Biz hücum diplomatiyası aparırıq

 

Dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində qazanılan uğurlarla kifayətlənməməli, ideoloji təbliğat gündəlik işimiz olmalıdır

 

Harda olursan ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi  bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü gələcəyi haqqında düşünməlisən.”

 

Ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq Prezident İlham Əliyev bildirir: “Gənc respublikamızın inkişafı yolunda əsas maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  probleminin tezliklə həlli  Azərbaycan dövləti ilə yanaşı bütün həmvətənlərimizin də qarşısında mühüm  vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə  öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü  fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar.”

Diasporun bir dövlətin xaricdə varlığı  demək olduğunu nəzərə alsaq, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, onları birləşdirən  cəmiyyətlərin, mərkəzlərin üzərinə hansı vəzifələrin düşdüyü bəlli olar.  Dövlət başçısı bütün çıxışlarında bu fikri bəyan edir ki, hər bir Azərbaycan vətəndaşı yaşadığı məkanda ölkəsinin təbliğatçısıdır. Azərbaycanın bugünkü iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlar barədə    dünya ictimaiyyəti məlumatlandırılmalıdır. Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər ki, ölkənin tərəqqisində təhsilin, elmin rolunu önə çəkərək müasir dövrdə yeni texnologiyaların tətbiqinə, onlardan yüksək səviyyədə istifadə etməyi bacaran ixtisaslı kadrların yetişdirilməsinə böyük ehtiyacın olduğunu bildirən dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsillərini davam etdirmələrinə dair Dövlət Proqramı”nın icrasında da prioritet məsələlərdən biri məhz ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Azərbaycan gəncləri həmin ölkələrdə təhsillərini davam etdirib, elmin dərin sirlərinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə yiyələnməklə yanaşı, eyni zamanda ölkənin təbliğatçısı kimi çıxış edirlər.

Bu siyasətin təməli  1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun  təşəbbüsü ilə gənclərin keçmiş ittifaqın  müxtəlif ali məktəblərinə  kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan yaratmışdı. Bu addımın atılmasında məqsəd həm də   Azərbaycanın təbliğ olunması idi.

Dünyada azərbaycanlılara və türklərə qarşı əks-təbliğat kampaniyası aparan güclü erməni diasporunun olduğunu heç zaman unutmamalıyıq. Bu fakt hər kəsə bəllidir ki, Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən  ermənilər həmçinin  1915-ci il hadisələrinə görə daim Türkiyəni günahlandırır,  qondarma erməni soyqırımı iddiasını irəli sürərək,   “genosid”in dünyanın əksər ölkələri  tərəfindən tanınmasına müvəffəq olublar. Fransa kimi böyük dövlət erməni yalanlarını həqiqət kimi qəbul etmiş, “ erməni soyqırımı”nı  tanımaqla yanaşı,  digər  ölkələri də bu addımı atmağa çağırır. Fransa parlamenti qondarma erməni soyqırımını tanımayanlara qarşı cəzanın tətbiq olunması barədə qanun layihəsini qəbul etdi. Türkiyənin Avropa Birliyinə üzv qəbul  olunması məsələsi gündəmə gətiriləndə qarşıya qoyulan əsas şərtlərdən biri məhz “erməni soyqırımı”nın  tanınmasıdır. Bir faktı da qeyd edək ki, Ermənistanda qondarma erməni soyqırımına dair abidə ucaldılıb. Bundan da siyasi məqsədlər üçün istifadə edilir. Bu və ya digər ölkənin dövlət başçısının Ermənistana səfəri zamanı həmin abidəni ziyarət etməsi təbii ki, onun tanınmasına bir işarədir. Bəzi dövlətlərin rəhbərləri  atdıqları addıma protokol qaydalarına riayət etmək adı altında bəraət qazandırmağa çalışsalar da, həqiqət budur ki, belə addımın atılması mövcud problemlərin həllinə mənfi təsir göstərir. Bu fakt da inkaredilməzdir ki, dünya ikili siyasəti ilə münaqişəli məsələlərin nizamlanması prosesinin uzanmasına səbəb olur. Bunu əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aydın görürük. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlətə bu günə qədər heç bir təzyiqin göstərilməməsi, əksinə   hərtərəfli dəstək verilməsi Ermənistanın daha böyük iddialarla çıxış etməsinə stimul verir. Tarixi faktlara deyil, erməni yalanlarına istinad edən dünya dövlətləri unutmamalıdırlar ki, ədalətli yanaşma ortaya qoymaq üçün haqlı və haqsız tərəfi yalnız kağız üzərində deyil, əməli işdə təsdiqləyəndə atılan addım daha uğurlu nəticələnir.

