İçərişəhər
- Tarix və müasirliyin
vəhdəti
Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
rəisi Mikayıl Cabbarovun www.yap.org.az saytına müsahibəsi
-Mikayıl müəllim,
rəhbərlik etdiyiniz İdarənin fəaliyyətində
son zamanlar hansı
yeniliklər baş vermişdir?
Bu barədə məlumat verməyinizi xahiş edirik.
Son iki ildə İdarənin fəaliyyətində
baş verən yeniliklərdən biri Qala qoruğu
və onunla bağlı
aparılmış struktur dəyişikliklərdir.
Qoruğun beynəlxalq təcrübəyə əsaslanan müasir üsullarla idarə
olunmasını təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 22 dekabr 1911 nömrəli
Sərəncamı ilə “Qala” Dövlət
Tarix-Etnoqrafiya Qoruğu
2012-ci il yanvarın 1-dən İdarəmizin
tabeliyinə verilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli
805 nömrəli Fərmanı ilə “Qala”
Dövlət Tarix-Etnoqrafiya Qoruğu, həmçinin “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin strukturuna da
daxil edilmişdir.
Muzey fəaliyyətində də
bir sıra yeniliklər var.
2012-ci ildə Tahir Salahovun
ev-muzeyi yaradılaraq İdarənin
tabeliyinə verilmişdir. Bu ilk dəfə
dahi şəxsin sağlığında onun yaradıcılığının təbliği
üçün yaradılan muzeydir. İdarənin tabeliyinə verilmiş Marionet
Teatrının ötən ildən etibarən fəaliyyətə
başlaması və tamaşa
repertuarının yaradılması sahəsində əsaslı
işlər görülməyə başlanmışdır.
Fürsətdən
istifadə edərək bir məqama xüsusi toxunmaq istərdim.
Müstəqil Azərbaycanın bərqərar
olmasında, müasir demokratik,
hüquqi və dünyəvi dövlətinin
quruculuğunda, ölkəmizin ictimai həyatının bütün
sahələrində, o cümlədən
elmin, təhsilin, mədəniyyətin
inkişafında Heydər Əliyevin misilsiz
xidmətləri hamıya məlumdur. İçərişəhərin
qorunmasında ulu öndərimizin xüsusi rolu olmuşdur. Tədqiqatçıların
apardığı araşdırmalar nəticəsində Heydər
Əliyevin geniş ictimaiyyətə məlum
olmayan və İçərişəhərə
göstərdiyi münasibətin, onun
qorunmasının, bərpasının və təbliğinin
necə görmək istədiyini əks etdirən bir sıra maraqlı sənədlər aşkar edilmişdir.
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü il
21 yanvar tarixli Sərəncamı
ilə ulu öndərin 90 illik
yubileyinin ölkə miqyasında dövlət
səviyyəsində geniş qeyd olunması qərara
alınmışdır.
Həmin Sərəncamı rəhbər tutaraq
İçərişəhər üzrə yubiley
tədbirləri 2013-cü ilin aprel-may aylarında xüsusi
plan əsasında həyata keçiriləcəkdir.
Onların arasında elmi-praktiki konfrans, simpozium, xatirə
gecələrinin, bədii-yaradıcılıq, təbliğat,
mədəniyyət və sair tədbirləri
qeyd etmək olar.
- İçərişəhərdə
həyata keçirilən təmir-bərpa işləri, konservasiya tədbirləri haqqında da məlumat verməyinizi xahiş
edirik. Bu işlər
beynəlxalq səviyyədə necə qiymətləndirilir?
-
İçərişəhərdə yerləşən abidələri
qorumaq və gələcək nəsillərə
ötürmək bizim əsas vəzifələrimizdəndir.
Uzun illər
baxımsızlıqdan qəza vəziyyətinə
düşən orta əsr abidəsi olan Kiçik Karvansarada İçərişəhərin
Konservasiyası üzrə Baş Plana uyğun olaraq əsaslı şəkildə bərpa-konservasiya
işləri aparılmış, karvansara
öz əvvəlki görkəmini
almışdır.
Həyata
keçirilmiş işlər arasında Şirvanşahlar Sarayının dam örtüyünün
təmirini, Çin və Seyid
Murtuza məscidlərinin, A.Zeynallı
küçəsindəki məktəb-məscidin bərpasını
da göstərmək olar.
Ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Bazar Meydanı”nda
(Sıratağlı dini-memarlıq kompleksi) təmir-bərpa
işləri aparılmış və abidə ərazisindəki
daş eksponatların ekspozisiyası yenidən
təşkil olunmuşdur.
Məhəmməd
məscidində muzey konservasiyası
işlərini Avstriyanın “Atelier Erich Pummer” şirkəti həyata
keçirmişdir. Muzey konservasiyası
zamanı vakuum yolu ilə
bərkidilmə üsulundan istifadə edilmişdir ki, bunun nəticəsində havasızlıq
şəraitində daşlar bərkidilmiş,
beləliklə, abidənin tarixiliyinə və mövcud quruluşuna zərrə
qədər də zərər yetirilmədən
qarşıya qoyulmuş məqsədə
nail olunmuşdur.
Bu cür konservasiya işləri Azərbaycanda ilk dəfə olaraq həyata
keçirilmişdir və ən yüksək
dünya standartlarına cavab
verir.
Qız
qalasında aparılan elmi-tədqiqat və muzey
konservasiya işləri hal-hazırda da davam edir.
Muzey konservasiyası zamanı zədələnmə
səviyyəsindən asılı olmayaraq
heç bir daş abidədən kənarlaşdırılmamış
və mövcud problemlər aradan qaldırılaraq abidənin səthi
möhkəmləndirilmişdir. Bərpa
zamanı Almaniyanın “Remmers” şirkətinin
Qız qalasının bərpası üçün
hazırladığı xüsusi
materiallarından istifadə olunmuş və
abidənin hər bir daşına zədələnmə
dərəcəsinə və xüsusiyyətinə görə
fərdi yanaşılmışdır. Burada konservasiya
işlərini də Avstriyanın məşhur bərpaçı
mütəxəssisi, dünyanın müxtəlif yerlərində
400-dən artıq abidəni, o cümlədən
İçərişəhərdə yerləşən Məhəmməd
məscidini bərpa etmiş “Atelier Erich Pummer”
şirkətinin rəhbəri Erik Pummerin başçılığı
ilə xarici və yerli
mütəxəssisləri həyata keçirir.
Abidənin həm fasadının, həm içərisinin
konservasiyasının tamamlanması 2013-cü ilin
sentyabr ayında nəzərdə tutulmuşdur.
XIX
əsrin sonlarında - XX əsrin əvvəllərində indiki İstiqlaliyyət və Kiçik
Qala küçələri boyu Qala divarlarına bitişik inşa olunmuş tikililər divarların daxilinə nüfuz edərək onların görünüşünü məhdudlaşdırmış
və ərazinin vahid kompozisiyasını
pozmuşlar. Qeyd olunan tikililərin əksəriyyəti
tarixi-memarlıq əhəmiyyət kəsb etmədiyindən,
habelə yarıuçqun vəziyyətdə olduğundan
mülkiyyətçılərə kompensasiya
verilməklə onlar sökülmüş,
bu hissədə Qala
divarlarının möhkəmləndirilməsi və əsaslı
bərpası aparılmış, ətraf abadlaşdırılaraq
istirahət guşəsi salınmışdır. XX əsrin əvvəllərində
uçurulmuş Qala
divarlarının 15-ci bürcünün yeri dəqiq müəyyən edilərək o, rekonstruksiya edilmişdir. Eyni zamanda ölkə əhəmiyyətli
memarlıq abidəsi olan Dördbucaqlı
qalanın təmir-bərpasına da
başlanılmışdır.
İkimərtəbəli
karvansarada 2011-ci ildən aparılan təmir-bərpa
işləri yekunlaşmış, abidənin daxilində milli mətbəxi və musiqini
tərənnüm edən turizm infrastrukturu obyekti fəaliyyətə
başlamışdır.
“O
olmasın, bu olsun”
filmindən tanıdığımız “Ağa
Mikayıl” hamamı qabaqcıl texnologiyaların köməyi
ilə tam təmir edilmiş,
abidənin sütunları möhkəmləndirilmiş,
fasadı tarixi görkəminə gətirilmiş
və 2011-ci ilin dekabr
ayında açılışı olmuşdur.
Abidənin daxilində ənənəvi ab-hava
yaradılmış və hamam müasir avadanlıqlarla təchiz olunmuşdur. Abidə öz
fəaliyyəti ilə İçərişəhərə
gələn turistləri Şərq mədəniyyətinin
ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış
etməklə yanaşı yerli əhaliyə
də xidmət edir.
