İradə
Hüseynova: Təhsil xəzinədir, elm onun açarı
Yubilyarımız
professor İradə Hüseynova - 50
Dünya
tarixşünaslığında ulu öndər Heydər Əliyev
haqqında ilk fundamental elmi əsərin - doktorluq
dissertasiyasının müəllifi İradə Hüseynova
ilə həmsöhbətik
Tanıtım
Bakı Dövlət
Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının
müdiri, “Erməni araşdırmaları”
laboratoriyasının rəhbəri, tarix elmləri doktoru,
professor, elm, təhsil və innovasiyaların inkişafında
xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı
laureatı, Azərbaycan Respublikasının Əməkdar
Müəllimi, görkəmli
tarixçi-alim İradə Mehtiqulu qızı Hüseynova 1963-cü il aprelin 19-da
Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə
Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani
şöbəsini fərqlənmə diplomu ilə
bitirmişdir. Namizədlik və doktorluq
dissertasiyalarını müdafiə etmişdir. O, dünya
tarixşünaslığında görkəmli dövlət
və siyasi xadim, ümummilli lider
Heydər Əliyev haqqında ilk doktorluq
dissertasiyasının müəllifidir.
Uzun illər məsul
dövlət vəzifələrində işləmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan
Respublikası təhsil nazirinin müavini təyin edilmiş və
bu vəzifədə 2002-2011-ci illərdə layiqincə
çalışmışdır. Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert
Şurasının üzvü, həmçinin Rusiya
Federasiyası Pedaqoji Akademiyasının, Nyu-York Elmlər
Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi
üzvüdür. Respublika Elmi-metodiki
şuranın Rəyasət heyətinin sədr müavini,
2006-cı ildən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikası - Belarus Respublikası dövlətlərarası
və Azərbaycan ilə Moskva şəhəri arasında
hökumətlərarası komissiyaların üzvü təyin
edilmişdir.
Elm və təhsil sahəsindəki
nailiyyətlərinə görə 2008-ci ildə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən “Əməkdar
Müəllim” fəxri adına layiq
görülmüşdür. İradə Hüseynovanın gənc
elmi kadrların hazırlanmasında da böyük xidmətləri
var. Onun elmi rəhbərliyi
ilə bir sıra gənc alim elmi-tədqiqat işləri
aparmış, dissertasiyalar müdafiə etmişdir və bu
proses bu gün də əzmlə davam etdirilir. 2007-ci ildə
Avropa Komissiyası TEMPUS Fərdi Səfərlər
Qrantının qalibi olmuş və TEMPUS Proqram çərçivəsində
elm, təhsil problemləri ilə bağlı İsveçdə
keçirilən beynəlxalq konfransda elmi məruzə ilə
çıxış etmişdir.
190-dan çox elmi əsərin,
bir sıra monoqrafiyaların və
dərsliklərin müəllifidir. Yeni Azərbaycan
Partiyasının Siyasi Şurasının üzvü, həmçinin
Bakı Dövlət Universitetində YAP Qadınlar
Şurasının sədridir.
Ailəlidir, iki qizi, iki nəvəsi
var.
- İradə xanım, təbii ki,
hər il mühüm hadisələri ilə diqqət
çəkir, yadda qalan olur.
2013-cü il sizin üçün nə ilə əlamətdardır?
- Bu il ilk
olaraq xalqımızın
böyük oğlu, qüdrətli tarixi şəxsiyyət, tanınmış görkəmli ictimai-siyasi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyini təntənə ilə
qeyd edəcəyik. Böyük dühanın,
böyük şəxsiyyətin
ilk elmi tədqiqatçısı kimi deyə bilərəm
ki, 2013-cü il mənim üçün
çox doğma və zəngin ildir.
- Siz
dünya tarixşünaslığında Heydər Əliyev
haqqında ilk doktorluq dissertasiyasının müəllifisiniz.
Vacib məqamı da qeyd edək ki, doktorluq
dissertasiyanızın müdafiəsi ilə Əliyevşünaslıq elminin əsası
qoyulub. Bu barədə fikirlərinizi öyrənmək oxucularımız üçün
maraqlı olardı...
