Ümummilli lider Heydər
Əliyev fenomenal tarixi şəxsiyyətdir
Bütöv
və tam həqiqətin yolu ilə gedən və
böyük uğurlar qazanan Ulu öndər Heydər Əliyev
Azərbaycan xalqının tarixində şanlı salnamələr
açıb.
«Mənim
həyat amalım bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olub» - deyən Ulu öndər dövlətçiliyimizin
ən ağır günlərində göstərdiyi misli
görünməmiş qətiyyəti ilə bu sözlərdəki
gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl
vətəndaş, tarixi şəxsiyyət kimi Heydər Əliyev
millətini, torpağını fəlakətdən
qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz
edərək dirçəliş və inkişafa doğru
yönəldib, cəmiyyətdə özünəinam hissini
bərpa edib, ölkəmizdə sabitlik və
firavanlığa təminat yaradıb.
Tarixi reallıqlar təsdiqləyir ki,
xalqları dünya miqyasında tanıdan, məşhurlaşdıran
təkcə onların zəngin təbii sərvətləri və
maddi mədəniyyət inciləri deyil, həm də
dünya siyasətində mühüm rol oynamış
fenomenal tarixi şəxsiyyətləridir. Məhz belə fenomenal
şəxsiyyətlərin müəyyənləşdirdiyi
mütərəqqi yol hər bir millətin strateji inkişaf
konsepsiyasına çevrilməklə, onun beynəlxalq aləmdə
özünəlayiq yer tutmasını təmin edir. Bu mənada,
Ulu öndərin Azərbaycanla, xalqımızla bağlı
arzuları bitib-tükənməz idi, məhz bu istəklə
dövlətimizin gələcəyi üçün misilsiz əhəmiyyəti
olan böyük layihələrin, nəhəng işlərin
təməli qoyulub. Həmin layihələr, Heydər Əliyev
xeyir-duası ilə başlanmış işlər hələ
uzun illər Azərbaycanın inkişafını, güclənməsini,
rifah və firavanlığını təmin edəcək.
Tarix boyu şəxsiyyətlərin cəmiyyətdəki
rolunu aydınlaşdırmağa çalışmış
böyük mütəfəkkirlər daim bu fenomeni dərindən
öyrənməyə, obyektiv elmi-politoloji nəticələr
çıxarmağa çalışıblar.
Çoxsaylı nəzəriyyələrə, geniş fikir
müxtəlifliyinə rəğmən ümumi qənaət
bundan ibarətdir ki, hər bir xalqın milli inkişaf yolunu
müəyyənləşdirərək, onu dünya
miqyasında tanıdan, layiqli mövqelərə
çıxaran məhz xarizmatik liderlərdir. Müəyyən
mürəkkəb və taleyüklü siyasi mərhələdə
məsuliyyətdən çəkinməyərək dövlət
idarəçiliyi missiyasını üzərinə
götürmüş belə liderlər xalqlarının daim
can atdığı azadlıq, müstəqillik və milli
dövlətçilik kimi müqəddəs idealların
gerçəkləşməsində əvəzsiz rol
oynayır, tarixdə əbədiyaşarlıq hüququ
qazanırlar.
Hətta filosoflar yazır ki, xalqların
taleyində mühüm rol oynamış şəxsiyyətlər,
bir qayda olaraq, tarixin gedişinə təsir göstərir və
xilaskar missiyaları ilə yeni bir tarix yaradırlar. XX əsrdə
xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət
- Ümummilli liderimiz Heydər Əliyev də məhz hər
zaman böyük rəğbət və ehtiramla
xatırlanır. Xalqımız qərinələr boyu
qazandığı dövlətçilik ənənələrini
məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
sistem halına salmış, millət kimi mövcudluğunu,
dövlət qurmaq haqqını, özünü idarə etmək
bacarığını ən yüksək həddə
nümayiş etdirib. Azərbaycanın müstəqil dövlət
quruculuğuna aparan keşməkeşli və şərəfli
yol, əslində, məhz dahi öndərimizin hakimiyyətə
gəlişindən sonra başlayıb.
Etiraf etməliyik ki, Azərbaycanın
son onilliklər ərzində qazandığı uğurlar Ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyəti
ilə birbaşa bağlıdır. 1969-cu ildə Onun Azərbaycanın
rəhbəri seçilməsi, əslində,
çağdaş tariximizə ölkəmizin sürətli və
uzunmüddətli inkişafının əsasının
qoyulması kimi daxil olmasıdır. Azərbaycanın Heydər
Əliyevin adı ilə bağlı olan sürətli
inkişafının bu gününün özündə də
daha yüksək dinamika ilə davam etməsi 1969-cu ildən
başlayan yüksəliş strategiyasının böyük
zaman kəsiyini əhatə edən dövlətçilik
konsepsiyası funksiyasını yerinə yetirdiyini qətiyyətlə
təsdiq edir.