Gələcəkdə
də İçərişəhərdə bu
silsilədən olan işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Həyata keçirilən bərpa
işləri zamanı əsas diqqət abidələrin
tarixiliyinə ziyan yetirilməməsinə
və ilkin görkəminin
qaytarılmasına yetirilir.
- İçərişəhərin
sakinləri görülən bu işləri
necə dəyərləndirirlər?
-
Görülən məqsədyönlü və sistemli tədbirlər İçərişəhərin
milli-mədəni irsimizin təbliği mərkəzinə
çevrilməsinə, onun mədəni turizm və istirahət məkanı kimi potensialının artırılmasına,
tarixi-memarlıq görkəminin yaxşılaşmasına və
zənginləşməsinə, dayanıqlı sosial-iqtisadi inkişafına xidmət edir. Son 3 il
ərzində təkcə qeyri-dövlət sektoru
tərəfindən yaradılan turizm infrastrukturu obyektlərində 704 yeni iş yeri
açılmış və bununla da o cümlədən yerli sakinlərin məşğuliyyəti təmin
olunmuşdur.
İdarə
fəaliyyəti nəticəsində hal-hazırda ərazi tam olaraq
abadlaşdırılmış, küçə
işıqlandırılması, sanitar təmizlik
təmin olunmuş, yaşayış və
qeyri-yaşayış sahələrinin, mühəndis-kommunikasiya
və yol örtüyünün
əsaslı təmiri sahəsində işlərin çoxu yekunlaşmışdır. Qəzalı vəziyyətdə
olan binalarda təmir-bərpa
işlərinə başlanılmışdır.
Ona görə də
İçərişəhər sakinlərinin tam əksəriyyəti görülən
işləri ürəkdən bəyənir.
- Məlumdur ki, İçərişəhər tarixi abidə olaraq ölkəmizə
gələn turistlərin ən çox
ziyarət etdiyi məkanlardan biridir. Buraya gələn
turistlərin sayında artım müşahidə olunurmu?
-
Turistlərin İçərişəhərdə cəlb
edilməsi və onların burada özlərini
rahat hiss etmələri
üçün müvafiq
infrastruktur qurulmalı idi
və bu sahədə artıq xeyli iş görülmüşdür.
Turizm məlumat mərkəzi
yaradılmış, Qoruq ərazisində
4 informasiya köşkü
quraşdırılmış, turizm
marşrutları müəyyən edilmiş,
turistlər üçün Azərbaycan
və 4 xarici dildə bələdçilik
xidməti təşkil olunmuşdur.
Bakı şəhərində fəaliyyət göstərən
iri mehmanxanalarla əlaqələr
qurulmuş, turist
qruplarının birbaşa mehmanxanadan götürülərək
İçərişəhərdə onlar
üçün ekskursiya
turlarının keçirilməsinə
başlanılmışdır. Beynəlxalq standartlara
cavab verən Azərbaycan, rus,
ingilis, alman və
fransız dillərində audiobələdçi sistemi yaradılmış və turistlərin
istifadəsinə verilmişdir. Bu növ xidmət Azərbaycanda
açıq havada ilk
dəfə olaraq İçərişəhərdə
tətbiq olunmuşdur. Turistlər
bu cihazlar vasitəsilə
kənar şəxslərin köməyi olmadan
ərazidə yerləşən tarixi abidələr
barədə dolğun məlumat əldə
etmək imkanı qazanırlar. İçərişəhərdə
ekskursiyaların yüksək səviyyədə təşkil
olunması üçün elektromobillər
alınmış və turistlərin istifadəsinə verilmişdir.
Turistlərin
Qoruq ərazisində hərəkətini
asanlaşdırmaq məqsədilə turist
marşrutlarına uyğun və mədəni
turizm obyektlərinə yolu
göstərmək məqsədilə ərazidə xəritə
və məlumat göstəriciləri
quraşdırılmışdır.Turistlər üçün iki dildə
İçərişəhərin xəritəsi, habelə
İçərişəhər barədə bir
sıra məlumat broşürləri (Azərbaycan, ingilis və rus dillərində),
miniatür kitablar, fotoalbomlar, açıqçalar, musiqi diskləri, təqvimlər, suvenirlər
və sair təbliğat materialları
hazırlanmışdır.
