“Ekologiya
İli”ndə ARDNŞ böyük uğurlar
qazanmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə “Ekologiya İli” elan olunmuş 2010-cu ildə ARDNŞ ətraf
mühitin mühafizəsi sahəsində böyük nailiyyətlər
əldə etmişdir. İlk dəfə neft-qaz yataqlarının
kəşfiyyatı və işlənməsində Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) və
ekoloji problemlərin həlli üzrə müvafiq monitorinqlər
aparılmış, mövcud problemlər müəyyən
edilmişdir.
İl
ərzində “Bibiheybətneft”, “Balaxanıneft”, “Siyəzənneft”, “Abşeronneft”, H.Z.Tağıyev,
Ə. Əmirov və
N.Nərimanov adına NQÇİ
ərazilərində, Muradxanlı və
Qaraçuxur İriləşdirilmiş
Neft Mədənlərində, həmçinin Birgə Müəssisə (BM) və Əməliyyat Şirkətlərinin (ƏŞ) ərazilərində neftlə çirklənmiş torpaqların təbii landşaftının bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. Xəzər dənizinin suyunun şirinləşdirilməsi
məqsədi ilə “Neft Daşları”nda gücü 500
m3/gün, Çilov adasında isə gücü 300 m3/gün
təşkil edən “Əks Osmos” tipli qurğular
quraşdırılmış, “Azneft” İB-nin, Neft Kəmərləri
İdarəsinin struktur bölmələrində “Biomass”,
“KU-400”, “Topas 30” və “Topas 150” tipli bioloji təmizləyici
qurğular tikilərək istismara verilmişdir.
Bununla
paralel olaraq
neft-qaz yataqlarındakı
dərin dəniz özüllərində və qurudakı mədənlərdə lay sularının qapalı
sistemə keçirilməsi və utilizasiya sistemlərinin
qurulması üzrə
işlər davam
etdirilmişdir.
Həyata keçirilən mühüm ekoloji layihələrdən
biri də Bakı körfəzinin təmizlənməsidir.
2007-ci ildən dəniz dibinin və səthinin təmizlənməsi
istiqamətində görülən tədbirlər çərçivəsində
Xəzərin Azərbaycan sektorunda batmış gəmi və
metal qurğuların, həmçinin yarımbatmış
metal konstruksiyaların toplanması və
çıxarılması işi davam etdirilmiş,
ümumilikdə dəniz dibindən 32 min ton metal konstruksiya
çıxarılmışdır.
Eyni
zamanda, Bakı
körfəzi və
Xəzər dənizinin sahil
zolağı boyunca
sağlam ekoloji mühitin yaradılması məqsədilə “Bulvar 1” gəmisi alınaraq istismara buraxılmışdır. ARDNŞ tərəfindən ölkəmizdə
ilk “Ekoloji park”-ın yaradılması mühüm hadisədir.
Bu parkda müasir tipli şitilxananın salınması, burada
rekultivasiya olunmuş torpaqlarda toxum və şitillərdən
ağac tinglərinin yetişdirilməsi üçün
bioseleksiya işlərinin aparılması və Abşeron
yarımadasının nadir, nəsli kəsilməkdə olan
kol və ağac bitkilərinin çoxaldılması, suya və
enerjiyə, resurslara qənaət etməyə imkan verən
damcı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.
Parkda diqqəti çəkən daha bir məqam elektrik enerji
təchizatının alternativ enerji mənbələri
hesabına ödənilməsidir ki, bu sahədə
böyük iş görülmüş, 2010-cu ildə parkda
külək generatorları və günəş panelləri
quraşdırılmışdır.
İqlim
dəyişmələri haqqında Çərçivə Konvensiyasının icrası ilə bağlı tədbirlər çərçivəsində Şirkətin müəssisələrində, habelə BM və ƏŞ-də
İstilik Effekti
Yaradan Qaz
(İEYQ) mənbələrinin inventarlaşdırılması aparılmış, Təmiz İnkişaf Mexanizmi
(TİM) layihələri hazırlanmış və
TİM üzrə İcraçı
Şurada qeydiyyatdan keçirilmiş, ARDNŞ-də Karbon Fondu yaradılmışdır. “İqlim Dəyişmələrinə
Təsirin Azaldılması üzrə ARDNŞ-in Strategiyası”
sənədi hazırlanmış və təsdiq
edilmişdir. Ekologiya İdarəsi və Almaniya İqtisadi Tədqiqatlar
İnstitutu tərəfindən birgə hazırlanmış
Strategiyada ARDNŞ-in istehsal sahələrində qaz
atılmaları göstəriciləri, dünyanın
aparıcı neft şirkətlərinin bu sahədə təcrübəsi,
beynəlxalq və yerli ekspertlərin rəyləri nəzərə
alınmışdır.
“İqlim
dəyişmələrinin azaldılması ilə əlaqədar Xəzəryanı neft-qaz şirkətlərinin təşəbbüsləri - regionlararası təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. “Ekologiya
İli”ndə ARDNŞ-in idarə və müəssisələrindəki
avtonəqliyyat vasitələrindən atmosferə atılan zəhərli
qazların ölçülməsi, nəqliyyat vasitələrinin
texniki vəziyyətinə nəzarətin gücləndirilməsi,
hava mühitinin qorunmasına nəzarəti təmin etmək məqsədi
ilə mövcud Ekoloji-ölçmə məntəqələrində
Şirkətə məxsus nəqliyyat vasitələrinin
texniki baxışdan keçirilməsi davamlı olaraq həyata
keçirilmişdir. Eyni zamanda Dövlət Neft Şirkətində
ixrac qazlarının tərkibinin “Avro-2” normalarına
uyğunlaşdırılması təmin edilmişdir. Bundan əlavə
Şirkətdə “Tullantıların İdarəedilməsi Mərkəzi”
layihəsinin Texniki-İqtisadi Əsaslandırılmasının
hazırlanması üçün ARDNŞ ilə
ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA)
arasında imzalanmış Qrant Sazişi çərçivəsində
tullantıların miqdarından asılı olaraq müvafiq
emal texnologiyalarının seçilməsi, yerinə yetiriləcək
işlərdə ətraf mühitə dəyən zərərin
azaldılması üçün müvafiq tədbirlər
görülür. Bu məqsədlə ARDNŞ ilə
“Mİ-LLC” şirkəti arasında “Tullantıların
İdarəedilməsi Mərkəzi” layihəsi üzrə
Texniki-İqtisadi Əsaslandırma sənədinin
hazırlanması üçün müqavilə
imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ekologiya
İli” çərçivəsində Bakı şəhəri və
Abşeron yarımadasında 3 milyon ağacın əkilməsi çağırışına
qoşularaq ARDNŞ kollektivi il boyu
mütəmadi olaraq
iməciliklər, ağacəkmə kampaniyaları keçirmiş, 100 000-dən artıq müxtəlif növlü ağac və dekorativ kol bitkiləri əkilmişdir. ARDNŞ ekoloji layihələrin həyata
keçirilməsində dünyanın bir çox
tanınmış beynəlxalq təşkilatlarının
etibarlı tərəfdaşıdır. 2010-cu ildə
Qazaxıstanın “Manqustaumunayqaz AC” şirkəti ilə əməkdaşlığın
nəticəsi olaraq ARDNŞ-in nümayəndə heyəti
Aktau şəhərində keçirilən biznes forumunda
iştirak etmiş, səfər çərçivəsində
“Əməkdaşlıq haqqında Memorandum”
imzalanmışdır.
İki sahil.- 2011.- 19 yanvar.- S. 5.