MÜASİR AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR

 

Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində xalqımızın yetirdiyi dahi şəxsiyyətdir. O öz xalqının bağrından qopub gələn BÖYÜK AZƏRBAYCANLI İDİ, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşi idi. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir.

 

Azərbaycan xalqının XX yüzillikdəki tarixi Heydər Əliyevin şəxsiyyəti ilə, onun 30 ildən artıq bir müddət ərzində öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə, ən çətin tarixi dövrlərdə və təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmişdir.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən mərasimdəki nitqində bu dahi şəxsiyyətin titanik fəaliyyətindən bəhs edərək demişdir:

“Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir. Ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın inkişafına çox böyük töhfələr vermişdir.

1969-cu ildə birinci dəfə Azərbaycan rəhbərliyinə başlayan zaman Azərbaycan müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar arasında idi. Demək olar ki, iqtisadiyyat inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı isə çox aşağı səviyyədə idi. Məhz onun fəaliyyəti nəticəsində 13 il ərzində Azərbaycan Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxa bilmişdir. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan olmuşdur. Məhz o illərdə respublikanın sosial-iqtisadi inkişafına böyük təkan verilmişdir. O illərdə sənayenin güclü və möhkəm əsasları qoyulmuşdur ki, bu gün də müstəqil Azərbaycanın sənaye potensialına bunun böyük köməyi vardır. O illərdə Azərbaycan Respublikasının bütün sahələrdə inkişafında böyük irəliləyiş əldə edilmişdir. Bir sözlə, 1970-ci illər Azərbaycan tarixində inkişaf və tərəqqi illəri kimi qalmışdır. Təbii ki, Azərbaycan müstəqil deyildi və bütün bu nailiyyətləri o vaxt Sovet İttifaqında mövcud ideoloji çərçivələr daxilində əldə etmək mümkün olmuşdur. O illərdə əldə edilmiş potensial, əlbəttə ki, müstəqilliyin bərpa edilməsindən sonra bizə kömək göstərmişdir.”

Sözsüz ki. Heydər Əliyev dühasının bu lakonik cümlələrdə əks olunmuş böyüklüyü bitib tükənməyən bir ümman, baş vurduqca dibinə yetmək mümkün olmayan bir dəryadır. Heydər Əliyev irsi hələ uzun illər öyrəniləcək, onun yeni dəyərləri üzə çıxarılacaq və bu dahi şəxsiyyətin nuru bir mayak kimi həmişə yolumuza işıq saçacaqdır.

14 iyul 1969-cu ildən sonra Azərbaycan xalqının həyatında yeni səhifə -hər sahəli inkişaf və tərəqqi səhifəsi açıldı. Məhz həmin gün Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrünün başlanğıcı kimi tarixə düşdü.

Ta qədim dövrlərdən Azərbaycana bir çox qüdrətli şəxsiyyətlər rəhbərlik etmiş və bu gün də tariximiz onları böyük minnətdarlıqla xatırlayır. Lakin onların fəaliyyəti lap yaxşı halda bir ölkə- Azərbaycan çərçivəsində məhdudlaşmışdır (burda Şah İsmayıl müəyyən istisnalıq təşkil edir. Marksın dediyi kimi, o Fateh idi, 14 il ərzində 14 ölkə fəth etmişdir. Buna görə də onun məmləkətinin sərhədləri Azərbaycan və İrandan çox-çox kənara çıxırdı). Heydər Əliyevin fəaliyyəti isə SSRİ kimi nəhəng bir fövqəldövlətin miqyasına çıxdı və o, bu supergücün rəhbərlərindən biri oldu.

Ancaq Azərbaycanı dünya miqyasında tanıdan ilk böyük Azərbaycanlı məhz Heydər Əliyev olmuşdur. Onun Azərbaycana rəhbərlik etdiyi ilk dövr- 13 il keçmiş SSRİ məkanındakı tariximizin qızıl dövrü olmuşdur. 1969-cu ilə qədər həmişə geridə qalan bir respublika kimi tanınan Azərbaycan Heydər Əliyevin rəhbərliyi dövründə SSRİ-də öndə gedən və hər il keçici bayraqlarla mükafatlandırılan bir respublikaya çevrildi.

