Yeni proqramların tətbiqi davam etdirilir

 

İTRİ-ninBiznes resurslarının planlaşdırılması sisteminin tənzimlənməsişöbəsi ARDNŞ-in müəssisələrində mühasibat uçotu, plan-hesabat maliyyə məsələlərinin proqram təminatının inkişaf etdirilməsi, tətbiqi və istismarına dəstək üzrə nəzərdə tutulmuş işləri yerinə yetirir

Neft və qaz sənayesinin inkişafı və dünyanın aparıcı neft şirkətləri ilə inteqrasiya olunmuş əlaqələrin yaradılması beynəlxalq standartlara uyğun yeni texnika və texnologiyaların tətbiq edilməsi tələbini, o cümlədən müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması dövrün başlıca tələbidir. Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası gücləndirilmiş, mütərəqqi texnologiyaların, o cümlədən müasir İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) inkişafına olan diqqət xeyli artmışdır.

ARDNŞ-in aparatı və tabeliyində olan idarələrdə kompyuter texnikası və sistem təminatı, iqtisadi idarəetmə sistemində maliyyə və uçot məsələləri, sənəd dövriyyəsi və informasiya mübadiləsinin təşkili, istehsalı idarəetmə, texnoloji proseslərə nəzarət və digər texnoloji məsələlərin avtomatlaşdırılmış sistemlər vasitəsilə həlli, informasiya təhlükəsizliyinin təmini, həmçinin ARDNŞ-in bütün müəssisə və təşkilatlarını əlaqələndirən müasir telekommunikasiya və şəbəkə sistemlərinin yaradılması kimi mühüm və məsuliyyətli işlərin aparılması İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə həvalə edilmişdir.

İdarənin “Biznes resurslarının planlaşdırılması (BRP) sisteminin tənzimlənməsi” şöbəsi tərəfindən ARDNŞ-in idarə və müəssisələrində mühasibat uçotu, plan-hesabat və maliyyə məsələlərinin proqram təminatının inkişaf etdirilməsi, tətbiqi və istismarında dəstək üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilib. BRP sisteminin tənzimlənməsi şöbəsinin rəisi Tural Salahov bizimlə söhbətində məlumat verdi ki, beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi ilə əlaqədar SAP ERP sisteminin ilkin informasiya təminatı üçün mövcud mənbələrdən əldə olunmuş məlumatların sistemləşdirilərək tələb olunan formatda təqdim olunması üçün xüsusi proqramlar işlənib hazırlanıb. Bu proqramların köməyi ilə ARDNŞ-in idarə və müəssisələrindən tələb olunan məlumatların dəqiqliyi və vaxtında çatdırılması təmin edilib.

T.Salahov qeyd etdi ki, “Biznes resurslarının planlaşdırılması (BRP) sisteminin tənzimlənməsi” şöbəsi 2007-ci ildə yaradılıb və əvvəllər proqramlaşdırma fəaliyyəti ilə məşğul olurdu. Sonralar fəaliyyətini 3 istiqamətdə davam etdirdi. Bunlardan biri SAP sisteminin ABAP(Hazırda bu işləri Proqramlaşdırma və İnkişaf şöbəsi tərəfindən Fuad Əliyevin rəhbərliyi altında həyata keçirilir) proqramlaşdırılmasıdır. İkinci istiqamət olaraq “Personalın avtomatik idarəetmə sisteminin tənzimlənməsi” şöbəsi seçilmişdir və hazırda şöbə rəisi Sevda Cavadovanın rəhbərliyi altında SAP ERP sisteminin HR (İnsan Resursları) moduluna funksional dəstək işlərini yerinə yetirir. T.Salahov vurğuladı ki, BRP sisteminin tənzimlənməsi şöbəsi isə SAP-ın yuxarıda qeyd olunan istiqamətlərdən başqa yerdə qalan bütün modulların funksional dəstəyini həyata keçirir. “Bu istiqamətdə digər xarici şirkətlərin apardığı işlər, tətbiq etdikləri yeniliklər öyrənilir. Şöbə Dövlət Neft Şirkətində tətbiq olunmuş bir çox proqramlara funksional dəstəyi həyata keçirir. Hazırda şöbədə 20 nəfər təcrübəli mütəxəssis çalışır. Şöbənin fəaliyyətinin əsas 2 istiqaməti var. Şöbə rəisinin müavini Səid Mədətovun rəhbərliyi ilə əməkdaşlar Fİ maliyyə uçotunun tənzimlənməsi ilə məşğul olur. Bura “Baş kitab”ın (GL) hesablanması, satıcılarla, kreditorla hesablaşmalar və müştərilərlə, debitorlarla hesablaşmalar sistemlərinin, bank əməliyyatlarının tənzimlənməsi işləri daxildir. Digər istiqamət material uçotu, satışıdır. Bu istiqamət şöbə rəisinin müavini Vüsal Abdullayevin rəhbərliyi ilə həyata keçirilir. Mal-materialların çatdırılması, anbar təsərrüfatı və digər məsələlər SAP-da sazlanması üçün müvafiq bacarığa və beynəlxalq sertifikatlara malik mütəxəssislər var.”

