Bir gecənin qətliamı

 

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirdi

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə.... Bu tarix yaddaşlara Qanlı 20 Yanvar faciəsi kimi həkk olunub. Yanvarın 20-də faciənin 21-ci ildönümü qeyd ediləcək. Bu hadisə Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi hər il dərin hüznlə qeyd edilir.

Həmin gün Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi.

Bu zaman, beynəlxalq təşkilatlar tərəfindən istifadəsi qadağan olunmuş Silahsursatdan istifadə edən düşmən yüzdən çox günahsız əliyalın insanı, qocaları, uşaqları, qadınları, eləcə də gəncləri qətlə yetirmiş, itkin düşmüş, işgəncələrə məruz qalmışdır. Qeyd edək ki, həmin hadisələr zamanı 168 nəfər dinc sakin öldürülmüş, 700-dən çox adam yaralanmış, xalqımıza ağır maddi mənəvi ziyan vurulmuşdur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar olayı xalqımızın davamlı mücadiləsi nəticəsində Azərbaycanın müstəqilliyə qovuşmasına gedən yolda bir dönüş nöqtəsi olmuşdur. Bu bizim həm də qəhrəmanlıq tariximizdir.

Tarix isə heç bir zaman yaddaşlardan silinməməli, unudulmamalıdır.

                                                  

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət

 

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, ulu öndər 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdi. Heydər Əliyev faciəli hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirdi. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: "...Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür."

Ulu öndər Heydər Əliyevin 1993cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər". "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir". Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisəsi ilə bağlı keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir. 31 yanvar 1997-ci il tarixdə ulu öndər Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bildirmişdir: "...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmadır."

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan dövləti, onun rəhbərliyi bütün tariximizə, mədəniyyətimizə, adətnənələrimizə olduğu kimi, 1918-ci ilin mart, 1990-cı ilin 20 Yanvar, 1992-ci ilin Xocalı qırğınları kimi faciəli tarixlərin anılmasına da xüsusi həssaslıqla yanaşır və bununla bağlı müvafiq tədbirlər görür. Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işlərinin görülməsi bunu bir daha təsdiqləyir. Həmçinin ötən il faciənin 20-ci ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldıldı. Hər il 20 Yanvar faciəsi dövlət səviyyəsində qeyd olunur.

 

20 Yanvar facəsindən 21 il ötür

 

Yanvarın 20-si Azərbaycan tarixinə Qanlı Yanvar kimi həkk olunub. Bir neçə gündən sonra 21-ci ildönümü qeyd ediləcək. Bu hadisə Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirəcək. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir, bu ölməzlik müstəqilliyimizdə, birliyimizdə yaşayır.

 

 

Aynurə Şirinova

 

İki sahil.- 2011.- 15 yanvar.- S.12.