Bu illərdə Azərbaycanda çoxşaxəli yeni istehsal sahələri yaradıldı, elm, təhsil, mədəniyyət coşqun inkişaf etdi, ölkədə intensiv inkişaf prioritet istiqamət oldu. Bu böyük şəxsiyyətin misilsiz uzaqgörənliyi nəticəsində ölkədə hərbi sənaye yaradıldı, hərbi kadrların hazırlanmasına start verildi, neft sənayesinə ikinci nəfəs verildi. Neft sənayesinin inkişafından danışanda təkcə onu qeyd etmək kifayətdir ki, əgər Heydər Əliyev uzaqgörənlik və prinsipiallıq nümayiş etdirib Bakı Dərin Özüllər zavodu kimi flaqman bir zavodun Azərbaycanda inşasına nail olmasa idi, “Əsrin müqaviləsi”nin reallaşması da bir neçə il geri düşərdi. Bu, obyektiv reallıqdır və Heydər Əliyevin böyüklüyünə bir daha dəlalət edir. Bu böyük şəxsiyyətin titanik iş qabiliyyəti o dövrdəki SSRİ rəhbərliyinin, xüsusən L.İ.Brejnevin və Y.V.Andropovun diqqətindən yayınmamışdı və onun Moskvaya rəhbər işə aparılması yetmişinci illərin sonundan sonra həmişə gündəmdə olmuşdur. L.İ.Brejnevin vəfatı buna imkan verməsə də, Y.V.Andropov hakimiyyətə gəldiyi illik günlərdə Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmasını reallaşdırdı.

Bu, Azərbaycan tarixində görünməmiş bir irəliləyiş, vəzifə Olimpi idi. İlk dəfə idi ki, azərbaycanlı SSRİ-nin hakimiyyət iyerarxiyasında belə yüksək mövqe tuturdu. Şübhəsiz ki, bu, təsadüfi deyildi, Heydər Əliyev şəxsiyyətinə, onun böyüklüyünə verilən obyektiv qiymət idi.

Onun iki dəfə Sosialist Əməyi Qəhrəmani kimi yüksək ada layiq görülməsi də onun böyüklüyünün təzahürü idi. Heydər Əliyevin böyük uğurları onun SSRİ rəhbərliyindəki bədxahlarını çox narahat edirdi. Bu, xüsusilə Y.V.Andropovun və K.U.Çernenkonun vəfatından sonra özünü daha aydın surətdə göstərirdi. Heydər Əliyev şəxsiyyətinə qısqanclıqla yanaşan reneqat Qorbaçov 1985-ci ildə hakimiyyətə gələndən sonra SSRİ rəhbərliyində elə şərait yarandı ki, bütün təcrübəli, qabiliyyətli işçilər küncə sıxışdırıldı. Belə situasiyada öz şəxsiyyətinə böyük qiymət verən Heydər Əliyev kimi insan əlbəttə ki, işləməyi özünə rəva bilməzdi. Buna görə də bu böyük şəxsiyyət 1987-ci il oktyabr ayının 21-də tutduğu postlardan istefa verdi. Elə bu gündən də məkrli ermənilərin Qarabağı Ermənistana birləşdirmək xülyası gündəmə gəldi. Çünki Heydər Əliyev Siyasi Büroda olanda onlar cürət edib belə addıma rəvac verməzdilər. Beləliklə də, Qarabağ savaşının təməli qoyuldu ki, bu düyün indiyəcən açılmamış qalır.

Heydər Əliyev tutduğu vəzifələrdən uzaqlaşdırılsa da, qəlbi həmişə Azərbaycanla döyünürdü. Xalq da onu sevirdi, baxmayaraq ki, bəzi dönüklər yenə də onun barəsində öz şər-böhtan dolu məktubları ilə Moskvaya müraciət edirdilər. Ancaq nə keçirdiyi ağır xəstəlik (çox güman ki, bu xəstəliyə onu bədxahları süni surətdə düçar etmişdilər), nə də bu şər-böhtanlar, oğlu İlham Əliyevə qarşı edilən haqsızlıqlar onu sındıra bilmədi. O, öz ləyaqətini, liderlik keyfiyyətlərini mərdliklə qoruyub saxladı, bunu onun oğlu İlham Əliyevlə birlikdə müdhiş 20 Yanvar hadisəsinin səhərisi gün - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və cahansümul çıxışı, Azərbaycan xalqına başsağlığı verməsi bir daha sübut edir. Bu çıxışında o, 20 Yanvar hadisələrinə zərgər dəqiqliyi ilə qiymət vermiş, qırğın törədənlərin cəzalandırılmasını qətiyyətlə tələb etmişdir. O, sonralar bu məsələyə hüquqi və siyasi qiymət verilməsinə nail olmuş və qeyd edirdi ki, “XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.”

Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm dövrlərindən biri olan 1990-1993-cü illər bilavasitə Naxçıvanla əlaqədardır. Taleyin hökmü ilə muxtar respublika üçün çox mürəkkəb bir dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməli olan Heydər Əliyev bu torpaqda bütövlükdə Azərbaycan üçün taleyüklü qərarlara imza atdı, müstəqil dövlətçiliyin prioritet istiqamətlərini müəyyənləşdirdi. Bu dövrdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsi oldu. Onun bölgənin və onun əhalisinin təhlükəsizliyinin təmin edilməsi, hərbi müdafiə sahəsində atdığı addımlar, rus qoşunlarının bölgədən qansız-qadasız çıxarılması və bu zaman bütün silah-sursatın Azərbaycanda qalması dünya hərbi-diplomatiya sənətinin ən böyük hadisələrindən biri hesab edilməlidir.

 Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Naxçıvan MR taleyin ağır sınaqlarından üzüağ çıxdı, erməni təcavüzündən xilas oldu, siyasi sabitlik təmin olundu, sosial-iqtisadi problemlərin həlli, milli dövlət quruculuğu, mədəniyyət, təhsilin dirçəldilməsi istiqamətində uğurlu addımlar atıldı.

1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Eyni zamanda, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas edə bildi.

XX və XXI əsrlərin qovuşuğunda Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu və bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib genişlənməsi üçün zəmin yaratdı. Lakin tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Ölkəni bu ağır vəziyyətdən ümummilli lider Heydər Əliyev çıxara bilərdi və çıxardı da. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış vəziyyəti belə qiymətləndirmişdir: “Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı”.

Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi.

Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyillərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.

Bütün bunları dərindən təhlil edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.

Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.

Beləliklə, iqtisadi inkişafın tarixdə Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişaf  trayektoriyası yüksək dərəcədə perspektivlidir.

Azərbaycanın özünün iqtisadi texnologiyası və iqtisadi metodologiyası var. Prezident İlham Əliyev tərəfindən orta və xırda sahibkarlıqlara olan diqqət, qayğı ona gətirib çıxaracaq ki, bu il bizim iqtisadi artımımız daha da yüksələcək.

Ölkə iqtisadiyyatının iqtisadi artımını təmin etmək məqsədilə Azərbaycanda bundan sonra makroiqtisadi  sabitlik qorunub saxlanacaq. Energetika, ekoloji və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üzrə sistemli tədbirlər görülür.

Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və yüksəliş prosesinin dövlətimizin daha da qüdrətlənməsi, əhalinin sosial rifah  halının artması ilə müşayiət olunması son onilliyin əsas nailiyyət göstəricisidir. Əvvəlki illərdə qazanılan bu uğur tendensiyası 2012-ci ildə də ardıcıl davam etmiş, ötən il makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, biznes mühiti daha da yaxşılaşmışdır. Bütün bunlar əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük inamla həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

Tərəqqi hər bir sahədə - dövlətin beynəlxalq məkanda nüfuzunun artmasında sadə vətəndaşların sabaha inamının daha da möhkəmlənməsinədək bütün istiqamətlərdə özünü aşkar büruzə verir. Milli intibah prosesinin faktoloji əsaslarını real göstəricilərdə, rəqəmlərdə də aydın görmək olar. Belə ki, 2012-ci ildə ümumi daxili məhsulun artımı 2.2 faiz, onun adambaşına düşən həcmi 5884.5 manat (7490.5 ABŞ dolları) təşkil etmiş, ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Ötən il qeyri-neft sektoru üzrə artım 9.7 faiz olmuş və bu sahənin ÜDM-də payı artaraq 52.7 faizə çatmışdır. Orta illik inflyasiya 1.1 faiz, ölkənin strateji valyuta ehtiyatları 46 milyard ABŞ dolları təşkil etmişdir. Ötən il dövlət büdcəsinin gəlirləri 2011-ci illə müqayisədə 10.1 faiz artaraq 17.3 milyard manat, xərcləri isə 10.8 faiz artaraq 17.1 milyard manat təşkil etmiş və dövlət büdcəsi profisitlə icra olunmuşdur.

