“Əsrin müqaviləsi”-əsrlərin
müqaviləsi
Qabaqcıl
texnika və texnologiyadan,
bilik və təcrübədən isifadə
etməklə “Mədəngeofizika” İdarəsi öz üzərinə düşən vəzifələri
layiqincə və yüksək keyfiyyətlə yerinə yetirir
Ötən əsrin möcüzəsi kimi tarixə
yazılan “Əsrin müqaviləsi”nin imzalanmasından 17 il
ötür. Ümummilli lider Heydər Əliyev neft
strategiyasını müəyyənləşdirməklə
Azərbaycanın inkişafının, iqtisadi müstəqilliyinin
əsasını qoydu.
“Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli
inkişafı, qlobal enerji bazarına inamla daxil olması,
dünya iqtisadi sisteminə inteqrasiyanın təmin edilməsi
üçün münbit zəmin yaratmış və
iqtisadiyyatımızın digər sahələrinin də tərəqqisinə
güclü təkan vermişdir. “Əsrin müqaviləsi”
çərçivəsində görülən işlər
ölkəmizə yönəldilən iri həcmli xarici
investisiyalara, neft sektorunun tamamilə yeniləşməsinə,
texniki və texnoloji cəhətdən inkişaf etməsinə
möhkəm əsas yaratmışdır. Bu barədə
Geofizika və Geologiya İdarəsinin “Mədəngeofizika”
İdarəsinin rəisi Fəxrəddin İsmayılov fikirlərini
bizimlə bölüşdü.
F.İsmayılov qeyd etdi ki, “Əsrin müqaviləsi”nin
ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyətini
görmək, ən əsası düzgün qiymətləndirmək
üçün həmin dövrdən ötən müddət
ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər
salmaq kifayətdir. Prezident İlham Əliyev bütün
çıxışlarında neft gəlirlərində şəffaflığın
təmin olunması məsələsinə diqqəti yönəldir,
bunu vacib məsələ kimi qeyd edir. Yeni neft strategiyasında
öz ümumi ifadəsini tapan “Əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanın bazar iqtisadiyyatı yolunda irəliləməsi
üçün zəmin yaratdı. “Əsrin
kontraktının”nın imzalanmasından sonra çoxsaylı
beynəlxalq müqavilələr imzalandı. Azərbaycan
xarici investisiyalar üçün çox cəlbedici ölkə
kimi özünü təsdiq etdi. F.İsmayılov yeni neft
strategiyasının uğurla icrası ilə “Əsrin
müqaviləsi”nin əsrlərin müqaviləsi
olacağını vurğuladı. “Əsrin müqaviləsi”
ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi
üçün gözəl imkan yaradacaq.” Ulu öndər
Heydər Əliyevin bu fikrinin davamı olaraq Prezident İlham Əliyevin
söylədiyi “Deyə bilərəm ki, Azərbaycanın
neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki,
respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək
və beləliklə, iqtisadiyyatımızın bütün
sektorları inkişaf edəcəkdir” fikirləri bir daha xatırladan Fəxrəddin
İsmayılov bugünkü uğurlarımızın gələcəyə
böyük inamla baxmağa əsas verdiyini bildirdi. O,
qarşıdan gələn 20 sentyabr - Neftçilər
günü münasibətilə ARDNŞ rəhbərliyini,
Dövlət Neft Şirkətinin idarə və müəssisələrində
çalışan çoxminli neftçi ailəsini təbrik
etdi.
“Mədəngeofizika” İdarəsi ARDNŞ-in Geofizika
və Geologiya İdarəsinin tərkibində fəailiyyət
göstərir. İdarə respublikanın quru və dəniz
sahələrində neft, qaz və su quyularında layların
kollektor xüsusiyyətlərini öyrənmək
üçün mədən-geofiziki tədqiqatlarını
aparan, axtarış və kəşfiyyat qazma quyularında
geofiziki üsullarla tədqiqat, qazıma prosesinə geoloji,
geofiziki və geokimyəvi nəzarət, istismar
quyularının işlənməsinə nəzarət,
quyularda lay-sınaq və perforasiya-torpedləmə işlərini
yerinə yetirən əsas müəssisədir. Qabaqcıl
texnika və texnologiyadan, bilik və təcrübədən
isifadə etməklə “Mədəngeofizika” İdarəsi
öz üzərinə düşən vəzifələri
layiqincə, operativ və yüksək keyfiyyətlə yerinə
yetirir.
“Mədəngeofizika” İdarəsinin rəisi bildirdi
ki, hazırda idarə quyularda geofiziki tədqiqatları aparmaq
üçün lazımi istehsal bazasına, təcrübəli
mütəxəssislərə, müasir avadanlığa
malikdir. İdarə “Rusiya Federasiyasının istehsalı olan
“KEDR” tipli, Amerika və İngiltərə istehsalı olan
“İNTEQRA” və “GALOP” rəqəmli stansiyalar və yeni quyu
cihaz və avadanlıqları ilə açıq və kəmər
buraxılmış quyu lüləsində geofiziki tədqiqatların
aparılması ilə biləvasitə məşğul olur.
Ötən illərdə xarici şirkətlərlə
aparılan birgə işlər neftçilərimiz
üçün yeni texnologiyalara və qabaqcıl təcrübələrə
yiyələnmək baxımından faydalı olmuşdur.
