Ulu öndər
Heydər Əliyevin adı bu gün türk dünyasının birlik
rəmzidir
Müasir
müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu
olan ulu öndər Heydər Əliyev ölməz şəxsiyyəti
və möhtəşəm dövlətçilik fəaliyyəti
ilə böyük türk dünyasının qəhrəman
övladları arasında özünəməxsus yer tutur. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi o,
müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
xalqımızın müstəqillik arzusunun həyata
keçməsinə nail olmaqla yanaşı, həm də
türksoylu və türkdilli xalqlar arasında birlik və həmrəylik
uğrunda qətiyyətli və ardıcıl mübarizə
aparmışdır.
Qürur hissi ilə deyə bilərik
ki, XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycan
xalqının ümummilli lideri olmaqla bərabər Heydər Əliyev
bütövlükdə türk dünyasının birləşməsi
ideyasının gerçəkləşməsi uğrunda
mübarizəyə öndərlik etmişdir.
İstər ictimai-siyasi, istərsə də
iqtisadi-mədəni həyatında gerilik hökm sürən
respublikamızda əsl dirçəliş dövrünün
başlandığı 1969-cu ildə hakimiyyətə gələrkən
Heydər Əliyev, ilk növbədə, xalqımızın
milli mənliyinin yüksəldilməsi və
özünün zəngin tarixi, milli mənəvi
qaynaqlarından fəal istifadə etməsi istiqamətində
məqsədyönlü tədbirlər görməyi vacib
saymışdır. Onun təşəbbüsü ilə
geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi
islahatlar respublikamızda müsbətə doğru radikal dəyişikliklərə
təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat sahəsində
nailiyyətlər əldə olunmuş, mədəniyyətin
yüksəlişi və milli mənəvi dəyərlərin
dirçəlişi istiqamətində mühüm
addımlar atılmışdır. Həmin illərdə Heydər
Əliyevin idarəetmə fəlsəfəsinin başlıca
ideya istiqamətini milli özünüdərkin güclənməsinə
imkan verən sürətli inkişaf strategiyası təşkil
etmişdir.
Heydər Əliyev həmin dövrdə
özünün dövlət idarəçiliyi strateji
proqramında mədəni və mənəvi intibahı həmişə
iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək,
vahid məcrada həyata keçirmişdir. 1969-1982-ci illərdə
həyatımızın bütün sahələrində
baş vermiş köklü dəyişikliklər öz
miqyasına görə Azərbaycanın quruculuq salnaməsində
ən dolğun səhifələri təşkil edir. Ölkəmizin
müstəqilliyinin və dünya iqtisadiyyatına dərin
inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli
Heydər Əliyev tərəfindən həmin illərdə
yaradılmış potensiala əsaslanır.
Ulu öndər respublikanın rəhbəri
seçildikdən az sonra indiki Bakı Dövlət
Universitetində keçirdiyi yığıncaqda, əvvəlki
birinci şəxslərdən fərqli olaraq, öz ana dilində
nitq söyləməklə Azərbaycan türk dilinin qorunub
saxlanmasının və zənginləşdirilməsinin
xalqımızın gələcəyi üçün nə
qədər önəmli olduğunu göstərmişdir.
Heydər Əliyev yaxşı bilirdi ki, milli müstəqillik
məfkurəsi milli şüur və dil amili ilə
birbaşa bağlıdır. 1970-80-ci illərdə Azərbaycanın
türkologiya elminin mərkəzinə çevrilməsi, Azərbaycan
SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin
respublikanın dövlət dili kimi təsbit edilməsi bu sahədə
həyata keçirilən uzaqgörən və məqsədyönlü
siyasətin nəticəsi idi.
Həmin illərdə Azərbaycanın
rəhbəri kimi Heydər Əliyev respublikamızın
Türkiyə ilə həm elmi, həm də mədəni-humanitar
əlaqələrinin bərpa edilməsi və genişləndirilməsi
məsələlərinə mühüm əhəmiyyət
verir, bu sahədə mövcud olan problemlərin aradan
qaldırılması üçün özünün
İttifaq rəhbərliyi yanındakı nüfuzundan maksimim
dərəcədə istifadə etməyə
çalışırdı. Azərbaycanın məşhur
musiqiçilərinin Türkiyəyə qastrol səfərlərinin
təşkili üçün mərkəzi hakimiyyətdən
razılıq almaq heç də asan məsələ deyildi.
