Mənalı ömrün zirvəsi...

 

ARDNŞ GeofizikaGeologiya İdarəsinin geoloji şöbəsinin rəisi Şahvələd Köçərli Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətinə görə, Prezident İlham Əliyevin 19 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb

Bu gün ölkəmizin iqtisadi qüdrətinin artmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm əhəmiyyətə malik olan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurla həyata keçirilməsində ARDNŞ və onun strukturlarının rolu inkaredilməzdir. Ölkə iqtisadiyyatının tərəqqisinə töhfələrini verən neftçilər bu uğurların davamlı olması üçün səylərini daha da artırır, onlara göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldurlar. Dövlət başçısı İlham Əliyev və ARDNŞ rəhbərliyinin qayğısını ən yeni texnologiyalar əsasında aparılan iş prinsiplərində hiss edən neftçilər qeyd edirlər ki, uğurlarımızın əsasında bizə göstərilən diqqət dayanır.

20 Sentyabr - Neftçilər günü münasibətilə ölkə Prezidenti İlham Əliyevin 19 sentyabr 2011-ci il tarixli sərəncamı ilə bir qrup neftçi orden və medallarla təltif edildi, digərlərinə fəxri ad və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verildi. Əməyi yüksək qiymətləndirilən - Prezidentin fəxri təqaüdünə layiq görülən neftçilərdən biri də Geofizika və Geologiya İdarəsinin geoloji şöbəsinin rəisi, geologiya-mineralogiya elmləri namizədi Şahvələd Köçərlidir. Yarım əsrdən artıq bir müddətdə neft sənayesində əmək sərf etmiş, yüzdən artıq elmi və publisistik məqaləyə imza atmış Şahvələd müəllim bu gün də öz bilik və təcrübəsini gənclərdən əsirgəmir.

- Şahvələd müəllim, əməyinizə verilən yüksək qiymətlə əlaqədar Sizi təbrik edirik! Layiq görüldüyünüz mükafatla bağlı nə demək istərdiniz?

- Əvvəla, əməyimə verilən bu yüksək qiymətə görə ölkə başçısı İlham Əliyev cənablarına, Dövlət Neft Şirkətinin rəhbərliyinə, ilk növbədə Rövnəq Abdullayev və ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə, Geofizika və Geologiya İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirmək istəyirəm. İkincisi, onu demək istərdim ki, bu qiymət təkcə mənim deyil, bütün geofiziklər ailəsinin əməyinə verilən qiymətdir. Bu gün mən, idarəmizdə çalışan və əməyi məndən də az olmayan onlarla mütəxəssis və alimlərin adını çəkə bilərəm. Onlardan iki nəfəri Prezidentimizin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüş, 6 nəfəri isə ARDNŞ-in “Fəxri fərmanı” ilə mükafatlandırılmışdır.

- Azərbaycan neft geofizikasının bugünkü durumunu, neft strategiyasının gerçəkləşməsindəki rolunu necə dəyərləndirə bilərsiniz?

- “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” və s. yataqlar vaxtilə geofiziklərin hazırladığı strukturlarda açılmışdır. “Ümid”, “Babək”, “Abşeron” və digər yataqların da açılmasında geofiziklərin əməyi böyük olmuşdur. Bu gün bizim geofizika dünya standartlarına uyğun cihaz və avadanlıqlarla təmin edilmiş, yüksək ixtisaslı kadr potensialına malikdir və təklif edilən hər bir məsələnin öhdəsindən gəlmək iqtidarına malikdir.

- Yaşadığınız və işlədiyiniz illər zirvəsindən (bu illər isə əsrin dörddə üçü və yarısından çoxdur) ötən illəri necə dəyərləndirirsiniz və gənclərə nə tövsiyə edərdiniz?

- Həyatı hədər yaşamamağa çalışmışam və düşünürəm ki, buna az da olsa nail olmuşam. İstər elm və istehsalatda, istərsə də həyatda zəhmət, peşəkarlıq və insanlara yaxşılıq etmək əsas kredom olmuşdur.

Gənclərə də bunları tövsiyə edərdim. Peşəkarlıqla bir işdən iki əlli yapışsan, o səni yaxşı bir nəticəyə, həm şöhrətli, həm də maddi təminatlı bir səviyyəyə gətirib çıxarar. Bu yolda gənclərə xoş arzularımı bildirirəm.

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmək, söz yox ki, əməyə verilən çox şərəfli bir qiymətdir və bu hər kəsə qismət olmur...

- Mənə elə gəlir ki, indiyə qədər gördüklərim işlərdən çox, görə bilmədiyim işlər var. Məni elmi və publisistik yazılar gözləyir. “Azərbaycanda geofizika yenilikləri” jurnalında baş redaktorun müavini qismində əməkdaşlığı davam etdirməyi düşünürəm.

Hələ bağdakı işləri demirəm. Bir müdrik tanışımızın sözünü xatırlatmaq istərdim: “İşləmək istəyənə iş həmişə tapılar.”

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2011.- 23 sentyabr.- S. 10.