-
Doktorluq dissertasiyam “Müstəqil Azərbaycan dövlətinin
yaranması və möhkəmlənməsində Heydər Əliyevin
rolu” mövzusuna həsr edilmişdir. Bu, nadir tarixi şəxsiyyətin Azərbaycan tarixində çox
böyük xidmətləri olub. Heydər Əliyevin tədqiqatçısı
kimi deyə bilərəm ki, onun hakimiyyətinin hansı
dövrünə nəzər salsaq,
hər bir mərhələ səciyyəvidir,
maraqlıdır, öz xalqı, dövlətinə
bağlılığı ilə fərqlənir. Doktorluq dissertasiyasını
yazarkən, dərk edirdim ki, üzərimə çox
böyük məsuliyyət düşür. Heydər Əliyev
haqqında kimsə elmi əsər yazmaq istəyirsə,
sanballı tədbiqat işi olmasını qarşıya məqsəd
qoyursa, hər şey ölçülüb biçilməli,
arqumentlərə, faktlara, onun gördüyü real işlərə
söykənməlidir. Bu
gün fəxr edirəm ki, dissertasiyamı ulu öndər Heydər
Əliyevin birbaşa xeyir-duası ilə yazmışam. Ulu
öndər tədqiqat işimlə hər zaman maraqlanır,
hansısa bir çətinliyin olub-olmadığını xəbər
alırdı. Onun özü də hər zaman
marağında idi ki, doktorluq dissertasiyası yazılırsa, obyektiv, hərtərəfli, elmi əsaslara
söykənən bir tədqiqat işi olmalıdır.
Dissertasiya işimlə əlaqədar
uzun illər Rusiya
Federerasiyasının dövlət arxivlərində işləmişəm.
Orada Heydər Əliyevlə
bağlı nadir tarixi
materialları üzə çıxarmışam. Eyni zamanda
Azərbaycanın bir çox dövlət arxivlərinə,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin arxivinə
müraciət etmişəm. Azərbaycan Respublikası Milli Məclisinin, eyni
zamanda bir çox dövlət qurumlarının arxivlərində
çalışmışam. İşləri
yekunlaşdırmaq ərəfəsində özümdə
belə bir ehtiyacı duydum ki, ərsəyə gələcək
tədqiqatın daha dolğun, daha hərtərəfli
olması üçün
bilavasitə tədqiqat obyekti olan ümummilli lider Heydər Əliyevin şəxsi
arxivindən istifadə edim. Bununla
bağlı ulu öndər Heydər
Əliyevə müraciət etdim. Dərhal müvafiq
tapşırıqlar verdi ki, lazım olan sənədlər tədqiqatçının
ixtiyarına verilsin. Mən də üzərimə
düşən vəzifəni yüksək səviyyədə
icra etməyə- o materiallardan maksimum bəhrələnməyə
çalışdım və Heydər Əliyevin şəxsi
arxivindən istifadə etdiyim sənədləri ilk dəfə
elmi dövriyyəyə daxil etdim. Bu məqamı da hər zaman
böyük fəxrlə qeyd edirəm ki, bir tədqiqatçı
olaraq Heydər Əliyevin şəxsi
arxivindən istifadə etmək
imkanı ilk dəfə mənə
nəsib olub.
- Hadisələrə yanaşmalar hər
zaman müxtəlif olur. Təbii ki, bu müxtəlifliyə
mövqe ilə yanaşı, həmin hadisəyə kənardan
baxış, yaxud baş verən olayların içində
olmaq kimi faktorlar öz təsirini göstərməyə bilməz.
Amma düşünsək ki, keçilən mərhələ
tədqiqat əsəridir, fikirlərinizi bizimlə
bölüşməyə böyük ehtiyac duyuruq.
Ümumiyyətlə, dissertasiya işinizdə bu mövzuya
müraciət etməyiniz nədən qaynaqlanır?
- Heydər
Əliyevin fəaliyyəti, Azərbaycan xalqı
üçün qoyduğu irs çox zəngindir. Mən
yanılmaram desəm ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının milli
sərvətidir, qiymətli xəzinəsidir, ucu-bucağı
görünməyən bir ümmandır. Bir tədqiqatçı,
tarixçi alim olaraq qarşımda belə bir məsələ
dururdu ki, Heydər Əliyevin fəaliyyətinin hansı
dövrünə nəzər salsam, hansı dövrünü
tədqiqat obyekti kimi götürsəm düzgün olar?
