Narkomaniyaya qarşı mübarizə günün tələbidir

 

Rayon komissiyasının rəhbərliyi ilə aidiyyəti orqanlar tərəfindən Lerik rayonunda 2012-ci ildə  Azərbaycan  Respublikası  Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər)” tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində kompleks təşkilati  tədbirlər həyata keçirilmişdir.

 

Dövlət Komissiyasının 2012-ci il üçün  İş Planı rəhbərlik və icra üçün qəbul edilmiş, rayon komissiyasının yeni tərkibi təsdiq edilmiş komissiyanın  2012-ci il üçün Tədbirlər Planı tərtib edilmişdir. Tədbirlər planında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, belə  vasitələrin  qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin  gücləndirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində rayon polis şöbəsi, rayon mərkəzi xəstəxanası, ərazi tibb müəssisələri, ərazilər üzrə yerli icra hakimiyyəti, özünüidarə orqanları rəhbərləri tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, gənclərin asudə vaxtının təşkili və məşğulluq problemlərinin həll olunması istiqamətində kompleks tədbirlər görülməsi və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi   nəzərdə tutulmuşdur.

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 15 avqust 2012-ci il tarixli iclasında “Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər)” rayonda   2012-ci  ilin hesabat dövrü ərzində icra vəziyyəti barədə” məsələ müzakirə olunmuş, rayon komissiyasının, rayon polis şöbəsinin və digər aidiyyəti orqan rəhbərlərinin  mübarizə-profilaktika tədbirləri barədə hesabatlarının dinlənilməsi  təmin edilmiş,   Şura iclasının qərarından irəli gələn  zəruri məsələlərin icrası ilə bağlı  aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Rayon komissiyasının 10 yanvar 2012-ci il tarixli iclasında aidiyyəti orqanların, rayon polis şöbəsinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış, mübarizə profilaktika tədbirləri barədə, rayon mərkəzi xəstəxanasının  narkomanlığa düçar olmuş şəxslərin  qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi barədə hesabatları dinlənilmiş,   18 may 2012-ci il tarixli iclasında Dövlət Komissiyasının    2012-ci il üçün İş Planında nəzərdə tutulmuş tədbirlər, o cümlədən  rayon polis şöbəsi və aidiyyəti orqanlar tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorların qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri, narkotik  vasitələrin  qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması, narkotik xassəli bitkilərin əkilib-becərilməsi, yabanı şəkildə yetişən bu növ bitkiləin “Xaş-Xaş-2012” şərti adı altında  kampaniya çərçivəsində aşkar olunub məhv edilməsi, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və müvafiq bələdiyyələr tərəfindən gənclərin asudə vaxtının təşkili və məşğulluq problemlərinin həll olunması istiqamətində həyata keçirilən tədbirlərin müzakirəsi, rayon Veteranlar və Ağsaqqallar Şurasının, qadın və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat, maarifləndirmə sahəsində  ərazilər üzrə yerli icra hakimiyyəti, özünüidarə orqanları, ərazi tibb müəssisələrinin rəhbərləri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi   təmin edilmişdir.

Hesabat dövrü ərzində polis şöbəsi tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  qarşı əməliyyat-axtarış, mübarizə tədbirləri davam etdirilmişdir. Rayon ərazisində 2012-ci ilin hesabat dövrü  ərzində narkotiklə bağlı 6 cinayət faktı aşkar  edilmiş,  6 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Lerik rayonunun İran İslam Respublikası ilə həmsərhəd olduğu nəzərə alınaraq rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə yerləşən komendatura və zastava hərbçiləri ilə birgə əməliyyat tədbirləri və reydlər keçirilmiş, narkotik  vasitələrin  qaçaqmalçılıq yolu ilə gətirilməsi faktları aşkar edilməmişdir.

