Ümumdünya İqtisadi Forumu Azərbaycanın İKT üzrə mövqeyini
yaxşılaşdırdı
Prezident İlham Əliyevin müəyyən etdiyi
strategiyaya uyğun olaraq ölkəmizdə həyata
keçirilən genişmiqyaslı tədbirlər sayəsində
Azərbaycan dünyada İKT ölkəsi kimi tanınır
“İKT
sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində
böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm
zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa
təkan verən, xidmət göstərən bir sahədir.
Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik”.
Prezident
İlham Əliyev
Ümumdünya
İqtisadi Forumu dünya ölkələrinin internet və
mobil rabitə bazarının vəziyyətinə dair
hesabatını açıqlayıb. Sənəddə qeyd
olunur ki, son illərdə internetin həm sürətində,
həm də istifadəçilərin sayında artım
müşayiət edilməkdədir. Son 5 ildə dünya
üzrə genişzolaqlı rabitə xidmətləri 82%
ucuzlaşıb. MDB ölkələrində internet istifadəçilərinin
sayının artması sayəsində bu qurum ölkələri
üzrə ümumi göstəricidə müsbət
tendensiya qeydə alınıb, hər 100 nəfərə
düşən internet istifadəçilərinin sayı 52 nəfər
təşkil edir. Dünyada genişzolaqlı internetin sürətinə
görə, ən inkişaf etmiş ölkələr Cənubi
Koreya, Yaponiya və Bolqarıstan hesab olunur. Azərbaycanda
İKT-nin inkişafına diqqət çəkən qurum
respublikamızın mövqeyini daha da
yaxşılaşdırıb. Ötən il 61-ci yerdə qərar
tutan Azərbaycan ötən ilə nisbətən 5 pillə
irəliləyərək 56-cı yerdə qərarlaşıb.
Təşkilatın hesabatında Azərbaycan
internetin və mobil rabitə bazarının inkişaf etdiyi
ölkə kimi qiymətləndirilir. Təşkilat son illərdə
ölkəmizdə İKT sektorunda yüksək dinamikanın əldə
olunduğunu, internet istifadəçilərinin sayının
və genişzolaqlı internetdən istifadənin yüksəldiyinə
diqqət çəkərək respublikamızı MDB
regionunda əsas ölkələrdən hesab edir. Qurum ölkəmizdə
digər rabitə xidmətlərinin də inkişaf etdiyini,
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
üzrə dünya reytinqində mövqeyinin ilbəil
yaxşılaşdığını da bildirir.
Prezident İlham Əliyevin birbaşa
İKT sektoruna diqqət və qayğısının nəticəsidir
ki, ölkəmiz İKT-nin inkişaf göstəriciləri
üzrə ümumdünya səviyyəsinə
yaxınlaşır. Dövlət
başçısının müəyyən etdiyi
strategiyaya uyğun olaraq, ölkəmizdə həyata
keçirilən genişmiqyaslı tədbirlər, siyasi iradə
sayəsində Azərbaycan dünyada İKT ölkəsi kimi
tanınır. Bunun nəticəsidir ki, respublikamız
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
nüfuzlu beynəlxalq qurumların hesabatlarında öz əksini
tapmaqdadır. Son 4-5 ildə BMT-nin İnkişaf
Proqramının, Beynəlxalq Telekommunikasiya
İttifaqının, Dünya İqtisadi Forumunun, eləcə
də digər qurumların hesabatlarında respublikamız
informasiya texnologiyalarının bir çox istiqamətləri
üzrə əhəmiyyətli dərəcədə irəliləyişlər
əldə edən ölkə kimi qiymətləndirilir.
İKT üzrə yüksək artım tempi bütün
subindekslər, xüsusilə genişzolaqlı və mobil
internet istifadəçilərinin sayı üzrə
müşahidə olunur. Ölkəmiz hər 100 nəfərə
düşən internet istifadəçilərinin sayına
görə MDB-də liderdir və ümumdünya orta göstəricisini
2 dəfə üstələyir. Ölkəmiz Beynəlxalq
Telekommunikasiya İttifaqının 2012-ci ilə dair
hesabatında “İKT inkişaf indeksi” üzrə 68-ci yeri
tutub. Bu hesabatda Azərbaycan 10 “Ən dinamik inkişaf edən
ölkələr” qrupunda yerini möhkəmlədib. Hesabata əsasən,
“İKT qiymət səbəti” göstəricisi üzrə Azərbaycan
əvvəlki hesabatla müqayisədə irəliləyərək
52-ci yerə yüksəlib. Bu sektorda hər il artım ikirəqəmli
olmaqla dünyada ən yaxşı göstəricilərdən
hesab olunur. Azərbaycanda vətəndaşların informasiya-kommunikasiya
texnologiyalarından sərbəst istifadə etməsi
üçün bütün imkanlar yaradılıb. Hər
bir azərbaycanlı İKT-dən maneəsiz istifadə etməklə
internet vasitəsilə informasiya alır, lazım olan məlumatları
toplayır, onları məhdudiyyətsiz paylaşır. Bu
gün ölkəmizdə həyata keçirilən siyasətin
əsas hədəflərindən biri elektron vərdişlərin
inkişafını sürətləndirməklə cəmiyyətin
informasiyalaşdırılmasını tam təmin etməkdir. Qloballaşma proseslərinin cəmiyyətin
bütün fəaliyyət sahələrinə nüfuz edərək
geniş vüsət aldığı bir dövrdə Azərbaycanda
əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən
insanların rifahı naminə istifadə etməkdir.
