“Mənim üçün ən böyük mükafat ulu öndər Heydər Əliyevin “Şahlar filosofdur” fikridir”

 

Ömrünün yeddinci onilliyini arxada qoyan professor Şahlar Əsgərov bildirir ki, elmi nəticələr həyata vəsiqə alanda, həmkarlar elmi konfranslarda fikir sahibi kimi sənə yanaşanda, yazdığın məqalələrə istinad ediləndə, onda elmdə düz yol seçdiyini düşünürsən.

Bir dövlətin dünyada tanınmasında elminin, ziyalı potensialının böyük rol oynadığını nəzərə alaraq, bu günlərdə ömrünün yeddinci onilliyini arxada qoyan, Azərbaycan elminin inkişafına verdiyi töhfələri ilə tanınan və əməyi daim yüksək dəyərləndirilən fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərovla söhbətimizdə bizi düşündürən məsələlərə aydınlıq gətirdik, keçilən yolun gələcək planlara nə kimi stimul verdiyini öyrəndik.

- Şahlar müəllim, öncə sizi yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayırıq. İnsan ömrünü zənginləşdirən illərlə yanaşı, izlərdir. 70 il Şahlar müəllimin həyatında hansı izlərlə yadda qalıb?

- İnsanın doğulduğu və dünyasını dəyişdiyi gün əlində deyil. Bu iki nöqtə arasındakı dövrü necə yaşamaq, hansı izləri qoymaq insanın özündən asılıdır. Hər kəs bu zamanı necə yaşayırsa, o cür də iz qoyur. Düşünürəm ki, bu zamanı şüurla yaşadım. Vaxt itkisinə yol vermədim. Öncə diqqətimi təhsil almağa yönəltdim. Orta, ardınca ali məktəbi, daha sonra isə aspiranturanı bitirdim. Bu dövr insanın 18 il vaxtını alır. Qurani-Kərimdə deyildiyi kimi, beşikdən qəbirə kimi təhsil almalı, öyrənməliyik. Aspiranturadan sonra Danimarkada, Finlandiyada, Rusiyada, Ukraynada işlədiyim, eyni zamanda Bakı Dövlət Universitetində dərs deyə-deyə marksizm-leninizm universitetinin fəlsəfə kursunu, Xarici Dillər Universitetinin ingilis dili üzrə gecə məktəbini oxuduğum illəri də nəzərə alsaq, demək olar ki, ömrümün 30 ili təhsillə, elmlə bağlıdır. Təbii ki, bunlar da sonrakı fəaliyyətimdə öz izini qoyub. İngilis dilini öyrəndim ki, xarici ədəbiyyatdan istifadə edə bilim. Çünki fizika bəşəri elmdir. Bəşəri elm olmaqdan da əlavə əsas ingilisdilli elmdir. Bütün dünya alimləri öz əsərlərini ingilis dilində çap edirlər. Dili öyrəndiyim üçün xaricdə işləmək də mənim üçün çətin olmadı.

Elmi nəticələr həyata vəsiqə alanda, həmkarlar elmi konfranslarda fikir sahibi kimi sənə yanaşanda, yazdığın məqalələrə istinad edəndə, düşünürsən ki, elmdə düz yoldasan. Onda tədqiqatın miqyasını genişləndirmək üçün aspirantlar, dissertantlar götürüb, köməkçilərinin sayını artırırsan. Geri baxanda təqribən 200-dən çox elmi məqalənin, 700-ə yaxın publisistik məqalənin, 11-ə yaxın kitabın müəllifiyəm, 20-yə yaxın elmlər namizədi və doktora, yüzlərlə diplom işinə rəhbərlik etmişəm. Bu mənim professional həyatımdır.

