“Ekologiya İli” qlobal layihələrin
icrası üçün başlanğıcdır
2010-”Ekologiya İli”ndə ARDNŞ-in
bütün idarə və müəssisələri kimi, “Ekol Mühəndislik Xidmətləri”
QSC də ətraf mühitin qorunmasında fəal iştirak
etdi və bir sıra əhəmiyyətli layihələrin
icrasına nail oldu. “İki sahil”ə müsahibə
verən QSC-nin baş direktoru Ramil Əliyev həyata
keçirilən tədbirlər və gələcək
planlardan söz açdı.
-Ramil müəllim, bu gün planetimizi
narahat edən əsas məsələlərdən biri ekoloji
problemlərdir...
-Sözsüz ki, XXI əsrdə dünya
dövlətlərinin və Azərbaycanın
qarşılaşdığı ən aktual problemlərdən
biri də ekoloji mühitin qorunmasıdır. 160
ildən artıq bir dövrdə Azərbaycanda neft müxtəlif
üsullarla hasil edilib, lakin ekoloji məsələlərə
lazımınca diqqət yetirilməyib. Ölkə
başçısı cənab İlham Əliyevin qeyd etdiyi
kimi, ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin
görülməsi, ətraf mühitin qorunması həmişə
beşinci, onuncu dərəcəli məsələ kimi
gündəlikdə dururdu. Ekologiyaya belə
münasibət isə respublikamızın hava, su hövzələrinin
və torpaq sahələrinin çirklənməsinə,
ölkəmizin fauna və florasının vəziyyətinin
pisləşməsinə səbəb olmuşdu. Bu dövr ərzində neft-qaz hasilatı və
emalı nəticəsində minlərlə hektar torpaq sahəsi
çirklənərək yararsız hala
düşmüşdü.
- Bəs, Azərbaycan müstəqillik əldə
etdikdən sonra ekoloji problemlərin həlli istiqamətində
nə kimi dəyişikliklər baş verib?
- Bütün çətinliklərə
baxmayaraq, hələ Sovet İttifaqı dövründə Azərbaycana
rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev
ekoloji məsələlərə ciddi diqqət göstərirdi.
1993-cü ildə yenidən hakimiyyətə
qayıdan dahi siyasətçi, başqa sahələr kimi
ekoloji təhlükəsizlik məsələlərini də
şəxsi nəzarət altına götürdü və bu
istiqamətdə əhəmiyyətli işlər
görülməyə başlandı. Heydər Əliyev
siyasi məktəbinin layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi dövründə isə
ekoloji problemlərin
həlli dövlət siyasətinin prioritet istiqamətlərindən
biri kimi keyfiyyətcə yeni bir mərhələyə qədəm
qoydu. Ölkə başçısı 28 sentyabr 2006-cı il
tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında
ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün Kompleks Tədbirlər
Planı”nı təsdiq etdi. Bu mühüm
dövlət sənədi çərçivəsində
aidiyyəti qurumlar, o cümlədən ARDNŞ zəruri tədbirlərin
həyata keçirilməsinə başladılar və son
dörd ildə bir çox vacib məsələlər öz
həllini tapdı. 2006-cı ildən isə neftlə
çirklənmiş torpaqların təmizlənməsi ARDNŞ-in başlıca
fəaliyyət sahələrindən birinə çevrildi.
Bu gün
ARDNŞ “Ekoloji Siyasəti”ndə respublikamızın ekoloji vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
irimiqyaslı layihələrin həyata keçirilməsi ilə
yanaşı, ekoloji maarifləndirmə məsələlərinə
də geniş yer ayırıb. Ümummilli liderin imzaladığı “Əhalinin ekoloji
təhsili və maarifləndirilməsi haqqında” qanunu əldə
rəhbər tutaraq, ARDNŞ-in prezidenti Rövnəq
Abdullayevin 12 avqust 2008-ci il tarixli əmri ilə
tədbirlər planı təsdiq edilib, ekoloji təbliğat və
maarifləndirmə işlərinə start verilib. Tədbirlər
planına ARDNŞ-in əməkdaşları
üçün ekologiya üzrə seminarların təşkili,
beynəlxalq təşkilatlarla dəyirmi masaların
keçirilməsi, məktəblər, məktəbdənkənar
tədris müəssisələri və mərkəzləri ilə əməkdaşlığın
qurulması, iməciliklərin və müsabiqələrin təşkili kimi məsələlər daxil
edilib.