Ulu öndərimiz Azərbaycanda dövlət-vətəndaş
münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi,
bütün dəyər və azadlıqların maksimum dərəcədə
qorunduğu, liberal ideyaların möhkəm təmələ
çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin
ictimai şüurda möhkəmlənməsi uğrunda hər
zaman misilsiz xidmətlər göstərib. Yüksək bəşəri
dəyərlərə hörmət Heydər Əliyevin daxilən
azad şəxsiyyət olmasından, demokratizmindən, vətəndaşlıq
məsuliyyətindən irəli gəlmişdir. Böyük
strateq hər zaman hər bir fərdin maraq və mənafeyinin
ödənməsini, qanuni hüquqlarının
qorunmasını dövlətin başlıca vəzifəsi
sayıb.
Cəmiyyətin ən müxtəlif sahələrində
nizam-intizamın, haqq-ədalətin təminatına
çalışan Heydər Əliyev yalnız belə bir
yolla dövlətlə xalq arasında möhkəm mənəvi,
siyasi və hüquqi bağlantıya, qarşılıqlı
etimada nail olmağı mümkün sayıb. Dərin zəkası,
lider xarizması, milli ideallara sıx
bağlılığı, unikal idarəçilik məharəti,
zəngin mənəviyyatı ilə hər zaman
xalqının sevimli şəxsiyyəti olmuş Ulu öndərimiz
bu ucalığa hakimiyyət sükanının arxasına
keçdiyi ilk gündən-qanunsuzluğa, ədalətsizliyə
və nihilizmə qarşı apardığı prinsipial
mübarizə ilə yüksələ bilib.
1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə
başlayan Heydər Əliyev hüquqi mexanizmləri gücləndirib,
məmur özbaşınalığına, korrupsiyaya və
rüşvətxorluğa qarşı amansız mübarizə
aparıb, xalqımızın milli və iqtisadi
inkişafını təmin edib. Heydər Əliyev hələ
o zaman sərt ideoloji buxovlar şəraitində
xalqının hüquqları uğrunda keçmiş ittifaq
rəhbərliyi ilə mübarizə aparıb, milliləşdirmə
siyasəti yeritməklə mütərəqqi fikirli
ziyalıları amansız təqib və təzyiqlərdən
qoruyub.
Ulu öndər respublikamızın
üzləşdiyi problemləri ilk gündən düzgün
müəyyənləşdirməklə, onların həlli
üçün lazımi iradə, qətiyyət və prinsipiallıq
göstərib, hər cür riskə rəğmən, o
dövrün naqisliklərini açıq deməkdən
çəkinməyib.
Ümummilli liderimiz Heydər Əliyevin
tarixi missiyası həm də o dövrdə xalqın daxilində
toplanan milli ruhu və idealları keçmiş rejimin
hücumlarından qoruyaraq xalqın milli yüksəlişini
təmin etmək, hüquqlarını qorumaq olub. Böyük
strateq keçmiş ideologiyanın sərt qəlibləri
çərçivəsində belə, Azərbaycanda milli
ruhun tamamən sıxışdırılmasına yol verməyib,
əksinə, onu yüksəltmək yolunda bütün
imkanlardan maksimum dərəcədə istifadə etməyi
bacarıb. Təsadüfi deyildir ki, Heydər Əliyevin
respublika rəhbərliyinə gəlişindən sonrakı
dövr həm də milli özünüdərk və
özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu
dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi istiqamətini də məhz xalqın
milli özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi,
azərbaycanlı məfkurəsinin yüksəlişinə təkan
verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil edib.
Əgər Heydər Əliyevin
respublikamıza birinci rəhbərliyi dövründə
xalqımızın sosial-iqtisadi-mədəni yüksəlişi
üçün həyata keçirilən tədbirlər,
milli şüurun oyanışı istiqamətində istər
açıq, istərsə də gizli şəraitdə
görülən işlər olmasaydı, bu gün Azərbaycanın
müstəqil xəttə malik, heç bir dövlətdən
asılı olmayan təsisat kimi mövcudluğu şübhə
altında olardı. Keçmiş imperiya daxilində hansı
qlobal proseslərin getdiyini daha dərindən müşahidə
etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın
nə vaxtsa müstəqillik əldə edəcəyini
öncədən görür, bunun üçün
iqtisadi-siyasi, intellektual və hüquqi baza
formalaşdırırdı. Bu addımlar respublikamızın
müstəqilliyinin mövcudluğunun təmin edilməsinə
yönəldiyindən, 1991-ci ildə müstəqillik qazanan
Azərbaycanın iqtisadi potensialı bir sıra dövlətlərdə
qibtə doğururdu.
