20
sentyabr 1994-cü il:
Azərbaycanın dünya enerji
bazarında önəmli tarixi
Həmin gün ARDNŞ və dünyanın
tanınmış neft şirkətləri arasında “Əsrin
müqaviləsi”nin imzalanması ilə ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının,
ölkəmizə investisiya axınının, dinamik iqtisadi
inkişafın təməli qoyuldu
20 sentyabr 1994-cü ildə tək Azərbaycanın
deyil, region və Avropa ölkələri üçün əlamətdar
hadisə olan “Əsrin müqaviləsi” imzalandı. Müqavilənin
imzalanmasında qətiyyət göstərən ümummilli
lider Heydər Əliyevin hazırladığı neft
strategiyasının təməli olan müqavilənin
reallaşmasında əsas məqsəd Azərbaycanı o
dövrdə üzləşdiyi siyasi, iqtisadi, ideoloji blokadadan
çıxarmaq, ölkəmizin dünya birliyinə
inteqrasiyasında xalqımızın milli sərvəti olan zəngin
neft yataqlarından bugünkü və gələcək nəsillərin
rifahı naminə istifadə etmək idi.
Müqavilə ilə əlaqədar Bakıda,
İstanbulda, Hyustonda (ABŞ) aparılan və mütəxəssislərin
birgə fəaliyyətinin nəticəsi kimi hazırlanan
layihələrə, irəli sürülən təkliflərə
xüsusi diqqət və mütəxəssis məsuliyyəti,
uzaqgörən siyasəti ilə yanaşan ulu öndər
Heydər Əliyevin səyi ilə sənədlərə Azərbaycanın
milli mənafelərini əks etdirən müddəa və bəndlər
əlavə olundu. Dünya birliyində ilk belə nəhəng
layihənin hazırlanması, tanınmış neft şirkətlərinin
“Əsrin müqaviləsi”nin reallaşmasında
iştirakının təmin edilməsi, Azərbaycanın
üzləşdiyi o dövrdəki vəziyyəti nəzərə
alaraq tam əminliklə deyə bilərik ki, asan məsələ
deyildi. “ Çox iri bir layihə hazırlanır. Azərbaycan
belə müqaviləni ilk dəfə bağlayır. Mən
Azərbaycan iqtisadiyyatını və onun sənaye
potensialını, xüsusilə neft-qaz sənayesini
yaxşı bilən bir adam kimi hazırlığın necə
getməsi ilə maraqlanmaya bilməzdim. Ancaq bir məsələ
var. Mən bunu həmişə demişəm...Bu müqavilə
Azərbaycanın milli mənafelərini təmin edən bir
müqavilə olmalıdır” söyləyən ümummilli
lider Heydər Əliyev ən incə detallara belə diqqətlə
yanaşır, ARDNŞ-in mütəxəssisləri,
konsorsiumda iştirak edəcək tərəflərin nümayəndələri
ilə söhbətlər aparır, maraqlı təklifləri
dəfələrlə araşdırırdı.
Vaxtı ilə qeyd edildiyi kimi üç ildən
artıq ARDNŞ ilə Qərb ölkələrinin iri neft
şirkətləri arasında Azərbaycanın Xəzərdə
olan neft yataqlarının müştərək istismar
olunması haqqında aparılan danışıqlarda
bütün tərəflərin maraqları nəzərə
alınaraq, layihə üzərində gərgin iş
aparıldı.
“Mən hesab edirəm ki, bizim bütün istəklərimiz
bu layihədə əks olunmasa da , ancaq təqdim olunan layihə
Azərbaycan Respublikasının, Azərbaycan xalqının
iqtisadi mənafelərini bu gün də, gələcəkdə
də təmin edir və ona görə də mən bu
müqavilənin imzalanması haqqında qərar vermişəm”
söyləyən ulu öndər Heydər Əliyevin neft
strategiyasının həyata keçirilməsi ilə əldə
olunacaq iqtisadi gəlirlərin əhəmiyyəti barədə
proqnozları özünü doğrultdu.
“30 il müddətinə bağlanan müqavilənin mənfəəti
və müsbət nəticəsi onun ardıcıl surətdə
icrasından asılıdır” söyləyən ulu öndər
“ Əsrin müqaviləsi”ni reallaşdırmaqla Azərbaycanın
dünya iqtisadiyyatı üçün açıq ölkə
olduğunu nümayış etdirdi. “Azəri”, “Çıraq”
və “ Günəşli” neft yataqlarının Azərbaycana
məxsus hissəsinin müştərək işlənməsini
nəzərdə tutan müqavilənin imzalanması ilə gələcək
iqtisadi inkişafının təməlini qoyan Azərbaycan
dövləti bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyərək
müstəqil, hüquqi və demokratik respublika qurdu. “Əsrin
müqaviləsi” mahiyyətcə iqtisadi xarakter
daşıyır. “Lakin bir halda ki, 30 il müddətində
müştərək fəaliyyət göstərəcək,
ölkələrimiz inkişaf edəcəksə, şübhəsiz
bunun siyası nəticələri də olacaqdır” söyləyən
ümummilli lider Heydər Əliyev hələ o illərdə
Azərbaycanın xarici ölkələrlə əməkdaşlığının
qarşılıqlı inam və etimad üzərində
qurulmasının təməlini qoydu.