ARDNŞ-in təsisçiliyi ilə
yaradılmış “Ekol Mühəndislik Xidmətləri” QSC
də öz sahəsində 2008-ci ildən etibarən Kompleks Tədbirlər
Planında qeyd edilən məsələlərin həyata keçirilməsinə
başlayıb.
-ARDNŞ-in ekoloji layihələrinin həyata
keçirilməsində “Ekol Mühəndislik Xidmətləri”
QSC-nin rolu nədən ibarətdir?
- “Ekol”
ARDNŞ-in təsisçiliyi ilə məhz neft sənayesi sahələrində
ekoloji yönlü işlərin yerinə yetirilməsi məqsədilə
yaradılıb. 2006-cı ildən başlayaraq QSC
neft emalı zavodlarından atılan sənaye-çirkab
sularının təmizlənməsi, neftşlamın
emalı və zərərsizləşdirilməsi ilə
yanaşı, şirkətin həyata keçirdiyi ekoloji layihələrin
icrasında potensial podratçı qismində yaxından
iştirak edir.
- “Ekol”un 2010- “Ekologiya
İli” çərçivəsində həyata
keçirdiyi layihələr barədə nə deyə bilərsiniz?
-Ölkə başçısının
2010-cu ili “Ekologiya İli” elan etməsi ilə
Azərbaycanda indiyədək misli görünməmiş
ümummilli ekoloji hərəkat bütün ölkə boyunca
geniş vüsət aldı.
Dövlət Neft
Şirkəti də bu hərəkatın ön
sıralarında fəaliyyətə başladı. “Ekol
Mühəndislik Xidmətləri” QSC də bu hərəkata
qoşuldu və
aktual ekoloji problemlərin həlli istiqamətində
fəaliyyətinin yeni mərhələsinə qədəm
qoydu.
2010-cu ildə QSC
Heydər Əliyev
adına BNEZ və “Azərneftyağ”
NEZ-lərdə təmizləyici
qurğulara daxil olan 21 milyon 410 min m3-ə qədər sənaye-çirkab
sularının təmizlənməsini, 25 min 385 m3-ə qədər
neftşlamın emal olunması və zərərsizləşdirilməsini,
BP Exploration (CASPİAN SEA) Limited Şirkətindən daxil olan
136 ton parafinin təmizlənməsini həyata keçirib və
ARDNŞ-in 30-a qədər təşkilatlarına ekoloji yönlü xidmətlər
göstərib.
Ötən il QSC-nin Ekoloji Monitorinq
Departamenti (EMD) tərəfindən
“Abşeronneft”, “Balaxanıneft”, “Siyəzənneft”, “28 May”,
“Neft Daşları”, “Qum adası”, N.Nərimanov adına,
Z.Tağıyev adına NQÇİ-lərin, eləcə də
“Qum adası” DQİİ, “Abşeron” Qİİ, “Qobustan”
KQİİ və Tamponaj İdarəsinin mədən ərazilərində
kompleks monitorinq işləri aparılıb və müvafiq
hesabatlar hazırlanıb. İl ərzində 4 ekoloji pasport, 4
su təsərrüfatı pasportu, 4 yol verilən atqı həddi
normativləri layihəsi, 2 yol verilən axıntı həddi
normativləri layihəsi, 2 tullantı mənbələrinin
inventarlaşdırılması sənədləri daxil olmaqla
16 ekoloji normativ-texniki sənədlər işlənib
hazırlanıb və müvafiq dövlət qurumları ilə
razılaşdırılaraq “sifarişçi”yə təhvil
verilib. EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası
sifarişçi təşkilatların istehsalat sahələrindən
455 nöqtədən 765 nümunə götürərək
onların üzərində 2067 fiziki-kimyəvi və kimyəvi
təhlil aparıb. Bundan başqa QSC-nin istehsalat sahələrindən
512 nöqtədən 1250 nümunə götürülüb
və bu nümunələr üzərində 4120 fiziki-kimyəvi
və kimyəvi təhlil aparılıb.