Qazanılmış təcrübə, tətbiq olunan
müasir texnologiyalar daha böyük nailiyyətlər
üçün əsas yaratmışdır.”
F.İsmayılov vurğuladı ki, “Mədəngeofizika”
İdarəsinin fəaliyyəti çoxşaxəlidir və
Azərbaycanın bütün neft-qaz rayonlarını əhatə
edir. Sifariş və yataqların dislokasiyasına uyğun
olaraq ekspedisiyalar müxtəlif ərazilərdə yerləşdirilib:
“Neft Daşları” MGE Neft Daşlarında, “Bahar” MGE Qum
adasında, Səngəçal MGE Qobustanda, Azəri MGE
Bayıl Limanında, Bakıxanov MGE Bakıxanovda, Siyəzən
MGE Siyəzəndə və Şirvan MGE Şirvanda.
“Mədəngeofizika” İdarəsi yüksək
ixtisaslı kadr potensialına malikdir və onlardan bəzisi
xaricdə: Rusiyada (Qərbi Sibirdə), İranda (“Ənzəli”
və “Meqdal-l”), Türkmənstanda (“Çeleken”),
Qazaxıstanda (“Tengiz”) neft-qaz yataqlarının
axtarışı, kəşfiyyatı və istismarında
yaxından iştirak ediblər.
“Mədəngeofizika” İdarəsinin rəisi əlavə
etdi ki, idarə xarici kampaniyalarla birgə geofiziki işlər
aparır. İdarənin ixtiyarında müasir texnika və
texnologiyanin, təcrübəli və bilikli mütəxəssislərin
olması qarşıya qoyulan məsələlərin
vaxtında, dəqiq və yüksək səviyyədə
yerinə yetirməsinə imkan verir. Hal-hazırda “Mədəngeofizika”
İdarəsi Azərbaycanda - “Kompleks Qazma İşləri”
Trestinin, “Azneft” İB-nin və “Suraxanı Oyl”, “BinəqədiOyl”,
“Şirvan Oyl”, “Azgerneft MM”, “MİP Qaraçuxur ƏŞ”,
“Azəriyod”, “SOCAR AQŞ”, “Abşeron Oper. Kompani,” “Qalf
Drilling” şirkətlərinin quyularında geofiziki tədqiqat
və perforasiya işlərini aparır.
“Mədəngeofizika” İdarəsi Azərbaycanın dəniz
akvatoriyasında 14 yataqda - (“Günəşli”, “Neft
Daşları”, “Palçıq Pilpiləsi”, “8 Mart”, “Darvin
Bankası”, “Pirallahı”, “Qərbi Abşeron”, “Qərb
qırışığı”, “Şimal
qırışığı”, “Səngəçal dəniz”,
“Qum dəniz”, “Bulla dəniz”, “Duvannı dəniz” və
“Bahar”). Quru ərazisində isə 35 yataqda (“Bibiheybət”,
“Suraxanı”, “Balaxanı”, “Ramanı”, “Buzovna”, “Qala”, “Binəqədi”,
“Qaradağ”, “Quşxana”, “Lökbatan”, “Puta”, “Tərsdəllər”,
“Kalmas”, “Şabandağ”, “Gürgan”, “Umbakı”,
“Xıllı”, “Neftçala”, “Cəfərli”, “Muradxanlı”,
“Kirovdağ”, “Kürsəngi”, “Ələt”, “Hövsan”,
“Nardaran”, “Qobustan”, “Zəyli”, “Zarat”, “Zığ”) mədən-geofiziki
işləri aparır.
“Son zamanlar ARDNŞ Geofizika və Geologiya İdarəsinin
təchizat məsələlərinə xüsusi diqqət
yetirir” deyən F.İsmayılov məlumat verdi ki, dünya
standartlarına cavab verən avadanlıqların alınıb
istehsalata tətbiq edilməsi aparılan işlərin texniki səviyyəsini
əsaslı surətdə yüksəltməyə imkan verir.
(“LEUZA-2” tipli qazma prosesinə nəzarət stansiyası, PKS-5,
PKS-7 tipli özüyeriyən karotaj qaldırıcısı,
ASEP tipli dəniz stasionar karotaj qaldırıcısı
“TUCKER” və “GOWELL” firmasının quyu cihazları, hiroskopik
inklinometr və s.) Mədən-geofiziki məlumatların quyu
başından idarənin emal və interpretasiya mərkəzinə
operativ ötürülməsi üçün İdarə
GPRS sistemi ilə tətbiq olunmuşdur. Bu proses uğurla davam
etdirilir.
Hesabat ili ərzində idarə kollektivi
respublikanın quru və dəniz ərazilərində fəaliyyətdə
olan neft-qaz çıxarma və qazma işləri idarələrinin,
müştərək və əməliyyat müəssisələrinin
quyularında müqavilələr əsasında yüksək
texnoloji səviyyədə mədən-geofiziki tədqiqatları,
perforasiya-torpedləmə əməliyyatları, qazma prosesinə
geoloji-texnoloji-geokimyəvi üsullarla nəzarəti və lay
sınaq işləri aparır, xarici təşkilatlara məxsus
olan partlayıcı, radioaktiv maddələrin
saxlanılması və daşınması xidməti həyata
keçirib.
Orxan Vahidoğlu
İki sahil.-
2011.- 8 sentyabr.- S. 11.