Ailə həyatına gəldikdə isə övladlarım, nəvələrim var. Bunlar da yaşanan ömrü zənginləşdirən, mənalı edən amillərdəndir. Bir məqamı da qeyd etmək istərdim ki, təbiət qoynunda olub, gözəllikləri duymaq, bunlardan mənəvi zövq almaq da yaşanan ömrə öz müsbət təsirini göstərir.   Bağımda yaratdığım yaşıllıqlara əsərim kimi baxıram.

- Azərbaycan elminin bugünkü inkişaf səviyyəsini qaneedici hesab edirsinizmi?

- Elmlə həyatın əlaqəsi görünməz bir zəncirlə bağlıdır. Elmə xərclənən bir manat vəsait 10-15 ildən sonra 15-20 qat gəlirini verir.

Elmin zəncir olduğunu açıqlayaq. Dövlətin inkişafı iqtisadi göstəricilərlə xarakterizə olunur. Hər il büdcənin artması iqtisadiyyatın inkişafına dəlalət edir. 1995-ci ildə büdcəmiz 300 milyon dollar həcmində idi. Sonrakı dövrdə ulu öndər Heydər Əliyevin titanik əməyi nəticəsində büdcəmiz 2000-ci ildə bir milyard dollara çatdı. Bu gün dövlət büdcəmiz 20 milyard dollardan artıqdır. Bu inkişaf reallıqdır. İqtisadi göstəricilər tərəqqiyə təsir göstərir. Deməli, tərəqqi iqtisadi yüksəlişin törəməsidir. İqtisadiyyatın zamana görə dəyişməsi törəmədir və o tərəqqini müəyyən edir. Demək, iqtisadiyyat yüksəlirsə, tərəqqi var. Amma 2005-ci ilin tərəqqisi ilə 2010-cu ilin tərəqqisi bərabər olsa, bu da inkişafın geri qalması deməkdir. Yəni tərəqqinin özü də inkişaf etməlidir. Tərəqqi zamana görə dəyişməlidir. Tərəqqinin zamana görə dəyişməsi texnologiyadır. Yeni texnologiya tətbiq olunmalıdır ki, tərəqqi daha yüksək olsun. Texnologiyanı inkişaf etdirən faktor elmdir. Görün, elm harda gizlənir? Ona görə inkişaf etməkdə olan ölkələrdə elm çox gec dərk olunan bir sahədir. Tərsinə qeyd edək. Elm texnologiya, texnologiya isə tərəqqi yaradacaq. Tərəqqi iqtisadiyyatı yüksəldəcək, əhali daha firavan yaşayacaq.

“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələrindəndir. Sənəddə də bu amil önə çəkilir ki, dövlətin sosial-iqtisadi qüdrəti, müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Cəmiyyətin inkişafında elmin fəal iştirakının təmin olunması elmin özünün təkmilləşdirilmiş təşkilati strukturunun yaradılmasını zəruri edir.

-Elmi inkişaf etdirən faktor nədir?

- Elmi inkişaf etdirən ideyalardır. Elm durduğu yerdə inkişaf edə bilməz. Yeni ideya yeni qanunlar yaradır.

- Azərbaycan təhsili ilə bağlı nə deyərdiniz?

-   Mən ömür boyu təhsildə olmuşam. Daim uğurlardan çox, problemlərə diqqət yetirmişəm. Uğurların miqyasını genişləndirmək üçün problemləri vaxtında aradan qaldırmaq lazımdır. Təhsildə görüləsi işlər çoxdur.

- Təhsilin inkişafı ilə bağlı yeni ideyalarınız varmı?