Çox düşünüb, araşdırdıqdan sonra belə
nəticəyə gəldim ki,
Heydər Əliyevin fəaliyyəti
tarixşünaslığımızda xüsusi bir tədqiqat
obyekti kimi öyrənilməmişdir. Ona
görə də doktorluq dissertasiyamda, həmçinin sonrakı elmi monoqrafiyalarımda da
Heydər Əliyevin 1941-ci ildən başlayaraq əmək, zəngin
dövlətçilik, siyasi, ictimai fəaliyyəti mərhələ-mərhələ
izlənilir, təhlil olunur, əsaslandırılır və
ümumiləşdirilir. Baxmayaraq ki, doktorluq dissertasiyamı 10 il bundan əvvəl müdafiə etmişəm, amma onu
demək istəyirəm ki, sonrakı illərdə də Heydər
Əliyevlə bağlı tədqiqat işimi davam etdirirəm.
5 mindən artıq arxiv sənədlərim var və tədqiqatlarımı
bu gün də əzmlə və böyük həvəslə
davam etdirirəm. Bunlar elmi ictimaiyyət, alimlər, müəllimlər,
tələbələr üçün çox
böyük maraq dairəsi, zəngin
mənbədir. Çünki Heydər Əliyevin fəaliyyəti tükənməzdir.
Onun haqqında nə qədər elmi işlər yazılsa, nə qədər
kitablar çap olunsa yenə də
kifayət etməyəcək. Həqiqətən də Heydər
Əliyevin fəaliyyəti
tükənməz
ümmandır, mənbədir. Biz eyni zamanda fəxr edə
bilərik ki, Heydər Əliyevin müasiri olmuşuq. Heydər
Əliyev bu gün cismən bizimlə olmasa da, ruhən o, hər
zaman bizimlədir. Onun Azərbaycanımız,
xalqımız üçün gördüyü işlər
yüksək zirvə kimi gözümüzün önündədir.
Heydər Əliyev hər bir insanın qəlbində
özünə bir abidə ucaldıb. O abidənin adı
müstəqil Azərbaycan dövlətidir.
Mən
fəxr edirəm ki, Heydər Əliyevin sovet quruluşu
dövründən onun məktəbini keçən, onun
ziyasını, işığını özündə
duyan, qayğısını görən bir gənc
olmuşam. Sözün əsil mənasında Heydər Əliyev
siyasi məktəbinin yetirməsiyəm.
Və bu haldan hər zaman böyük qürur hissi duyuram.
1981-ci il oktyabr ayının 10-da Respublika Sarayında (indiki
Heydər Əliyev Sarayı) Kənd
Təsərrüfatı Gününə həsr olunmuş
respublika müşavirəsində
Heydər Əliyevin qarşısında
çıxış etdim. Çıxışım onun diqqətini
çəkmişdir. Sonralar mən onun gənclərə
qayğısını öz üzərində hiss etdim,
respublika, ittifaq səviyyəli bir çox nüfuzlu forumlara, qurultaylara nymayəndə
seçildim. Böyük bir həyat yolu keçdim. Eyni
zamanda SSRİ Həmkarlar İttifaqının Rəyasət
Heyətinin üzvü, Mərkəzi Təftiş
Komissiyasının üzvü seçildim. 1982-87-ci illərdə Azərbaycanı ittifaq səviyyəsində
layiqincə təmsil etdim. Bütün bunların əsasında Heydər Əliyev
dayanırdı. Desəm ki, böyük həyata Heydər Əliyevin
əlindən vəsiqə almışam, - yanılmaram. Biz Heydər Əliyev irsini hər zaman qiymətləndirməli
və gələcək nəsillərə təlqin etməliyik.
- Tanınmış tarixçi alim, pedaqoq kimi müstəqil Azərbaycanın bu
gününü və gələcəyini necə şərh edərdiniz?