Son illər ölkəmizdə davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. 2012-ci ildə 13.3 milyard dollar daxili və 8.8 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 22.1 milyard ABŞ dollar həcmində investisiya yatırılmışdır. Ümumiyyətlə, müstəqillik illərində ölkə iqtisadiyyatına 140 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkənin maliyyə ehtiyatlarının artmasına səbəb olmuş, bu isə öz növbəsində, xarici ölkələrə sərmayə qoyuluşu üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyildir ki, artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır.

Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmış, “Doing Business, 2013” hesabatında Azərbaycanın mövqeyi yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son 4 ildə olduğu kimi, MDB ölkələri arasında birinci mövqeyini saxlamışdır. Hesabatda əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusi ilə yaxşı nəticələr əldə edilmişdir. Belə ki, “əmək bazarının səmərəliliyi “ göstəricisi üzrə ölkəmiz dünya sıralanmasında 26-cı, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 18-ci olmuşdur.

Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunun təzahürüdür ki, 2012-ci ildə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Ötən il Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq İnternet İdarəçilik Forumu kimi tədbirlərə, beynəlxalq səviyyəli idman yarışlarına uğurla ev sahibliyi etmişdir. Paytaxt Bakıda “Eurovision -2012” kimi mötəbər musiqi yarışmasının böyük uğurla və yüksək təşkilatçılıqla keçirilməsi ilə Azərbaycan siyasi sabitliyini, iqtisadi qüdrətini dünyaya bir daha nümayiş etdirmişdir.

2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsinin qərarı ölkəmizdəki siyasi -iqtisadi sabitliyin, beynəlxalq imicin yüksək səviyyədə olmasının, eləcə də  Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, yarışların keçirilməsində böyük təcrübəyə malik olmasının nəticəsidir.                    

 Qeyd etmək zəruridir ki, bütün bu əldə olunmuş  nailiyyətlər ulu öndərin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük yaradıcılıq və novatorluqla davam etdirdiyi uğurlu strateji xarici və daxili siyasət kursunun məntiqi nəticəsidir.

Müstəqilliyini bərpa etmiş Azərbaycanın da iqtisadiyyatında ənənəvi neft sektoru prioritet yer tutur. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

Dahi şəxsiyyət olan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin hüquqi bazasının təməlini qoymuşdur. Onun rəhbərliyi və bilavasitə müəllifliyilə hazırlanmış müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası Azərbaycanda dövlət quruculuğunun əsasını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi dünya dövlətləri sırasında layiqli yerini tutdu.

Həyat kredosu  “Mən fəxr edirəm ki, azərbaycanlıyam” olan ulu öndər ölkədə elə bir sahə olmamışdır ki, onun inkişafı, tərəqqisi üçün qayğı göstərməsin.  “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim vətənimdir, Azərbaycan  mənim həyatımdır. Həyatım boyu vətənimə, ölkəmə, xalqıma xidmət etmişəm. Mən bəxtəvərəm ki, xalqıma etdiyim xidmətlərim qiymətləndirilibdir” deyən Heydər Əliyevin bizə qoyduğu tükənməz irs bu gün əzmlə qorunur və gələcək nəsillərə çatdırılmaq üçün yaradıcılıqla inkişaf etdirilir. Onun əziz və unudulmaz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayır.  Heydər Əliyevin böyüklüyü, nəhəng siyasətçi olması bütün dünyada etiraf olunur və bu ölməz şəxsiyyətin zəngin irsinə biz həmişə müraciət edəcək, ondan öyrənəcəyik. Heydər Əliyev ideyaları öz aktuallığını heç vaxt itirməyəcək və əbədiyaşardır.

Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində ölkəyə rəhbərliyi dövründə öz xalqına, millətinə əvəzsiz xidmətlər göstərmişdir. Bu dahi insan allahın Azərbaycana bəxş  etdiyi ən böyük sərvətdir, allahın seçilmiş bəndəsidir. Belə fenomen şəxsiyyətlər bəlkə də hər əsrdə bir dəfə dünyaya gəlir və tarixdə silinməyən iz qoyurlar. Böyük şairimiz Səməd Vurğun belə titanik şəxsiyyətlər haqqında obrazlı şəkildə çox gözəl demişdir ki:

 

Böyük təbiətlər yaranır az-az,

Hər yerdə, hər zaman inci tapılmaz.

 

 

Rüfət QULİYEV,

Milli Məclisin deputatı

 

İki sahil.- 2013.- 13 aprel.- S.10; 14.