Rayonun aidiyyəti orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri, o cümlədən “Xaş-xaş- 2012” şərti adı altında kampaniya  davam etdirilmişdir. Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının  21 iyun 2012-ci ildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Orand kəndi ərazisində yerləşən yaylaqda 7 hektar ərazidən ümumi çəkisi 3435 kq olan, 6373 ədəd yabanı şəkildə bitmiş narkotik tərkibli xaş-xaş kolları aşkar edilərək yığılmış və yandırma üsulu ilə məhv edilmişdir. Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə keçirdikləri birgə tədbirlər nəticəsində Lerik rayonunun  sərhəd-zastava ərazisindən ümumi çəkisi 2240 kq olan, 6720 ədəd yabanı şəkildə bitmiş narkotik tərkibli xaş-xaş kolları aşkar edilərək yığılmış və yandırma üsulu ilə məhv edilmişdir.

Rayon polis şöbəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə ictimaiyyətin iştirakı ilə davamlı kompleks qabaqlayıcı tədbirləri 2012-ci ildə davam etdirilmişdir. Antinarkoloji təbliğat-təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə rayon Ağsaqqallar və Veteranlar Şurasının, qadın və gənclər təşkilatlarının nümayəndələrinin təklifləri  nəzərə alınmaqla rayon komissiyasının tövsiyələri hazırlanaraq kənd ərazi icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanlarının ərazi tibb və təhsil müəssisələrinin rəhbərlərinə göndərilməsi təmin edilmişdir.

Rayonda 2012-ci ildə narkomanlığın profilaktikası istiqamətində, o cümlədən işaxtaran və işsiz gənclərin məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin dəstəyi ilə rayon məşğulluq mərkəzinin sifarişinə əsasən  Lerik texniki peşə məktəbində  gənclər üçün peşə təlim kursları təşkil edilmişdir. 125-dən artıq gənc təlim kurslarını bitirərək rayonun idarə, müəssisə, təşkilatlarında,   dövlət vəsaiti hesabına həyata keçirilən Lerik şəhərinin yağış və sel suötürücü qurğularının əsaslı tikintisi, Lerik şəhərində inşa edilən 17 MVT modul tipli elektrik stansiyasının inşasında, Livədirqə, Molalan, Nücü, Daster, Barzavu kənd ümumorta məktəblərinin əsaslı tikinti işlərində, Dünya Bankının və Azərbaycan hökumətinin birgə maliyyə vəsaiti hesabına həyata keçirilən  29 km-lik Şonayçola-Lerik magistral su kəmərinin əsaslı çəkilişi və Lerik şəhərində mərkəzləşdirilmiş kanalizasiya sisteminin və sutəmizləyici qurğuların əsaslı tikintisi layihəsi çərçivəsində işlə təmin olunmuşlar. Ümumilikdə 2012-ci ildə rayonda icra edilən tikinti işlərində 956 nəfər işlə təmin olunmuşdur ki, onların 628-ni 17-35 yaşlı gənclər təşkil edir.

Narkomanlığın profilaktikası, antinarkoloji təbliğat-təşviqat sahəsində  tədbirlərin səmərəliliyinin artırılması,  kütləvi informasiya vasitələrində Proqramın icrası istiqamətində aidiyyəti orqanlar tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi istiqamətində  tədbirlər 2012-ci ilin hesabat dövrü ərzində davam etdirilmişdir. “Lerik “qəzetinin   24 iyun 2012-ci il tarixli sayında “26 iyun - BMT-nin Narkotiklərlə mübarizə günüdür” mövzusunda məqalə dərc olunmuşdur. Rayon  İcra Hakimiyyəti yanında müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının Məhvetmə komissiyası tərəfindən 31 iyul 2012-ci il  və 02 avqust 2012-ci il tarixlərdə Lerik rayon məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icra vərəqələrinə əsasən 8,99 qram narkotik vasitə olan tiryək  və 11,0 qram narkotik vasitə olan marixuananın yandırılaraq  məhv edilməsi təmin edilmişdir.

Rayon mərkəzi xəstəxanasının tibb heyəti tərəfindən narkomanlığa düçar olmuş şəxslərin qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat və maarifləndirmə sahəsində fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 2012-ci ildə narkoloji xəstə və profilaktiki qeydiyyatlı şəxs aşkar olunmamışdır. Rayon ərazisində qeydiyyatda olan 23 nəfər  narkoloji xəstə və 24 profilaktiki qeydiyyatda olan şəxslərlə müvafiq kompleks müalicə-profilaktika işlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması təmin edilmişdir.

