Tələbə
qəbulu sistemində təkmilləşdirmə tədbirləri
davam etdirilir
TQDK-nın sədri
M.Abbaszadə keçirdiyi mətbuat
konfransında ötən ilin
elmi-statistik nəticələrini
təhlil edərkən açıqladı ki,
ən hazırlıqlı
məzunlar II və IV qruplara üstünlük verirlər
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasında
(TQDK)
2010-2011-ci tədris ili üçün
tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə aid
mətbuat konfransında “Abituriyent” jurnalının
da təqdimatı keçirildi.
Tələbə qəbulunun müxtəlif parametrlər üzrə
göstəricilərini açıqlayan TQDK-nın
sədri Məleykə Abbaszadə ixtisaslar üzrə yerlərin sayı, sənəd verən gənclərin
ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti,
imtahanların
nəticələri, yüksək
nəticələri ilə fərqlənən rayonların və məktəblərin təcrübəsi barədə məlumat verdi. Bildirildi ki, ali təhsil müəssisələrinə
dövlət sifarişi əsasında
tələbə qəbulu “Azərbaycan
Respublikasının ali təhsil
müəssisələrinə və tam orta təhsil
bazasında orta ixtisas
təhsili müəssisələrinə
tələbə qəbulu qaydaları”na əsasən mərkəzləşdirilmiş
sistemlə keçirilib.
M.Abbaszadənin sözlərindən aydın oldu ki,
bu il də tələbə qəbulu sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm
tədbirlər
həyata keçirilib:
- Yeniliklər, ilk
növbədə cəmiyyətin,
təhsil sisteminin inkişaf tələbatının
nəzərə alınması, gənclərin təhsillə bağlı maraqlarının
keyfiyyətli təmin
edilməsi zərurətindən
irəli gəlib. Bunun
üçün ictimaiyyətdən
TQDK-ya daxil olan təkliflər araşdırılıb, gənclərin
istəkləri öyrənilib ümumiləşdirilir.
Yeniliklər həm də qəbul imtahanlarının
logistikasının, məzmununun və texnologiyasının dünyada qəbul edilmiş standartlara inteqrasiyasını təmin
etmək məqsədi daşıyır.
Mətbuat konfransında vurğulandı ki, 2010-2011-ci tədris ili
üçün respublikanın ali təhsil müəssisələrinə 30510 tələbə qəbulu nəzərdə tutulmuşdur. Bunlardan
52 yer qəbul imtahanlarında müsabiqədən kənar iştirak edən abituriyentlər tərəfindən tutulmuşdur. Qalan 21145 yer Azərbaycan, 3683 yer rus bölməsi üçün ayrılmış, 5630 yer isə hər
iki bölmənin birgə müsabiqəsi üçün
nəzərdə tutulmuşdur.
Qəbul planının 25949 yeri dövlət,
4561 yeri isə özəl ali təhsil müəssisələrinin
payına düşür. Qəbul
imtahanlarının nəticələrinə
əsasən birinci mərhələdə
27687, əlavə müsabiqə və yerləşdirmə nəticəsində
isə 734 abituriyent tələbə
adını qazanıb.
“Bu
il ali təhsil müəssisələrinə qəbul imtahanlarında respublikanın 71 bölgəsini əhatə etməklə 5.424 abituriyent 500-dən,
1.414 abituriyent isə 600-dən
yuxarı bal
toplayıb” söyləyən komissiya sədri qeyd etdi ki, Bakı, Naxçıvan,
Sumqayıt şəhərlərinin,
o cümlədən
Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri yüksək
olmuşdur.
Bildirildi ki, 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara üstünlük veriblər. Belə bir
amil diqqətə
çatdırıldı ki, abituriyentin ali təhsil
alacağı təhsil ocağını seçməsi, maraq göstərdiyi ixtisasların hansı
təhsil müəssisələrində olması, biliyin
səviyyəsi və qiymətləndirilməsi meyarları, ali təhsil müəssisəsini
bitirdikdən sonra iş
yeri tapmaq, diplomun ölkə daxilində
və xaricdə dəyərləndirilməsi barədə
düşünmək imkanlarının yaradılması qəbul
qaydalarında tətbiq olunan əhəmiyyətli yeniliklərdəndir:
- Yaradılmış sərbəstlik,
abituriyentlərin ixtisas seçimi əsasında ali təhsil müəssisələrinin reytinqi formalaşır. Bu üstünlük
öz əksini hər
bir ali təhsil
müəssisəsinin digər ali təhsil müəssisələri
ilə rəqabətdə, dövlət büdcəsi vəsaiti
hesabına təhsil almaq hüququ
qazanmış abituriyentləri
özünə cəlb etməsində, ali
təhsil müəssisələrinin
ixtisas kodlarının
abituriyentlərin ərizələrində
neçənci yerdə göstərilməsində, tələbələrin
topladıqları balların miqdarında və ali təhsil müəssisəsinə sənəd verənlərin
ümumi bilik səviyyəsində tapır. Bunlar
nəzərə alınaraq, qabiliyyət
imtahanı tələb etməyən ixtisaslar
üzrə hər bir ali təhsil
müəssisəsinin qəbul kampaniyasındakı reytinqi müəyyənləşdirilib.
Bu göstəricilər
əsasında formalaşdırılmış ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası başçılıq
edir. Sonrakı
yerlər Azərbaycan Dövlət Tibb Universitetinə, Qafqaz
Universitetinə, Azərbaycan Dövlət Neft
Akademiyasına, Azərbaycan Turizm İnstitutuna məxsusdur.
Deyildi ki, ötən illərdə olduğu kimi, bu il də ən
yüksək
keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının ixtisaslarına aiddir. Həm Azərbaycan,
həm də rus bölməsində
ən yüksək keçid
balı Akademiyanın
II qrupa daxil olan “Menecment” ixtisasına olub. Bu ixtisas üzrə
keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-ə bərabərdir.
Belə bir amilə diqqət yetirildi ki, orta məktəbi “ əla” qiymətlərlə bitirənlərin
63 faizi 500-700 bal
qazanıb. Ən
hazırlıqlı məzunlar II-IV qruplarda göstərilən
ixtisaslara üstünlük
verirlər.
M.Abbaszadənin sözlərindən aydın oldu ki,
qəbul imtahanlarının
nəticələri bölgələr üzrə keçiriləcək seminarlarda geniş müzakirə olunacaq, statistik nəticələri əks etdirən
məlumat kitabçaları təqdim olunacaq.
Sonda TQDK
sədri jurnalistləri maraqlandıran sualları cavablandırdı.
X.İsmayılqızı
İki sahil.- 2011.- 26 yanvar.- S. 14.