- Universitetlərin şəhər kənarına köçürülməsi vacibdir. Bu, Təhsil Nazirliyi tərəfindən də bildirilir. Bu məsafənin seçilməsi mütləqdir. Çünki bir var tələbə 20 dəqiqə nəqliyyatdan istifadə edə, bir də var 40 dəqiqə. Deməli, yük artacaq. Bəs, səbəb nədir ki, bu praktikadan Qərb yüz illərdir ki, istifadə edir? Təhsil mühiti deyilən bir anlayış var. Balığın yaşaması üçün vacib olan su mühitidirsə, təhsil almaq üçün də təhsil mühiti lazımdır. Bu mühit bir çox komponentlərdən təşkil olunur. Əsas komponent isə zamandan istifadə etmək əmsalıdır.   Tələbə əsas diqqətini elmə, təhsilə yönəltməlidir. Avropada təhsil sistemi elə qurulub ki, təhsil mühiti təqribən 14-15 saatdır. Azərbaycanda təhsil mühitinin müddəti təqribən 6 saatdır. 12-13 saat təhsil mühitində yetişən tələbənin səviyyəsi təbii ki, yüksək olacaq. Bu mühiti yaratmaq üçün ciddi düşünməliyik. Universitetlə şəhər arasında məsafə o qədər olmalıdır ki, tələbə şəhərə qayıtmağa meyilli olmasın, universitet yataqxanasında qalmağa üstünlük versin. Tələbə yaradılan təhsil mühitindən istifadə etdikdən, müəyyən uğurlar qazandıqdan sonra atılan bu kimi addımların əhəmiyyətini yüksək dəyərləndirə bilər.

- Siz eyni zamanda siyasi fəaliyyətlə məşğulsunuz. Siyasətə gəlişiniz necə oldu?

- İctimai-siyasi fəaliyyətlə məşğul olmağım zamanla bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət hər birimizə aydındır. Mənim siyasətə gəlişim də bu ağır durumla, böhranla bağlıdır. Bir Azərbaycan vətəndaşı, ziyalısı kimi, ölkədə baş verən ictimai-siyasi proseslərdən kənarda qala bilməzdim. “Azərbaycan sizin sözünüzü gözləyir”. 19 il bundan əvvəl ulu öndər Heydər Əliyevə bu sözlərlə müraciət edən Azərbaycan ziyalılarından biri də mən olmuşam. “91-lər”dən biri kimi bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmişəm. YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüyəm.

YAP aparıcı partiyadır. Parlamentdə çoxluq təşkil edir. YAP tarixi zərurətdən yaranmış partiyadır. Həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq milyonların partiyasına çevrilən YAP-ın gələcəyinə inam böyükdür. Partiyanın sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın təsdiqidir.

YAP qələbələr partiyasıdır. Ölkədə keçirilən seçkilərdən daim uğurla çıxır.

İki çağırış Milli Məclisə deputat seçilmişəm. 2000-2005-ci illərdə parlamentin Elm və təhsil daimi komissiyasına rəhbərlik etmişəm.

- Doğum gününüz olan 15 iyun 1993-cü ildən tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu hadisəni necə dəyərləndirirsiniz?

- Bu tarix ailəmizdə ikiqat bayramdır. Xoş təsadüfdür. Qurtuluş Azərbaycana bugünkü reallıqları bəxş etdi. Azərbaycan müstəqilliyimizin ilk illərində böhranlar sisteminə daxil olmuşdur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra böhranlar sistemindən, vətəndaş qarşıdurmasından qurtulduq. Ulu öndər Heydər Əliyev Azərbaycanı uğurlu yola çıxardı. Atəşkəs sazişi imzalandı. Qurtuluşun nəticəsidir ki, bu gün inkişaf sürətlə gedir.

- Həyatınızda xoş təsadüflər çox olubmu?

- Çox olub. Birini xüsusi qeyd etmək istərdim. Bu günlərdə 70 illiyimlə əlaqədar Bakı Dövlət Universitetində tədbir keçirildi. Universitetin rektoru Abel Məhərrəmov məni təqdim edəndə bu əhvalatı danışdı. Bildirdi ki, bir gün ulu öndər Heydər Əliyev məndən soruşdu ki, filosof Şahlar Əsgərov Bakı Dövlət Universitetində işləyir? Dedim bəli, amma o, filosof deyil, fizikdir. Bu cavabıma çox sərt şəkildə bildirdi ki, sən bilmirsən o, filosofdur. Bu mənim həyatımın xoş anlarından biridir.