Turistlərə
qədim ənənələrimizdən biri
olan təndirdə çörəyin
hazırlanması prosesini nümayiş
etdirmək məqsədilə əsas turist
marşrutunda yerləşən Kiçik Qala küçəsində
təndir və müvafiq infrastrukturun
yaradılması təmin olunmuşdur. Onun yaxınlığında milli
üslubda baqqaliyyə, manqal,
çayxana və digər iaşə
obyektləri qurulmuşdur.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin www.icherisheher.gov.az
saytı ingilis və rus
dillərində fəaliyyət göstərməyə
başlamışdır. Bu da saytın əcnəbi auditoriyasını
genişləndirməklə İçərişəhərin
ölkə xaricində təbliği və
populyarlaşdırılması məqsədini
daşıyır. Saytda yerləşdirmiş İçərişəhərin
keçmiş və müasir
görüntülərini əks etdirən rəsmlər,
fotoşəkillər, 3D virtual tur, açıqcalar və videomateriallardan
ibarət guşəyə daxil olmaqla bu qədim məkana
virtual səyahət etmək mümkündür.
Hal-hazırda
Şirvanşahlar Sarayında və
Qız qalasında muzey
ekspozisiyalarının yenidən qurulması üzərində
gərgin iş gedir. Muzey tərtibatı
və ekspozisiyaların yaradılması sahəsində ixtisaslaşan tanınmış xarici və yerli mütəxəssislərin
iştirakı ilə konsepsiyalar işlənib
hazırlanmış, müasir
texnologiyaların köməyi ilə bu
abidələrin tarixi, təyinatı və
memarlığı barədə ziyarətçilərə dolğun informasiyaların verilməsi nəzərdə
tutulmuşdur. Düşünürük
ki, bu işlər yekunlaşandan sonra milli qürur mənbəyimiz
olan bu abidələrə
turist axını kəskin artacaqdır.
- Dünya
Mədəni İrsi siyahısına
salınan İçərişəhərin idarə
olunmasında YUNESKO ilə əməkdaşlıq hansı səviyyədə
qurulub?
-
İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi
ilə birlikdə 2000-ci ildə YUNESKO-nun Dünya Mədəni İrsi
Siyahısına daxil edilmişdir.
Müvafiq layihələrin planlı və sistemli
şəkildə həyata keçirilməsini təmin etmək
məqsədilə YUNESKO-nun Dünya İrs Komitəsinin
tövsiyələrinə əsasən beynəlxalq nüfuzlu ekspertlər ilə qurulmuş
əməkdaşlıq nəticəsində “Ərazinin
İdarəolunması Planı”, habelə “Bakının Tarixi Mərkəzinin Konservasiyası
üzrə Baş Plan”
hazırlanmış, hər iki sənədin
nəzərdə tutduğu tədbirlərin
icrasına başlanılmışdır.
26-29
yanvar 2009-cu il tarixlərində
İçərişəhərdə olmuş
YUNESKO Dünya İrsi
Mərkəzinin və “ICOMOS”-un (Abidələr
və Tarixi Yerlər üzrə Beynəlxalq
Şura) nümayəndələrindən
ibarət monitorinq missiyası
hazırladığı hesabatda
görülən işləri yüksək qiymətləndirmiş
və müvafiq tövsiyələrini qeyd etmişdir: “...Qoruq İdarəsi və Azərbaycan rəsmiləri
mühüm əhəmiyyətə malik olan və təhlükə
altına düşən Dünya İrsinin vəziyyətini müsbət istiqamətə
dəyişə bilib və bununla böyük təqdirə
layiqdirlər. Görülən işlər və yenilikçi yanaşmalar regionda və bütün dünyada tarixi mərkəzlərin
konservasiyası ilə məşğul olanlar
üçün mühüm
əhəmiyyətli nümunə ola bilər”.
Beləliklə,
qısa müddət ərzində Azərbaycan Hökuməti
tərəfindən İçərişəhərin
qorunması ilə bağlı görülmüş
işlər 22-30 iyun 2009-cu il tarixində YUNESKO-nun Dünya İrs Komitəsinin
İspaniyanın Sevilya şəhərində
keçirilən 33-cü sessiyasında təqdim edilmiş və müzakirə olunmuşdur. Komitə üzvləri tərəfindən
yekdilliklə qəbul olunmuş qərara əsasən
İçərişəhər YUNESKO-nun
təhlükədə olan Dünya İrsi abidələri
siyahısından çıxarılmışdır. Komitənin
bu iclasda İçərişəhərlə
bağlı qəbul olunduğu qərarla
İçərişəhərin Dünya
İrsi statusu bərpa
olunmuşdur.