Eyni zamanda, Azərbaycanda keçirilən
müxtəlif mədəni-kütləvi tədbirlərdə
ittifaq tərkibindəki türkdilli respublikaların nümayəndələrinin
fəal iştirakı, onların incəsənət
ustalarının, musiqi kollektivlərinin
çıxışları eyni genetik kökü olan
xalqların daha da yaxınlaşmasında əvəzsiz rol
oynayırdı. Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanda türkdilli xalqların və respublikaların
mədəniyyət günlərinin keçirilməsi ənənə
halını almışdı. Həmin illərdə Azərbaycanda
qazax şairi və filosofu Abay Kunanbayevin, məşhur
qırğız eposu “Manas”ın, türk dünyasının
şah əsərlərindən olan “Kitabi-Dədə Qorqud”un
yubileylərini yüksək səviyyədə keçirilməsi
ümumtürk mədəniyyətinin inkişafına layiqli
töhfə olmuşdur.
Türkiyə və türkdilli
respublikalarla ədəbiyyat sahəsində əlaqələrin
fəallaşması da ulu öndərin daim diqqət mərkəzində
olmuşdur. Mən həmin dövrdə yazıçı və
şairlərimizin Türkiyəyə yaradıcılıq səfərləri
barədə respublika mətbuatında dərc etdirdikləri təəssüratları,
həmçinin tanınmış türk şair və
yazıçıların dilimizə
uyğunlaşdırılmış əsərlərini gənclərin,
ziyalıların necə böyük həvəslə
oxuduqlarının şahidi olmuşam, özüm də belə
yazıları maraqla oxumuşam. Hələ sovet
dövründə türkçülüyün fəal təbliğatçısı
olan qazax şairi Oljas Süleymenovun, dünya şöhrətli
yazıçı Çingiz Aytmatovun Azərbaycanla sıx əlaqələri
məhz Heydər Əliyevin təşəbbüsü və
qayğısı sayəsində yaranmışdır.
Ümumtürk mədəniyyətinin tərkib
hissəsi kimi Azərbaycan mədəniyyətinin
inkişafına və zənginləşməsinə ulu
öndər Heydər Əliyevin müstəsna xidmətləri
isə cild-cild əsərlərin mövzusu ola bilər. Mən
bu sahədəki möhtəşəm fəaliyyətinin bəzi
faktlarını, sadəcə, təkrarlamaq istərdim.
1976-cı ildə Azərbaycanın Mədəniyyət
Nazirliyi respublikamızda kino çəkilişinə
başlanmasının 60 illiyini qeyd etmək istəyəndə
SSRİ mədəniyyət naziri birbaşa buna etiraz etmiş
və hətta demişdi: “Bununla demək istəyirsiniz ki, guya
sizdə mədəniyyət Rusiyadan daha qabaq
başlamışdır?” Bu məsələ Heydər Əliyevin
işə qarışması ilə öz həllini
tapmış, keçmiş SSRİ-də ilk bədii filmlərdən
olan “Neft və milyonlar səltənəti” filminin 60 illik
yubileyi təntənəli şəkildə qeyd edilmişdir.
Başqa bir fakt: Heydər Əliyev Azərbaycanın
görkəmli memarı Mikayıl Useynova “Əməkdar Memar”
fəxri adının verilməsi barədə məsələ
qaldıranda məlum olur ki, həmin vaxtadək Rusiya
Federasiyasında bir nəfər də olsun,bu fəxri ada layiq
görülməmişdir. Buna görə də mərkəzi
hakimiyyət tez-tələsik bir nəfərə “Əməkdar
Memar” adı verir və bundan sonra M.Useynov da bu fəxri ada layiq
görülür.
Millətimizin azadlıqsevər,
mübariz övladlarının sovet hakimiyyətinin amansız
təqiblərindən qorunması üçün ulu öndərimizin
göstərdiyi fədakarlıqlar heç vaxt unudulmayacaqdır.
Azərbaycanın azadlığı və
bütövlüyü ideyasını tərənnüm edən
böyük şairlərimiz Bəxtiyar Vahabzadə, Xəlil
Rza Ulutürk milli azadlıq hərəkatında müstəsna
xidmətləri olan Əbülfəz Əliyev (Elçibəy)
məhz Heydər Əliyevin şəxsi qayğısı nəticəsində
repressiyadan xilas ola bilmişlər.
