Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir

 

YAP Gənclər Birliyi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bölgə gənclərinin iştirakı ilə paytaxt Bakıda silsilə tədbirlərin keçirilməsinə start verdi

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən tədbirlər proqramı hazırlanıb. Bu proqram çərçivəsində YAP Gənclər Birliyi mühüm layihələr həyata keçirir. Belə ki, YAP Gənclər Birliyi  tədbirlər proqramına uyğun olaraq  bölgə gənclərinin iştirakı ilə paytaxt Bakıda silsilə tədbirlərin keçirilməsinə başlayıb.

 

Aprelin 13-də həmin layihə çərçivəsində qərb bölgəsindən olan gənclər   Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin  məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət etdilər. Gənclər  Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Heydər Əliyev Fondunda olarkən gənclərə bir daha çatdırıldı ki, Fond dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.  2004-cü ildən  fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Gənclər Fondda “Böyük ömrün anları” filmini izlədilər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq da gənclərdə xoş təəssürat yaratdı. Bildirildi ki, Mərkəz  ümummilli lider Heydər Əliyevin dövlətçilik  fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.

Tədbir iştirakçıları  daha sonra YAP Gənclər Birliyinin ofisində Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova ilə görüşdülər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar  YAP Gənclər Birliyi silsilə tədbirlərə başlayıb. Bu tədbirlər silsiləsindən biri də  bölgə gənclərinin paytaxta, paytaxt gənclərinin isə  bölgələrə səfəri, qarşılıqlı, sıx münasibətlərin qurulmasıdır. Gənclərin bir-biri ilə fikir mübadiləsi apararaq, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun təhlilini aparmaları,  təbii ki, təqdirəlayiq haldır. “Artıq iki həftədir ki, layihəyə start verilib. Bu gün (aprelin 13-də) qərb bölgəsinin gəncləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdular.”

O da bildirildi ki, gənclərin Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova ilə görüşündə də məqsəd onun Heydər Əliyevlə bağlı düşüncələrinin gənclərlə  bölüşməsi, keçilən yolun  aydın  mənzərəsini onların diqqətinə çatdırmaqdır. Heydər Əliyevin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Bu ideyalar əsasında Azərbaycan inkişaf yolunda inamla irəliləyir, gələcəyə böyük inamla baxır. Qarşıdakı on il üçün müəyyənləşdirilən hədəflər sırasında Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyi də  möhkəm təmələ əsaslanır. Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində  Azərbaycanı daha böyük uğurlar gözləyir. Dövlət başçısı İlham Əliyevin  sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının beynəlxalq ekspertlər tərəfindən də  davamlı inkişaf çağırışları üçün  bir yol xəritəsi kimi dəyərləndirilməsi də ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurlardan qaynaqlanır. Azərbaycanın yolu inkişaf, tərəqqi, demokratiya yoludur. Sözsüz ki, bu uğurlarımız gənclərdə böyük qürur hissi yaradır.  Bu gün  sıralarında 600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizini gənclər təşkil etməsi də onların Heydər Əliyev ideyalarına sədaqətindən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bu gününə və gələcəyinə inam hissindən irəli gəlir. Azərbaycan gəncləri artıq dünyada öz sözünü deməyə başlamışdır. İstər diaspor fəaliyyəti sahəsində, istərsə də  daxili siyasətdə gənclərin  fəaliyyəti artır. Elmdə, təhsildə gənclər aparıcı qüvvəyə çevriliblər. Böyük qürur duyuram ki, avanqard gəncliyin  fəalları da Yeni Azərbaycan Partiyasının sıralarındadır. Bu, böyük uğurdur.

YAP İdarə Heyətinin üzvü Bahar Muradova gəncləri salamlayaraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının əvvəlki qərargahı  gənclərin ixtiyarına verilib. “Bu bina qəlbimizdə böyük xatirələrlə qalan binadır. YAP yarandığı gündən çox böyük yol keçib. Partiyanın yaradıcıları, ideya müəllifləri  Azərbaycanın müstəqilliyini istəyən  insanlar idi. Bu insanlar da qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinin yeganə  yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər.  Bunun üçün də lazım olan addımları atdılar. Bizim gəncliyimiz o zamanlara təsadüf edirdi. Mənə elə gəlirdi ki, o zaman bizim qarşımızda qalın qala divarları belə gücsüzdür. Biz özümüzdə o gücü, o əzmi, cəsarəti hiss edirdik. Ona görə ki, Azərbaycan xalqının o çətin durumunda səsinə Heydər Əliyev səs vermişdir. Biz ideyamızın, tutduğumuz yolun, əqidəmizin düzgünlüyünə əmin idik. Ümummilli lider Heydər Əliyevin dəstəyini hiss edirdik. Ona görə bizdə böyük inam var idi ki,  Azərbaycan dövlətini təhdid edən, bu xalqı ağır bəlalara düçar etmək istəyən dairələrin, onların bizə yönəlmiş fəaliyyətinin qarşısında gücə malikik. Bu gücün qarşısında heç nə dayana bilməz.”