“Ekologiya İli” çərçivəsində
“Ekol” “Azneft” İstehsalat Birliyi ilə, Z.Tağıyev
adına NQÇİ-nin mədən ərazisində (Qala qəsəbəsi)
10 hektar, “Siyəzənneft” NQÇİ-nin mədən ərazisində
24,5 hektar, “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı
mədən ərazisində 7 hektar və “Abşeronneft”
NQÇİ-nin mədən ərazisində 12,4 hektar ərazidə
neftlə çirklənmiş torpaqların rekultivasiyası və
bioremediasiyası işlərini uğurla həyata
keçirib. Artıq “Siyəzənneft” və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində
layihələrin icrası uğurla başa
çatdırılıb, “Abşeronneft” və
“Balaxanıneft”
NQÇİ-nin mədən ərazisində isə layihələrin
icrası davam etdirilir. Qala qəsəbəsində reabilitasiya
olunmuş ərazilərə 5200 ədəd mühitə
davamlı müxtəlif növ ağac, 10 minə qədər
isə bəzək və gül kolu, “Abşeronneft”
NQÇİ-nin reabilitasiya olunmuş
sahələrində isə
9 minə qədər ağac
əkilib. 2010-cu ildə QSC-nin xidməti istifadəsinə
verilmiş Zığ şosesi, Hövsan yolu ünvanında
yerləşən A-4 qurğusu adlanan qeyri-yaşayış
sahəsində də əsaslı təmir və yenidənqurma
işləri aparılıb, ətraf ərazilər abadlaşdırılaraq 3500 ədəd
ağac, 2500 ədəd bəzək və gül kolu əkilib.
“Ekol” ekoloji vəziyyətin
yaxşılaşdırılmasında əsas amillərdən
olan, yaşıllıqların salınması və onlara
aqrotexniki xidmətlər göstərilməsi məsələlərinə
də xüsusi diqqət ayırıb. Layihə ərazilərindəki
reabilitasiya olunmuş sahələrdə, eləcə də
digər fəaliyyət sahələrində minlərlə
ağac əkilib və becərilib. Hazırda QSC-nin
Torpaqların Rekultivasiyası Departamentinin 3-cü sahəsi
“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində
50 minə qədər, Qaz Emalı Zavodunun ərazisində isə
9 mindən artıq müxtəlif ağac növünə
xidmət göstərir.
QSC ekoloji vəziyyətin
yaxşılaşdırılması sahəsində prioritet
layihələr həyata keçirməklə yanaşı,
öz fəaliyyətində ekoloji maarifləndirmə məsələlərinə
də geniş yer ayırıb. May ayında “Ekol” üzv olduğu Azərbaycandakı
Amerika Ticarət Palatası ilə birgə Bakı məktəblərində
xüsusi proqramla ekoloji maarifləndirmə tədbirləri
keçirib. Tədbirlər paytaxtın Zərifə Əliyeva
adına, eləcə də 20, 23, 6
saylı lisey-məktəblərini və “SOS uşaq kəndi”
internat məktəbini əhatə edib. Maarifləndirmə
proqramı məktəblilərin dünyagörüşlərinin,
düşüncə tərzlərinin və yeni
davranış stereotiplərinin ekoloji cəhətdən formalaşmasına
yönəldilib.
- “Ekologiya İli”nin
başa çatması ekoloji layihələrin həyata
keçirilməsi istiqamətində “Ekol”un fəaliyyətinə
hər hansı bir formada təsir göstərə bilərmi?
-2010-cu il fevralın
18-də ekoloji problemlərə həsr olunmuş
müşavirədə çıxış edən Prezident
İlham Əliyev “...Mən hesab edirəm ki, ekoloji tədbirlərin
görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır.