- Bu
gün Azərbaycanımıza çox layiqincə xidmət
edən şəxs var, o da İlham Əliyevdir. O, Heydər Əliyevin ocağından
bəhrələnmiş şəxsdir. Cənab İlham Əliyev bu gün Heydər Əliyevin
ideyalarının carçısı, o ideyaları
reallaşdıran qüdrətli bir şəxsiyyətdir. Azərbaycan gələcəkdə də müstəqil, demokratik, sivil
dövlət olaraq dünyada özünü tanıdacaq, etibarlı tərəfdaş,
pespektivi olan bir dövlət kimi təsdiq edəcək və
hər zaman böyük dövlətlərin marağında
olacaq ki, ölkəmizlə münasibətlər qurulsun,
böyük layihələr həyata keçirilsin. Azərbaycanın gələcəyi çox
parlaqdır. Çünki bu gün Azərbaycana rəhbərlik
edən şəxs Heydər Əliyev ocağından bəhrələnən,
onun ideyalarının qüdrətli
daşıyıcıçı, onun siyasi kursunun layiqli
davamçısı cənab
İlham Əliyevdır.
- İradə xanım, siz
eyni zamanda yubileyiniz ərəfəsindəsiniz. 5-ci onilliyin
zirvəsindən arxaya baxanda, hər bir insanın daxilində
özünə yer tutan “mən”in doğurduğu “mən
xalqım, dövlətim üçün nə etmişəm
və qarşıdakı illərdə nə edə bilərəm”
sualını necə cavablandırardınız?
- Əlamətdar
haldır ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyini
qeyd etdiyimiz ərəfədə
onun ilk elmi tədqiqatçısı olan, onun
haqqında ilk doktorluq dissertasiyası yazan İradə
Hüseynovanın da 50 illik yubileyidir.
Burda da yəqin hardasa görünməyən
bağlılıq, tellər, qanunauyğunluq var. 50 illik yubileyimin ulu öndər
Heydər Əliyevin 90 illik yubileyi ilə eyni vaxta təsadüf etməsi mənim üçün çox
xoşdur, doğmadır, əzizdir.
Həyat
kredosu mənim üçün nədir? Artıq 50 yaş
tamam olanda həyata bir nəzər salıb belə qənaətə
gəlirsən ki, bu bir hesabatdır.
Sən nə etmisən, bu cəmiyyətdə yerin,
rolun, qoyduğun iz nədir? Təbii ki, yaşanan hər bir
il özü xoşbətlikdir.
O əgər Allah tərəfindən bəxş edilirsə,
hər bir məqamı, ili,
günü, saniyəni elə
yaşamalısan ki, doğrudan da sonradan heyifsilənməyəsən.
Bunu müdriklər deyib, amma mən
də bunu öz həyatımdan, təcrübəmdən irəli gələrək,
qaynaqlanaraq deyirəm. Elə yaşayasan ki,
sonradan heyifslənib deməyəsən ki, mən niyə belə etdim, belə etsəydim daha yaxşı
olardı. Əgər o
sualları bütün illər ərzində özünə
az verə biləcəksənsə, deməli, sən öz
işini düzgün qurmusan, həyatın cəmiyyət,
insanlar üçün gərəkli işlərlə zəngin olub. Hər birimizin daxilində
Allaha, o uca Tanrıya bağlılıq olmalıdır. Hər
bir hərəkətini onunla, öz vicdanınla razılaşdırmalısan ki, mən
bunu düzmü edirəm?
İnsan özünə tənqidi yanaşmağı
bacarmalıdır. Hər gün də mükəmməlləşərək,
müdrikləşərək,
inkişaf etməlidir. İnkişafı
üçün nə etməlidir? Təbii ki, işləməli,
zəhmət çəkməlidir. Zəhmət heç zaman
itmir. İnsan özünə qarşı tələbkardırsa,
ətrafında olan mühit də ona uyğun olacaq. İnsan
öz taleyinin yaradıcısı olmalıdır. İnsan
özünə güvənməyi bacarmalıdr. Mən də
həyatımı bu amallar üzərində qurmuşam.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani
şöbəsini fərqlənmə diplomu ilə bitirdikdən
sonra elmi-pedaqoji fəaliyyətimi
davam etdirmək üçün Elmi Şuranın qərarı,
Ali, Orta və Təhsil Nazirliyinin təyinatı ilə
universitetdə saxlanılmışam. Namizədlik dissertasiyasını
müdafiə etmişəm. Namizədlik dissertasiyam Azərbaycanda təhsilin inkişafı ilə
bağlı idi. Doktorluq dissertasiyam haqqında məlumat verdim.