Halbuki müstəqilliyin ilk illərində
hakimiyyətdə olan naşı və səriştəsiz
qüvvələrin yeritdiyi yarıtmaz siyasət üzündən
respublikanın hər bir vətəndaşının mənafeyinin
uca tutulduğu hüquqi, demokratik və qüdrətli dövlətin
yaradılması sadəcə xoş ideya olaraq qalırdı.
1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül
güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə
bölgəsində hərbi uğursuzluqlar artmış,
ölkə vətəndaş qarşıdurması,
parçalanma həddinə çatmış, insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində
acınacaqlı vəziyyət yaranmışdı. 1993-cü
ilin məlum Gəncə hadisələri fonunda Azərbaycan
dövlətçiliyinin məhv olmaq təhlükəsini
daha dərindən hiss edən müdrik xalqımız
yaranmış acınacaqlı şəraitdə
çıxış yolunu məhz Ümummilli Liderimiz Heydər
Əliyevin şəxsində görmüşdür. Bu
sarsıntı və təlatümlər təsdiqlədi ki,
yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə,
geniş siyasi dünyagörüşünə malik xarizmatik
lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq
və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən
gələ bilər. Ölkə vətəndaşlarının
mütləq əksəriyyəti yaxşı başa
düşürdü ki, vətənimizi sürətlə fəlakətə
sürükləyən məkrli planların
qarşısını almağa, Azərbaycanı
düçar olduğu böyük fəlakətlərdən
qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər
Əliyevdir!
1993-cü ilin 9 iyununda xalqın təkidli
tələbilə Bakıya qayıdan Ulu öndərimiz Azərbaycanı
iflasdan, fəlakətdən qurtarıb, dövlətçiliyi
möhkəmlədib, onu xain əllərdən,
çevriliş, qiyam cəhdlərindən hifz edərək
dirçəliş və inkişafa doğru yönəldib.
Bu qayıdış əsrlərin sınağından
keçə-keçə min bir əziyyətlə məqsədinə
doğru addımlayan bir millətin özünə
qayıdışına çevrilib, bununla da, Azərbaycan
özünün müstəqillik tarixinin daha şərəfli
və əzəmətli mərhələsinə qədəm
qoyub. Ulu Öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə
özünəinam hissini bərpa edib, sabitlik və
firavanlığa ciddi təminat yaradıb. Azərbaycanın
sosial-iqtisadi və diplomatik sahədə üzləşdiyi
bir çox problemlərin həlli məhz Ulu öndərimiz
Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonrakı mərhələdə
mümkün olub.
Ümummilli Liderimizin böyük
müdrikliklə irəli sürdüyü dövlətçilik
konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini
və müasir Avropa dəyərlərini birləşdirən
yeni bir inkişaf modeli kimi özünü doğruldub.
İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu
modelin əsas dayağına çevirən Heydər Əliyev
cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq
üçün, hər şeydən öncə, insan
hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə
xüsusi diqqət yetirib. Ulu öndərimiz özünəməxsus
müdrikliklə bəyan edib ki, siyasi sabitliyi təmin etmədən
yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq,
bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin
tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev
Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf
istiqamətlərini müəyyənləşdirərkən
xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini
də nəzərə alıb.
Böyük şəxsiyyət olaraq
Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər
bir fərdin maraq və mənafelərinin etibarlı təminatında
görərək bunun üçün bütün zəruri
tədbirləri həyata keçirib. Məhz Ulu öndərin
gərgin səyləri nəticəsində hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən
müstəqil respublikamızda vətəndaş cəmiyyətinin
formalaşması, insanların azad, sərbəst
yaşaması, qanunun aliliyinin təmin edilməsi
üçün ən yüksək tələblərə
cavab verən normativ-hüquqi baza yaradılıb. Hüquqa və
ədalətə söykənən vətəndaş cəmiyyətinin
əsası qoyulub, onun təkmilləşdirilməsi prosesi
uğurla davam etdirilib. Ulu öndərimizin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön plana
çıxarıb.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın
güclü və qüdrətli dövlətə
çevrilməsi üçün ölkənin malik
olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli
istifadəni son dərəcə vacib sayaraq, ilk gündən
yeni neft strategiyasının işlənib hazırlanması və
uğurla həyata keçirilməsi üçün əzmlə
çalışıb. Azərbaycanın məhdud maliyyə
imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin,
bu əvəzsiz təbii sərvətin Qərb bazarlarına
çıxarılmasının qeyri-mümkünlüyünü
düzgün qiymətləndirən Heydər Əliyev
çıxış yolunu Qərb şirkətləri ilə
milli maraqlara söykənən əməkdaşlığın
qurulmasında görüb. Azərbaycan rəhbərliyi həmin
illərdə həqiqətən, də, heç bir səhvə
yol vermədən iri Qərb şirkətləri ilə
aparılan danışıqların məntiqi sonluqla
yekunlaşmasına nail olub. 1994-cü ilin 20 sentyabrında
Bakıda dünyanın 11 transmilli neft şirkətinin
iştirakı ilə çağdaş tariximizə "Əsrin
müqaviləsi" adı ilə düşmüş qlobal
neft müqaviləsinin təntənəli imzalanma mərasimi
keçirilib. Bununla da, Azərbaycan MDB məkanında Qərbin
iri neft şirkətləri ilə iri miqyaslı saziş
imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində
beynəlxalq əməkdaşlığın bünövrəsini
qoyub. Eyni zamanda, bu müqavilənin imzalanması
respublikamızın bugünkü və gələcək
iqtisadi uğurlarının əsasını qoyub.