Əsərlərində
türkçülük və azərbaycançılıq
ideyalarını möhkəm bir şəkildə birləşdirən
və təbliğ edən, həyatı və
yaradıcılığı ilə türklüyün parlaq
simvolu olan dahi şairimiz Hüseyn Cavidin nakam taleyinə, şəxsiyyətinə
göstərdiyi hörmət və ehtiram ulu öndər Heydər
Əliyevin həm də ümumtürk mədəniyyətinə
verdiyi dəyərin bariz ifadəsi idi.
Üstündən 30 ildən artıq
vaxt keçsə də, Cavidin cənazəsinin uzaq Sibirdən
Azərbaycana gətirilməsi, Bakıdan Naxçıvana
aparılaraq doğma torpağa tapşırılması ilə
bağlı bir cavidsevər kimi keçirdiyim kövrək
hissləri indi də yaşayır, ulu öndərimizin bu
işdəki müstəsna xidmətlərini minnətdarlıq
duyğusu ilə xatırlayıram. Sovet hakimiyyəti
dövründə fövqəladə cəsarət tələb
edən bu nadir hadisə Cavid yaradıcılığını
mükəmməl bilən, onun əsərlərini sevən
ulu öndər Heydər Əliyevin misilsiz şücaəti
sayəsində baş verə bilmişdir. Məhz onun şəxsi
təşəbbüsü və rəhbərliyi ilə o vaxt
Cavidin 100 illik yubileyinin qeyd edilməsi barədə rəsmi qərar
verilmiş, böyük ədibin nəşinin Vətənə
gətirilib yenidən dəfn olunması, ona abidə
ucaldılması barədə tapşırıqlar da bu qərara
salınmışdı. 1982-ci ildə Cavidin nəşi
doğma Naxçıvana gətirilib dəfn edilsə də,
onun üzərində xatirə abidəsinin ucaldılması
ləngimişdi. Ulu öndərimiz müstəqil Azərbaycan
dövlətinə rəhbərlik etməyə başlayandan
bir qədər sonra - 1995-ci ildə Cavidin məqbərəsinin
və ev muzeyinin yaradılması ilə əlaqədar
xüsusi müşavirə keçirdi və möhtəşəm
məqbərənin inşası ilə bağlı konkret
tapşırıqlar verdi. 1996-cı ildə təntənəli
açılışı olmuş bu məqbərədə
indi Hüseyn Cavidlə birlikdə onun əzizləri
Müşkünaz xanım, Ərtuğrul, Turan xanım da əbədi
uyuyurlar.
“Hüseyn Cavid Azərbaycan
xalqını, onun mədəniyyətini, ədəbiyyatını,
elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən
biridır. Hüseyn Cavidin yaratdığı əsərlər
Azərbaycan xalqının milli sərvətidir” - ulu öndərimizin
bu dəyərli sözləri türkçülüyün
alovlu təbliğatçısı olan böyük Cavidə
məhəbbət və ehtiramın ifadəsidir.
Ulu öndərimiz milli hərbçi
kadrların hazırlanması üçün elə möhkəm
bir zəmin yaratmışdır ki, müstəqil Azərbaycanın
bu gün regionun ən güclüsü olan ordusu məhz bu zəmin
üzərində formalaşmışdır.
Heydər Əliyev 1969-cu ildə Azərbaycana
rəhbər seçilərkən Bakıda iki ali hərbi məktəb
- Ali Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi
Dənizçilik Məktəbi fəaliyyət göstərir,
bu məktəblərdə cəmi 5-6 nəfər azərbaycanlı
təhsil alırdı. O, çox tezliklə - 1971-ci ildə
Bakıda ilk hərbi internat məktəbinin
açılmasına və bu təhsil ocağına qəhrəman
sərkərdəmiz C.Naxçıvanskinin adının verilməsinə
nail oldu. Beləliklə də, azərbaycanlıların
yeniyetmə yaşlarından hərb sənətinin sirlərinə
yiyələnməsinə, gələcək müstəqil
dövlətimizin savadlı və milli mənafelərə sədaqətli
zabit korpusunun formalaşmasına zəmin yarandı.
Heydər Əliyevin idarəçilik istedadı,
tükənməz enerjisi və misilsiz
işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət
başçılarından biri kimi fəaliyyət göstərdiyi
və irimiqyaslı layihələrə rəhbərlik etdiyi
vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür
etdirmişdir. Həmin dövrdə Heydər Əliyev fenomeni
ümumittifaq miqyasında etiraf olunurdu və ittifaqın tərkibindəki
bütün türkdilli xalqlar tərəfindən
böyük məhəbbətlə
qarşılanırdı.
