“ARDNŞ
Yay məktəbi-2011” layihəsi uğurla başa
çatmışdır
Layihə iştirakçılarına
sertifikatlar təqdim olundu
“Əgər inkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki, həmin
ölkələrin uğurlarının təməlində
ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə
müxtəlif istiqamətlərdə islahatlar apararkən
müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin
inkişafı olmadan mümkün deyildir.” Prezident İlham Əliyev elmin, təhsilin və
iqtisadiyyatın birliyinin yaradılmasını qarşıya
mühüm vəzifə kimi qoyur. Yeni
texnologiyaların tətbiqinin uğurların
davamlılığının təmin edilməsində vacib
amillərdən biri olduğunu nəzərə alsaq, kadr
hazırlığının günümüzün əsas tələbi
olduğu birmənalıdır.
Kadr hazırlığı ölkə
iqtisadiyyatının inkişafına töhfələr verən
ARDNŞ-in də fəaliyyətinin əsas istiqamətlərindəndir. Perspektivli gənc neftçi mütəxəssislərin
yetişdirilməsi, istedadlı tələbələrin
neft-qaz sənayesi üzrə müasir elmi və təcrübi
biliklərə yiyələnməyə həvəsləndirilməsi
məqsədilə ARDNŞ tərəfindən ölkədə
fəaliyyət göstərən bütün ali
təhsil müəssisələrinin tələbələri
üçün təqaüd təsis edilməsi, ölkə
Prezidenti İlham Əliyevin tapşırığına əsasən
2006-cı ildən Təqaüd Proqramının həyata
keçirilməsi deyilənlərin təsdiqidir. Proqram
çərçivəsində hər il
50 tələbəyə xarici ölkələrin ən
nüfuzlu universitetlərində neft ixtisasları üzrə
təhsil almaq imkanı yaradılır. Tələbələr
Təqaüd Proqramında iştirak etməklə, həmçinin
təhsillərini başa vurduqdan sonra regionun ən nüfuzlu
şirkətlərindən olan ARDNŞ-də ixtisasları
üzrə işləmək imkanı əldə edirlər.
Artıq ötən ildən bu proqram
çərçivəsində “Yay təcrübəsi” və
“Yay məktəbi” layihələri həyata keçirilir. Dünən ARDNŞ
prezidenti Rövnəq Abdullayevin “Yay məktəbi” layihəsinin
iştirakçıları ilə görüşü
keçirildi.
ARDNŞ-in prezidenti layihənin
iştirakçılarını salamladıqdan sonra şirkətin
kadr hazırlığı istiqamətində
atdığı addımlardan geniş bəhs etdi. Bildirdi ki,
ötən ildən başlayaraq keçirilən “Yay təcrübəsi”
və “Yay məktəbi” layihələri də görülən
işlərin tərkib hissələrindəndir. Məqsəd
ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin
enerji sektoruna marağını artırmaqdır.
Artıq “Yay məktəbi” layihəsinin
başa çatdığını qeyd edən R.Abdullayev
bildirdi ki, iki həftə ərzində
iştirakçıların əldə etdikləri bilik
onların gələcək fəaliyyətinə təsirsiz
olmayacaq. Bu müddət ərzində
onlar şirkətin vitse-prezidentləri ilə
görüşlər keçirmiş, ARDNŞ-in fəaliyyət
istiqamətləri və görülən işlər barədə
dolğun məlumatlar əldə etmiş, idarə və
müəssisələrdə olaraq istehsalat prosesi ilə
yaxından tanış olmuşdular. Bunlar tələbələrə həm təhsillərini
davam etdirdikləri, həm də işlədikləri müddətdə
təhsillə iqtisadiyyatın birliyini yaratmaqda
yardımçı olacaq.
R.Abdullayev ötən illə müqayisədə builki
“Yay məktəbi”nin iştirakçılarının
sayında və müddətində nəzərə
çarpan dəyişikliyi önə çəkərək
bildirdi ki, bu, bir daha ARDNŞ-in kadr hazırlığına
xüsusi diqqət yetirdiyini təsdiqləyir. Layihə
iştirakçıları ilə keçirilən
görüşlərdən ümumi qənaət bu
olmuşdur ki, onların təəssüratları
böyükdür. Gənclərin bilik qazanmaqla
yanaşı öz aralarında səmimiyyət qurmaları,
müxtəlif mövzularda müzakirələr aparmaları intellektual
səviyyələrinin artmasına da öz müsbət təsirini
göstərəcək.
Azərbaycan hələ qədim dövrlərdən
bütün dünyada odlar diyarı, neft ölkəsi kimi
tanınmış, dünya neft tarixinə bir çox yeniliklərlə
imza atıb.
Layihə iştirakçılarının bu müddətdə
Azərbaycanın neft tarixi, neft sənayesinin keçdiyi
inkişaf yolu barədə ətraflı məlumat əldə
etdiyini vurğulayan R.Abdullayev bildirdi ki, bu gün Azərbaycan
ulu öndər Heydər Əliyevin müəllifi olduğu
neft strategiyasının uğurlarını yaşayır. Bu nailiyyətlərin gənclərə əsaslı
şəkildə çatdırılması hazırda
qarşımızda dayanan əsas vəzifələrdəndir.