“Şöbə tərəfindən BMHS-ə (Beynəlxalq Maliyyə Hesabatları Standartları) uyğun uçot və hesabat məqsədləri üçün SAP ERP sisteminin Fİ (Maliyyə\Mühasibat uçotu) modulunun GL (Baş kitab), AP (Satıcılarla, kreditorla hesablaşmalar), AR (müştərilərlə, debitorlarla hesablaşmalar), CO (nəzarət uçotu), BL (bank əməliyyatları) komponentlərinə texniki dəstək verilib. SAP ERP sisteminin MM/SD modulunun tətbiqi - PWC (“PraysvoterhausKupers İsten Yurop B.V.”) şirkətinin mütəxəssisləri ilə birlikdə MM/SD modulunun tətbiqinə başlanılıb, ilin yekunu olaraq sistemin ARDNŞ-ə uyğun prototipi hazırlanaraq test olunub və son istifadəçi təlimatları hazırlanmışdır. Hazırlıq işləri yekunlaşdıqdan sonra MM, SD modulları aktiv-istehsalat sistemində istismara verilmişdir” deyən BRP sisteminin tənzimlənməsi şöbəsinin rəisi əlavə etdi ki, sistemin sazlamaya aid olan hissəsinin tərcümə olunması həmçinin şöbə tərəfindən həyata keçirilib.

T.Salahov məlumat verdi ki, BMHS-ə uyğun uçota paralel olaraq vergi uçotunun SAP ERP sistemində aparılması üçün müvafiq sazlama işlərinə başlanıb. “Azəriqaz” İB-nin SAP ERP sisteminə keçidi üzrə sazlama və hazırlıq işləri başlanmışdır. “Azərikimya” İstehsalat Birliyinin SAP ERP sisteminə keçidi üzrə sazlama və hazırlıq işləri başlanmışdır. SAP ERP sisteminin FSCM (Maliyyə axını zəncirlərinin idarə olunması) modulunun TRM (xəzinədarlıq) komponenti üzrə tətbiqə başlanmışdır.”

2010-cu ildə yerinə yetirilən işlər haqqında danışan T.Salahov vurğuladı ki, BMHS-ə uyğun uçot və hesabat məqsədləri üçün SAP ERP sisteminin Fİ modulunun GL, AP, AR, CO, BL komponentlərinə texniki dəstək verilib. “O cümlədən SAP ERP sisteminin MM və SD (satış və paylaşdırma) modullarına funksional-texniki dəstək verilməsi, BMHS-ə uyğun uçota paralel olaraq vergi uçotunun SAP ERP sistemində aparılması üçün müvafiq sazlama işlərinin yekunlaşması, testlərin aparılması və aktiv-istehsalat sistemində istifadəyə verilməsi, “Azəriqaz” İB-nin və “Azərikimya” İB-nin işçilərinə SAP ERP Fİ, MM, SD, HR (insan resurslarının idarə olunması) modulları üzrə son-istifadəçi təlimlərin keçirilməsi, aktiv-istehsalat sistemində istismara verilməsi, SAP Business Objects-in BPC proqram həlli üzərində “Proqnozlaşma” və “Konsolidasiya” sahələri üzrə tətbiqə başlanması, SAP ERP sisteminin FSCM modulunun TRM (xəzinədarlıq və pul axını) komponenti üzrə yekunlaşdırıcı işlərin aparılması son-istifadəçi təlimlərin keçirilməsi, tətbiqi yekun sınağın aparılması, aktiv-istehsalat sistemində istismara verilməsi ötən il şöbə əməkdaşları tərəfindən uğurla həyata keçirilib.”

Şöbənin gələcək planları barədə məlumat verən T.Salahov bildirdi ki, digər mövzuda olan modullar ARDNŞ-in planına uyğun olaraq tətbiq olunduqca öz mütəxəssislərimizi buna uyğun olaraq hazırlaşdırmaq, treninqlər təşkil etmək əsas vəzifələrdəndir. “Bu kimi işlərin aparılması istiqamətində Dövlət Neft Şirkəti xüsusi diqqət göstərir. İnkişaf planına uyğun olaraq SAP-ın rəsmi treninqlərində şöbə əməkdaşları iştirak edir və gələcəkdə də yeni modul, komponent gəldikcə istiqamət üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirəcəyik.”

 

 

Orxan Vahidoğlu

 

 İki sahil.- 2011.- 26 yanvar.- S. 4.