190-dan çox elmi əsərin, o cümlədən bir
çox elmi monoqrafiyaların, dərsliklərin, metodiki vəsaitlərin, dərs vəsaitlərinin,
proqramların, kitabların müəllifiyəm. Qadın alim olaraq Şərqdə
ilk “Qafqaz tarixi”
ensiklopediyasını hazırlayıb, nəşr
etdirmişəm. Ensiklopediyam işıq üzü gördükdən sonra onu
dünyanın 63 ölkəsinə hədiyyə olaraq
göndərmişəm.
-İradə xanım, siz
eyni zamanda “Sokrat” mükafatı laureatısınız. Bu təqdimatı
necə dəyərləndirirsiniz?
-
Avropanın ən məşhur elmi mərkəzlərindən
biri olan Oksford Universitetində 2011-ci ilin iyununda
keçirilmiş “Avropa liderlər
sammiti” tədbirində mənə
Beynəlxalq “Sokrat” mükafatı təqdim olunub. Bu mükafata layiq görülməyim ölkəmizdə elmin, təhsilin
inkişafına göstərilən diqqət və
qayğıdan, bu sahəyə verdiyim töhfələrdən,
göstərdiyim xidmətlərdən qaynaqlanır. Bu, bir alim olaraq mənim
üçün böyük nailiyyət idi.
- Nəzərə alsaq ki,
elm, təhsil hər bir xalqı dövləti, cəmiyyəti işıqlı gələcəyə
aparan strateji əhəmiyyətli
sahədir, İradə Hüseynovanın “yubiley tələblərindən”
biri də məhz bu istiqamətdə töhfələrinə işıq salınmasıdır...
- Azərbaycan
bu gün Qafqazda lider dövlətdir, aparıcı mövqeyə
malikdir. Amma hər bir iqtisadi, siyasi, tarixi proseslərin də
elmi cəhətdən təhlilə və bu təhlildən
doğan düzgün istiqamətlərin müəyyənləşdirilməsinə
böyük ehtiyac vardır. Bu baxımdan Prezident İlham Əliyevin “Biz
iqtisadi potensialı insan kapitalına çevirməliyik”
cağırışı hər zaman biz alim və
pedaqoqları səfərbər etməlidir. Elm, bilik, zəka, təhsil
haqqında söylənilən fikirlərə diqqət yetirsək,
bu gücü, qüdrəti daha aydın dərk etmək olar.
Məhəmməd
Peğəmbər:
“Elmi
biliklərə yiyələnmək üçün bir an
çalışmaq Allahın yanında Oruc tutmaqdan da, Həccə
getməkdən də üstündür. Biliyi ilə xalqı
faydalandıran bir alim 70 il ibadət edən adamdan xeyirlidir.
Bilin ki, mərhəmətli alim, bilikli insan qiyamət
günü parlayan, nuru aləmə işıq saçan
ulduza bənzər.”
S.Ə.Şirvaninin
təbirincə desək, təhsil
xəzinədir, elm onun açarı.
Elmin
böyük qüvvə olduğu bütün dövrlərdə
öz aktuallığını qoruyub, təsdiqləyib. Elm həmçinin
xalqlar arasında mədəniyyət körpüsü kimi dəyərləndirilir.
Bakı
Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim,
dossent, professor, kafedra
müdiri vəzifəsinə qədər
yüksəlmişəm. Eyni zamanda 10 ilə
yaxın dövr ərzində məsul vəzifədə - Azərbaycan
Respublikası Təhsil Nazirinin müavini vəzifəsində
işləmişəm. Çalışmışam ki, bu vəzifənin öhdəsindən
layiqincə gəlim, müstəqil
Azərbaycan dövlətinin inkişafı naminə
bütün varlığımla xidmət edim.
- Çox mühüm
addım olan Bakı Dövlət
Universtitetində “Qafqaz xalqları tarixi” kafedrasının
yaradılması barədə nə
deyə bilərsiniz?
