Tarixdə
silinməz izlər qoyan dahi
şəxsiyyət
Dünyada elə müdrik, elə uzaqgörən dövlət
xadimləri olubdur ki, onlar öz ölkəsinin,
millətinin taleyində mühüm rol oynayıblar.
Öz xalqlarının xilaskarları olublar. Müstəqil
Azərbaycanın memarı ümummilli lider Heydər Əliyev
də tarixdə dərin iz salmış dahi şəxsiyyətlərdən
biridir.
Azərbaycan xalqının yaddaşında əbədi
yaşayacaq böyük qətiyyət və iradə sahibi
olmuş ulu öndər mürəkkəb və çətin
vəziyyətlərdən ən düzgün, ən doğru
yolu tapmağı bacarırdı. Onu uca zirvələrə
qaldıran, lider səviyyəsinə yüksəldən ən
yüksək və ali keyfiyyətlərdən birincisi
doğma xalqına bağlılığı və inamı
idi. Xalq da öz liderinə sadiq idi, ona inanırdı, onu
özünə mayak bilirdi. Azərbaycanlı olmağı ilə
həmişə fəxr edən ümummilli lider Heydər Əliyev
bütün şərəfli ömrünü xalqının
rifahına, Azərbaycanı qurmağa, yaratmağa və
müstəqil ölkəsini dünyada tanıtmağa sərf
etdi. Bütün gücünü, qüvvəsini dövlət
quruculuğuna həsr etdi. Güclü, qüdrətli və
yenilməz bir dövlət qurdu, tarixdə heç vaxt silinməyən
dərin izlər qoydu.
XX əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik
edən ümummilli lider Heydər Əliyevin yüksək təşəbbüskarlığı,
müdrik siyasəti, səy və bacarığı sayəsində
ölkəmiz sözün həqiqi mənasında, intibah
dövrünü yaşamışdır. Həmin illər Azərbaycanın
yüksəliş dövrü idi. Bu o vaxtlar idi ki, Azərbaycan
Respublikası keçmiş Sovetlər Birliyinin tərkibində
birbaşa Moskvadan - Kremldən idarə olunurdu. Lakin Heydər Əliyev
ölkəmizin çiçəklənməsi və
inkişafı naminə böyük çətinliklərlə
də olsa, mərkəzin diqqətini, qayğısını
məmləkətimizə yönəldə bilmişdi. Bu
gün adi hal kimi qiymətləndirdiyimiz hər bir
addımı o illərdə atmaq sarsılmaz iradə, qətiyyət
və cəsarət, hər şeydən öncə isə
böyük risk tələb edirdi. Böyük tarixi şəxsiyyət
kimi ümummilli lider Heydər Əliyev bunu çox
yaxşı bacarmışdı.
Sovetlər Birliyi dağılandan sonra Azərbaycan
Respublikası da öz dövlət müstəqilliyini bərpa
etdi. Amma artıq həmin günlərdə ölkəmiz Ermənistanla
müharibə vəziyyətində idi. Əsrlər boyu həmişə
torpaqlarımıza göz dikən erməni qəsbkarları
yenə də yaranmış tarixi şəraitdən istifadə
edərək öz havadarlarının köməkliyi ilə
ölkəmizin iyirmi faiz ərazisini işğal etmişdir. O
zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik
və iradəsizlik nümayiş etdirərək Silahlı
Qüvvələri yarada bilmədilər. Bundan istifadə edən
erməni qəsbkarları isə torpaqlarımızı zəbt
etməkdə davam edirdilər.
1993-cü ilin iyununda gənc və müstəqil Azərbaycan
dövləti dünyanın siyasi xəritəsindən silinmək
təhlükəsi ilə üz-üzə
qalmışdı. Zaman və vəziyyətin durumu, həyatın özü tələb
edirdi ki, xalqı bu fəlakətdən qurtarmağa qadir olan
bir şəxsiyyət hakimiyyətə gəlsin. Bu, həmin
dövr idi ki, ölkədə hərc-mərclik, hakimiyyətsizlik
hökm sürürdü. Məhz ölkəmiz, Vətənimiz
üçün belə çətin və keşməkeşli
bir zamanda milyonların dəvəti və təkidi ilə
ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıtdı və heyrətamiz iradə, qətiyyət,
güc nümayiş etdirərək ölkəni
düşdüyü fəlakətdən xilas etməyə
müvəffəq oldu. Ümummilli lider hakimiyyətə
qayıdan kimi gərgin və səmərəli işlahatlara
başladı. Uğurlar həyata keçirilən islahatlar
qısa müddət ərzində ölkəmizin həyatının
bütün sahələrində dönüş yaratdı.
