Çevik və
məqsədyönlü xarici siyasət
Dövlət
başçısı İlham Əliyev Nazirlər Kabinetinin
2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında qazanılan uğurların
fonunda bu reallığı bir daha diqqətə
çatdırdı ki, Azərbaycan dünya mərkəzlərindən
birinə çevrilib
Nazirlər Kabinetinin
2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkəmizin ayrı-ayrı
sahələrdə qazandığı uğurları əsaslı
şəkildə diqqətə çatdıran dövlət
başçısı İlham Əliyev bu əminliyi ifadə
etmişdir ki, cari ildə görüləcək işlər
Azərbaycanı daha da böyük nailiyyətlərə gətirib
çıxaracaq, əməkdaşlıq məkanına
çevirəcək. Ölkəmizin beynəlxalq əhəmiyyətli
tədbirlər üçün əsas məkan seçilməsi
artan nüfuzunun, siyasi çəkisinin təsdiqidir. Bu
günlərdə Bakıda keçirilən Ümumdünya
İqtisadi Forumu bir daha Azərbaycanın malik olduğu
imkanların dünyaya təqdimatında əhəmiyyətli
rol oynadı.
Prezident
İlham Əliyev müşavirədə bu məsələni
xüsusi vurğuladı: “Bu Forum məhz Bakıda
keçirilibdir. Yəni beynəlxalq aləm də Bakını regional mərkəz
kimi tanıyır. Bu,
reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək
istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və
artıq görülən işlər də regional çərçivələrdən
çoxdan çıxıbdır.
Azərbaycanda həll olunan məsələlər, qəbul
edilən qərarlar nəinki regionun inkişafına, qitədə
gedən bəzi proseslərə də öz təsirini
göstərir. Biz artıq ciddi beynəlxalq amilə
çevrilmişik. Siyasi təşəbbüslər bizim
razılığımız olmadan, bizim maraqlarımız təmin
edilmədən öz həllini tapa bilir.”
Xarici
siyasəti daxili siyasətin məntiqi davamı kimi dəyərləndirən
dövlət başçısı İlham Əliyev çevik və məqsədyönlü
siyasətin ölkəmizin daha
da güclənməsinə yönəldildiyini bildirir. Azərbaycanın
155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin
ayrı-ayrı sahələrdə qazandığı
uğurların təqdimatı olmaqla yanaşı, həm də
ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın bugünkü səviyyəsinə
işıq saldı. Təbii ki, 155 ölkənin dəstəyi,
eyni zamanda 155 ölkənin Azərbaycanla əməkdaşlığına
işarədir. Bu inamın əsasında ölkəmizin 21
illik müstəqillik tarixində keçdiyi uğurlu yol, əldə
etdiyi təcrübə, bir sözlə, beynəlxalq səviyyədə
təsdiqlənən və yüksək dəyərləndirilən
inkişaf modeli dayanır.
Ölkə
Prezidenti İlham Əliyev daim
vurğulayır ki, dünya dəyişir,
dünyada cərəyan edən proseslər müxtəlif istiqamətdə
inkişaf edir. Ancaq təbiətin
ümumi qanunları dəyişmir. Müstəqil
ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır.
Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan
xalqının iradəsinə əsaslanır: “Bizim bu illər
ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik.
Müstəqillik sadəcə olaraq
dövlət atributları
deyildir. Müstəqillik o deməkdir
ki, ölkə müstəqil
siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük
güc mərkəzlərinin maraqlarının kəsişdiyi
bir coğrafi məkanda yerləşən ölkələr
üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii
sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və
aparacaqdır.”
Ölkəmizin
bu gün dünyada yeri və rolunun artması, beynəlxalq
münasibətlər sisteminin ən fəal üzvü kimi
nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir
ki, iqtisadi müstəqillik siyasi müstəqillik
üçün əsasdır: “Müstəqilliyi
qoruyacağıq və möhkəmləndirəcəyik. Bunu
etmək üçün bizim güclü
iqtisadiyyatımız olmalıdır.” Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
ötən dövr ərzində
iqtisadi sahədə
inqilabi islahatlar aparılıb. Bunu sosial-iqtisadi göstəricilər
də təsdiqləyir. Təkcə cari ilin birinci rübündə ümumi
daxili məhsul 3,1 faiz, qeyri-neft sektoru 11,4 faiz artıb.