R.Abdullayev layihə
iştirakçılarının suallarını
cavablandırdı. Bildirdi ki, gənclərin təkliflərini dinləmək,
onların arzu və istəklərini öyrənmək önəmlidir.
İnkişafı şərtləndirən əsas
amillərdən biri ideyalardır. Yenilik tərəfdarı
olan gənclərimiz sözsüz ki, öz yeni ideyaları ilə
inkişafa, tərəqqiyə dəstək ola
bilərlər. ARDNŞ hər zaman gəncləşmə
siyasəti aparır. Çalışırıq
ki, gənclərin ARDNŞ-də çalışmaları, gələcək
karyeraları üçün lazımi şəraiti yaradaq.
Gənclərlə keçirdiyimiz
görüşlər hər iki tərəf üçün
əhəmiyyətlidir.
O da qeyd edildi ki, neftçi əməyi dövlətimiz
tərəfindən daim yüksək dəyərləndirilir.
İqtisadiyyatımızın lokomativi olan
ARDNŞ-də işləmək hər bir Azərbaycan gəncinin
arzusudur. Bu gün ARDNŞ-in adı beynəlxalq
şirkətlər sırasında çəkilir. Şirkətin müxtəlif ölkələrdə
həyata keçirdiyi investisiya layihələri onun beynəlxalq
nüfuzunun daha da artmasında əhəmiyyətli rol
oynayır. Düşünürəm ki, gələcəkdə
siz gənclərin Şirkətdə çalışması
bu uğurların davamlılığına töhfə
olacaq.
Bəxtiyar Budaqlı, ADNA-nın tələbəsi
- ARDNŞ-in rəhbərliyini, çoxminli neftçilər
ailəsini qarşıdan gələn 20 sentyabr Neftçilər
günü münasibətilə təbrik edirəm. “Yay məktəbi” ARDNŞ haqqında dolğun məlumatlar
əldə etməyimizə geniş imkanlar açdı.
Şirkətin beynəlxalq əlaqələri,
bu və ya digər ölkədə həyata keçirdiyi
investisiya layihələri məndə böyük qürur
hissi yaratdı. Ölkəmizin iqtisadi
imkanlarının artması onun beynəlxalq aləmdə
mövqeyini daha da möhkəmləndirir. Biz
gənclər bu uğurdan fərəh hissi keçirir, bilik və
bacarığımızı artırmaqla gələcəkdə
öz fəaliyyətimizlə ölkənin hərtərəfli
inkişafına töhfə vermiş olacağıq.
Ülviyyə Quluzadə, ADNA-nın tələbəsi
- Bu kimi layihələrin təşkilinə görə
ARDNŞ prezidentinə öz minnətdarlığımızı
bildiririk. Ölkəmiz bu gün öz iqtisadi
göstəriciləri ilə dünyanın diqqətindədir.
Bu göstəricilər tərəqqinin təsdiqidir.
İnkişafı daha da sürətləndirmək
üçün isə yeni texnologiyaların tətbiqi zəruridir.
Bu gün ARDNŞ belə layihələrin icrasına önəm
verməklə gənclərin bilik və
bacarığının artırılmasına, onların
istehsalat prosesləri ilə yaxından tanış
olmalarına böyük imkanlar yaradır. Bu
gün biz “Yay məktəbi”ndən zəngin biliklə
ayrılırıq. Azərbaycanın neft
tarixi, eyni zamanda ARDNŞ haqqında məlumatlar əldə
etməyimiz bizə qarşıdakı illərdə
böyük dəstək olacaq.
ARDNŞ-in prezidenti R.Abdullayev bildirdi ki, hər
bir işin öhdəsindən gəlmək
mümkündür. Əsas ideya və onun reallaşmasına səy
göstərməkdir. Bilik və
bacarığın, məsuliyyətin vəhdətliyi şəraitində
irəliyə doğru addımlamaq asandır. Sözsüz ki, bu layihələrin icrası öz bəhrəsini
verəcək.
ARDNŞ-in birinci vitse-prezidenti, akademik
Xoşbəxt Yusifzadə qeyd etdi ki, neft-qaz siyasəti dövlətin
həm daxili, həm də xarici siyasətinin əsas tərkib
hissəsidir. Bu gün neft-qaz sektoru intibah dövrünü
yaşayır. Ulu öndər Heydər Əliyevin
müəllifi olduğu neft strategiyasının hazırda
ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli
inkişafını təmin etməklə yanaşı, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
əhəmiyyətli addımların atılmasına stimul
verir. Neft-qaz sənayesinin
inkişafını daha da sürətləndirmək
üçün istedadlı, bacarıqlı və perspektivli
mütəxəssislərə tələbat
artmışdır. ARDNŞ neftçi
ixtisasına marağı daha da artırmaq məqsədilə
çoxşaxəli fəaliyyət proqramı həyata
keçirir. “Yay məktəbi” layihəsi
də bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.
