Enerji
layihələrinin coğrafiyası genişlənir
Azərbaycanın
100 ilə bəs edəcək neft və qaz
ehtiyatlarının olduğunu diqqətə çatdıran
Prezident İlham Əliyev yeni yataqların kəşf
olunmasında ölkəmizin yaxşı perspektivlərə
malik olduğunu bildirir
Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2011-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında qeyd olunduğu kimi, Azərbaycanın MDB
məkanında rəqabət qabiliyyətli, çoxşaxəli,
müasir texnologiyalara əsaslanan güclü, qüdrətli
dövlət kimi tanınmasının əsasını
neft-qaz, enerji siyasətinin düzgün həyata keçirilməsi
təşkil edir.
Bir
çox ölkələrin iqtisadiyyatını tənəzzülə
uğradan qlobal iqtisadi böhranın ölkəmizə təsirinin
hiss edilməyəcək dərəcədə
olmasının özü belə bu reallığı əks
etdirir.
Son
illər enerji layihələrinin coğrafiyasının
genişləndirilməsi, şaxələndirmə siyasətinin
iştirakçı dövlətlərin maraqları
baxımından bir daha nəzərdən keçirilməsi,
alternativ variantların gündəmə gətirilməsi, siyasi
və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə
çıxarılması bölgədə, həmçinin
dünya birliyində sabitlik və əmin-amanlığın
möhkəmlənməsinə böyük imkanlar
açır.
İclasda
qeyd olunduğu kimi əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş neft strategiyasının,
bütün dünya dövlətlərinin marağına səbəb
olan enerji siyasətinin dünya birliyi ölkələri tərəfindən
dəstəklənməsi dünya ölkələri
üçün sınaq mərhələsi olan 2009 və
2010-cu illərdə Azərbaycana siyasi, iqtisadi və sosial sahədə
önəmli uğurlar qazandırdı. 2009-cu ildə
ümumi daxili məhsul 9,3 faiz, keçən il isə
iqtisadiyyatımız 5 faiz artmışdır. Makroiqtisadi
sabitlik qorunmuş, inflyasiya 5,7 faiz təşkil etmiş, əhalinin
pul gəlirləri isə 12,3 faiz artmışdır.
Yoxsulluğun səviyyəsi 9,1 faizə enmişdir. Son yeddi
ildə yoxsulluq həddi 4-5 dəfə aşağı
düşmüşdür. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu onu
göstərir ki, Azərbaycanda enerji sektorunda görülən
işlər nəticəsində ölkə xəzinəsinə
daxil olunan vəsait ədalətli bölünür. Dövlət
Neft Fondunda toplanan vəsaitlərin təyinatı üzrə
hansı istiqamətlərə hansı məbləğdə
yönəldiyi barədə mütəmadi olaraq ictimaiyyətə
məlumatlar verilir. Ötən il istifadəyə verilən
Oğuz-Qəbələ-Bakı su kəməri də Dövlət
Neft Fondunun vəsaiti hesabına gerçəkləşdi. Bu
nəticələr beynəlxalq qurumlar tərəfindən də
müsbət qiymətləndirilmişdir. BMT-nin İnkişaf
Proqramının əhalinin rifah səviyyəsini əks etdirən
İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan
son beş ildə 34 pillə irəliləyərək 169
ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən
2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər
üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik
artım tempinə görə MDB məkanında birinci yerə
layiq görülmüş və “orta insan inkişafı”
ölkələri qrupundan “yüksək insan inkişafı”
qrupuna keçmişdir.