Heydər Əliyevin SSRİ kimi nəhəng
bir dövlətdə rəhbər vəzifəyə təyin
edilməsi həmin dövrdə bütün türk
dünyasında sevinc və qürur hissi doğurmuşdu.
Sovet hökumətində yüksək vəzifədə
işlədiyi, rəhbər siyasi hakimiyyətdə təmsil
olunduğu dövrdə o, türk dünyasına, türkdilli
xalqların taleyinə daim diqqət və qayğı ilə
yanaşmışdır.
Bununla bağlı yaddaşlarda, xatirələrdə
və sənədlərdə yaşayan bir neçə tarixi
faktı xatırlatmaq istərdim.
Keçmiş SSRİ-də baş verən
ekstremal vəziyyətlərdə öz təsirli və
nüfuzlu sözünü deyən dahi türk oğlunun -
Heydər Əliyevin 1986-cı ildə Qazaxıstanda baş verən
hadisələrlə bağlı tutduğu prinsipial mövqe
bu gün qazax xalqının yaddaşında yaşayır.
Qazaxıstanda uzun illər hakimiyyətdə olmuş etnik
türk çoxluğunun nümayəndəsi D.Kunayevin yerinə
rus millətindən olan Kolbinin respublikada birinci şəxs təyin
edilməsinə Heydər Əliyev sərt şəkildə
etirazını bildirmiş, qazax xalqının layiqli
övladları arasında respublikaya başçılıq
edə biləcək yetərincə istedadlı və qabiliyyətli
kadrların olduğunu bildirmişdi. O zaman SSRİ-yə rəhbərlik
edən M.Qorbaçov və onun imperiya xislətli digər tərəfdaşları
Heydər Əliyevin bu cəsarətini, əlbəttə,
özlərinə qarşı hörmətsizlik hesab
etmiş, böyük türk oğlunun siyasi yüksəlişinin
qarşısını almaq üçün müxtəlif məkrli
planlar qurmuş, nəhayət, bir il sonra onu məcburən
siyasi fəaliyyətdən uzaqlaşdırmağa nail
olmuşdular.
Sonralar həyat sübut elədi ki,
bütün dahiyanə fikir və ideyaları kimi, Heydər Əliyevin
Qazaxıstanda istedadlı milli kadrlar olması barədə bəyanatı
da tam əsaslı olmuşdur: həmin dövrdə bu
respublikaya rəhbər seçilən N.Nazarbayev 20 ildən
artıqdır ki, müstəqil dövlətə böyük
uğurla başçılıq etməkdədir.
Ulu öndər Heydər Əliyev
1984-1985-ci illərdə Bolqarıstanda əhalinin 10 faizə qədərini
təşkil edən 1 milyondan artıq türkün
bolqarlaşdırılması, onlara bolqar adlarının və
soyadlarının verilməsi siyasətinin əleyhinə
açıq çəkildə etirazını bildirmiş,
“bolqar kommunistlərinin lideri” Todor Jivkovun bu millətçi,
şovinist qərarının ciddi fəsadlar
doğuracağı barədə sovet dövlətinin rəhbərliyini
xəbərdar etmişdir. T.Jivkov türk əhalinin artım
sürətindən qorxaraq, M.Qorbaçovu inandırmağa
çalışırdı ki, bu artım son nəticədə
Bolqarıstanın da Kipr kimi bölünməsinə gətirib
çıxaracaqdır. Tarixin gedişi bu məsələdə
də Heydər Əliyevin uzaqgörənliyini sübuta
yetirdi: türklərin kütləvi şəkildə
bolqarlaşdırılması baş tutmadı və bu
kommunist dövləti də süquta uğradı!
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan
xalqına qarşı törədilən 1990-cı il
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyevin
verdiyi kəskin bəyanatla böyük türk millətinin
bir parçası olan xalqımızın tarixində yeni
siyasi dövr başlanmışdır. Heydər Əliyevin
böyük siyasətdən müvəqqəti
uzaqlaşdırılması hazırda bütün türk
dünyası üçün sağalmayan yaraya
çevrilmiş Qarabağ probleminin yaranmasına səbəb
olmuşdur.
Sonralar Heydər Əliyevin Azərbaycan
parlamentindəki çıxışları, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul
etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin
binası üzərində üçrəngli
bayrağımızı ucaltması bütün türk
xalqlarının arzusu olan suverenliyin qazanılması istiqamətində
atılmış ilk addımlar kimi tarixin yaddaşına
yazılmışdır.