- Bəli,
çox mühüm addımdır.
Azərbaycan Qafqazın bir hissəsidir, lider dövlətidir.
Regionda aparıcı mövqeyə malikdir. Azərbaycan bu gün Qafqaz
araşdırmalarının da mərkəzində,
fövqündə duran bir dövlətdir. Respublikada da Qafqaz
tarixinin öyrənilməsi, qafqazşünaslıqla
bağlı çox dəyərli işlər
görülür. Bu nöqteyi-nəzərdən də “Qafqaz
xalqları tarixi” kafedrasının fəaliyyəti çox səciyyəvidir,
vacibdir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, “Qafqaq
xalqları tarixi”
kafedrasının nəzdində
“Erməni araşdırmaları” laboratoriyası
yaradılıb. Bu laboratoriyanın da rəhbəriyəm.
Hesab edirəm ki, bu sahədə də ciddi elmi araşdırmaların aparılmasına böyük
ehtiyac duyulur. Qafqazşünaslıq elminin inkişafı ilə
bağlı bir çox araşdırmalarım olub. “Qafqaz xalqlarının
tarixi”, magistrlar üçün “Heydər Əliyev və
Qafqazda sülh prosesi” dərsliklərinin müəllifiyəm. Biz hər zaman bu istiqamətdə
öz ciddi araşdırmalarımızı davam etdirməliyik.
Çünki biz ermənilərin tariximizi təhrif etmək cəhdlərinə
hər zaman tutarlı, faktlara söykənən tədqiqatlarımızla
cavab verməliyik. Ulu öndər Heydər Əliyevin təbirincə
desək, xalqımızın milli iftixarı olan Bakı
Dövlət Universitetində
çox vacib addımlar atılır. Çünki
universitet yarandığı dövrdən hər zaman ali təhsilin flaqmanı, ölkədə cərəyan edən
ictimai-siyasi proseslərin önündə gedən bir mötəbər
ali təhsil, elm ocağı olub. Bu gün də Universitetdə
böyük əhəmiyyətli, pozitiv işlər görülür, öz gözəl ənənələrinə
hər zaman sadiqdir. Universitetdə Qafqazşünaslıq istiqamətində çox dəyərli
işlər aparılır. İnanıram ki, rəhbərlik etdiyim “Qafqaz
xalqları tarixi” kafedrası, eyni zamanda “Erməni
araşdırmaları” laboratoriyası bu yönümdə öz dəyərli
sözünü və töhfəsini verəcək.
- Qeyd etdiyiniz kimi, əmək
başlıca meyar kimi insanı zənginləşdirir,
müdrikləşdirir. Çəkilən əməyin,
qazanılan uğurların fonunda eyni zamanda qadın amili
dayanır. İradə Hüseynova üçün əsas
meyar nədir?
- Hər bir insanın bir şəxsiyyət
olaraq təşəkkül tapmasında müəyyən
faktorlar böyük rol oynayır. Mən bu əsas faktorlardan birini qeyd etdim.
Bir insan, qadın, ziyalı, alim olaraq formalaşmağımda
valideynlərimin da rolu
böyükdür. Anamın rolunu xüsusi qeyd etmək istərdim.
Anam Sona xanım peşəkar həkim,
gözəl insan, son dərəcə istedadlı şəxsiyyət
idi. Yüksək insani, milli, əxlaqi keyfiyyətlərə
malik idi. Atamı çox kiçik yaşlarında itirmişəm.
Anam mənim üçün həm ana, həm bacı, həm
qardaş, həm rəfiqə olub. Təbii ki, mən əldə
etdiyim uğurlara görə hər şeydən əvvəl
anamın ruhu qarşısında baş əyirəm. Ailəmdə
hər zaman insanlara qayğı ilə yanaşmağı,
onlara dayaq olmağı
görmüşəm. Ailəmiz bu əzmlə yaşayıb. Ailə dəyərləri
bizim üçün hər zaman vacib olub.
Mənim
üçün ən böyük sərvət ailəmdir. İki
qızım var - Sona və Nigar.