İnflyasiya cəmi 1,2 faiz təşkil edir. Regional inkişaf
proqramlarının uğurlu icrası nəticəsində
2004-cü ildən bu günə qədər bir milyon yüz mindən artıq
yeni iş yeri açılıb ki, bunun da 30 mini cari ilin
birinci rübündə yaradılıb. Əhalinin pul gəlirləri təxminən 6 faiz artıb. Ünvanlı sosial
yardım proqramı icra edilir. 123 min ailə dövlətdən
bu yardımı alır. Yoxsulluq səviyyəsi son on ildə
50 faizdən 6 faizə enib. Dövlət
başçısının vurğuladığı kimi,
ölkəmizdə aparılan
iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya
iqtisadiyyatına inteqrasiya siyasəti xarici sərmayə
qoyuluşuna gətirib
çıxarıb. Cənab İlham Əliyev bu məsələdə
beynəlxalq kredit agentliklərinin reytinqlərinin də az rol
oynamadığını bildirir: “Çünki
dünyanın aparıcı kredit agentlikləri keçən
il Azərbaycanın kredit reytinqlərini artırmışlar.
Bu da, deyə bilərəm ki, müasir dünya
üçün çox nadir bir məsələdir. Çünki
inkişaf etmiş ölkələrin bəzilərinin reytinqləri
aşağı salınır, Azərbaycanın kredit reytinqləri
isə yuxarı qaldırılır və bu da
aparılmış iqtisadi islahatların nəticəsidir.”
İqtisadi qüdrətini günbəgün artıran Azərbaycan
regionda və dünyada söz sahibi olduğunu təsdiqləyir. Bu gün ölkəmizin
beynəlxalq aləmdə təşəbbüsləri
gerçəkləşdirən ölkə kimi
tanınması, hansısa bir iqtisadi və siyasi layihənin Azərbaycanın
iştirakı olmadan həyata keçirilməsinin
mümkünsüzlüyü uğurlu siyasətin məntiqi
nəticəsidir.
Müşavirədə
Azərbaycanın beynəlxalq arenada
əldə etdiyi uğurlardan geniş bəhs edən
dövlət başçısı İlham Əliyev ölkəmizin
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsini ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisi kimi dəyərləndirərək bildirdi ki, dövlətimiz qurumda bütün məsələlərlə
bağlı öz prinsipial
sözünü deyir. Dövlətin
xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində də dəyişməz mövqe müstəqil
siyasətin, beynəlxalq
hüquq normalarına hörmətlə yanaşmanın təsdiqidir. Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməklə
Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli
imkanlarını artırdı. Dövlət
başçısı İlham Əliyev bildirir ki, bizim
mövqe ədalətli və beynəlxalq hüquq normalarına
əsaslanan mövqedir. Bu mövqedən bir addım da geri
çəkilməyəcəyik. Hər gün, hər ay Azərbaycanı
qələbəyə yaxınlaşdırır.
İşğalçı Ermənistan ölkəmizlə rəqabət
aparmaq imkanında deyil. Ermənistanın əsas ümidi
xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına
və bəzi başqa ölkələrin dairələrinədir.
İşğalçılıq siyasəti ucbatından
bütün enerji layihələrindən təcrid olunan Ermənistan
iqtisadi böhran içərisində çapalayır.
Ölkədən kütləvi tərketmələr intensiv
xarakter alıb.
Dünyanın
ikili siyasətinin yaratdığı problemlərdən
biri Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması prosesinin
uzanmasıdır. İşğalçı ölkənin
beynəlxalq təşkilatların qərar və qətnamələrinə
məhəl qoymaması və bunun
qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi
daha böyük iddialarla yaşamasına stimul verir. Rəsmi
Bakı daim bəyan edir ki, Azərbaycanın ərazi
bütövlüyü, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən
müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi
bunu nə qədər tez başa düşsə və
maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə,
bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar.
Münaqişənin
həllində ATƏT-in vasitəçilik missiyasını
yerinə yetirməsinə baxmayaraq rəsmi Bakı
bütün beynəlxalq təşkilatların
potensialından səmərəli istifadə etmək niyyətini
hər zaman ortaya qoyur.