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən az sonra, xarici təzyiqlər və daxili
çəkişmələr nəticəsində 1993-cü
ilin iyununda vətəndaş qarşıdurması ilə
üz-üzə qaldığı bir vaxtda xalqımız
öz taleyini yalnız Heydər Əliyevə etibar
etmişdir. Onun təkidli istəyi ilə hakimiyyətə
qayıdan Heydər Əliyev siyasi təcrübəsi,
uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində
ölkəni vətəndaş müharibəsi təhlükəsindən
və ictimai-siyasi pərakəndəlikdən qurtarmış,
qanunçuluğu bərpa etmiş və cəmiyyəti vahid
məfkurə ətrafında birləşdirmişdir.
Hələ Naxçıvana rəhbərlik
edərkən Türkiyə ilə birbaşa əlaqələr
quran, blokada şəraitində yaşayan müxtar respublika əhalisinin
həyat şəraitinin təmin edilməsində qardaş
dövlətin imkanlarından istifadə edən, o dövrdə
Türkiyə hökumətinə başçılıq edən
Süleyman Dəmirəllə dostluğunu daha da möhkəmləndirən
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə
başladığı vaxtdan ümumtürk ideyalarının
həyata keçirilməsi yolunda məqsədyönlü
addımlar atmışdır.
Ulu öndər xarici siyasətdə ilk
gündən Türkiyə ilə əməkdaşlığı
önə çəkmişdir. Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkə dərin hörmət və
ehtiram bəsləyən Heydər Əliyev türk xalqları
arasında öz dövrünün Atatürkü kimi
tanınmışdır.
Biz hamımız yaxşı bilirik ki,
türk dünyasının bu iki dahi şəxsiyyəti
türk xalqlarının birlik və həmrəyliyinin
möhkəmlənməsinə fədakarlıqla xidmət
etmişlər. Heydər Əliyev demişdir: “Atatürkün
şəxsiyyəti, onun yaratdığı Türkiyə
Cümhuriyyəti mənim üçün örnəkdir”.
Mustafa Kamal öz ömrünü böyük türk millətinin
istiqlalına həsr etidiyi kimi, Heydər Əliyev də həyatını
Azərbaycanın müstəqillik və
azadlığının dönməzliyinin təmin
olunmasına həsr etmişdir. Ulu öndərimizin “Azərbaycan-Türkiyə:
bir millət - iki dövlət” şüarı bu gün də
iki qardaş dövlətin qarşılıqlı etimada əsaslanan
sıx əlaqələrinin leytmotividir.
Heydər Əliyevlə dostluğundan hər
zaman fəxrlə söz açan Türkiyənin doqquzuncu
prezidenti Süleyman Dəmirəlin sözləri
yaddaşımıza həkk olunmuşdur: “Azərbaycan
xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev
kimi lideri var” .
Bütün türk dünyasının
lideri olduğunu Heydər Əliyev Dünya azərbaycanlılarının
I qurultayını təşkil etməklə bir daha sübuta
yetirmişdir. 36 ölkənin təmsilçilərinin
iştirak etdiyi bu möhtəşəm tədbir
türkçülük ideyasının təkmilləşdirilməsində
müstəsna əhəmiyyət kəsb etmişdir.
Bakıda 1996-cı ildə Türk Dünyası
Yazıçılarının III Qurultayının
keçirilməsi də ulu öndər Heydər Əliyevin təşəbbüsü
olmuşdur. Qurultayda ümumtürk ədəbiyyatının
tarixi nailiyyətləri və gələcək vəzifələri
barədə geniş tarixi nitq söyləyən Heydər Əliyev
türkdilli xalqların, ölkələrin
yazıçılarının gündən-günə
bir-birinə yaxınlaşacağına bir-birinə kömək
edəcəyinə, xalqlarımızın ədəbiyyatını,
mədəniyyətini, keçmişini, bu gününü
daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər
yaradacağına əminliyini bildirmişdir.
Heydər Əliyevin yeni neft
strategiyasının həyata keçməsi - “Əsrin
müqaviləsi”nin imzalanması Azərbaycanın mənafeyi
ilə yanaşı türk birliyinin maraqlarını nəzərə
almışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin çəkilişində daim
Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan
dövləti layihələrin gerçəkləşməsində
də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə
dəstəkləmişdir. Bu kəmərlərin keçməsi
üçün digər alternativ yollar təklif edilsə də,
Heydər Əliyev öz sözünün üstündə
dayanaraq bu məsələni böyük türk
dünyasının zənginləşməsi nöqteyi-nəzərindən
həll etmişdir.