“İndi siz xoşbəxt gəncliksiniz” söyləyən B.Muradova qeyd etdi ki, siz siyasi fəaliyyətə belə bir partiyanın sıralarında başlamısınız. “Elə bir zamanda başlamısınız ki, partiya qarşısına qoyduğu vəzifələrə geniş miqyasda nail olmağa başlayıb. Azərbaycan dövləti artıq güclü dövlətdir. Ölkəmiz iqtisadi, siyasi cəhətdən güclü, mənəvi cəhətdən qüdrətlidir. Ona görə ki, çox möhtəşəm bir siyasi  qüvvə öndədir. Çox mütərəqqi ideya ilə silahlanıb. O, Azərbaycanın gələcəyinə yönəlmiş Heydər Əliyev yoludur, Heydər Əliyev ideyalarıdır. Məhz bu zəmində siyasi fəaliyyətə başladığınız üçün siz gəncləri xoşbəxt gənclər hesab edirəm. Siz çox möhkəm təməl üzərində dayanmısınız. Bu təməl Azərbaycanın qüdrətli gələcəyini şərtləndirir. Hesab edirəm ki, siz bu gün yaradılan şəraitdən istifadə edərək öz potensialınızı reallaşdırmaq üçün bir  mühit, çərçivə, təşkilat  əldə edirsinizsə, Yeni  Azərbaycan Partiyası da sizin timsalınızda özünün yeni-yeni üzvlərini, yeni gücünü hiss edir və bu birlik, vəhdət Azərbaycanı mütləq inkişafa doğru aparır. Sizin  istinad edəcəyiniz çox böyük təməllər var. Bu, Azərbaycanın ilk növbədə milli mənəvi dəyərləridir, tarixidir, mədəniyyətidir, siyasi və hüquqi təfəkkürüdür, Heydər Əliyev şəxsiyyətidir, onun yaratdığı partiyadır.”

B.Muradova qeyd etdi ki, bu günün gənclərinin hərtərəfli imkanları var ki, özünü bu təşkilat daxilində daha yaxşı tapsın, öz potensialını reallaşdırmaq imkanı əldə etsin, Azərbaycan xalqına və dövlətinə xidmət göstərsin.

B.Muradova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışdı. Bu fikir dönə-dönə səsləndi ki, möhkəm təmələ əsaslanan siyasət ölkəmizi inkişafa, tərəqqiyə aparır. Hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən Azərbaycanın qarşısında yeni imkanlar açılır. Bu imkanlar isə yeni hədəflərin müəyyənləşdirilməsini zərurətə çevirir.

Diskussiya şəklində davam edən görüşdə gəncləri maraqlandıran  suallar cavablandırıldı, dahi şəxsiyyətin  zəngin həyat və fəaliyyəti  barədə ətraflı təhlillər diqqətə çatdırıldı. Heydər Əliyevin irsi  Azərbaycan xalqının milli sərvətidir.

 

Gənclərin təəssüratlarından layihənin əhəmiyyəti bir daha açıqlandı

 

Yasin Əhmədov, YAP Gədəbəy rayon təşkilatının sədr müavini:

- Heydər Əliyev ideyaları Azərbaycanı inkişafa aparır. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında birləşməklə öz potensialımızı ortaya qoymaq üçün bir meydan əldə edirik. Hər bir gənc ölkəmizin uğurları ilə qürur duyur. Bu il keçiriləcək prezident seçkilərində fəal iştirakımızla Heydər Əliyev siyasətinə, onun davamçısı Prezident İlham Əliyevə dəstək olacaq, Azərbaycanan uğurlu sabahı üçün birgə addımlayacağıq.

Müşviq Əliyev, YAP Tovuz rayon təşkilatının üzvü:

- Dövlətin, YAP-ın gənclərə diqqət və qayğısı biz gənclərə daha səylə çalışmağa stimul verir. Bugünkü layihəni də gənclərə diqqətin bir tərkib hissəsi kimi dəyərləndiririk. Gənc nəsil Heydər Əliyev irsini öyrənməli, Azərbaycanın gələcəyi naminə səylə çalışmalıdır.

Gənclərin ümumi fikri bu oldu ki,  Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir. Qarşıda bizi daha möhtəşəm uğurlar gözləyir. 

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2013.- 16 aprel.- S.13.