Ümümmilli liderimiz ölkədə
ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı,
demokratik dövlət modeli konsepsiyasını uğurla həyata
keçirib, bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi məqsədinə xidmət
edib. Hüquqi dövlət quruculuğu, ölkənin
sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin
qurulması, milli təhlükəsizlik və xarici siyasət
kursunun uğurla aparılması, milli-mənəvi inkişaf
istiqamətində görülən işlər
bütünlüklə müstəqilliyimizin möhkəmlənməsinə,
əhalinin rifahının yüksəlməsinə yönəlib.
Onu da etiraf edək ki, bütün
xalqların həyatında dövlətin varislik tarixi ciddi əhəmiyyətə
malikdir. Tarixin konkret məqamında Ümummilli lider Heydər Əliyev
siyasi kursunun davam etdirilməsinin labüdlüyünü
şərtləndirən amillər isə, heç
şübhəsiz ki, bu kursun bütünlüklə Azərbaycanın
dövlətçilik maraqlarının həyata keçirilməsinə
yönəldilməsindən ibarət idi. Belə bir zamanda ulu
öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş
olduğu siyasi kursun, milli dövlətçilik
konsepsiyasının varisliyinin təmin olunması zərurəti
sosial sifarişi kimi ortaya çıxıb.
Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi
Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində
dəfələrlə öz təsdiqini tapan bu
konsepsiyanın tətbiqi, Azərbaycanın dövlətçilik
əsaslarının daha da möhkəmləndirilməsi,
bütün zamanlarda müstəqilliyimizin əbədiliyi, Azərbaycan
dövlətinin yüksəlişi deməkdir.
Heydər Əliyev siyasi kursunun dövlət
idarəçiliyi sistemi üçün öz əhəmiyyətini
itirəcəyi təqdirdə, cəmiyyətimizdə baş
verə biləcək mümkün təlatümləri,
ağır faciələri isə Azərbaycan xalqı ulu
öndərimizin siyasi hakimiyyətdən kənarda olduğu
ötən əsrin 90-cı illərinin əvvəllərində
artıq bir dəfə yaşayıb. Ona görə də Azərbaycan
xalqı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi kursun davamının təmin olunması zərurətindən
çıxış edərək öz müdrikliyini bir daha
nümayiş etdirdi.
Ümumiyyətlə, Ümummilli lider
Heydər Əliyev tərəfindən nəzəri olaraq irəli
sürülmüş bütün ideyaların bu gün
Prezident İlham Əliyev tərəfindən yaradıcı
şəkildə reallığa çevrilməsi Azərbaycan
həyatının sevindirici gerçəklikləridir.
Müasir dövlətimizin memarı Heydər Əliyevin
başladığı böyük işləri və
taleyüklü məsələləri, planları, gənc
dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil
daxili və xarici siyasəti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir. Cənab İlham Əliyev
dövlət başçısı kimi fəaliyyətinin ilk
günlərindən respublikanın müxtəlif regionlarında
seçkiqabağı görüşlərində verdiyi vədlərinə
əməl edərək, ölkə iqtisadiyyatının daha
sürətlə inkişaf etdirilməsi və əhalinin
maddi rifah halının yaxşılaşdırılması
istiqamətində çox mühüm tədbirlər həyata
keçirib. Dövlətimizin və xalqımızın gələcəyi
naminə görülən bütün bu işlər isə
insanlarımızın ulu öndər Heydər Əliyev
kursuna inamını daha da artırır və bu kursun əbədiyaşarlığının
təmin edir.
Xatirə
Əliyeva,
YAP Mərkəzi
Aparatının mətbuat
xidmətinin
əməkdaşı
İki
sahil.- 2013.- 13 aprel.- S.12.