2010-cu ilin iyul ayında
İçərişəhərdə olmuş
YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova öz fikirlərini
belə bildirmişdir: “...Mən
cənab Prezidenti bu unikal dünya irsinin bu cür
qorunub saxlanılması və gələcək
nəsillərə ötürülməsi ilə
bağlı təbrik etmək istəyirəm. İçərişəhər
maddi irsin qorunması
və müasirliklə ənənələrin birgə vəhdətinə
bariz nümunədir”.
Xüsusilə
qeyd olunmalıdır ki,
sadalanan nailiyyətlər Azərbaycan
Respublikasının birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bilavasitə
iştirakı və dəstəyi nəticəsində mümkün olmuşdur.
Bununla yanaşı YUNESKO-nun Dünya İrsi Mərkəzi ilə əməkdaşlığın
genişləndirilməsi istiqamətində səylərin nəticəsi
olaraq İçərişəhər Tarixi Şəhər Landşaftı (Historic-Urban Landscape)
yanaşmasının tətbiqinin sınaq olunması üçün dünyanın bir neçə şəhərindən biri kimi seçilmişdir. 2010-cu ildə
İçərişəhərdə “Bakının şəhər
irsinin konservasiyası və
inkişafında “Tarixi Şəhər
Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq ekspertlərin
iştirakı ilə seminar keçirilmişdir. Seminarın
keçirilməsində əsas məqsəd YUNESKO tərəfindən
Dünya İrs Siyahısına
daxil edilmiş tarixi şəhərlərin bir
çoxunda konservasiya
ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan
qaldırmaq üçün “Tarixi Şəhər Landşaftı”
konsepsiyasının hazırlanması və bu
yanaşmanın İçərişəhərə tətbiq
edilməsi üçün ekspertlər
arasında müzakirələrin keçirilməsi olmuşdur.
“Dünya irsi”
konsepsiyasının inkişafının növbəti mərhələsi
kimi, dünya irsi obyektləri sayılan, xüsusi
tarixi və bəşəri dəyərə
malik olan ərazilərin
dağıdıcı hadisələrdən qorunmasını
təmin edə biləcək mümkün
müdafiə mexanizmləri
işlənməkdədir. Bəşəriyyətin tarixi bizə göstərir ki,
bir çox ümumbəşəri
abidə sayılan yerlər bu gün artıq mövcud deyildir. Bunun səbəbi
də təkcə təbii fəlakətlər deyil, eyni zamanda
insanların davranışı olub.
Hamımızın marağındadır ki,
ümumbəşəri dəyər kimi
tanınan ərazilərə, yerlərə “gücləndirilmiş
mühafizə” statusu verilsin.
Qeyd olunanları nəzərə alaraq, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsi, həmçinin YUNESKO-nun
Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin
Qorunması üzrə Komitəsi ilə də səmərəli
əməkdaşlığını qurmuşdur.
- İçərişəhərə,
buradakı abidələrə xarici
qonaqların marağı hansı səviyyədədir və
bu tarixi məkanın
dünyada tanıdılması üçün hansı işlər görülür?
- Təkcə
ötən il ərzində ümumi sayı 2900-ə çatan
232 xarici rəsmi nümayəndə heyəti
qəbul edilərək ərazidəki tarixi-memarlıq abidələri
və digər maddi irsimizin
nümunələri ilə tanışlığı təmin
olunmuşdur. Qədim şəhərin
dünyada tanıdılması məqsədilə
aparıcı dünya kütləvi informasiya vasitələrinin nümayəndələri
dəvət olunur, memarlıq və ənənəvi
incəsənət mövzularında qısametrajlı filmlər
çəkilir və nümayiş olunur. Beynəlxalq əhəmiyyətli mədəni
tədbirlər, o cümlədən
artıq ənənə xarakteri
almış “Qız qalası” beynəlxalq incəsənət
festivalı keçirilir.
İki
sahil.- 2013.- 16 aprel.- S.22.