Dünyada elə dövlət yoxdur ki, müəyyən
qədər təbii sərvətlərə malik olmasın.
Azərbaycan isə payına düşən sərvətlərin
sayına, strateji əhəmiyyətinə görə fərqlidir.
Ancaq bir hikməti də unutmaq olmaz ki, təbii ehtiyatlardan
düzgün istifadə edildikdə o, zəngin sərvətə
çevrilir. Neft strategiyasının əsasını da bu
prinsiplər təşkil edir.
“Əsrin müqaviləsi”nin, onun ilk bəhrəsi olan
Bakı-Tbilisi-Ceyhanın dünyada doğurduğu əks-səda
Azərbaycana marağı artırmaqla respublikamızı Cənubi
Qafqazda lider dövlət kimi tanıtdırdı.
Beynəlxalq layihə olan və neft siyasətinin əsasını
təşkil edən Bakı-Tbilisi-Ceyhanın əsas ixrac boru
kəmərinin reallaşmasında maraqlı olan dövlətlərin,
regionun, o cümlədən respublikamızın siyasi-iqtisadi
inkişafına təsiri barədə əlavə şərhə
ehtiyac yoxdur.
Dünya Bankının, digər beynəlxalq maliyyə
təşkilatlarının hesabatlarında qeyd olunduğu kimi
Azərbaycan rəqabət qabiliyyətinə görə MDB məkanında
birincidir. Ölkəmizdə bütün proseslər müsbət
istiqamətdə davam edir. Ən mühüm layihələrin
həlli üçün maliyyə imkanlarına malik Azərbaycanın
neft-qaz marşrutlarının müxtəlif istiqamətlər
üzrə reallaşması təşəbbüsləri dəstəklənir.
Ölkənin dövlət büdcəsi 20 milyard dolları
ötmüş, valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir.
Aparılan islahatların nəticəsidir ki, Azərbaycanda
qeyri-neft sektorunda artım 7,2 faiz olmuş, sənayedə
liberallaşma uğurla davam etdirilir. Əhalinin sosial müdafiəsinin
etibarlı təminatı üçün möhkəm
iqtisadi baza yaradılmış, əhalinin pul gəlirləri
17 faiz artmış, yoxsulluq səviyyəsi 5 dəfə
azalaraq 9,1 faizə endirilmişdir. Ölkənin müdafiə
xərcləri üçün 3 milyard dollardan artıq vəsait
ayrılır. Bütün bunların əsasında isə
ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və
“Əsrin müqaviləsi” ilə təməli qoyulan neft
strategiyasının uğurlu həlli dayanır.
Regional əhəmiyyətli bu layihə həm də
ölkələrarası dostluğun, əməkdaşlığın
möhkəmlənməsinə xidmət edir. İqtisadi-siyasi
əlaqələri əbədiləşdirir, təkmilləşdirir.
Bu baxımdan BTC digər layihələrdən fərqlənir. “Neft siyasəti təkcə iqtisadi
amil və enerji amili deyil, bu, geniş, geosiyasi gündəliyin
böyük tərkib hissəsidir” söyləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi enerji təhlükəsizliyi
məsələləri nəinki enerji resurslarını
istehlak edən, o cümlədən onları hasil edən
ölkələrdə ciddi müzakirə olunur. Buna görə
də istehlakçıların, tranzit ölkələrin və
hasilatçıların maraqları arasında tarazlıq və
bu maraqların üst-üstə düşməsi birgə səylərin
əsasını təşkil edir.
Zaman keçdikcə Bakı-Tbilisi-Ceyhan haqqında
deyilən və geniş məkan mənasında işlədilən
qlobal layihə sözü təsdiqini tapdı. Kəmərin
istifadəyə verilməsi ilə regional statusdan
çıxaraq beynəlxalq əhəmiyyətli layihə kimi
dünya birliyi dövlətlərinin marağına səbəb
olan BTC -nin istismarı ilə Azərbaycan Hasilat Sənayesi
üzrə Şəffaflıq Təşəbbüsünə
qoşulan ilk ölkə kimi tanındı. Neftdən əldə
olunan gəlirin xalq arasında ədalətli paylanması və
əhalinin sosial müdafiəsinin təminatı, qeyri-neft
sektorunun inkişafı naminə sərf olunması
üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin
30 milyard dolları ötməsi neft strategiyasının
layiqincə davam etdirilməsinin nəticəsidir. Dünya
Bankının proqnozlarına görə yaxın 5 ildə
Fondun aktivləri 50, 15 ildə isə 100 milyard dolları
ötəcək.