İkisi də Bakı Dövlət Universitetini əla
qiymətlərlə başa vurub,
çox istedadlı və yüksək intellektə
malikdirlər. Elm
sahəsində fəaliyyətlərini davam etdirərək
doktoranturada oxuyurlar. Qızımın biri
ailəlidr. İki nəvəm var. Mənim
üçün əsas olan övladlarımın bir şəxsiyyət
olaraq cəmiyyətə gərəkli, gözəl mövqeyə
sahib olması, özünü təsdiqləməsidir. Bizim üçün
vacib olan əsas məqam hər bir məsələnin
ziyalı nöqteyi-nəzərdən həll
olunmasıdır. “Ailə Şurasında”
bir-birimizin fikirlərinə hörmət edərək qərar
qəbul edirik. Musiqiyə, mütaliəyə böyük həvəsimiz
var. Asudə
vaxtlarımda musiqi bəstələyirəm, royalda
çalıram, oxuyuram. Düşünürəm ki, insan hərtərəfli
olmalıdır.
-
İradə Hüseynova özünü siyasətçi
qadın kimi necə təqdim
edir?
- Mənim mövqeyim Azərbaycan
dövlətçiliyinə, Heydər Əliyev ideyalarına
və onun müəyyənləşdirdiyi siyasi kursa xidmət
etmək olub. Təbii ki, Yeni Azərbaycan Partiyası da Heydər
Əliyev zəkasının, siyasi nüfuzunun, müdrikliyinin
məhsulu olan
partiyadır. Heydər Əliyev kimi qüdrətli tarixi şəxsiyyət
bu partiyanın fövqündə dururdu. Bunun nəticəsidir ki, bu gün
sıralarında 600 mindən artıq üzvü birləşdirən
Yeni Azərbaycan Partiyası cəmiyyətimizin, dövlətimizin
aparıcı siyasi qüvvəsinə çevrilib. Mən fəxr edirəm ki, Heydər
Əliyevin işığı, ziyası ilə pərvazlanan YAP-ın Siyasi
Şurasının üzvüyəm. Partiyanın üzvü olaraq
çalışıram ki, dövlət quruculuğu
işlərində fəal, bütün varlığımla və
qüvvəmlə iştirak edim,
partiyamızın və dövlətimizin banisi Heydər
Əliyevin ideyalarının gerçəkləşməsində öz fəal mövqeyimlə
seçilim.
-
İradə xanım, bu ilin ən mühüm hadisələrindən
biri də ölkəmizdə prezident seçkilərinin
keçirilməsidir. Bir ziyalı olaraq
seçkilərlə bağlı fikirlərinizi bilməz istərdik.
- Tam qətiyyətlə
deyə bilərəm
ki, bu gün Azərbaycan dövlətinin keşiyində hər zaman möhkəm dayanan
şəxsiyyət, Azərbaycana bacarıqla, peşəkarlıqla
rəhbərlik edən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev vardır. Biz alimlər,
ziyalılar İlham Əliyevin ətrafında daha da sıx
birləşməli, ona öz əməli fəaliyyətimizlə
dəstək olmalıyıq. Azərbaycanın
gələcəyi, Azərbaycanın sükanı etibarlı əllərdədir.
Mən əminəm ki, müdrik
xalqımız öz düzgün seçimini edəcək, öz siyasi iradəsini bildirəcək və cənab İlham Əliyev yenidən Azərbaycan
Respublikasının Prezidenti
olaraq müstəqil Azərbaycan dövlətinin xoşbəxt
gələcəyini, çiçəklənməsini,
firavanlığını təmin edəcəkdir!
- Maraqlı
müsahibəyə görə sizə minnətdarlığımı
bildirir və
yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
“İki sahil” qəzetinin bütün kollektivi adından görkəmli
alim, dəyərli ziyalı, tarix elmləri doktoru, professor, YAP
Siyasi Şurasının üzvü, Azərbaycan
Respublikasının Əməkdar müəllimi, elm, təhsil
və innovasiyalar sahəsində xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı
laueratı İradə Hüseynovanı 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm
cansağlığı, xoşbəxtlik və
uğurlarının davamlılığını
arzulayırıq.
Yeganə
Əliyeva
İki
sahil.- 2013.- 17 aprel.- S.14-15.