İstər hüquqi dövlət quruculuğu istiqamətində,
iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də
cəmiyyətdə kütləvi xarakter almış cinayət
hallarının qarşısının alınmasına və
həmçinin ən başlıcası ordu quruculuğu
istiqamətində çox inamlı və qətiyyətli
addımlar atılmağa başlandı.
1994-cü il may ayının 12-də Ermənistan-Azərbaycan
hərbi münaqişəsində atəşkəs
haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda
ordu quruculuğu da çox sürətlənmişdir.
İslahatların uğurlu nəticəsi kimi Silahlı
Qüvvələrin maddi-texniki təminatı getdikcə
yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığı daha da artdı, döyüş ruhu, qələbə
əzmi xeyli yüksəldi. Bu gün tam inamla demək olar ki,
muasir müstəqil dövlətimizin memarı və qurucusu
ulu öndər Heydər Əliyev həm də qüdrətli
Azərbaycan ordusunun yaradıcısıdır.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri
zamanı zabit və əsgərlərimizin
Vətən qarşısındakı öz xidməti
borclarını şərəf və ləyaqətlə
yerinə yetirmələri bir daha sübut etdi ki, şəxsi
heyət arasında müstəqillik amalı və hərbi
anda sədaqət hissi, yeni mənəvi-psixoloji iqlim
formalaşmışdır.
Bugünkü Azərbaycan ümummilli liderimiz Heydər
Əliyevin çoxillik gərgin və uzaqgörən fəaliyyətinin
məhsuludur. Məhz onun yaratdığı siyasi, iqtisadi, mədəni
ölkəmiz 21-ci əsrə böyük inam və
uğurlarla qədəm qoyub və bu gun də öz milli
dövlətçiliyini daim inkişaf etdirir.
2003-cü il oktyabr ayının 15-də xalqın
böyük dəstəyi ilə dövlət
başçısı seçilən möhtərəm
prezidentimiz İlham Əliyev ümummilli lider Heydər Əliyevin
siyasi kursunu uğurla və ləyaqətlə davam etdirir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında həyatımızın bütün sahələrində
uğurlu islahatlar həyata keçirilir. Bölgələr
durmadan inkişaf edir, rayonlarımız, şəhərlərimiz
getdikcə gözəlləşir, abadlaşır. Yeni yollar
çəkilir, körpülər salınır. İndi Azərbaycan
dünyanın ən inkişaf etmiş ölkələri ilə
yanaşı inamla addımlayır. Bu gün üçrəngli
bayrağımız dünyanın bir çox beynəlxalq təşkilatlarının
qarşısında əzəmətlə dalğalanır.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı olan möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə
olduğu kimi ordu quruculuğunda da uğurlu islahatlar həyata
keçirilir, Silahlı Qüvvələrə ayrılan vəsait
ildən-ilə artırılır. Təkcə onu qeyd etmək
kifayətdir ki, Azərbaycanın yalnız hərbi xərcləri
Ermənistanın bütün dövlət büdcəsinə
bərabərdir.
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi hər
birimizin qəlbində əbədi olaraq yaşayacaqdır. Ulu
öndərin dövlət quruculuğu, ordu quruculuğu,
iqtisadi islahatlar, milli şüurun dirçəlişi,
ideologiyamızın inkişafı və formalaşması, gənclərimizin
hərbi vətənpərvərlik tərbiyəsi və digər
sahələrdəki siyasi irsi bu gün böyüməkdə
olan nəsillər tərəfindən dərindən, diqqətlə
öyrənilir və təbliğ olunur. XX əsrin ən
böyük dühalarından olan görkəmli dövlət
xadimi, nadir şəxsiyyət, xalqın xilaskarı
ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti
hər birimiz üçün örnəkdir.
Tural Salmanov
İki sahil.- 2011.- 27 sentyabr.- S. 11.