BTC-dən sonra əhəmiyyətinə görə
neft kəmərindən geridə qalmayan Bakı-Tbilisi-Ərzurum
qaz kəmərinin istifadəyə verilməsi ,
Bakı-Tbilisi-Qars dəmiryolu tikintisinin davam etdirilməsi Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu, regional əhəmiyyətini
artırdı. Hazırda bu kəmərin coğrafi-siyasi əhəmiyyəti
bütün dünya dövlətləri tərəfindən
etiraf olunur. Həyata keçirilən neft strategiyasının
uğurla davam etdirilməsi hasil olunan neftin dünya
bazarlarına ixrac edilməsi üçün şaxələndirilmiş
neft-qaz kəmərləri sistemi dəstəklənir. Bu
gün Azərbaycan nefti Bakı -Tbilisi-Ceyhan,
Bakı-Novorossiysk, Bakı -Supsa kəmərləri, təbii
qazı isə Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə
dünyanın bir çox ölkəsinə nəql olunur.
Odessa -Brodı kəməri Azərbaycan neftini Ukraynaya
çatdırır və Belarusa nəql olunur. Gələcəkdə
isə Ukraynanın Qara dəniz limanlarından birində qaz
terminalı tikilməsi nəzərdə tutulur. Azərbaycanın
sıxılmış qazının AGRİ layihəsi üzrə
Avropaya nəqli, “Cənub qaz dəhlizi”nin, “Nabukko”nun
reallaşması istiqamətində danışıqların
intensivləşməsi də “Əsrin müqaviləsi”nin
uğurudur. Bu sistemdə ulu öndər Heydər Əliyevin
şah əsərlərindən hesab olunan, sutkada bir milyon
barrel Azərbaycan neftini tam təhlükəsiz Aralıq dənizi
sahillərinə çatdıran BTC-nin xüsusi yeri var.
İndi BTC artıq Azərbaycan neftinin deyil, Mərkəzi
Asiya ölkələrinin enerji resurslarının dünya
bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi
böyük əhəmiyyət daşıyır.
Qazaxıstan neftinin Bakı -Tbilisi-Ceyhan ilə
daşınması kəmərin beynəlxalq əhəmiyyətini
daha da artırır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi “ Əsrin
müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı
-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı,
Bakı-Tbilisi- Ərzurum qaz kəməri çəkilməzdi
və bu gün biz “Şahdəniz” yatağından qaz
hasilatına nail ola bilməzdik. İndi Azərbaycanın
enerji inkişafına istənilən nöqteyi-nəzərdən
yanaşsaq görərik ki, neft və qaz ölkə əhalisinin
rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə
olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin
sosial müdafiəsinin etibarlı təminatı
üçün başlıca amildir. “Azərbaycan nefti, Azərbaycanın
təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir
və bu əsas məqsəddir” söyləyən dövlət
başçısı neft strategiyasının uğurlu həllini
digər aspektlərdən qiymətləndirərək inamla
vurğulayır ki, neft Azərbaycana sülh, sabitlik, əməkdaşlıq
gətirir, gözəl imkanlar yaradır, iqtisadi cəhətdən
qüdrətli dövlətə çevirir, beynəlxalq
münasibətlərdəki mövqeyini möhkəmləndirir,
tərəfdaşlıq əlaqələrini
çoxaldır. Ölkəyə xarici investisiya
axınının sürətləndirilməsi, əlverişli
sərmayə mühitinin yaradılması , böyük enerji
şirkətlərinin marağını cəlb etmək neft
strategiyasının başlıca tələbləri kimi bu
gün də aktuallığını qoruyur.
Beynəlxalq enerji bazarlarına çıxmaq
üçün xarici investisiya layihələrini qətiyyətlə
davam etdirən ARDNŞ-in Kulevi Qara Dəniz Terminalında yenidənqurma
və modernləşdirmə işləri aparması,
Gürcüstanın “SOCAR Energy Georgia” törəmə
şirkətində fəaliyyətinin yaxşı təşkili,
Türkiyənin ən iri neft-kimya şirkəti olan “Petkim”in
idarəçiliyini həyata keçirməsi, bu müəssisənin
nəzdində neft emalı zavodunun tikintisini
planlaşdırması şirkətin sərmayə ayırmaq
imkanlarını genişləndirir.
Bu uğurlara isə “Əsrin müqaviləsi”nin
imzalanması ilə nail olunmuşdur.
Xuraman İsmayılqızı
İki sahil.- 2011.- 7 sentyabr.- S. 7.