Maşa və Ayı  

 

(Maşanın Bakı nağılı)

 

Bir qisim Gürcüstan əhli kimi axır ki, Maşa da Bakıya səfər etdi. Bakını seyr etdi, Bakını gəzdi. Özü də tək deyil. Yaxın dostu, sirdaşı, sözün əsl mənasında həyatını cəhənnəmə çevirdiyi: Ayı ilə birgə...

“Arzular çin olur” - tezisi Maşa üçün də keçərli oldu. Məşhur mult-film qəhrəmanı Maşa canlı-canlı azərbaycanlı seyrcilərin (xüsusilə də uşaqların) qarşısında peyda oldu. Bəli... məhz canlı... canlı... Hətta bir anlıq mən də bunun həqiqətinə inandım. Disk, internet vasitəsilə izlədiyimiz “Maşa və Ayı”nın qəhrəmanları gürcü dostlarımızın hazırladıqları, bizlərə nümunə olacaq yüksək səviyyəli kuklaları ilə hamını heyran etdilər. İnsanı bir an inandırırlar ki, kvadrat ekran vasitəsilə gördüyümüz bu kuklalar oradan ayaq açıb, canlı qarşımıza çıxıblar. Sadəcə... orada Maşa görünməz - cıqqılı formada, Ayı isə nəhəng, lakin burda elə Maşa da Ayının ölçülərində təqdim olunur. Xəta olmasa, olmazda...

Akademik Milli Dram Teatrı özünün ənənəsini bir daha davam etmiş, müxtəlif müəllif fikri, müxtəlif rejissor poetikası, müxtəlif aktyor oyunu, müxtəlif janrlı tamaşa-ümumi şəkildə desək-“müxtəliflik və rəngarənglik” imicini saxlamış oldu.

Akademik Milli Dram Teatrının səhnəsində gürcülərin “Multi-Pulti” dünyası teatrı “Maşa və Ayı”nın bir seriyasını diqqətimizə çatdırdı. Yeri gəlmişkən, teatrın bu layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük uğurla realizə olunub. Tamaşa Gürcüstanda cəmi 56 dəfə oynanılıb və 28556 tamaşaçı tərəfindən izlənilib.

Bakıda nümayiş edilən tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün hazırlanmış və xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunmuşdu.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, çox əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir. Tamaşanın quruluşçu rejissoru Qoça Kviça, Rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Toğrul Kamalov (Şaxta baba) ifa edirlər. Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu Əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxta babanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir.

Burada Maşa və Ayının (Maka Tsintsadze , Amiran Buidze) oyunları diqqət mərkəzində olmaqla, tamaşanın əsas-aparıcı qüvvələri idilər. Rejissorun quruluşunda Maşanın çevik hərəkətləri, Ayının ona uyğun ləng addımları multfilm qəhrəmanlarının kopiyası, uşaqların sevimli qəhrəmanlarını olduğu kimi təqdim edirdi. Tamaşada Azərbaycan nağıllarının (daha doğrusu, bizim uşaqların nağıl qəhrəmanı) qəhrəmanı Cırtdan (Elnur Əliyev) abu-havanı bizim xeyrimizə dəyişir, milli mentalitetdən çıxış edərək, iki qəhrəmana milli nağıl qəhrəmanı kimi bir nümunə olur.

Ümumiyyətlə, “Maşa və Ayı” vasitəsilə biz gördük ki, sadəcə bu kuklarla səhnəyə çıxmaq kifayətdir. Nə aktyor oyununa, nə dramaturji materiala, nə də rejissor işinə ehtiyac var. Sadəcə, Maşa və Ayının geyimləri kifayət idi ki, səhnəyə çıxıb, atlanıb-düşsünlər... Bu artıq uğura aparan yolun ilkin mərhələsidi. Üzərinə gəlsək yaxşı rejissor və aktyor işini, onda teatrın nə tamaşaçı, nə də bilet problemi olmayacaq.

Diqqətinizə çatdırım ki, gürcü aktyorları da bizim tamaşaçıları çox seviblər. O üzdən də yaxın zamanlarda, dəqiq desək aprelin 21-də yenidən Maşa və onun dostları Bakıya qonaq gələcəklər. Maşanı görməyi və seyr etməyi unutmayın.

Hörmətlə: “Maşa və Ayı”nın sadiq tamaşaçılarından biri.

 

 

Aygün Süleymanova,

Teatrşünas

 

 Kaspi.-2013.-13-15 aprel.-S.9.