Enerji
siyasətinin məqsədyönlü həyata keçirilməsi
əhalinin yanacağa olan tələbatını tam ödəməklə
Azərbaycanın neft-qaz ixracatçısı kimi
tanınmasına da imkan yaratmışdır. Həyata
keçirilən layihələrin davamı kimi respublikada
böyük gücə malik “Sumqayıt” və “Şahdağ”
kimi elektrik stansiyalarının istifadəyə verilməsi,
istismarda olan SES-də aparılan yenidənqurma işləri nəticəsində
əlavə güc mərkəzlərinin yaradılması Azərbaycanın
enerji ixracı imkanlarını artırır. Prezident
İlham Əliyevin iclasda qeyd etdi ki, 2011-ci ildə bərpa
olunan enerji mənbələrinin yaradılması işində
əlavə tədbirlər görüləcək. Bu sahədə
birinci addımlar atılmışdır. Artıq dağ
çaylarında kiçik su elektrik stansiyaları
quraşdırılır. Bütün su mənbələrinin
xəritəsi təsdiq olunub. Dövlət
başçısı İlham Əliyev ötən il bir
neçə stansiyanın təməlqoyma mərasimində
iştirak etmişdir. “Bununla bərabər, bərpa olunan digər
enerji mənbələrindən istifadə üçün
daha da ciddi tədbirlər görülməlidir” söyləyən
dövlət başçısı İlham Əliyev bildirdi
ki, 2011-ci ildə Azərbaycanda günəş
batareyalarının quraşdırılması işinə
mütləq başlanmalıdır.
İqtisadi
inkişafı ilə region, MDB və Şərqi Avropa
dövlətlərini qabaqlayan, heç bir dövlətin
maliyyə dəstəyinə ehtiyacı olmayan Azərbaycan
üçün lazım olan amil bütün ölkələrlə
sıx inteqrasiya, Avropa İttifaqı ilə daha çox
proqramlar reallaşdırmaq, birgə səylər nəticəsində
həll olunan məsələlərə diqqət yetirmək
və səmərəli tərəfdaşlıqdır.
“Bütün bunlar üçün yaxşı əsaslar var,
Əminəm ki, enerji layihələri bu tərəfdaşlığı
gücləndirəcəkdir” söyləyən dövlət
başçısı İlham Əliyevin
vurğuladığı kimi Azərbaycan Aİ-nın “Yeni
qonşuluq siyasətinə dair Fəaliyyət planı”nın
iştirakçısıdır. Təşkilatla enerji məsələləri
üzrə imzalanmış strateji tərəfdaşlığa
dair Memoranduma hörmətlə yanaşılır. Bu günlərdə
Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub
qaz dəhlizi haqqında” Birgə Bəyannamə də bir daha
təsdiqləyir ki, zəngin neft və qaz ehtiyatlarına,
müasir infrastruktura malik olan ölkəmizin enerji təchizatının
şaxələndirilməsində rolu daha da artır.
Avropa
İttifaqına daxil olan ölkələrlə getdikcə
möhkəmlənən enerji əməkdaşlığının
yeni istiqamətlərinə artan tələbata nəzər
salındıqda aydın olur ki, birgə görüləcək
işlər hələ çoxdur. Ənənəvi olaraq
keçirilən enerji sammitlərinin məqsədi də bu
imkanları, enerji təhlükəsizliyinin təminatı
üçün sərf olunacaq mənbələri müəyyənləşdirmək,
nəqli yollarını araşdırmaqdır.
Bütün
sammitlərdə belə bir fikir səslənir ki, on il bundan əvvəlki
dövrlə müqayisədə enerji siyasəti dünyada
daha vacib rol oynayır.
1994-cü
ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti ilə
imzalanan “Əsrin müqaviləsi” ilə başlanan qlobal
enerji layihələri beynəlxalq əməkdaşlığı
genişləndirməklə xarici sərmayələrin
ölkəyə gətirilməsi prosesini gücləndirdi.
Enerji təhlükəsizliyi məsələlərinə diqqəti
artırmaqla iqtisadi yüksəlişinin təməli qoyulan
Azərbaycan müstəqil siyasət yeritdi.
Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəmərinin çəkilməsi, eyni
zamanda Qara dəniz sahillərinə çıxan
Bakı-Supsanın istismarı, Bakı-Novorossiysk xəttinin
işə salınması Xəzər regionunu beynəlxalq əməkdaşlıq
məkanına çevirdi. Bu layihələrin davamı kimi
Odesa-Brodı layihəsinin Plotsk və Qdanska qədər
uzadılması, beləliklə də enerji əməkdaşlığının
şaxələndirilməsi əsas müzakirə mövzusu
olmaqla Xəzər-Qara-Baltik dənizləri hövzəsində
yerləşən ölkələrin dövlətlərarası
əməkdaşlığının genişləndirilməsi
imkanlarını artırdı. Beləliklə, Xəzər dənizinin
enerji resurslarının Avropa bazarlarına nəqli
üçün alternativ variantların işlənməsi
mexanizmi bütün sammitlərdə geniş müzakirə
olundu. Keçirilən sammitlərdə Avropa İttifaqı
dövlətlərinin yüksək səviyyədə təmsil
olunmasının özü layihənin əsas
iştirakçısı kimi Azərbaycana marağın
artması deməkdir. Müasir və səmərəli
infrastrukturun tətbiqi ilə hasilatının artımına
görə diqqəti cəlb edən Azərbaycanda ildə 50
milyon tondan çox neft çıxarmaq imkanı vardır.
ARDNŞ-in Qara dəniz sahillərində, Gürcüstanda və
Türkiyədə neft emalı terminallarını
yaratması regionda əməkdaşlığı gücləndirməklə
hövzə ölkələrinin iqtisadi inkişafını
sürətləndirir. Beynəlxalq enerji bazarlarına
çıxmaq üçün investisiya layihələrini
uğurla davam etdirən Şirkətin Kulevi Qara Dəniz
Terminalında yenidənqurma və modernləşdirmə
işləri aparması, Gürcüstanın “SOCAR Energy
Georgia” törəmə şirkətində fəaliyyətinin
yaxşı təşkili, Türkiyənin ən iri neft-kimya
şirkəti olan “Petkim”in idarəçiliyini həyata
keçirməsi, bu müəssisənin nəzdində neft
emalı zavodunun tikintisini planlaşdırması şirkətin
sərmayə ayırmaq imkanlarını genişləndirir.
Bu uğurlara isə sözsüz ki, neft strategiyasının
uğurla həyata keçirilməsi nəticəsində nail
olunmuşdur.
“Biz
geniş enerji tərəfdaşlığına töhfə
vermək üçün ciddi çalışırıq,
çünki indi enerji təhlükəsizliyi ölkənin
milli təhlükəsizliyi deməkdir” söyləyən
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində
neft amilinə xüsusi dəyər verildiyini vurğulayır.
İndi
Azərbaycan eyni zamanda təbii qaz ixracatçısına
çevrilib. Qazın nəql olunması üçün isə
artıq infrastruktur mövcuddur. Ötən il 51 milyon ton neft
hasil edilib ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard
kubmetr qaz hasil edildi. Bu il qazın hasilatı və
ixracının daha da artırılmasını qarşıya
ən ümdə məqsəd kimi qoyan dövlət
başçısı İlham Əliyev bunun
üçün imkanların mövcud olduğunu diqqətə
çatdırır. Keçən il Azərbaycan Dövlət
Neft Şirkəti tərəfindən böyük qaz
yatağı aşkar edildi. “Ümid” yatağının qaz
potensialına əlavə həcm gətirdiyi xüsusi önə
çəkilir. Artıq təsdiq edilən qaz ehtiyatı 2,2
trilyon kubmetrdir. Bu inam də ifadə edildi ki, bu il və gələn
il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm
daha da artacaq.
Azərbaycanın
100 ilə bəs edəcək neft və qaz
ehtiyatlarının olduğunu diqqətə çatdıran
Prezident İlham Əliyev eyni zamanda ölkəmizin yeni
yataqların kəşf olunmasında yaxşı perspektivlərə
malik olduğunu bildirir. İstər xarici tərəfdaşlarla,
istərsə də müstəqil olaraq, yeni strukturlarda
aparılan kəşfiyyat-qazma işləri öz uğurlu nəticəsini
verir.
Yeganə Əliyeva
İki sahil.- 2011.- 26 yanvar.- S. 2.