Biz bundan sonrakı illərdə də bu məsələlərə
ciddi diqqət göstərməliyik...” deyə qeyd edərək,
ətraf mühitin qorunmasının nə qədər əhəmiyyətli
olduğunu bir daha bəyan etdi. Bu fikirləri
özünün fəaliyyət proqramı kimi qəbul edən,
ekoloji vəziyyətin yaxşılaşdırılması və
insanların sağlamlığına təsir göstərən
mənfi amillərin aradan qaldırılması
missiyasını yerinə yetirən “Ekol” bundan sonra da respublikada,
xüsusilə ARDNŞ-in fəaliyyət sahələrində
ekoloji vəziyyətin yaxşılaşdırılması
istiqamətində qabaqcıl və potensial imkanlı bir
şirkət kimi fəaliyyətini davam və inkişaf etdirəcək.
-Fəaliyyətiniz ictimaiyyət və
KİV tərəfindən necə qarşılanır?
-Şirkətimizin
daimi inkişafda olan çoxsahəli fəaliyyəti, ətraf
mühitin mühafizəsinə, insanların
sağlamlığına və ölkə iqtisadiyyatına
layiqli töhfələr verən prioritet ekoloji layihələri
ictimai təşkilatlar, eləcə də KİV tərəfindən
maraqla izlənilir və mütəmadi olaraq mətbuat səhifələrində
işıqlandırılır. Məhz bunun nəticəsidir ki, 2008-2009-cu illərdə
QSC ölkə iqtisadiyyatına verdiyi töhfələrə və
ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi
xidmətlərə görə “CASPİAN ENERGY” və
“CONSULTİNG & BUSINESS” jurnallarının “İlin Şirkəti”
nominasiyası üzrə mükafatlarını, 2010-cu ildə
isə “Ekologiya İli” çərçivəsində həyata
keçirdiyi aktual ekoloji layihələrə görə
“İlin Ekologiya Şirkəti” nominasiyası üzrə
“Caspian Energy Award -2010” mükafatına layiq
görülüb. Daimi inkişafda olan “Ekol” 2010-cu ildə
yenidən, aktual ekoloji layihələrə və iqtisadi səmərəli
fəaliyyətinə görə, nüfuzlu “BUSINESS TIME”
jurnalının ekologiya sahəsində “İlin Şirkəti”
nominasiyası üzrə “AZERI
BUSINESS AWARD” mükafatını qazanıb.
-2011-ci ildə
həyata keçiriləcək layihələr, gələcək
planlar barədə nə deyə bilərsiniz?
- “Ekol” əvvəlki
illərdə olduğu kimi, növbəti illərdə də
öz fəaliyyətini yüksək templə davam etdirəcək. 2011-ci ildə bir sıra
yeni layihələrin icrası nəzərdə tutulub.
Belə ki, QSC “Balaxanıneft” NQÇİ-nin mədən ərazilərində
neftşlamın bioremediasiyası və
anbarlaşdırılması, “Neft Kəmərləri”
İdarəsinin Dübəndi Neft Terminalının ərazisində
neftli, məişət və fekal suların təmizlənməsi,
neftşlamın emalı və zərərsizləşdirilməsi
istiqamətində fəaliyyətə başlayacaq.
QSC ekoloji
layihələrin dünya standartları səviyyəsində
həyata keçirilməsi üçün, maddi texniki
bazasının gücləndirilməsi, müasir texnika və
texnologiyaların istehsalata tətbiqi sahəsində də məqsədyönlü
işlər aparır. Bu
günlərdə neftşlamı 3 fazaya-neft, su və mexaniki
qarışıqlara ayıran, Hollandiya istehsalı olan, məhsuldarlığı
20 m3/saat 3 fazalı dekantor qurğusunun alınmasına nail
olmuşuq. Bu qurğu istifadəyə verildikdən sonra həm
ekoloji, həm də iqtisadi cəhətdən xeyli səmərə
əldə olunacaq. Bu ildə də QSC yeni
texnika və texnologiyalar tətbiq etməklə aktual ekoloji
layihələrin yüksək keyfiyyətlə həyata
keçirilməsini davam etdirəcək.
Nail Rəhimzadə
İki sahil.- 2011.- 7 yanvar.-
S. 11.