəvi haqqı olub-olmaması cəhətindən dəyərləndirilməməlidir.
Bu iddialar
onların imkanlarına uyğun dəyərləndirilməlidir.
Fikrimcə, əsas məsələ budur. Gücün
çatmadığı işin qulpundan yapışmaq isə
1992-93 -cü illərdəki hadisələrə gətirib
çıxarır. Azərbaycan isə nə daxildəki bəzi
qruplar üçün, nə də ölkəmizin
inkişafını istəməyən xarici qüvvələr
üçün eksperiment meydanı deyil. Bəzən bu
qüvvələrin xaricdə başqaları ilə
maraqları üst-üstə düşür və bunu da
guya “beynəlxalq dəstək” kimi qələmə verməyə
çalışırlar. Bəli, həmin müxaliflərin
Azərbaycanı istəməyən xarici dairələrlə
bəzi məqamlarda maraqları və fikirləri
üst-üstə düşür. Amma bu, onların fikirlərinin
doğruluğunu yox, ölkəmizə qarşı qəsdlərin
hələ də qaldığını sübut edir.
- Bu gün Heydər Əliyev
siyasəti uğurla davam edir. Bu siyasi kursun perspektivləri
haqqında nə deyə bilərsiniz?
- Bu gün Azərbaycanda
Heydər Əliyev siyasəti daha çevik, daha
yaradıcı, daha sürətlə həyata keçirilir. Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
siyasi kursun davamlılığını təmin edən amil
Azərbaycan xalqının mövqeyidir. Çünki xalq
artıq əminliklə qət edib ki, Azərbaycanın yeganə
uğurlu inkişafı Heydər Əliyev yolu ilə
bağlıdır. Bu gün hər kəs
əmindir ki, bu siyasətin alternativi yoxdur. Baxmayaraq ki, bu yola
alternativ görə bilən insanların bəziləri hələ
də meydanda qalmaqdadır. Amma bu da Azərbaycandakı
demokratik ab-havanın nəticəsidir. Bizim heç nədən
qorxumuz yoxdur və kimlərinsə fəaliyyətini məhdudlaşdırmaqla
siyasət yürütmürük. Onsuz da bizim siyasətimiz
genişləndikcə onların fəaliyyəti məhdudlaşır.
Bizim onları sona qədər sıradan çıxarmaq kimi
bir fikrimiz və qəsdimiz də yoxdur. Hətta bəzən
zaman-zaman bizi bunda ittiham edənlər tapılır. Amma bu sadəcə
sözdür. Həmin dairələrin vaxtilə törətdiklərinə,
bütün bu illər ərzində Azərbaycan
xalqının inkişafına mane olmaq istədiklərinə,
xarici faktorlara istinad edərək Azərbaycan dövlətini
öz yolundan döndərmək istəmələrinə
baxmayaraq biz onlarla düşmənçilik aparmırıq.
Azərbaycanın inkişafı bundan sonra da davam edəcək
və bizim uğurlarımız davamlı olacaq. Azərbaycan
qısa müddətdə böyük inkişaf yolu
keçib. Bu inkişaf hər addımda özünü
göstərir. Bu gün Azərbaycan bütün istiqamətlərdə
bölgəyə və dünyaya nümunə ola biləcək
səviyyədədir. Bütün bunlar çox qısa bir
zamanda xalqımızın öz əməyi ilə əldə
olunub. Mən gələcəkdə Azərbaycanın daha
böyük inkişafa imza atacağına inanıram.
İnanıram ki, yaxın zamanlarda Qarabağ məsələsi
də öz ədalətli həllini tapacaq. Vaxtilə ulu
öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
siyasət bu gün qətiyyətlə və dönmədən
həyata keçirilir. Prezident İlham Əliyevin də
bildirdiyi kimi ölkəmizin ərazi bütövlüyü bu
gün danışıqlar predmeti deyil və ola da bilməz.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin status-kvonun dəyişdirilməsinin
vacibliyini vurğulaması və bu istiqamətdə fəaliyyətə
keçməsi, “buzu əritmək” istəklərinin ortaya
qoyulması məhz Azərbaycan tərəfinin yeritdiyi siyasətin
nəticəsidir. Ölkə rəhbərliyinin bu məsələdə
qətiyyətli və davamlı siyasəti,
düşünülmüş və ardıcıl diplomatik
addımları son nəticədə Azərbaycan
xalqının istəyini əks etdirən və qələbəyə
hesablanmış mövqeyin möhkəmlənməsini təmin
edir.
İki
sahil.- 2011.- 15 iyun.- S. 5.