Rayonun təhsil müəssisələrində məktəblilər (tələbələr) arasında narkomanlığın və ağır yoluxucu xəstəliklərin (Hepatit C, QİÇS) yayılmasının qarşısının alınması istiqamətində 12 məktəbdə məşğələ proqramı icra edilmişdir. 2012-ci ildə AIDS-lə Mübarizə Mərkəzinin əsasnaməsində göstərilən 264 nəfər şəxsin, o cümlədən rayon mərkəzi xəstəxanasının narkoloji müşahidəsində olan narkomanlardan  8 nəfərin qanının müayinəyə göndərilməsi təmin edilmişdir.

Rayonda gənclər və yeniyetmələr tərəfindən narkotik istifadəsi ilə bağlı vəziyyətin öyrənilməsi məqsədi ilə 2012-ci ildə 210 nəfər arasında sorğu keçirilmiş və sorğu nəticəsində gənclər və yeniyetmələr arasında narkotik istifadənin 0,0019 % olduğu müəyyən olunmuşdur.

Rayon komissiyasının rəhbərliyi ilə aidiyyəti orqanların: rayon polis şöbəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə ictimaiyyətin iştirakı ilə davamlı kompleks qabaqlayıcı tədbirlər davam etdirilmiş, pedoloji və valideyn şuraları, yerli bələdiyyələr, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tədris müəssisələrində “Sağlam ailə-güclü dövlət”, “Narkomaniya ümumbəşəri bəladır” mövzularında söhbətlər aparılmışdır. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış işlər rayon təhsil şöbəsinin 28 iyun 2012-ci il tarixli  pedaqoji şurasının iclasında  məktəb direktorlarının iştirakı ilə geniş müzakirə olunmuşdur. Lerik şəhər 2 saylı tam orta, Şingədulan, Hamarmeşə, Züvüc, Murya kənd tam orta, Blaband, Livədirqə, Orand kənd ümumorta məktəblərində rayon komissiyasının rəhbərliyi və aidiyyəti orqan əməkdaşlarının iştirakı ilə dəyirmi masalar keçirilmiş, iştirakçılara “Zərərli vərdişlərə yox deyək”  adlı buklet kitabçalar paylanmışdır.

Antinarkoloji təbliğat maarifləndirmə tədbirləri çərçivəsində gənclər və veteranlar təşkilatlarının dəstəyi ilə rayon mədəniyyət evində məktəbli və yeniyetmələr üçün əyləncəli konsert proqramı təşkil edilmişdir. Rayon icra hakimiyyətinin dəstəyi ilə 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” münasibətilə aidiyyəti orqanların: rayon polis şöbəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin, yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə ümumrayon toplantısı keçirilmiş, toplantıda yerli özünüidarə orqanlarının, ictimaiyyət nümayəndələrinin təklifləri dinlənilmişdir.

Rayonda gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş fəaliyyət davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun  orta məktəbləri şagirdlərinin iştirakı ilə futbol və şahmat üzrə rayon çempionatları  keçirilmiş, qaliblərin ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirakı ilə mükafatlandırılması mərasimi keçirilmişdir. Gənclər və yeniyetmələr arasında keçirilən  rəsm və yazı müsabiqələri, “7 sual-7 cavab”, Kim, nə hara” adlı bilik yarışları, digər kütləvi idman tədbirləri narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərin tərkib hissəsi olmuşdur. Rayon polis şöbəsi əməkdaşları ilə vaxtaşırı rayonun ümumtəhsil məktəblərində görüşlər keçirilmiş, diskussiyalar təşkil olunmuşdur.    Rayon gənclər və idman idarəsi tərəfindən  rayon təhsil şöbəsi  ilə birgə müxtəlif əbədi-bədii gecələrin təşkil edilməsi yeniyetmə və gənclərdə narkomanlığa meyil kimi zərərli vərdişə qarşı barışmazlıq ruhunun formalaşmasında əvəzsiz rol oynamışdır.

 

 

Cəlil Baxşıyev,

Narkomanlığa və narkotik vasitələrin

qanunsuz dövriyyəsinə qarşı mübarizə

üzrə Lerik rayon komissiyasının sədri

 

İki sahil.- 2013.- 13 aprel.- S.23.