İnsan Resursları Departamentinin rəisi
Asif Bəkirli ARDNŞ rəhbərliyinə yaradılan şəraitə
görə təşəkkürünü bildirdi. Ulu öndər Heydər Əliyevin “Azərbaycanın
gələcəyi indiki gənclərə nəyi və necə
öyrətməyimizdən asılıdır” fikrinin
davamı olaraq ölkə Prezidenti İlham Əliyevin “Biz neft
kapitalını insan kapitalına çeviririk” fikrini önə
çəkən A.Bəkirli qeyd etdi ki, ARDNŞ gənclərə
diqqət və qayğını fəaliyyətinin
önündə saxlayır. Kadr
hazırlığı məsələsinə xüsusi diqqət
göstərilməsi də buna əyani sübutdur.
A.Bəkirli builki “Yay məktəbi” ilə ötənilki
“Yay məktəbi”nin müqayisəli
statistikasını diqqətə çatdırdı. Bildirdi
ki, bu il həm
iştirakçıların sayında, həm də layihənin
icra müddətində dəyişiklik olmuşdur. Belə
ki, ötən il iştirakçıların
sayı 30 nəfər idisə, bu il həmin rəqəm 40-a
çatdırılmışdır. Ötən il layihənin icra müddəti 7 gün
olmuşdusa, bu il iki həftə müddətində həyata
keçirilmişdir. Ötən il “Ramada” otelində
keçirilən “Yay məktəbi” bu il 9 gün adı
çəkilən oteldə, 5 gün isə Balakən
rayonunda “Qubek” otelində davam etdirilmişdir. Layihənin
həyata keçirilməsində məqsəd bəllidir.
ARDNŞ-də böyük kadr potensialına
ehtiyac var. Kadr hazırlığı istiqamətində
çox mühüm işlər həyata keçirilir.
“Yay məktəbi” təsdiq edilmiş proqram əsasında
həyata keçirilmişdir. ARDNŞ-in fəaliyyət
göstərdiyi enerji sektorunun bütün sahələrini -
neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların
qazılması, neft-qaz hasilatı, nəqli və
saxlanması, neft-qaz emalı və neft kimyası, ekoloji
normalar və alternativ enerji mənbələri, neft-qaz
hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və
neft məhsullarının satışını əhatə
edən “Yay məktəbi” ARDNŞ-in iş mexanizmi barəsində
tələbələrdə ümumi fikir yaradır. İştirakçılar Şirkətin məsul
şəxslərinin mühazirələrini dinləmiş,
praktiki məşğələlər keçirmişlər.
“Yay məktəbi” dövründə gənclər
üçün Şirkətin idarə və müəssisələrinə
ekskursiyalar da təşkil olunmuşdur ki, bu da onların
istehsalat prosesi ilə yaxından tanış
olmasına imkan yaratmışdır. Bu il
qeyd etdiyimiz kimi, “Yay məktəbi”nin
iştirakçıları layihə çərçivəsində
Balakənə də səfər etdilər. Sentyabrın
9-dan etibarən layihə “Qubek” otelində davam etdirilmişdir.
Burada isə gənclər arasında intellektual
oyunlar, idman yarışları keçirilmiş, onlar turist gəzintilərinə
çıxmışdılar.
A.Bəkirli bildirdi ki, layihə
iştirakçıları bu müddətdə təcrübə
əldə etməklə, həmçinin ARDNŞ və onun
strukturları ilə tanış olmaqla
yanaşı çox böyük təəssüratlar da əldə
etmişdilər. Gənclərə dövlətin,
ARDNŞ-in diqqəti davamlıdır. Bu onlarda
böyük fərəh hissi yaradır. Sözsüz
ki, layihə müddətində gənclərin əldə
etdikləri biliklər, xoş təəssüratlar onların
neft sənayesinə maraqlarını artıracaq, gələcək
fəaliyyətlərində müəyyən istiqamət
olacaq.
A.Bəkirli bir daha gənclərə
uğurlar arzuladı.
Layihə iştirakçılarından Azərbaycan
Dövlət Neft Akademiyasının tələbələri
Mehriban İbrahimova və Elşad Yolçuyev, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin tələbəsi Aysel Qəribli,
xaricdə təhsil alan Fərid Əliyev və
başqaları çıxış edərək, “Yay məktəbi”nin
həyatlarında yeni bir səhifə
açdığını bildirdilər. Yaradılan
şəraitə görə ölkə Prezidenti İlham Əliyevə,
ARDNŞ prezidenti R.Abdullayevə minnətdarlıqlarını
ifadə etdilər.
Sonda ARDNŞ-in birinci vitse-prezidenti, akademik
Xoşbəxt Yusifzadə layihə iştirakçılarına
sertifikatlar təqdim etdi.
Yeganə Əliyeva,
Nail Rəhimzadə,
İki sahil.- 2011.- 15 sentyabr.- S. 8-9.