Bu gün qlobal informasiyalaşdırma və
ümumdünya informasiya cəmiyyətinin
formalaşdırılması sahəsində ən çox nəzərə
çarpan tendensiyalardan biri İKT cəmiyyətinin
formalaşması, elektron hazırlığın
inkişafının sürətlənməsidir. Elektron
hazırlıq elektron xidmətlərin tətbiqinin genişlənməsini
təmin edir, eyni zamanda, “elektron hökumət” quruculuğuna
doğru aparan yolun mühüm bir komponenti kimi
çıxış edir. Bu mənada, elektron
hazırlığın güclü olması həmin ölkədə
e-xidmətlərin genişliyinə də mühüm təsir
göstərir. Bütün bunların əsasında isə
informasiya-kommunikasiya texnologiyalarından istifadə, İKT
infrastrukturunun yaradılması kimi faktorlar mühüm əhəmiyyət
kəsb edir. “Elektron Azərbaycan” Dövlət Proqramı, eləcə
də informasiya və kommunikasiya texnologiyalarının
inkişafı ilə bağlı qəbul edilən digər
normativ hüquqi aktlar əsasında dövlət
orqanlarının əhaliyə beynəlxalq standartlara
uyğun elektron xidmətlər göstərməsi sahəsində
güclü baza formalaşıb.
Hazırda dünyada cəmiyyətin
informasiya əldə etmək imkanları qarşısına
çəkilən süni maneələr sürətlə
götürülür, bu
tendensiya elektron xidmətlərdən istifadənin
coğrafiyasını genişləndirir, insanların kompyuter
və mobil telefonlar vasitəsilə onlayn ünsiyyət
yaratmaq imkanlarının genişlənməsinə səbəb
olur. İnternet resurslarının inkişaf etməsi müxtəlif
növ xidmətlərin onlayn həyata keçirilməsini təmin
edir. Elektron xidmətlər, ümumiyyətlə, İKT-nin
son yenilikləri yeni sosial-iqtisadi formasiyanın - informasiya cəmiyyətinin
yaranması və formalaşmasının bünövrəsini
təşkil edir və cəmiyyətin demokratikləşməsində,
insan hüquqlarının qorunmasında və şəffaflığın
təmin olunmasında ən vacib elementə çevrilir. Buna
görə də Azərbaycan
hökuməti milli informasiya məkanının
formalaşması, dünya informasiya məkanına
inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması
proseslərində fəal iştirak edir. Bu məqsədyönlü
tədbirlər - elektron xidmətlərin göstərilməsinə
hazırlıqla bağlı görülən işlər,
“elektron hökumət” quruculuğu ölkəmizdə cəmiyyətin
informasiyalaşdırılmasını təmin etməklə
bərabər, Azərbaycanın elektron idarəçiliklə
bağlı beynəlxalq miqyasda mövqeyinin və nüfuzunun
daha da yüksəlməsinə səbəb olacaq.
Azərbaycanda həyata keçirilən
diversifikasiya siyasətinin əsas komponenti yaxın ortamüddətli
dövrdə informasiya-kommunikasiya texnologiyalarının
ölkə iqtisadiyyatında
dominantlığını təmin etməkdən ibarətdir.
Bu strateji xəttin əsas trendlərindən biri isə
kommunikasiyaların ən son innovativ meyarlarını tətbiq
etmək, bu texnologiyaların gəlirtutumlu sahəyə
çevrilməsi yolu ilə iqtisadiyyatda modernizasiyanı
gücləndirməkdir. İnformasiya-kommunikasyia
texnologiyalarının əsas sütunlarından biri olan kosmik
sənaye infrastrukturunun yaradılması da məhz bu hədəflərdən
sayıla bilər. Kosmik sənaye çoxşaxəli olub,
kosmik maşınqayırmanın inkişafı, kosmik komplekslərin
layihə simasının təkmilləşdirilməsi, kosmik
tədqiqatların nəticələrinin analizi, təsərrüfat
əhəmiyyətli məsələlərin həlli,
aparaturaların qurulma prinsiplərinin işlənilməsi,
informasiyanın toplanılması və emalının
müasir texnologiyalarının yaradılması, həmçinin
yeni növ materialların hazırlanması kimi geniş
bölmələri əhatə edir. Bu nəhəng
infrastrukturların yaradılması güclü iqtisadi
inkişaf və milli elmi kadr institutlarının
olmasını vacib edir.
Hazırda
ölkədə genişzolaqlı internetin inkişafı,
bütün yaşayış məntəqələrində
sürətli internet xidmətlərinə
çıxış imkanlarının yaradılması
istiqamətində tədbirlər görülməkdədir.
İKT sahəsində sürətli inkişafın təmin
edilməsi məqsədilə İKT məhsullarının
istehsalı və ixrac potensialının
artırılması, innovasiyaların tətbiqi, yerli və
xarici investisiyaların cəlb olunması, genişzolaqlı
internet xidmətlərinin inkişaf etdirilməsi prioritet hədəflərdir.
Görülən bu tədbirlərin nəticəsində beynəlxalq
telekommunikasiya və İKT üzrə qurumların növbəti
hesabatlarında Azərbaycanın mövqeyi daha da
yaxşılaşacaq. Qeyd olunduğuna görə, İKT
resurslarının genişlənməsi və internetin sürətinin
artması elektron xidmətlərin çeşidinin və bu
sistemə qoşulan strukturların sayının artmasına,
elektron hökumət layihələrinin genişlənməsinə
səbəb olacaq.
Rəşad Bağırov
İki sahil.- 2013.- 17 aprel.- S.24.