İşğalçı Ermənistan və ATƏT-in
Minsk qrupu həmsədrləri Azərbaycan dövlətinin digər
beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin müzakirəyə
çıxarılmasını
Minsk qrupunun vasitəçilik missiyasından imtina kimi dəyərləndirsələr
də rəsmi Bakı bunun qeyd
olunan məsələyə aidiyyəti
olmadığını bildirir. Mövqe tarixi ədalətə,
həqiqətlərə əsaslananda təbii ki, diplomatik
mübarizədə də üstünlük qazanmaq
asandır. Bu gün dünya haqqın, ədalətin kimin tərəfində
olduğunu görür və mövqeyini
açıqlayır. Münaqişənin həllində
dövlətin mövqeyi, xalqın iradəsi ilə
yanaşı beynəlxalq dəstəyin rolu böyükdür. Xarici siyasətində
beynəlxalq hüququn norma və prinsiplərinə
üstünlük verən, bütün münaqişəli məsələlərin bu çərçivədə həllinə
səy göstərən dövlətimiz daim
işğalçı Ermənistandan beynəlxalq təşkilatların
qəbul etdiyi qərar və qətnamələrə hörmətlə
yanaşmağı, ədalətli
mövqe nümayiş etdirməyi tələb edir.
Müşavirədə də bu məsələyə diqqət
yönəldən dövlət başçısı
İlham Əliyev bildirdi ki, bizim ümidimiz öz
gücümüzdür- Azərbaycan xalqıdır, haqq və
ədalətdir, beynəlxalq hüquqdur və artan
gücümüzdür.
Müşavirədə dövlət
başçısı İlham Əliyev beynəlxalq ictimaiyyətin
məsələnin həllində
fəal iştirakından da geniş bəhs edərək bildirdi
ki, beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə
çatmışıq.
Münaqişənin həlli üçün hərtərəfli
hüquqi baza mövcuddur. BMT, Avropa Şurası, Avropa
Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar Dağlıq Qarabağ
problemi ilə bağlı qərar və qətnamələr
qəbul edib. Bu ondan irəli gəlir ki, dünya tarixi faktlara
söykənir, həqiqəti olduğu kimi qəbul edir və
mövqeyini qəbul olunan qərar və qətnamələrdə
ortaya qoyur.
Ötən
il Azərbaycanın beynəlxalq
uğurlarından biri Qoşulmama
Hərəkatının zirvə görüşündə
120 ölkənin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız və
yalnız ölkələrin ərazi
bütövlüyü çərçivəsində həll
olunmasına dair qətnaməni
qəbul etməsi oldu. “Dünyada 200-dən bir qədər
çox ölkə vardır. Bunlardan
120-si ərazi bütövlüyümüzü dəstəkləyir,
münaqişənin həllini yalnız bu prinsiplər əsasında
görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını,
bəyannamələrini nəzərə alsaq, təbii ki,
NATO-ya üzv olan ölkələr
Qoşulmama Hərəkatının üzvü ola bilməz,
orada da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin
ərazi bütövlüyü prinsipi əsasında həll
olunması açıq şəkildə
vurğulanmışdır. Yəni dünya birliyinin dörddə
üç hissəsi məsələnin
həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında
görür. Əlbəttə, bu, çox ədalətli
mövqedir və məsələnin həlli üçün
başqa mövqe, başqa variant ola bilməz.” Dövlət
başçısı Qoşulmama Hərəkatının
zirvə görüşündə
qəbul olunan qətnaməni böyük siyasi və diplomatik
uğur kimi dəyərləndirərək, bildirir ki, bu sənəd digər beynəlxalq
təşkilatların qəbul etdiyi qətnamələri daha
da gücləndirir.
Ölkəmiz
bu gün dünyada yeni tərəfdaşlar qazanır.
Dövlət başçısı İlham Əliyevin
müşavirədə xüsusi vurğuladığı
kimi, əməkdaşlıq üçün Azərbaycana
böyük maraq vardır. Azərbaycanın
öz xarici siyasətində önəm verdiyi əsas prinsip qarşılıqlı
hörmət və maraqdır.
Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi
fonunda hərbi qüdrətinin artması, diplomatik mübarizədə qələbəsi
Dağlıq Qarabağ münaqişəsinin həllini
yaxınlaşdıran başlıca amillərdəndir. Beynəlxalq
aləmdə əldə olunan uğurların ümumiləşdirilmiş
ifadəsi olaraq bildirildi ki,
xarici siyasətlə bağlı prinsipial mövqeyimiz
bütün istiqamətlər üzrə öz müsbət
nəticələrini verir. Azərbaycan ədaləti bərpa
edəcək və öz ərazi bütövlüyünü
təmin edəcək.
Yeganə Əliyeva
İki sahil.- 2013.- 17 aprel.- S.3.