Neftçi əməyi yüksək qiymətləndirilir

 

ARDNŞ “Neftqaztikinti” Trestinin Səyyar Mexanikləşdirilmiş İdarəsinin rəisi Fərmayıl Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub

“Neftqaztikinti” Tresti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma işlərini yerinə yetirir. Trestin tərkibində fəaliyyət göstərən Səyyar Mexanikləşdirilmiş İdarə ARDNŞ-in 30 dekabr 2009-cu il tarixli 191 saylı əmri və “Neftqaztikinti” Trestinin 5 yanvar 2010-cu il tarixli 03 saylı əmri əsasında hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi yaradılıb.

2010-cu ilin fevralından fəaliyyət göstərir. İdarənin əsas məqsədi neft-qaz və digər sahələrdə tikinti-quraşdırma və təmir işlərini vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməkdir. SMİ Bakı şəhərindən kənarda tikinti və təmir işlərini, magistral neft və qaz kəmərlərinin tikintisi, bərpası, demontajı, rayonlarda əhalinin qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri yerinə yetirir.

Səyyar Mexanikləşdirilmiş İdarə əsasən magistral boru kəmərlərinin çəkilməsi, neft və qaz komplekslərinin tikintisi, quraşdırılması və abadlaşdırılması işləri üzrə ixtisaslaşıb. İdarənin tərkibində 5 tikinti-quraşdırma sahəsi, avtonəqliyyat və mexanizm sahəsi, və xidmət qrupu fəaliyyət göstərir. SMİ Qusarın Şirvanovka kəndində qazın tərkibinin yoxlanılması laboratoriyasının binasının tikintisini başa çatdırıb. SMİ ötən müddət ərzində “Qalmaz YQSA-da quyulara qaz vurulması üçün monifold və şleyf xətlərinin tikintisi”, “720 mm-lik Qalmaz-Qazməmməd qaz kəmərinin 6-21-ci km hissəsində 14 km hissəsinin əsaslı təmiri”, dövlət əhəmiyyətli “Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu “Azərikimya” İstehsalat Birliyinin Etilen-Propilen Zavodu arası quru qaz və nafta kəmərinin tikintisi”, “Şəki rayonunun Qxud, Qoxund və digər kəndlərinə gedən qaz kəmərlərinin Kiş çayı ərazisində əsaslı təmiri”, “530 mm-lik Yevlax-Şəki-Balakən qaz kəmərinin 1-9-cu km-də korroziyaya uğramış hissəsinin əsaslı təmiri” obyektlərində və digərlərində mühüm işlər həyata keçirib.

Nailiyyətlərin əldə olunması həm ölkə Prezidenti, həm də ARDNŞ rəhbərliyi tərəfindən diqqətdən kənarda qalmayıb. Belə ki, Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin Səyyar Mexanikləşdirilmiş İdarəsinin rəisi Fərmayıl Məmmədov dövlət başçısı İlham Əliyevin Azərbaycan neftçilərinin peşə bayramı ilə əlaqədar imzaladığı 19 sentyabr 2011-ci il tarixli sərəncamı ilə ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Fərmayıl müəllim neftçilərə fəxri adların verilməsi haqqında sərəncamı çoxminli neftçilər ailəsinin əməyinə verilən qiymət kimi dəyərləndirir. “Bu mükafatı ARDNŞ-in Trestin bütün əməkdaşlarına göstərilən diqqət və qayğı kimi dəyərləndirir, möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Qazanılan nailiyyətlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin neftçilərə göstərdiyi diqqət və qayğının böyük rolu vardır. “Neftqaztikinti” Trestinin rəhbərliyinin göstərdiyi etimadı yüksək qiymətləndirirəm. Bu qayğıya cavab olaraq bundan sonra da  neft sənayesinin inkişafı naminə səylə çalışacaq, əlimizdən gələni əsirgəməyəcəyik.”

Qeyd edək ki, Fərmayıl müəllim 1961-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Çay qurğuları və su elektrik stansiyalarının tikintisi ixtisasını bitirib. Ali təhsilini başa vuran F.Məmmədov təyinatla Neft Daşlarında işləməyə gedir. Burada usta, iş icraçısı, baş mühəndis, rəis müavini vəzifələrinə qədər ucalıb. ARDNŞ-in tərkibində struktur dəyişikliyindən sonra yaradılan “Neftqaztikinti” Trestinin 8 saylı Tikinti-quraşdırma İdarəsində baş mühəndis, Trestin Gürcüstan Nümayəndəliyinin baş mühəndisi, 2 saylı TQİ-də baş mühəndis vəzifələrində çalışıb. 2010-cu ilin fevralından isə ARDNŞ-in 30 dekabr 2009-cu il tarixli 191 saylı əmri və “Neftqaztikinti” Trestinin 5 yanvar 2010-cu il tarixli 03 saylı əmri ilə yaradılan Səyyar Mexanikləşdirilmiş İdarənin rəisi vəzifəsində çalışır.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2011.- 27 sentyabr.- S. 11.