Prezident İlham Əliyev hər bir çıxışında bütün türk dünyasını mövcud problemlərimizin həllində vahid mövqedən çıxış etməyə çağırır. Dövlət başçısının təşəbbüsü ilə  2007-ci ildə Türk dövlət və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının, Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birinci qurultayının  Bakıda keçirilməsi, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması, mərkəzi ofisinin ölkəmizdə yerləşməsi  də bu birliyə doğru atılan addımların əsas tərkib hissələrindəndir.  “Gücümüz birliyimizdədir” söyləyən Prezident İlham Əliyev bildirir: “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı  soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub,  yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı  bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək  soyqırımı deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki,  dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında  qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq bizim işimizdir-dövlətin, diaspor təşkilatlarının, hər bir vətənpərvər  insanın işidir.”

Dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycan həqiqətlərini  beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Prezident İlham Əliyev  dünya birliyinin Ermənistanın işğalçılıq əməllərinə, həyata keçirdiyi soyqırımı və deportasiya siyasətinə göz yummasına təəssüf etdiyini bildirir.  20 faiz torpaqları işğal altında, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan dünya ölkələrinin arxivlərinə müraciət etməklə ermənilərin tarixin müxtəlif dövrlərdə torpaq iddiası ilə çıxış etdiyini, nə kimi faciələr, müsibətlər törətdiklərini faktlar əsasında açıqlayır. 1988-ci ildə torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu günədək işğalçı dövlətin qeyri-konstruktiv mövqeyinin, ən əsası dünya dövlətlərinin ikili siyasəti nəticəsində uzanır. Siyasətində müstəqil olmayan Ermənistan sözsüz ki, hər hansı məsələnin həllində asılı olduğu ölkənin mövqeyindən çıxış edir. Problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin maraqlarının toqquşması münaqişənin həllində ümumi mövqenin ortaya qoyulmasını çətinə salır.

Faktlara əsaslanan tarix saxtakarlığı sevmir.     XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin ən bariz göstəricisidir. Bu gün qarşımızda duran əsas məqsəd faciənin soyqırımı olduğunu dünya ictimaiyyətinə qəbul etdirməkdir.  Lakin  dünya birliyinin erməni yalanlarına uyaraq onların başımıza gətirdikləri müsibətlərə, faciələrə göz yumması narazılıq doğurmaya bilməz.  Dövlət başçısı tariximizin öyrənilməsini, tarixi faktların araşdırılaraq ölkə dünya ictimaiyyətinə çatdırılmasını tarixçilərimizin qarşısında mühüm vəzifə kimi qoyub. AMEA-nın Tarix İnstitutunun bu istiqamətdə gördüyü işlər yüksək dəyərləndirilir. Yalnız faktların dili ilə yazılan xeyli sayda kitablar çap olunub. Bu gün onların müxtəlif dillərə tərcümə olunaraq  yayılması istiqamətində mühüm işlər görülür. Faciələrimizi unutmağa heç kəsin haqqı yoxdur.  Erməni yalanlarına  cavab olaraq həqiqətlərimizi təbliğ etmək üçün  faciələrimizi yalnız  baş verdiyi günlərdə anmaqla kifayətlənməməliyik. Erməni vəhşiliklərinin ifşası gündəlik işimiz olmalıdır. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Xocalı faciəsi, Qarabağ həqiqətləri ilə bağlı xeyli sayda kitablar nəşr olunub. Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif səviyyəli təbliğat xarakterli tədbirlər keçirilir.

Jurnalistlərin dostumükafatının təqdimat mərasimində hazırda ölkəmizin informasiya müharibəsi şəraitində yaşadığını, dünyadakı erməni lobbisinin bizə qarşı informasiya müharibəsi apardığını bildirən  dövlət başçısı İlham Əliyev bu mübarizədə Azərbaycanın qalib gəldiyini diqqətə çatdırdı.  “Biz hücum diplomatiyası aparırıqsöyləyən Prezident İlham Əliyev bildirdi ki,  vaxt keçdikcə bu sahədə  uğurlarımız daha çox olacaq.

Azərbaycanın bugünkü uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir. Yola saldığımız 2010-cu il ölkəmizin ictimai-siyasi, iqtisadi diplomatiya sahəsində qazandığı mühüm uğurlarla yadda qaldı. “Güclü Azərbaycan hamımızın qürur mənbəyidir  bildirən Prezident İlham Əliyev bu əminliyi daim  dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından bəyan edir: “Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Azərbaycanın işğal altındakı bütün bölgələri azad olunacaq bizim soydaşlarımız oraya qayıdacaqlar o gün uzaqda deyildir.” Azərbaycanın diplomatik mübarizədə qələbəsi, artan iqtisadi imkanları, dünya standartlarına cavab verən güclü ordusu bu əminliyi şərtləndirən əsas amillərdir.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2011.- 11 yanvar.- S. 3.