- İnsan ömrü onun uzunluğu ilə deyil, mənalılığı ilə ölçülür. 70 illik ömür yolunu vərəqlədikcə Şahlar müəllimin ömrünün mənalılığı aydın sezilir. Bu günə kimi keçdiyiniz yol, əldə etdiyiniz uğurlar sizə qarşıdakı illərdə hansı məqsədləri reallaşdırmağa stimul verir?

- Uğurlar çoxdur. Alim ömrünü mənalı edən onun elmi araşdırmaları, əldə olunan nəticələrdən beynəlxalq səviyyədə istifadə olunması və s-dir. Bir alim kimi özümü xoşbəxt sanıram. Sovetlər birliyi dövründə Sov.İKP və SSRİ Nazirlər Sovetinin Mikroelektronikanın inkişafı ilə bağlı 30 iyun 1980-ci il tarixli qərarına əsasən Azərbaycan Dövlət Universiteti mənim işlərimin bazasında “Çox böyük inteqral sxemlərin ion-plazma texnologiyası əsasında istehsalının elmi əsaslarını hazırlamaq” probleminin həllinə baş müəssisə kimi cəlb edilmişdir. Universitet əməkdaşları mikroelektronikanın və onun texnoloji problemlərinin həllində yaxından iştirak etmişlər.

Alimin həyatında belə anlar çox olanda ömür mənalı sayılır. Ukrayna və Moldova Akademiyasının alimlərinin yazdığı kitabda metal yarımkeçirici kontaktının yaradıcıları olan 12 dünya alimlərindən biri kimi qeyd edilmişəm. Rusiyada çap olunan 6 cildlik “Dahi rus alimləri” kitabının 6-cı cildinə mənim də adım salınıb.

Bir-birini əvəzləyən uğurlar, eyni zamanda yeni dövrün çağırışları qarşıya yeni vəzifələr qoyur. Məni düşündürən ideyalar çoxdur. Bu gün məni daha çox maraqlandıran ideya təhsilin fəlsəfəsi və biliyin qiymətləndirilməsidir.

Eyni zamanda, bir məqamı da qeyd etmək istərdim. İyunun 22-də AMEA-nın Kibernetika institutunun Elmi Şurasında məruzəm dinlənildi. Məruzəmi bitirdikdən sonra akademik Telman Əliyev məni təbrik edərək bildirdi ki, yubileyinə ən böyük hədiyyəni özünüz özünüzə təqdim etdiniz. Həqiqətən də belədir. Alim öz yubileyində elmi məruzələrlə çıxış edirsə, bu onun üçün böyük uğurdur.

- Daim mətbuatla təmasda olan Şahlar müəllim ötən bu müddətdə onu düşündürən sualla qarşılaşıbmı? Jurnalistlərdən daha çox hansı mövzu ilə bağlı sual gözləyirsiniz?

- Daim istəmişəm ki, suallar ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar olsun. Dağlıq Qarabağı hər gün yada salmasaq yadlaşar. “İki sahil” qəzetində Dağlıq Qarabağla bağlı fikirlərim dərc olunub. Bu məsələ ilə bağlı təkliflərim var. Bunlardan ən mühümü odur ki, informasiya əsrinin imkanlarından istifadə edib, Qarabağ problemini həll etməliyik.

- Şahlar müəllimin elmi fəaliyyəti necə qiymətləndirilib?

- Əməyimə verilən qiymətdən çox razıyam. “Şöhrət” ordeni ilə təltif olunmuşam. “Əməkdar elm xadimi” adını almışam. Mənim üçün ən böyük mükafat ulu öndər Heydər Əliyevin “Şahlar filosofdur” fikridir. Bu, mənim bütün həyatıma kifayətdir.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2011.- 29 iyun.- S. 10.