Türk dünyasının birliyi və
həmrəyliyi ulu öndərin layiqli davamçısı
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də
möhtəşəm dövlətçilik fəaliyyətinin
mühüm istiqamətlərindəndir. Dövlətimizin
başçısının “Biz bir-birimizi daim dəstəkləməliyik.
Hər bir türkdilli ölkənin problemi digərlərinin
probleminə çevrilməlidir” sözləri türk
dünyasında qarşılıqlı əməkdaşlığın
qlobal əhəmiyyətini gözəl ifadə edir. Bu yaxınlarda
Türkiyə ilə Azərbaycan arasında Prezident İlham Əliyevin
təşəbbüsü ilə imzalanmış TANAP layihəsi
də türk xalqlarını daha da birləşdirir, ölkələrimizə
əlavə maliyyə resursları gətirir.
Türk dünyasında əməkdaşlıq,
birlik və həmrəyliyin daha bir nümunəsi
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişidir.
Möhtərəm Prezidentimiz demişdir: “Bu dəmiryolunun
tikintisi ölkələrimiz üçün,
xalqlarımız üçün regional əməkdaşlıq
üçün lazımdır. O, Türkiyəni Azərbaycanla
dəmiryolu vasitəsilə birləşdirəcək.
Türkiyəni Orta Asiya ilə, Qazaxıstanla dəmiryolu vasitəsilə
birləşdirəcəkdir və bütünlükdə
Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu layihə
bölgədə ancaq və ancaq sabitliyin, sülhün
möhkəmlənməsinə gətirib
çıxaracaqdır”.
Bu gün türk dövlətlərinin
və xalqlarının birliyinin avanqardına çevrilən,
bu birliyin daha da möhkəmlənməsinə xidmət edən
bir-birindən önəmli tədbirlərə ev sahibliyi edən
Azərbaycanın Prezidenti İlham Əliyev türk
dünyasının ən yaxşı liderlərindən biri
kimi sevilir, öz praqmatik və çevik siyasəti ilə
türk xalqlarının inkişafına misilsiz töhfələr
verir. İstanbulda türkdilli ölkələrin dövlət
başçılarının X zirvə
görüşündə dövlətimizin
başçısının
çıxışındakı bu sözlər onun türk
xalqlarının təkcə siyasi, iqtisadi və mədəni
baxımdan deyil, həm də çoğrafi cəhətdən
bağlılığı barədə arzularını dəqiq
ifadə edir: “Türk dünyası böyük
dünyadır. Vaxtilə türk dünyasının qədim
və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin
Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində
türk dünyası arasında olan coğrafi bağlantı
pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər
o tarixi ədalətsizlik törədilməsəydi, bu gün
vahid türk dünyası coğrafi baxımdan da bir məkan
kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən
təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən
aramızdakı münasibətlərdir,
qardaşlığımızdır, ortaq
keçmişimizdir, bu günümüzdür. İyirmi ilə
yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər
kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz
gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları
quruldu. Bu gün Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan
kimi ölkələr öz növbəsində Türkiyəni
gücləndirir, necə ki, böyük və güclü
Türkiyə bizi gücləndirir. Bizim gücümüz
bizim birliyimizdədir. Biz çalışmalıyıq ki,
bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.
Ulu öndər Heydər Əliyevin də
türk dünyası ilə bağlı ümdə arzusu, istəyi
bu idi və həmin arzuların gerçəkləşəcəyinə
inanırıq!
Nəhayət, onu da qeyd edim ki, Bakı
metropolitenində fəaliyyət göstərən, ulu öndərin
irsini öyrənən və təbliğ edən “Heydər Əliyev
məktəbi”nin bu yaxınlarda keçirilmiş növbəti
məşğələsində belə təklif irəli
sürülmüşdür ki, bu dahi türk oğlunun
doğum günü 10 may - respublikamızda rəsmi
ümumxalq bayramı elan edilsin. Biz kollektivimizin arzusunu
müvafiq instansiyalara çatdıraraq qeyd etmək istərdik
ki, bu təklifin dəstəklənməsi ölkəmizin
bütün vətəndaşlarının ürəyincə
olacaqdır.
İki
sahil.- 2013.- 16 aprel.- S.14; 16.